Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Fantastikadan reallığa - Gülnar Qəmbərova Reyhan Yusifqızının uşaq nəsrindən yazır

03-06-2024 [ 10:28 ] [ oxunub:81 ]
printerA+ | A-

Reyhan Yusifqızı uşaq ədəbiyyatında tanınmış imzadır. Xüsusilə, uşaq nəsrində, elmi-fantastik janrın inkişafında onun müstəsna əməyi və rolu vardır.  Yazıçının  “Yaşıl gözlü qız” povesti Azərbaycan uşaq ədəbiyyatında elmi-fantastika janrında yazılmış əsərlərdən olub, on iki yaşdan yuxarı uşaqlar üçün nəzərdə tutulmuşdur.  Kitab kosmik qəza nəticəsində Yer planetinə düşmüş on iki yaşlı yadplanetli qızın – Leminin  sərgüzəştlərindən bəhs edir. İlk dəfə Lemini görən uşaqlar onun yad planetdən gəlməyinə inanmasalar da, onlarda bu barədə təsəvvürlər olduğundan Leminin söylədiklərinə şübhə etmir, əksinə, onunla dost olurlar.

Uşaqlar kainatın sirlərini açmağa, başqa planetlərdəki sivilizasiyalardan bizim fərqimizi aydınlaşdırmağa çalışırlar. Leminin gözlərində parlayan işıq onun fiziki təsir gücünü göstərir. Ümumilikdə bu kitab 12 yaşdan yuxarı uşaqlar üçün nəzərdə tutulub. Baş verən hadisələr müəllif tərəfindən elə nəql olunur ki, oxucu yorumur, əksinə ona Lemi və onun dostlarının sərgüzəştləri maraqlı olur.

Yadplanetli qız rastına çıxan ilk insanlarla tanış olandan sonra onun Yer planetində həyat haqqında təsəvvürü yaranır. O, telepatiya qabiliyyəti sayəsində insanların leksikonundakı söz ehtiyatını öz beyninə köçürür və onlarla danışmağa başlayır.

Leminin dostları söhbət əsnasında  başa düşürlər ki, onun planetində sivilizasiya daha irəlidədir. Orada insanlar daha uzunömürlüdür, maşınlar daha sürətlə gedir. Orada sərhədlər yoxdur və planetdə bütün insanlar eyni dildə danışırlar. Orada yalan yoxdur. Şiddət və müharibələr də yoxdur. İnsanlar planeti və ekologiyanı qoruyurlar.

Uşaqlar Yer planetinin problemlərini müzakirə edir, kainatın qanunlarını başa düşməyə çalışırlar. Onlar insan orqanizminin yüksək imkanlarına: hipnoz, telekinez, telepatiya, keçmişi və gələcəyi görmək qabiliyyətinin olduğuna inanırlar.

Dostlar birlikdə ulduz müharibələrinin qarşısını almaq, Yerin ekologiyasını məhv olmaqdan xilas etmək üçün yollar fikirləşirlər. Əsər təbiət, kainat, astronomiyaya aid məlumatlarla zəngindir. Bu  da uşaqlarda Kainat haqqında biliklərini daha da artırmağa həvəs yaradır.  Dostların köməyilə bütün çətinliklərin öhdəsindən gələn Lemi deyilən vaxtda görüş yerinə çata bilir və öz planetinə qayıdır. Uşaqlar söz verirlər ki, onu axtarıb tapacaqlar.  

“Uzaq planetin sirri” əsəri 2018-ci ildə tamamlanmışdır. Hadisələr Leminin yaşadığı X planetdə baş verir. Əsərin qısa məzmunu belədir ki, Leminin yaşadığı “X” planetinə bədbəxtlik üz verir. Dostları isə darda qoymaq olmaz... Kənan və Rüstəm Lemiyə kömək eləmək üçün bir müddət uzaq “X” planetində qalmağa qərar verirlər.

Yüksək texnologiyalar planetin simasını tamamilə dəyişib: avtomatlaşdırılmış sistemlər, “ağıllı ev”lər, sürücüsüz maşınlar, insanları tam və ya qismən əvəz edən ev robotları, işçi kiborqlar və s.  İlk baxışda insanların həyatı xeyli yüngülləşib, onlar firavan yaşayırlar. Lakin onların yaratdığı süni zəka özlərinə qarşı çevrilib. Kiborqlar üsyan qaldırıb. Onlara başçılıq edən Superintellekt daha insanlara tabe olmur, onları son nəfərinədək başqa bir “Y” planetinə köçürmək, sürgün etmək niyyətindədir.  Superintellekt deyilən ana kompüter üçün heç bir sərhəd yoxdur. O, nəhəng kompüter şəbəkəsi vasitəsilə kosmosun dərinliklərinə nüfuz edir, ultrabənövşəyi və ya infraqırmızı diapazonlarda ulduzları müşahidə edə bilir, radiasiya burulğanlarının səsini duyur. Bütün planetə məxsus biliklər bazasını özündə saxlayır. Onun qarşısında kim dayana bilər? Yalnız bir nəfər – robototexnika sahəsində böyük mütəxəssis sayılan Doktor Fobo Vill. Saç-saqqalı ağappaq olan şişman qoca alimə kömək emək lazımdır. “Ağıllı ev”in himayəsi altında olan Lemi, Kənan və Rüstəm kömək etməyə hazırdırlar. Üstəlik, onlara sadiq Kibo adlı ev robotu da var.

Kənan və Rüstəm “X” planetində maraqlı çox şey görürlər. Onlar  3D printerindən geyim əldə eləyir, kosmik İnternetdən istifadə edir, meqapolisi virtual səyahətə çıxırlar. Hətta virtual olaraq Doktor Fobonun raket düzəldən mini-zavodunun platformalarında olurlar. Hiperfəza və sıçrayış haqda öyrənirlər.

Göründüyü kimi, fantastik üslubda yazdığı bu əsərlərində Reyhan Yusifqızı uşaq ədəbiyyatı tariximizdə təkrarolunmaz izlər qoymağa nail olmuşdur.O, özünəməxsus üslubu, yazı təxəyyülü vasitəsilə uşaqların hüdudsuz düşüncə aləminin daha da zənginləşməsinə vaqe olur. Uşaqlar orijinal üslubda, dünya ədəbiyyatı nümunələrinə bənzər, ancaq tariximizlə bağlı yeniliklərlə tanış olur, elm və texnologiyanın növbəti illərdə daha da təkmilləşəcəyini fərz edir. Bu isə öz növbəsində onların bu inkişafda maraqlı olmasını şərtləndirir.

Reyhan Yusifqızının Bakı Dövlət Universitetində süni intellekt və soft kompütinq nəzəriyyələrindən oxuduğu mühazirələr ona  yeni texnologiyalar haqqında maraqlı əsərlər yazmasına kömək edir. Müəllifin elmi-fantastik üslubda əsərlər yazması bilavasitə onun pedoqoji fəaliyyəti ilə əlaqədardır.

Uşaqlar üçün əsərlər yaradan yazıçı uşaq dünyasına dərindən bələd olmalı, onun psixologiyasını bilməli, eyni zamanda, ətraf aləmdə baş verən prosesləri, bu proseslərin uşaq aləminə təsirini üzə çıxarmalıdır. Yazıçı yazdığı hadisələrə seyrçi mövqedən yanaşmamalı, təqdim etdiyi mövzu və ideyanı elə çatdırmalıdır ki, uşaq əsəri oxuyarkən bunu anlaya bilsin. Görkəmli rus tənqidçisi V.Q.Belinski yazırdı: “Uşaqlar son dərəcə həssasdılar, belə ki, onların xilas və həlak olması bu qabiliyyətdən asılıdır. Adam uşaqlıqda oxuduğu  və xoşladığı hər cür boş və mənasız bir şeyi bütün ömrü boyu yadında saxlayır”.

Reyhan Yusifqızı yaradıcılığında demək olar ki, hər yaş qrupuna uyğun kitablara rast gəlirik. Müəllif “Hamıdan qəşəng”, “Xoşbəxt arı”, “İki gül”, “Ulduz pərisi”, “Kompüterin kələyi”, “Məstan və Babu” kimi şəkilli kitablar dərc etdirmişdir. O, mətnlərində sadaladığımız prinsiplərə əməl etməyə çalışmış, uşaqların təfəkkür və dünyagörüşünün formalaşması, onlarda insani keyfiyyətlərin, dostluğun və yoldaşlığın yaranmasını şərtləndirən  əsərlər yazmışdır.

Hekayə janrında da əsərlər  yazan Reyhan Yusifqızı “Ad günü”, “Arximed niyə gülürdü” adlı əsərlərində də həmin motivlərə toxunmuşdur. “Ad günü” hekayəsinin qəhrəmanı Zeynəb öz doğum günündə sinif yoldaşlarını qonaq çağırır, lakin o öz yaşına uyğun olmayan biçimdə onların qarşısına çıxır. Zeynəbi bu vəziyyətdə görən uşaqlar ona gülür. Bu zaman bərk dilxor olan Zeynəb nə edəcəyini bilmir. Ancaq Arzu adında sinif yoldaşı Zeynəbə bu çıxılmaz vəziyyətdə kömək edir, uşaqları əyləndirmək üçün bir oyun qurduqlarını söyləyir. Müəllifin bu hekayəsi qısa olsa da, əslində uşaqları tərbiyələndirmək baxımından maraqlı süjet xətti üzərində qurulmuşdur. Burada qloballaşan dünyamızda, elm və texnika əsrində həm uşaqların öz yaşlarından böyük görünmək istəyi tənqid olunur, həm də onlara dostluğun önəmi, sevgi və mərhəmət hissi aşılanır.

Reyhan Yusifqızı “Zümrüd”, “İki qardaş”, “Mister Bebbic”, “Büllur vazada yasəmən”, “Mən və nənəm” adlı hekayələrin  müəllifidir. “Mister Bebbic” hekayəsinin qəhrəmanı Fərid öz otağında qəribə geyimli yaşlı bir kişi ilə rastlaşır. Kişi özünü kompüterin yaradıcısı kimi təqdim edir. O, bu əşyanı yaratdığından peşiman olduğunu söyləyir. Çünki “onlar artıq kitab oxumur, heç nə öyrənmir, heç nə düşünmürlər”. Kompüterdən yalnız əylənmək üçün istifadə edirlər. Bu sözlərlə müəllif əslində acı olan reallıqları oxucularına çatdırır. Çağdaş zəmanəmizin qlobal problemi olan internet və ondan asılılıq uşaqların az mütailə eləməsinə, kitabdan uzaq düşməsinə səbəb olmuşdur.

Reyhan Yusifqızı uşaqlar üçün elmi-kütləvi kitablar da yazmışdır: “Riyaziyyat əyləncəli ola bilərmiş” və “Kompüterin qəribə tarixi” əsərləri  haqqında bəhs etdiyimiz mövzuya nümunədir. Müəllif bu əsərlərdə çətin mənimsənilən fənlərdən olan riyaziyyatın uşaqlar tərəfindən sevilməsinə çalışır, bunun üçün maraqla qarşılana biləcək əsər yaradır. Bu kitab  riyaziyyatı sevən və sevməyən uşaqlar üçün nəzərdə tutulmuşdur. Riyaziyyatı sevənlər bu kitabdan maraqlı məlumatlar əldə edə bilir, riyaziyyatçı alimlərin  fikirləri ilə tanış olur, ciddi fənn olan riyaziyyatı əyləncəli şəkildə öyrənməyin mümkün olduğunu görürlər. Riyaziyyatı sevməyənlər isə bu kitab vasitəsilə riyazi qanunları əyləncəli şəkildə öyrənib yadda saxlamağın yollarını öyrənir, riyazi oyunlarla ətrafdakıları təəccübləndirməyin sevincini yaşayırlar.

2015-ci ildə işıq üzü görmüş “Kompüterin qəribə tarixi” kitabında əsas ideya ondan ibarətdir ki, müəllif balacalara kompüter erasına qədəm qoyana qədər bəşər elminin keçdiyi inkişaf yolundan, bu yolda insanların göstərdiyi fədakarlıqdan bəhs edir. Təqdim olunmuş həmin kitabda kompüterlərin ta qədimdən bizim dövrlərə qədər keçən tarixinin inkişaf mərhələləri, bir çox maraqlı epizodlar, məşhur kəşflər, qəribə faktlar, alim və ixtiraçılar, onların həyatı haqqında məlumatlar vardır. Bu kitab sayəsində uşaqlar hesab maşınları və onların tarixi ilə daha yaxından tanış olurlar.

Reyhan Yusifqızı  yaradıcılığında vətənpərvərlik  mövzusundan da yan keçməyib. Həm də onun vətənpərlik mövzusunda yazdığı mətnlər uzaqgörən notlarla zəngindir. Məsələn,  “Təranənin arzusu” hekayəsində göyərçinə öz arzusundan bəhs edən Təranə deyir: “Həm də mən tək deyiləm axı. Müharibədə yüzlərlə cəsur oğullarımız  şəhid olub, məndən də yaxşı oğlanlar ömürlük əlil qalıblar. Müharibə amansızdır. Amma nə edək, müharibəni biz başlamamışıq. Biz işğalçı deyilik ki. Biz torpaqlarımızı qoruyuruq. İnşallah, Qarabağı alandan sonra  bizim üçün müharibə bitəcək.

Təranə evə qayıtdı. O, artıq Göyərçindən nə istəyəcəyini bilirdi. Çəhrayı lələyi sığalladı Təranə. Göyərçin onun otağında peyda oldu.

- Qarabağı istəyirəm! - dedi Təranə. - Torpaqlarımızı işğaldan qurtarmaq istəyirəm. İstəyirəm ki, biz daha heç vaxt müharibə görməyək.

Ağ Göyərçin bu balaca qızcığazın belə böyük ürəyi olduğunu təxmin eləməmişdi. O dedi:

- Sənin arzun o qədər böyükdür ki, onu yerinə yetirməyə mənim gücüm çatmaz. Amma mən nə edəcəyimi bilirəm. Mən sənin ürəyindəki o böyük Vətən sevgisini bütün Azərbaycana yayacağam! O zaman ki, hər kəsin ürəyi Vətən sevgisi ilə dolacaq, onda Qarabağ azad olacaq. Və siz daha heç vaxt müharibə görməyəcəksiz.

Ağ Göyərçin uçub getdi. Qızcığaz onun ardınca baxıb əl elədi.

O gündən Təranə gözləyir.

Gün gələcək, hər kəsin ürəyi Vətən sevgisi ilə dolacaq və Qarabağ azad olacaq!”

O gün doğrudan da gəldi. Təranə və onun kimi uşaaqların arzusu çin oldu. Aydın səma altında azad və hürr yaşamaq şansına sahib oldular.

Yazıçının yaradıcılığına nəzər salanda kiçikhəcmli hekayələrin üstünlük təşkil etdiyini görürük. “Mən və nənəm”, “İki qardaş”, “Musanın əhvalatı”, “Şəhrizad nağıl axtarır”, “Dəcəl ilbizlər”, “Ən gözəl”, “Leyla və Günəş”, “Boz bala dovşanın qulaqları niyə əsirdi”, “İgid şahin”  kimi yığcam hekayələrdə müxtəlif mövzu və motivlərə toxunan Reyhan Yusifqızı hər bir əsərdə yeni problem ifadə edir, uşaqların maraqlarına uyğun məzmunda, oxunaqlı bədii əsərlər yaradır . Mövzunun uğurlu seçimi, süjet xəttinin ardıcıl quruluşu,  uşaqların ruhuna yaxınlığı həmin əsərlərin sevilə-sevilə oxunmasına səbəb olur və  onların şəxsiyyətinin formalaşması, bir fərd kimi yetişməsində əhəmiyyətli rolunu təcəssüm etdrir.

SİZƏ MARAQLI OLA BİLƏR