Menu
Azerbaijan National Academy of Sciences
Institute of Literature named after Nizami Ganjavi

SEARCHES. INVESTIGATIONS

Chords of intellectual life...

29-03-2024 [ 14:30 ] [ read:193 ]
printerA+ | A-

Ziyalı xalqının, vətəninin təəssübünü çəkəndə, özünün yox, ölkəsinin milli maraqlarına xidmət göstərəndə daha hörmətli, sevilən və unudulmaz olur. Bu qəbildən olan ziyalılar xalqın iftixar və qürur mənbəyidir. Tarixi araşdırmalardan məlumdur ki, XIV əsrin ortalarında fateh kimi tanınan Əmir Teymur (Teymurləng) işğal etdiyi ölkənin ziyalılarına dəymirdi, alimlərini, yazıçılarını, şairlərini, memarlarını, yüksək səviyyəli müxtəlif peşə və sənət adamlarını yığıb Səmərqəndə gətizdirər, yeri gələndə onlarla görüşər, fikir mübadiləsi aparardı...

Əsrlərdən bəri hər bir dövlətin, hər bir dövrün ziyalıya, onların sözünə və mövqeyinə böyük ehtiyac olub.

Belə misallar-xalqımızın tarixində və taleyində müstəsna xidmətlər göstərmiş, şərəfli izlər qoymuş ziyalıların layiqli fəaliyyəti barədə istənilən qədər faktlar söyləmək olar. Onlar millətlərin mənsub olduqları cəmiyyətin mənəvi yüksəlişi naminə əzmlə çalışırdılar.

Ulu Öndər Heydər Əliyev də daim cəmiyyətdə ziyalı missiyasına böyük önəm verib, ziyalıları, xalqını və dövlətini sevənləri həmişə yüksək qiymətləndirərək onların fədakar əməyini dəyərləndiribdir.

Hər bir kəsin həyatında belə bir ehtirama layiq gördüyü, düşüncəsində belə xatırlarkən özünü yığışdırdığı, öz hərəkətinə, cəmiyyətdəki fəaliyyətinə onun prizmasından qiymət verdiyi bir insan olur. Bu gün haqqında danışmaq istədiyim belə şəxslərdən biri  İbrahim Yusifoğludur.

İbrahim Yusif oğlu Yusifov - 30 sentyabr 1954-cü ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonundakı Axura kəndində anadan olub. 1973-cü ildə Naxçıvan şəhərindəki pedaqoi məktəbi, 1981-ci ildə isə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun (indiki Naxçıvan Dövlət Universiteti) filologiya fakültəsini bitirib. 70-ci illərin əvvəllərindən pedaqoji fəaliyyətlə məşğul olub. Bədii yaradıcılığa 1968-ci ildə başlamış, ilk mətbuat əsəri olan “Qələbə atəşi” şeiri 1971-ci ildə Şərur rayonunda dərc olunan “İşıqlı yol” qəzetində çap edilmişdir. Hazırda əsərləri türk, rus, fars  və fransız dillərinə tərcümə olunmuşdur. Ümumilikdə 33 (otuz üç) adda şeir, poema, hekayə, povest və mənzum pyes kitablarının müəllifidir. 1998-ci ildən Azərbaycan Yazıçlar Birliyinin və 1992-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. 1994-cü ildə haqqında Naxçıvan Muxtar Respublikasının televiziyasında “Dağların şair oğlu” adlı film çəkilib.1993-cü il tarixindən 2022-ci ilədək “Şərur qönçələri” ədəbi birliyinin rəhbəri olubdur.

İbrahim  müəllim kimi insanlar öz təmiz qəlbi, xeyirxah əməlləri, mənəvi keyfiyyətləri ilə elə bir ucalıq, kamillik zirvəsi fəth ediblər ki, onları reallaşdırmağa heç ehtiyac da yoxdur. Onunla bir dəfə həmsöhbət olan hər hansı bir kəs sonra daim onun söhbətlərinin, mükalimələrinin cazibəsinə düşür, beş dəqiqəlik fikir mübadiləsindən sonra həftələrlə, aylarla onun söhbətlərinin sehrində olursan.   Ulularımız əbəs yerə deməyiblər ki, böyüksüz yerdə oturma!

Naxçıvan ədəbi mühiti milli zəmində yaranmış zəngin və qədim bir irsə dayanır. Bu mühitdə yaranan əsərlər ədəbi özəllikləri ilə seçilir. Bu baxımdan, qədim diyarın, Şərur mahalının Axura kəndində dünyaya göz açan, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “Qızıl Qələm” media mükafatı laureatı, Prezident təqaüdçüsü, 33 adda şeir və nəsr kitablarının müəllifi İbrahim Yusifoğlunun poetik dili üzərindəki araşdırmalar həmin mühitin üslub özəlliklərini səciyyələndirmək üçün kifayət qədər material verə bilir.

Şair, publisist İbrahim Yusifoğlu qeyd etdiyim otuzdan artıq kitabın müəllifidir. Onun şeirləri rus, fransız, türk, fars dillərinə tərcümə olunmaqla daha da geniş üfüqlərə üz tutmuşdur. Bir oxucu olaraq yaradıcılığına yaxından bələd olduğum İbrahim Yusifoğlunun hər bir yeni uğuru mənim üçün bir dost nailiyyəti, bir qələm qardaşımın sevinci deməkdir. Məhz bu mənada, şair İbrahim Yusifoğlu imzası tərəfimdən böyük maraqla izlənilir.

Poeziya, insanın daxili dünyasının pəncərəsindən həyata baxışıdır və İbrahim Yusifoğlunun şeir yaradıcılığına nəzər yetirəndə baxıb görürsən ki, bütün şairlərimizi düşündürən mövzulara o da müraciət edib. Amma fərq orasındadır ki, öz kökünə-soyadına, ocağına-suyuna bağlı olan şair poeziyada sözünü deyə bilib.

İbrahim Yusifoğlu  hər şeydən əvvəl sevən şairdir. Onun məhəbbət lirikası sadəcə estetik zövq vermək xüsusiyəti ilə deyil, insan mənəviyyatına nüfuz etmək, insan ruhunu təzələmək gücü ilə təsirlidir.

Akademik İsa Həbibbəyli İbrahim Yusifoğlunun yaradıcılığı haqqında yazır:

“İbrahim Yusifoğlu milli şeirimizin istedadlı və daim axtarışlarda olan nümayəndələrindən biridir. O, şeiri vərdiş, yaxud mütaliədən çox istedadla təbii ilhamın axarında yazan şairlərdəndir. İstedad İbrahim Yusifoğluna həyatı və insanları şairanə şəkildə, poetik görkəmdə duymaqda və görməkdə bələdçilik edir. İbrahim Yusifoğlunda zəhmət faktoru istedad amili ilə vəhdətdədir. Uzaq dağ kəndində, təmiz və səfalı, çiçəkli, bulaqlı təbiətin qoynunda böyüyüb boya-başa çatan, bütün kənd uşaqları kimi mənsub olduğu ailənin təsərrufat həyatında mükəmməl zəhmət dərsləri keçmiş İbrahim Yusifoğlunun yaradıcılığında istedad şeirin ruhu və qanadı, zəhmət isə mahiyyəti və bəzəyidir. Sözlərdən, fikirlərdən, orijinal bədii təsvir və ifadə vasitələrindən şeirin “inşaat materialları” kimi özünəməxsus şəkildə, yaradıcılıqla faydalanmağı bacaran İbrahim Yusifoğlu sanki ilhamlı şeirlərinin istedadlı və zəhmətkeş bənnasıdır. Onun qələmindən çıxmış ən yaxşı şeirlər yaratdığı poeziya sarayının kərpicləri kimi uzunömürlüdür. “Ruhuma bircə bu yağış doğmadı” şeirində etiraf etdiyi kimi:

Mənim şeirlərim könül varımdı,

Onlarda həm sevinc, kədər varımdı.

Qəlblərə ələnən yağışlarımdı,

Ruhuma bircə bu yağış doğmadı. ( “Ruhuma bircə bu yağış doğmadı” s. 52)

Ölkəmizdə geniş şəkildə qeyd edilən Ulu Öndərimiz Heydər Əliyevin 100 illiyi, yəni “Heydər Əliyev ili” ilə əlaqədar olaraq şair İbrahim Yusifoğlu da özünün poeziya çələngini, yəni “O, GÜNƏŞ ÖMRÜDÜ, SÖNMƏYƏCƏKDİR” poemasını oxucuların ixtiyarına vermişdir. Ayrıca kitab halında çap olunan bu poema həm də Ulu Öndərin 100 yaşına yaxşı bir hədiyyədir.

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru, AMEA-nın professoru, Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü Salidə Şərifova yazır: “İbrahim Yusifoğlunun “O, Günəş ömrüdü, sönməyəcəkdir” poemasında hadisələr təhkiyə üsulu ilə təsvir olunur və təsvir olunan hadisələrin gedişində lirik lövhələrə geniş yer verilməkdədir. Poemadakı hadisələrin epik təsviri ilə lirik tərənnüm üzvü surətdə birləşir. Poemada qəhrəmanın - Heydər Əliyevin həyəcanları, onunla bağlı təqdim edilən hadisələrin təsviri və onların doğurduğu hiss və duyğular yer alır. Poema heca vəznində qələmə alınması ilə diqqəti cəlb edir. “Azərbaycan Respublikası bundan sonra müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir dövlətin əsarəti altına düşməyəcəkdir” kimi hikmətamiz fikirlər əsərin birinci səhifəsinin başında, yəni əsərin əvvəlində açıqlığı ilə səciyyələnən mətn parçası-kəsiyidir. Poemada intrasemiotik uyğunluq yaratmağa qadir olan bu epiqraf bədii mətnin komponenti kimi oxucunu ilkin mətnə istiqamətləndirə bilir. İbrahim Yusifoğlu istifadə etdiyi epiqrafın ifadə etdiyi məna ilə oxucunun diqqətini əsərin məzmununa yönəldərək, əsərin ideyası ilə tanış edir. Oxucu epiqrafla tanış olduqdan sonra poemanın kimdən bəhs edəcəyi haqqında bilgi əldə edir. Poemada bu və digər epiqrafların işlənilməsi poemanın məzmun və ideyasını qavramağa yardımçı olur. Müəllif poemada bədii fikrin məntiqi ilə uzlaşan çoxsaylı epiqraflardan istifadə etmişdir ki, istifadə edilən epiqrafların da əksər qismi Heydər Əliyevə məxsusdur”. Poemada Ulu Öndərin ömrü yer üzünə nur saçan, əbədi ömür sürən günəşə bənzədilir:

 Bir insan ömründən söz açıram mən,

 Ö, günəş ömrüdür, sönməyəcəkdir.

Səadət verdiyi milyonlar qəlbən

...Bir insan ömründən söz açıram mən,

O, Heydər ömrüdür, sönməyəcəkdir.

Canıtək sevdiyi milyonlar qəlbən,

Onun haqq yolundan dönməyəcəkdir” ( O, Günəş ömrüdü, sönməyəcəkdir” – s. 10.)

 İstedadlı şairin şeirlərində aparıcı xətt saf sevgidir.  Təmiz  hisslər,  ülvi  duyğular,  saf  məhəbbət şairin  qəlbindən  qələminə  süzülür.  Bu  poetik  nümunələr  oxucuya  mənəvi  qida  verməklə  yanaşı, onu şeirin dərinliyinə aparır. Saf hisslər, ülvi duyğular,  məhəbbət İbrahim Yusifoğlunun  şeirlərinin  leytmotivini  təşkil edir.

Şeirlərindəki   poetik   duyğular,   düşüncə tərzi, hisslər, ən əsası  fikrini  oxucuya  məharətlə  çatdırmaq  qabiliyyəti  alqışa  layiqdir.

 

Göylərin üzünü aldı buludlar,

Hələ qəlb üşüdən külək də əsdi,

Mənim səndə xeyli əmanətim var,

Qaytarsan, bir gilə göz yaşı bəsdi. (“Mənə bircə gilə göz yaşı bəsdi”. s.142)

 

Şair İbrahim Yusifoğlunun Vətən mövzusunda şeirləri  onun  doğma  yurda  olan  məhəbbətini əks etdirir. O, əksər şeirlərdə birbaşa, bəzən də tamam ayrı mövzularda yazdığı, poetik nümunələrdə bir misra ilə də olsa belə Vətən dərdinə toxunmadan keçə bilmir. Şair  şeirlərində təzahür  olunan  poetik  təzad  çox  böyük  ümidlər  verir;  bu  isə  orijinal  istedadın  qismətidir  və əsl  poeziyanın  mahiyyətini  təcəssüm  etdirir.      

 

Axır ki, ayırıb düşməni dostdan,

Tanıdın ən qəddar yağını, Vətən!

Qoynun uzaq olsun alovdan, oddan,

Yaşa müstəqillik çağını Vətən! (Seçilmiş əsərləri, s.29)

 

44 günlük müharibə dövründə İbrahim Yusifoğlu  vətənpərvərlik ruhunda yazdığı şeirlərlə əsgərlərimizi  döyüşə ruhlandırırdı. Vətən uğrunda  həlak olan  şəhidlərimizin qəhrəmanlığından bəhs edilən şeirlər onların yaddaşlarda əbədi qalması üçün ən böyük heykəldir və ən böyük nemət isə “Zəfər nəğməsi”dir:

Nəğmələrin müqəddəsi, ulusu,

Meyvələrin ən şirini, sulusu,

Bulaqların ayna kimi duruşu,

Zəfər nəğməsi!... (“Zəfər nəğməsi” s.12)

 

İbrahim Yusifoğlu uzun illər Naxçıvanda təhsil sahəsində səmərəli fəaliyyət göstərib. 1997-ci ildə “Şirvannəşr”də dərc etdirdiyi “Safdır, müqəddəsdir müəllim ömrü” adlı kitabında “Müəllimləri qoruyun” adlı yazısında bu müqəddəs peşə sahiblərinə layiqincə qiymət verilməsi üçün həyəcan təbili çalırdı: “Boyumuz partaya çatmayanda boylarından boy veriblər boyumuza. Əlimiz qələm tutmaq istəyəndə ürəklərindən güc, hərarət veriblər əllərimizə, barmaqlarımıza. Dünyanın ən zəngin lüğət fondunu köçürüblər dilimizə, hafizəmizə. Bəlkə də, ona görə də həyatda ən çox həsəd apardığımız peşə sahibləri müəllimlər olublar?! Bəlkə də, ona görədir ki, ömrümün 18-ci ilindən başlayaraq əlimə sinif jurnalı alıb, müəllimlik etmişəm... bu saf və müqəddəs adı daşıyırm, bu adla fəxr edirəm...”

Bəli, İbrahim Yusifoğlu təhsilin bütün sahələrində çalışıbdır. 1973-cü ildə Naxçıvan şəhərindəki pedaqoji məktəbi bitirdikdən sonra Şərur rayonunun ucqar dağ  kəndləri olan Aşağı Yayçı və Axura kənd məktəblərində 10 ilə yaxın ibtidai sinif və ədəbiyyat müəllimi, 1981-ci ildən 1992-ci ilə qədər təhsil şöbəsində metodist, metodkabinet müdiri, 1992-ci ildən 2019-cu ilədək kadrlar üzrə məsləhətçi işləmişdir. Bu illər ərzində İbrahim müəllim təhsilimizin inkişafında yaxından iştirak etmişdir. Keçirilən attestasiyaların yekun rəyinə əsasən “Metodist müəllim”, “Ali kateqoriyalı müəllim” dərəcəsi almışdır.

1987-ci ildə qazandığı uğurlara görə Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Qabaqcıl Təhsil İşçisi” döş nişanı ilə təltif olunmuşdur. Azərbaycan Müəllimlərinin qurultay nümayəndəsi olmuşdur.

Təhsil sahəsində işlədiyi 50 il müddətində qabaqcıl müəllimlərin iş təcrübəsinin öyrənilib yayılmasında fəal iştirak etmişdir. Naxçıvan Muxtar Respublikasının ömürlərini təhsilə həsr etmiş onlarla pedaqoqların zəngin təcrübəsi əsasında “Safdır, müqəddəsdir müəllim ömrü” seriyasından 8 adla kitab yazıb çap etdirmişdir. Onu “Müəllim ömrü” adlı şeiri bu gün də öz aktuallığını qoruyub, saxlayır, sevilə-sevilə oxunur:

Ən parlaq ulduzdu, nur saçan aydı,

Dalğalı dənizdi, ləpəli çaydı,

Ömrü-ömürlərə paylanan paydı,

Safdır, müqəddəsdir, müəllim ömrü.

 

Günəş hərarətli, dağ vüqarlıdı,

Saçları dalğındı, bəyaz qarlıdı,

Övladlı, nəvəli, gözəl yarlıdı,

Mehriban bir kəsdi müəllim ömrü. (“Müəllim ömrü”. s.121)

 

İbrahim Yusifoğlu istedadlı şair, publisist kimi qəlbən vurulduğu müəllimlik peşəsinin də şərəfini  uca tutur.

Ömrünün son 5 ilini AMEA-nın  Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə bağlayıb. İbrahim müəllim vətənpərvər, dostcanlı, xeyirxah, saf bir insandır. Mən hər gün işə gələndə öncə İbrahim müəllimlə salamlaşıram. Otağının qapısı daim açıq olan İbrahim müəllim hər gün məni dağ otları ilə təzədəm çaya dəvət edir. Mən də deyirəm ki, - Ay şair siz bura əyalət, kənd hərarəti gətirmisiz. Bizim institututda sizdən başqa heç kəs əməkdaşları çay içməyə dəvət etmir. İbrahim müəllimin nurlu siması, şirin ləhcəsi onunla qarşılaşanda insanda xoş təəssürat yaradır. İbrahim müəllim yaxşı həmsöhbətdir. Saatlarla onunla elmi-ədəbi söhbətlər etməkdən doymursan.

Biz onunla AZTV-nin “Ovqat” verilişində birgə qonaq olmuşuq. Onun verilişdə oxuduğu şeirlər tamaşaçılar tərəfindən rəğbətlə qarşılandı.

Mən əməkdaşımız, həmkarım, böyük qardaş sandığım şair-tədqiqatçı İbrahim Yusifoğluya 70 illik yubiley münasibəti ilə cansağlığı, uzun ömür, yaradıcılıq uğurları arzu edirəm. Yaşadığınız bu şərəfli ömrün üstünə Allah-təala bir 30 il də əlavə etsin inşallah!

Yubileyiniz mübarək!

OTHER NEWS