Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Məhəmməd Əmin Rəsulzadənin imzaları - Abid Tahirli yazır

30-04-2025 [ 11:13 ] [ oxunub:105 ]
printerA+ | A-

İlk dəfə ayrıca təqdiqat predmeti kimi araşdırdığımız bu problem görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin həyat və yaradıcılığının, eyni zamanda bütövlükdə mühacirət ədəbi irsinin obyektiv, qərəzsiz, dərindən öyrənilməsinə, imzalar, xüsusi ilə gizli imzalar və müəlliflik hüquqları ilə bağlı bir sıra məsələlərə aydınlıq gətirilməsi məqsədi daşıyır.

"İmza", eləcə də bu ifadə ilə sıx bağlı olan kriptonimlərin - "gizli imza", "örtülü imza", "naməlum imza", "təxəllüs", "ləqəb", "abreviatur inisial"ın yaranmasını şərtləndirən amillər, əmələ gəlmə, istifadə üsulları və bu vasitələrdən faydalanan müəlliflərin, onların əsərlərinin müəyyənləşdirilməsi kimi problemlər söz yaradıcılığı ilə başlanan, ədəbiyyatşünaslıqda, mətbuatşünaslıqda, dilçilikdə, mətnşünaslıqda gündəlikdən düşməyən, ədəbi-tənqidi və elmi-nəzəri irsdə aktuallığını saxlayan, bitib-tükənməyən mübahisələr, bəzən ciddi fikir ayrılıqları törədən məsələlərdəndir. Dilimizə daxil olan ərəb mənşəli "imza" sözü "Azərbaycan dilinin izahlı lüğəti"ndə "1. Bir məktubun, bir sənədin və s.-in altında öz dəst-xətti ilə adını və ya familiyasını yazma qol çəkmə, qol qoyma; qol. 2. Təxəllüs, ləqəb mənasında" şərh edilir. Elə həmin lüğətdə "təxəllüs" (Adətən yazıçıların, rəssamların və b.-nın işlətdikləri qondarma ad) , "ayama" (Bir adama el tərəfindən verilən ad, ləqəb, "ləqəb" (Müəyyən bir səciyyəvi xasiyyətinə və başqalarından ayrılan əlamətinə görə adama verilən qeyri-rəsmi ad) sözlərinin də izahı verilib. Burada olduğu kimi, bir çox başqa mənbələrdə də imza və onunla bağlı antroponimlərin şərhində üst-üstə düşməyən, bəzən hətta ziddiyyətli məqamlar da olur. Son illərdə elmi-texniki tərəqqinin ən son nailiyyətlərindən, intellektual resurslardan, internetin imkanlarından istifadə olunması "imza" sözünün semantik sərhədlərinin genişləndiyini, dilimizə e-imza, rəqəmsal imza, asan imza, sima və s. kimi anlayışların daxil olduğunu nəzərə alsaq, o zaman "imza"nın ənənəvi şərhinin dolğun olmadığı qənaətinə gələ bilərik. Bununla belə, qeyd edilməlidir ki, qələm əhlinin ədəbiyyat və mətbuatdakı imzalarla bağlı maraqlı, faydalı axtarışları, dəyərli qənaətləri də var. M.F.Axundzadə, H.Zərdabi, Ö.F.Nemanzadə, A.Sur, Ə.Müznib, Ə.Abid, M.Cəlil, F.Ağazadə, Ə.Hüseynzadə, M.Ə.Rəsulzadə, S.Hüseyn, M.B.Məhəmmədzadə, H.Vəzirov, Üzeyir və Ceyhun Hacıbəyli qardaşları və başqaları ayrı-ayrı mətbu orqanlar - qəzetlər, jurnallar, onların ideya istiqaməti, proqramı ilə yanaşı, əməkdaşları, imzaları barədə dəyərli məqalələr yazmış, maraqlı xatirələr qələmə almışlar. Azərbaycan ədəbiyyatının və elminin inkişafında müstəsna xidmətləri olan Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Mir Cəlal Paşayev "Azərbaycanda ədəbi məktəblər (1905-1917)" adlı kitabında haqqında bəhs olunan dövrdə formalaşan və ədəbiyyatımızın sonrakı təkamülündə mühüm rol oynayan ədəbi məktəblərin ideya-estetik platforması, inkişaf istiqaməti və xarakteri, ədəbi metod və üslub özünəməxsusluğunu, bir sıra görkəmli sənətkarların yaradıcılığını təhlil süzgəcindən keçirib, dəyərli elmi-nəzəri fikirlər irəli sürüb. O, eyni zamanda Mirzə Fətəli Axundovdan üzü bu yana bir çox yazıçı və şairin imzaları, o cümlədən örtülü, gizli imzaları, təxəllüs, ləqəbləri haqqında maraqlı mülahizələr söyləyib.

Əsas hissə İctimai-siyasi, publisistik, elmi fəaliyyəti ilə tariximizdə iz buraxmış Ceyhun Hacıbəyli ilk dəfə Azərbaycan mətbuat tarixinin elmi, sistemli və əhatəli tarixini yazmağa təşəbbüs göstərmiş, bununla da, mətbuat tariximizin tədqiqi tarixinin təməlini qoymuşdu. Onun 1909-cu ildə mətbuat tarixi ilə bağlı araşdırmasını AMEA Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Mənzər İbrahimova üzə çıxarmış və "Molodyoj Azerbaydjana" qəzetinin iki nömrəsində (1994, 6 iyul. №73, 7 iyul 74) "Əkinçi"dən "Həqiqət"ədək" adı ilə dərc etdirmişdi. C.Hacıbəyli əlyazma şəklində olan əsərində "Şərqi-Rus", "Həyat", "İrşad", "Rəhbər", "Dəbistan", "Təkamül", "Yoldaş", "Molla Nəsrəddin", "Füyuzat", "Tazə həyat", "Tərəqqi", "Proqres", "İttifaq", "Zənbur"... kimi mətbu orqanlarının məramı, ideya istiqaməti, toxunduğu problemlər, redaktor və mühərrirləri, onların imzaları haqqında bəhs edir, nəşrlərin cəmiyyət həyatında yeri və rolunu dəyərləndirir. Mətbuat tarixi və imzalarla bağlı ilk peşəkar, sistemli tədqiqatın müəllifi, heç şübhəsiz ki, istiqlal mücahidi, alovlu publisist, yazıçı, araşdırmaçı, naşir Mirzə Bala Məhəmmədzadədir (13 avqust 1898, Zirə, Bakı - 8 mart 1959, İstanbul, Türkiyə). Onun qələmə aldığı "Azərbaycan türk mətbuatı" kitabında imzalarla bağlı diqqətəlayiq fikirlər var. Həmin əsəri A.Bayramoğlu ərəb əlfbasından çevirmiş, tərtib edərək, ön söz, lüğət və qeydlərlə birlikdə nəşr etdirmişdi (Bakı: Bakı Dövlət Universiteti Nəşriyyatı, - 2004.  112 s.). Bir müddət sonra isə  Dilqəm Əhməd tərəfindən ərəb əlifbasından transliterasiya edilərək, "Ön söz" və "Əlavələr"lə çap olunub. "Birinci Rus inqilabına qədər mətbuat (1875-1905)", "Birinci inqilabdan sonra mətbuat", "Müharibə dövründə mətbuat", "İnqilab içində mətbuat", "Müsavat dövründə mətbuat", "Bolşevik mətbuatı" adlı fəsillərdən və "Son söz"dən ibarət əsərdə Mirzə Bala Məhəmmədzadə haqqında bəhs etdiyi dövrün mətbuatının naşirləri, redaktorları, mühərrirləri, onların imzaları, dövrü nəşrlərin proqramı, məramı, ideya istiqmətləri və s. haqqında maraqlı məlumatlar verir. Doğrudur, müəllif kitabda gizli imzalar, təxəllüs və ləqəblər barədə söz açmır, lakin nəşrlərin və mətbəələrin üzləşdiyi problemləri qeyd edir, eyni zamanda, "Son söz"də M.Məhəmməzadə kitabda bir sıra nöqsanların ola biləcəyini də etiraf edir. Müəllifin gizli imzalara toxunulmaması da həmin çatışmazlıqlar cərgəsindədir.

İmzalarla, o cümlədən gizli imzalarla bağlı isə ayrıca tədqiqat işinin ilk təşəbbüskarı Novruz Ağayev (1874-1948) olmuşdur. Onun 1944-cü ildə tərtib etdiyi "Mətbuat tariximizə dair qeydlər" adlı 112 səhifəlik dəftərində (AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi arxivi, inv. №655) 1875-1920-ci illərdə çıxan qəzet, jurnalların, eləcə də naşir, redaktor və əməkdaşların adları, nəşrlərin tarixi əksini tapıb. N.Ağayev 110 nəfər müəllifin 450 gizli imzasını qeydə alıb. "Dəftər"dəki materiallar AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun böyük elmi işçisi Mərziyə Paşayevanın (1925-Qəbələ - 2010, Bakı) tərtib etdiyi "Molla Nəsrəddin" jurnalı və onun iştirakçıları" adlı biblioqrafik vəsaitlə birlikdə filologiya elmləri doktoru Elmira Qasımova tərəfindən transliterasiya edilərək "Gizli imzaların ilk biblioqrafik göstəriciləri" adı ilə nəşr olunub.

Görkəmli tədqiqatçı Qulam Məmmədlinin (25 mart 1897, Təbriz - 18 noyabr 1994, Bakı) "İmzalar" kitabı (Bakı, Azərnəşr, - 1977. - 120 s.) isə bu problemlə bağlı işıq üzü görən ilk nəşrdir. Dörd minə yaxın imza haqqında məlumatı əks etdirən bu əsərdə yol verilən bir sıra yanlışlıqlar tədqiqatın elmi dəyərinə ciddi ziyan vurmur.

İmzalarla bağlı yuxarıdakı qeydlər, həmçinin sovet rejimi və kommunist ideologiyasının düşmən elan etdiyi mühacir ədiblərin yaradıcılığının, o cümlədən onların imzalarının müəyyənləşdirilməsi istiqamətində ayrıca tədqiqat əsərinin yazılmaması problemin tədqiqini aktuallaşdıran, şərtləndirən amillərdəndir. Bu baxımdan parlaq publisistik, siyasi, ədəbi-tənqidi və elmi irsi ilə Azərbaycanın ictimai fikir tarixində xüsusi yer tutan görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Hacı Molla Ələkbər oğlu Rəsulzadənin (31 yanvar 1884, Bakı - 1955, 6 mart, Ankara) imzalarının müəyyənləşdirilməsi mühacirətşünaslığın qarşısında duran mühüm vəzifələrdəndir. M.Ə.Rəsulzadənin imzaları ilə bağlı araşdırmalar nəticəsində əldə edilən qənaətlər müəllifin irsinə, xaricdəki və ölkəmizdəki mövcud tədqiqat əsərlərinə - o cümlədən Mövsüm Əliyevin, Elçinin, Şirməmməd Hüseynovun, Nəsiman Yaqublunun, Aydın Balayevin, Vilayət Quliyevin, Ədalət Tahirzadənin, Vaqif Sultanlının, Asif Rüstəmlinin, Ramiz Abutalıbovun, Nəsib Nəsibzadənin, Nəcibə Bağırzadənin və başqa alimlərin elmi məqalələrinə, monoqrafiyalarına istinad edilməklə hasil olunub. Bu problem üzərində işləyərkən, eyni zamanda Məhəmməd Əmin bəy irsinin tədqiqində və təbliğində mühüm xidmətləri olan Əli Yavuz Akpınar, Ədalət Tahirzadə, Ömər Özcan, Səbahaddin Şimşir, Dilqəm Əhməd, Mehdi Gəncəli kimi araşdırmaçılarla yazışmalar olub, fikir mübadiləsi aparılıb. Bəri başdan qeyd edək ki, ədib istər mühacirətə qədərki, istər mühacirətinin I, istərsə də II dövr yaradıcılığında açıq və gizli imzalardan, təxəllüslərdən istifadə etmiş, eyni zamanda bir sıra yazılarını imzasız dərc etdirmişdi.

* * *

Məlum səbəblərə görə sovet dövrü tədqiqatlarında M.Ə.Rəsulzadənin əsərləri, imzaları haqqında bəhs edilməyib. Bu problem müstəqillik illərində də ayrıca tədqiqat predmeti olmayıb. Ayrı-ayrı müəlliflər müxtəlif məsələlərdən bəhs edərkən ara-sıra M.Ə.Rəsulzadə imzalarına, bəzi hallarda müəyyən yanlışlıqlara yol verilsə də, bu və digər şəkildə toxunmuşlar.

M.Ə.Rəsulzadənin ədəbi, mətbu imzaları haqqında tam təəssürat yaratmaq üçün sənətkarın keçdiyi mürəkkəb yaradıcılıq yolunu mərhələlər üzrə izləmək məqsədəuyğundur. Yeri gəlmişkən qeyd edək ki, ikinci mühacirət dövrünədək olan yaradıcılığında M.Ə.Rəsulzadənin istifadə etdiyi imzaların araşdırılması, müəyyənləşdirilməsi rəsulzadəşünaşlığın qarşısında duran ciddi vəzifələrdəndir. Doğrudur, bir çox tədqiqat əsərində, daha çox isə M.Ə.Rəsulzadə irsinin müqtədir tədqiqatçısı və alovlu təbliğatçısı Şirməmməd Hüseynovun və ədibin həyat və yaradıcılığının fədakar araşdırmaçısı Nəsiman Yaqublunun elmi-tədqiqat işlərində mühərririn "Şərqi-Rus", "Hümmət", "Dəvət-Qoç", "Dəvət", "İrşad", "Təkamül", "Tərəqqi", "İqbal", "Yeni iqbal", "Açıq söz", "İstiqlal" qəzetlərində "Məhəmməd Əmin Rəsulzadə", "M.Ə.Rəsulzadə", "Rəsulzadə" "M.Ə.Rzadə", "M.Ə", "M.Ə.R", "M.Əmin", "Məhəməd Əmin", "Marzadə", "Mürəttib", "Ə.H", "M.ƏM", "Niş" və s. kimi imzalardan istifadə etdiyi vurğulanır. Lakin ədibin imzaları ilə bağlı əsaslandırılmış fikirlərlə yanaşı, xeyli mübahisəli, ziddiyyətli məqamlar da var. Bir misal gətirməklə kifayətlənəcəyik. M.Ə.Rəsulzadənin professor N.Yaqublu bir çox əsərində, o cümlədən "Məhəmməd Əmin Rəsulzadə ensiklopediası"nda (Bakı, - 2013.- 505 s.) ədibin "İran-e-Nov" qəzetində "Niş" gizli imzasından istifadə etdiyi fikrindədir. Yeri gəlmişkən qeyd edək ki, N.Yaqublu adı çəkilən əsərində M.Ə.Rəsulzadənin istifadə etdiyi "Məhəmməd Əmin Rəsulzadə", "M.Ə.R-zadə", "M.Ə.Rəsulzadə", "Məhəmməd Əmin", "Rəsulzadə", "Marzadə", "Mürəttib", "M.Ə", "M.Əmin", "M.Ə.M", "R-zadə", "Niş", "Sosialist", "Haman", "M.Ə.R" kimi imzalarının siyahısını vermişdir. Əlbəttə, bu imzalar Məhəmməd Əmin bəyin istifadə etdiyi imzaların tam siyahısı deyildir. Berlin Humbolt Universitetinin ilə Berlin Müsəlman Mədəniyyətləri və Cəmiyyətləri Məktəbinin doktorantı Əlirza Hodaei də N.Yaqublu ilə eyni fikirdədir: "Demokrat Partiyasının və Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri olan Rəsulzadə əvvəldən etibarən İran-e-Nov qəzetinin baş redaktoru idi və qəzetin doktrinası ilə ideoloji xəttini müəyyən edən məqalələrin əksərini ya özü yazırdı, ya da onun məsləhəti ilə yazılırdı. Rəsulzadənin öz yazıları bir neçə sayda onun təxəllüsü olan Niş (İynə) adı altında dərc edilirdi". Nəcibə Bağırzadə "Məhəmməd Əmin Rəsulzadənin elmi və publisistik yaradıcılığında milli təfəkkür və dil məsələsi" adlı elmi tədqiqat əsərində (URL: https: aak.gov.az) isə belə fikir yürüdür: "Rəsulzadə "Niş" imzası ilə yazdığı ilk məqaləsində (?) (sual A.Tahirlinindir) cəmiyyətdə baş verən müxtəlif ictimai-siyasi hadisələri işıqlandıran kiçik həcmli yazıları bir başlıq altında toplayaraq öz oxucusuna çatdırmaq ideyasının elə evdə, qoca nənəsinin qurama tikdiyini müşahidə etdiyi vaxt yarandığını qeyd edir". Bu cür bir-birini inkar edən, dolaşıq fikirləri sayını artırmaq olar.

Tədqiqat predmetimiz M.Ə.Rəsulzadənin ikinci mühacirət dövründəki ədəbi və mətbu imzaları olduğundan mövzuya qayıdır və bu qənaətə gəlirik ki, ədibin bu dövrdəki əsərləri əsasən "Məhəmməd Əmin Rəsulzadə", "Məhmed Əmin Rəsulzadə", "M.Ə.Rəsulzadə","Mim Əlif Rəsulzadə", "Rəsulzadə", "Rəsulzadə M.Əmin", "M.Əmin", "M.E" imzası ilə işıq üzü görsə də, o çar irtica, İran mürtəce qüvvələrindən ehtiyatlandığı əvvəlki dövrlərdəki kimi, bu dəfə - xüsusilə ötən əsrin 20-ci illərində və 40-cı illərin sonu, 50-ci illərin əvvəllərində sovet rejiminin, xəfiyyəsinin təqiblərindən yayınmaq məqsədi ilə yenə gizli imza və təxəllüslərdən də istifadə etməyə məcbur olmuş və yaxud yazılarını imzasız dərc etdirmişdi.

"Məmməd", "Məhəmməd", yoxsa "Məmmədəmin"?

Ən əvvəl ölkə mühacirətşünaslarının Rəsulzadənin adının "Məmməd", "Məhəmməd", "Məmmədəmin" kimi yazılması ətrafında səngiməyən, uzun illər davam edən mübahisələrə, fərqli yanaşmalara münasibət bildirməyi vacib sayırıq. Məsələ burasındadır ki, bu gün də, elmi dövriyyədə və müxtəlif publisistik məqalələrdə ədibin adı fərqli yazılır. Sovet hakimiyyətinin süqutu ərəfəsində Mövsüm Əliyevin "Odlar yurdu" qəzetinin 1988-ci il sentyabr tarixli nömrəsində dərc olunan "Məmməd Əmin Rəsulzadə" adlı məqaləsi  imperiyanın 70 illik dövründə ədibə, istiqlal mühacirinə həsr olunmuş ilk yazı kimi tarixə düşüb. Onun bu yazısı da daxil olmaqla bir çox əsərlərdə Rəsulzadənin adı "Məmməd" kimi yazılıb. M.Ə.Rəsulzadənin adı N.Nəsibzadənin "Azərbaycan parlamenti", "Azərbaycan hökuməti" adlı məqalələrində (Ədəbiyyat və incəsənət, 1990, 12 yanvar;  1990, 4 may.), N.Yaqublunun "Məmməd Əmin Rəsulzadə"(Bakı: Gənclik, 1991, 308 s.) və Bəxtiyar Nəcəfovun  "Azərbaycan Demokratik Respublikası": daxili və xarici siyasət" kitablarında (Bakı, Bilik, 1992, 77 s) "Məmməd", Xalq yazıçısı Elçinin "Məmmədəmin Rəsulzadə" əsərində, Aydın Balayevin "Məmməd Əmin Rəsulzadə (1884-1955)" elmi-tədqiqat işində (Bakı: Şərq-Qərb, -  1994. - 24 s.) əsərlərinin adındakı kimi yazılıb. Asif Rüstəmlinin ərəb qrafikasından transliterasiya edərək, qeydlər və lüğətlə birlikdə hazırlayaraq çap etdirdiyi "Məhəmməd Əmin Rəsulzadə. Azərbaycan Cümhuriyyəti", Şirməmməd Hüseynovun tərtib etdiyi "Məhəmməd Əmin Rəsulzadə", Vaqif Sultanlının "Ağır yolun yolçusu. Məhəmməd Əmin Rəsulzadənin həyatı və ədəbi fəaliyyəti" adlı və bir sıra başqa kitablarda da M.Ə.Rəsulzadənin adı əsərlərin üzərindəki kimi yazılıb. Hərdən eyni mətndə Rəsulzadənin adı həm "Məmməd", həm də "Məhəmməd" kimi yazılır. Bəzi araşdırmaçılar son dövr tədqiqatlarında əvvəlki fikirlərindən imtina edərək "Məhəmməd" yazsalar da, bəziləri öz fikirlərində israrlıdır və mətbuatda da bu mövzu ətrafında polemikalar davam etməkdədir. D.Əhmədin "Məmməd, yoxsa Məhəmməd?", Qan Turalının "Məhəmmədəmin, Məhəmməd Əmin, yoxsa Məmməd Əmin?", Nəsiman Yaqublunun "Məhəmməd Əmin Rəsulzadə, yoxsa Məmməd Əmin Rəsulzadə?", İradə Sarıyevanın "Cümhuriyyətimizin banisinin adını hələ düz yazmağı bacarmırıq - Məmməd, ya Məhəmməd...", Şahlar Göytürkün "Məhəmməd Əmin", yoxsa "Məmməd Əmin" və başqa müəlliflərin məqalələri bu məsələyə həsr olunsa da, hələlik elmi dövriyyədə Rəsulzadənin adının necə yazılması ilə bağlı vahid fikir yoxdur. Rəsulzadəşünasların böyük əksəriyyətinin və bizim qənaətimizə görə, ədibin adı "Məhəmməd Əmin" kimi yazılmalıdır. Bu nəticəyə gəlməyimiz üçün ciddi əsaslar var:

etimoloji və semantik baxımdan doğru olan "Məhəmməd", "Muhammed", yaxud "Mohammed" adlarının sovet dönəmində, 1928-ci ildə keçirilən əlifba islahatından sonra "Allahsız"ların, ateistlərin dinə qarşı amansız mübarizəsi dövründə peyğəmbərimizi unutdurmaq kimi çirkin məqsədi ilə ərəbcə saitsiz yazılan (ərəb əlifbası ilə "Mhmd") "Məhəmməd", yaxud "Mohammad" sözünün "Məmməd" kimi oxunduğu və ya "Mamed"ə çevrildiyi, inkaredilməz faktdır;

dövlət başçısının Rəsulzadə haqqında, o cümlədən ədibin anadan olmasının 130 və 140 illik yubileylərinin keçirilməsi ilə bağlı imzaladığı rəsmi sənədlərdə ad, soyad yuxarıda qeyd etdiyimiz kimi yazılır;

Rəsulzadə II mühacirəti dönəmində gizli, yaxud təxəllüslə yazdığı məqalələr istisna olmaqla, bütün əsərlərində adını "Mehmet" kimi qeyd edib. Türkiyə türklərinin istifadə etdiyi "Mehmet" ismi "Muhammed" isminin qısaldılmış formasıdır. Ədibin ilk yaradıcılıq dövründə, həm də ənənəvi olaraq (məs., Məhəmməd Füzuli, Məhəmməd Hüseyn Şəhriyar, Məhəmməd Tağı, Məhəmməd Şahtaxtlı, Məhəmməd Hadi və s.) bu adın "Məhəmməd" kimi işlənildiyini nəzərə alaraq, Rəsulzadənin adının həmin şəkildə yazılması məqsədəuyğundur; ərəb mənşəli "əmin", yaxud "emin" sözü dilimizdə həm də, güvənilir, inanılır, güvənli mənalarını daşıyır və bu söz ya ayrıca (Əhmədov Əmin Mütəllib oğlu - Əmin Abid; Emin Sabit oğlu Mahmudov və s. ), ya da digər bir sözlə birgə valideynlər tərəfindən körpələrə verilirdi;

Türkiyədə "Mehmet" adı ilə yazıb-yaradan mühacirlərin adları və ya soyadları (Məhəmməd Sadıq Aran, Məhəmməd Altunbay, Mirzə Bala Məhəmmədzadə) artıq mühacirətşünaslıqda "Məhəmməd" kimi elmi dövriyyədədir.

Deyilənləri yekunlaşdıraraq bu nəticəyə gəlirik ki, Rəsulzadənin adı elmi dövriyyədə yalnız "Məhəmməd Əmin" kimi işlənilməli, yazılmalıdır.

* * *

"Yeni Qafqasya"da "M.Qərib" gizli imzası ilə dərc olunan "Türklüyün böyük günlərindən", "31 Mart 1918", "Azərbaycan köylüsü nə halda", "Qanunisani" məqalələrinin məzmunu, mövzusu, dili, üslubu, bütün ruhu ilə onların, doğrudan da, Məhəmməd Əmin bəyə mənsubluğunu iddia etməyə imkan verir. Bu da həqiqətdir ki, o dövr yazarlarının üslubu, o cümlədən daha çox M.B.Məhəmmədzadənin yazı manerası bu cəhətləri ilə bir-birinə daha çox bənzəyir. Lakin dərginin ilk nömrələrini M.Ə.Rəsulzadə, demək olar ki, təkbaşına hazırlayırdı, o, yazılarında qəti qənaətləri, cəsarətli fikirləri ilə seçilirdi, xüsusi ilə məqalələrinin sonluğunu inamlı hökmləri ilə başlayır, eyni səpkidə, eyni tərzdə bitirirdi: "Bolşeviklərin ikinci dəfə Bakıya tasallutları (sahibliyi - T.A.) hər nə qədər daha uzun bir müddət davam eyləmişsə də, Azərilərcədə ikinci bir Eylülün (15 Sentyabra işarədir - T.A.) vuku (baş verməsi - T.A.) mühəqqəqdir. Müəllif bir il sonra eyni mövzuda qələmə aldığı "Mart faciəsi" məqaləsini eyni ruhla, eyni inamla bitirir. Məhəmməd Əmin bəyin "Qanunisani" məqaləsinin sonuncu "Bir dəfə su gələn kanala bir daha gəlir" cümləsi istər-istəməz məşhur "Bir dəfə yüksələn bayraq bir daha enməz" deyimini yada salır. Deyilən və sadalanmayan bir çox cəhətlər "M.Qərib" gizli imzasının da məhz Məhəmməd Əmin bəyə mənsub olduğunu bir daha təsdiqləyir.

 

"Nəyə görə məhz "Yalvacoğlu"?

 1. Bu ritorik sual Azərbaycan mühacirət ədəbiyyatına dair maraqlı və təqdirəlayiq tədqiqatları ilə diqqəti çəkən Türkiyə Milli Təhsil Nazirliyinin sabiq müşaviri, araşdırmaçı-yazar Ömər Özcanın "525-ci qəzet"də dərc olunan "M.Rəsulzadənin gizli imzası "M.Ə.Yalvacoğlu" ("525-ci qəzet", 2010, 16 oktyabr) məqaləsindən götürülüb. O, Azərbaycanda daha çox professor Şirməmməd Hüseynovun, Türkiyədə isə professor Y.Akpınarın qeyrətləri sayəsində mətbu əsərləri kitablar şəklində ortaya qoyulmuş M.Ə.Rəsulzadənin bütün publisist irsinin araşdırılıb üzə çıxarıldığını söyləməyin hələ tez olduğunu, həmçinin istər Azərbaycanda, istərsə də Türkiyədə M.Rəsulzadənin gizli imzalarının böyük əksəriyyətinin artıq dəqiqləşdirildiyini, ancaq bu sahədəki araşdırmaların hələ sona çatmadığını, eyni zamanda istər sovet dönəmi Moskvasında, istərsə də sovet cəhənnəmindən qurtulduqdan sonra Türkiyə, Polşa, Almaniya, Rumıniya, Fransa və b. ölkələrdə çıxan qəzet və jurnallarda (onların bir çoxunun naşiri və redaktoru məhz özü olub) saysız-hesabsız məqalələr dərc etdirdiyini, təəssüf ki, onun bu yazılarının tam biblioqrafiyasının indiyədək hazırlanmadığını bildirir. Ö.Özcan yazır: "Azərbaycan mühacirətinin mətbuatda çıxışlarını izləyərkən şəxsiyyəti və yaradıcılığı ilə yaxından maraqlandığım Məhəmməd Əmin Rəsulzadəyə məxsusluğu məndə şübhə doğurmayan "M.Ə.Yalvacoğlu" (M.E.Yalvaçoğlu) gizli imzası ilə və bu imza altında dərc etdirdiyi üç məqaləsi ilə qarşılaşdım. Bu yazımda onlardan danışacağam". Tədqiqatçı "Yalvacoğlu imzası ilə bağlı yazır ki, M.Ə.Rəsulzadə doğma Türkiyədə yerləşdiyi ilk illərdə ehtiyatlı davranaraq mətbuatdakı məqalələrində müstəar, yəni taxma ad, gizli imza işlətdiyi anlaşılır. Ö.Özcan bəhs etdiyi dövrün mətbu orqanlarında "daramalar apararkən" Məhəmməd Əmin bəyin üç yazısında - "Azəri şairi Nizami və dünyanın bugünkü durumu", "Azərbaycan kompozitörü Hacibəyli Üzeyir", "Bir təmizliyə dair: Sovet türkçülüyü" məqalələrində "M.Ə.Yalvacoğlu" gizli imzasını üzə çıxarır: Araşdırmaçı daha sonra imzanın M.Ə.Rəsulzadəyə aid olduğunu ciddi dəlillərlə sözün etimologiyası, yazıların məzmunu və üslub özəllikləri ilə əsaslandırır: "Bilindiyi kimi, ərəb dilində rəsul "göndərilmiş", "elçi", "peyğəmbər" deməkdir, Rəsulzadə isə "rəsul oğlu" anlamındadır. Türklərin ən qədim sözlüyü olan Mahmud Kaşğarlının "Divan"ında yalvac/yalavac sözünün "rəsul", "peyğəmbər" mənasında işləndiyi göstərilmişdir. Türkcədə yalvac / yalavac "bir xəbər bildirmək üçün göndərilmiş kimsə", "elçi", "peyğəmbər", "rəsul", "nəbi" olaraq açıqlanmaqdadır. Çoxlu əski yazılı abidələrimizlə bu fakt bütünlüklə təsdiqlənir. Deməli, əski türkcəyə incəliklə bələd olan M.Ə.Rəsulzadə öz soyadını ərəbcədən türkcəyə çevirmiş, bu qarşılığı - "Yalvacoğlu"nu özünə gizli imza seçmişdir". Bu təkzibolunmaz qeydlərlə kifayətlənməyən Ö.Özcan davam edir: "İkinci Dünya savaşı illərini M.Ə.Rəsulzadə ilə birlikdə Rumıniyada keçirmiş əmisi oğlu Məhəmmədəli Rəsuloğlu (Rəsulzadə) özünün bir şeirində yazır:

İlanın ağıyla qızılı olmaz,

İkisi də rusdur,

sancar səni, qaç!

Təhəmmül qalmadı

hicran dərdinə,

Mən Yalvaç deyiləm,

soyadım - Yalvac!

Bununla Məhəmmədəli bəy də "Yalvacoğlu"nun məhz "Rəsulzadə" olduğunu bir daha sübut edir".

Tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi "Məlum və naməlum Üzeyir Hacıbəyov" ("525-ci qəzet", 2015, 9 oktyabr)  və tanınmış tədqiqatçı D.Əhməd "Rəsulzadənin sirli imzası və Mirzə İbrahimovun ona cavabı" adlı məqalələrində ("Teleqraf" informasiya agentliyi. 2017, 18 sentyabr) Ö.Özcanın üzə çıxardığı M.Ə.Rəsulzadəyə aid "M.Ə.Yalvacoğlu" gizli imzası ilə dərc olunmuş "Azərbaycan kompozitörü Hacibəyli Üzeyir" məqaləsinin sovet hakimiyyəti dairələrində, o cümlədən Azərbaycan SSR-in yüksək dövlət və partiya orqanlarında necə əks-səda doğurduğu, sifarişlə, daha dəqiq desək, tapşırıqla Mirzə İbrahimova "Üzeyir Hacıbəylinin "Ulus"dakı böhtançılara cavabı" adlı məqalə yazdırıldığı və bu yolla məqalə müəllifinə guya kəskin cavab verildiyi maraqlı faktlarla təsvir və tənqid edilir. Qeyd etmək yerinə düşər ki, M.Ə.Rəsulzadənin yuxarıda adı çəkilən məqaləsi AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası" kitablar seriyasının 2016-cı ildə buraxdığı "Məhəmməd Əmin Rəsulzadə. Mühacirət dövrü ədəbi-elmi irsindən seçmələr" kitabına daxil edilib.

 

"Müsavatçı" kimdir?

 V.Sultanlı "İstiqlal sevgisi" adlı monoqrafiyasında (Bakı, Elm və təhsil, 2014. - 252 s.) Müsavat partiyasının Kiyev şöbəsinin yaradıcısı, görkəmli yazıçı, dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin Osmanlı imperiyasındakı ilk səfiri Yusif Vəzir Çəmənzəminlinin (12 sentyabr 1887, Şuşa - 3 yanvar 1943, SSRİ, Nijeqorod vilayəti) həyat və fəaliyyətindən, xüsusi ilə onun Müsavat Partiyasının proqram və məramı ilə bağlı qələmə aldığı məqalələrdən və M.Ə.Rəsulzadə ilə münasibətlərindən bəhs etdiyi hissədə yazır: "Y.V.Çəmənzəminli 1923-cü ilə qədər Məhəmməd Əmin bəy haqqında yalnız xoş sözlər söyləmişdir. Lakin Türkiyədə və Fransada keçirdiyi ağır mühacirət həyatının doğurduğu böhran və küskünlük firqənin ayrı-ayrı üzvləri, o cümlədən M.Ə.Rəsulzadə ilə fikir ixtilafına gətirib çıxarmış və Y.V.Çəmənzəminli Müsavatın sıralarını tərk etməli olmuşdur. Yusif Vəzirin Müsavatın sıralarından uzaqlaşması ilə bağlı Məhəmməd Əmin bəyin redaktoru olduğu "Yeni Qafqazya" dərgisinin "Müsavatçı" imzası ilə (Bu imzanın Məhəmməd Əmin bəyə məxsus olub-olmadığını qəti söyləməkdə çətinlik çəkirik) dərc etdiyi "Şərəfsiz bir aqibət" adlı tənqidi yazıya o, "Müsavatçıya cavab" adlı məqaləsi ilə cavab vermiş, həmin məqalə "Kommunist" qəzetinin 23-24 oktyabr 1925-ci il tarixli nömrələrində çap olunmuşdur".

Bir çox təkzibedilməz dəlillər - məqalənin məzmunu, ruhu, dili, üslubu "Yeni Qafqasya"da "Müsavatçı" imzası ilə dərc olunan "Şərəfsiz bir aqibət" adlı yazının ("Yeni Qafqasya" tıpkıbasma, 4 cilddə, hazırlayanlar: Yavuz Akpınar, Səlcuk Türkyılmaz, Yılmaz Özkaya, İstanbul, 2018, TEAS Press.) M.Ə.Rəsulzadəyə aid olduğunu təsdiqləyir. Ortaya sual çıxır: 1925-ci ildə Məhəmməd Əmin bəy artıq yazılarını açıq imza ilə dərc etdirirdi. Bəs bu məqaləni niyə "Müsavatçı" imzası ilə vermişdi? Əvvəla, yazıda M.Ə.Rəsulzadə Y.V.Çəmənzəminliyə etdiyi bir sıra yardımları xatırladır. Zənnimizcə, bunu öz imzası ilə dilə gətirməsini müəllif qeyri-etik, qeyri-təvazökarlıq hesab edib. İkincisi, məqalə əsl müsavatçı ilə silahdaşlarını yarı yolda buraxan kəsə ünvanlanıb. Başqa sözlə, Məhəmməd Əmin bəy əsl müsavatçının kim olduğuna işarə vurub. Üçüncüsü, Yusif Vəzirin "Müsavatçıya cavab" adlı məqaləsinin məhz M.Ə.Rəsulzadəyə cavab olduğu yazısından açıq-aşkar hiss olunur. Belə ki, məqalədə Y.V.Çəmənzəminli 7 dəfə Məhəmməd Əminin adın çəkir, bir dəfə isə "Müsavatçı" əfəndi, həqiqət belə deyil", - deyə hətta məqalə müəllifinə-baş müsavatçıya xitab edir. Bütün bunlar "Müsavatçı" imzasının da məhz M.Ə.Rəsulzadəyə aid olduğunu iddia etməyə imkan verir. Yeri gəlmişkən, nə bu məqaləyədək, nə də bundan sonra "Yeni Qafqasya"da "Müsavatçı" imzasına təsadüf edilmir.

"Yeni Qafqasya"nı latın əlifbası ilə nəsrə hazırlayan dəyərli həmkarlarımız tərtib etdikləri "Dizin"də "Müsavatçı" imzasının qarşısında "Yeni Qafqasya" yazarı" yazıblar.

Yanvar-aprel, 2025

Ankara-Bakı-Qəbələ