Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Mirzə Bala Məhəmmədzadənin “Cənnət quşu” hekayəsi - Asif Rüstəmlinin təqdimatında

02-02-2024 [ 11:30 ] [ oxunub:270 ]
printerA+ | A-

Mirzə Bala Məhəmmədzadənin bir naməlum hekayəsi

Azərbaycanın ictimai fikir tarixində görkəmli yer tutan, milli istiqlal mücadiləmizin öncül siyasi liderlərindən biri Mirzə Bala Məhəmmədzadə bədii yaradıcılığa məktəb illərindən başlamış, qələmini nəsr, dramaturgiya, publisistika sahəsində uğurla sınamışdır. Onun gənclik illərində yaratdığı bədii nümunələr içərisində ilk mətbu əsəri "Çoban Vəli" hekayəsidir. Müəllif bu əsərini 1915-ci ildə yeni nəşrə başlayan, yazıçı-publisist Seyid Hüseynin redaktorluq etdiyi "Qurtuluş" məcmuəsinin "Yazı yarışı" adlı "Köy həyatını təsvir edən bir hekayə" müsabiqəsi üçün hazırlamışdır. "Çoban Vəli" hekayəsi Mirzə Balanın bələd olduğu, müşahidə etdiyi həyatdan və mühitdən bəhs etdiyi üçün çox canlı, təsirli alınmış, münsiflər heyətinin diqqətini cəlb edərək birincilik qazanmışdır. Hekayə "Qurtuluş"un 1915-ci il 4-cü sayında dərc edilmiş və mükafata layiq görülmüşdür.

Mirzə Balanın iki hekayəsi 1918-ci ildə özünün yaratdığı və redaktorluq etdiyi "Gənclər yurdu" jurnalının ilk sayında nəşr olunmuşdur. Onlardan 1918-ci ilin mart soyqırımından bəhs edən "Əksinqilabçılar" və insani keyfiyyətlərə, mənəvi dəyərlərə həsr olunan "Yoldaşım" hekayəsi gənc yazarın ilk qələm təcrübəsi olmasına baxmayaraq yazıçı müşahidələri, dilin estetik və funksional imkanları qənaətbəxş münasibət formalaşdırır.

Mirzə Bala iki hekayəsini mühacirət dövründə yazmış və "Yeni Qafqasiya" dərgisində yayınlamışdır. Onlardan biri - "Vətən qaldı" hekayəsini Azərbaycan Cümhuriyyətinin ilk tədqiqatçılarından olan Möhsüm Əliyev 1991-ci ilin yanvar ayında "Novruz" qəzetində dərc etdirmişdir. "On dəfə öldürülən" hekayəsi "Yeni Qafqasiya" jurnalında çap olunmaqla yanaşı sovet çekistlərinin bacarıqsızlığını, qeyri-peşəkarlığını, qəddarlığını ifşa edir.

Mirzə Bala Məhəmmədzadənin "İstiqlal mücadiləsi" (Bakı, 2018, 448 s.) adlı kitabını tərtib edərkən onun yalnız beş hekayəsini tapıb topluya daxil edə bilmişdik. "Cənnət quşu" adlı hekayə sayca altıncıdır. Bu hekayə görkəmli pedaqoq, publisist Ağabəy İsrafilbəylinin "Qırmızı günəş" adlı məktəb uşaqlarına məxsus iki həftədə bir dəfə nəşr olunan əxlaqi, ədəbi, fənni, müsəvvər (rəsmli) məcmuənin 1921-ci il 15 dekabr tarixli ikinci sayında çap olunmuşdur. Jurnalın yalnız üç sayı oxuculara ünvanlanmışdır. Ehtimal ki, jurnalın nəşri qadağan edilərək fəaliyyəti yarımçıq dayandırılmışdır. Çünki, Cəmo bəy Cəbrayılbəylinin "Şahmarın iskələyə (limana) getməsi" adlı uşaqlar üçün yazdığı bir məclisli komediyası məcmuənin ikinci və üçüncü saylarında çıxsa da, əsərin nəşri dördüncü nömrə çap olunmadığı üçün yarımçıq qalmışdır.

Mirzə Balanın "Cənnət quşu" hekayəsinin emosional təsir imkanları güclüdür. Yüz il əvvəlki insanlıq mənzərəsinin məyusedici, mərhəmətdən uzaq tipik lövhəsi aktuallığı ilə emosional gücü daha da artırır. Sərvətlə nüfrət üz-üzədir. "Böyük və hündür bir evin divarı dibində dilənçi bir qadın" xəstə, son nəfəsdə olan oğlunu, ciyərparasını bərk-bərk bağrına basıb yalvarır, əlac diləyir, mərhəmət umur. Lakin, hündür daş binalar və daşqəlbli insanlar ana fəryadına biganədir... Son nəfəsdə olan oğlunun sualı ananı ümidləndirir... sağalacağına inamını artırır, hər halda oğlu sual verir: "- Anacan! Sən həmişə böyük Tanrıya dua oxuyarsın. Həmişə söylərsən ki, böyük Tanrı bizləri unutmaz. Bəs nə üçün bizlərə bir yardım göstərməyor?"

Ananın cavabı oğulu xəyalların qanadlarında Mələklərin yanına, Yaradanın dərgahına, Cənnət bağına aparır, Cənnət quşuna çevirir...

Əsərin ən ülvi məziyyətləri insanın ən ağır məqamda ümidini, nikbinliyini qoruyub saxlaması, Tanrıya, müqəddəs varlığa sarsılmaz inamın ifadəsi, əqidə dönməzliyi, əxlaqi paklıq və mənəvi zənginliyin aşılanmasıdır.

Asif Rüstəmli

 

 

Mirzə Bala Məhəmmədzadə

Cənnət quşu

 

Soyuq və küləkli (ruzigarlı) bir gündə Bakının orta bir yerində, böyük və hündür bir evin divarı dibində dilənçi bir qadın kiçik oğlu  "Gözəli" bərk-bərk sinəsinə basmışdı.

Bu qadının büründüyü hisli, qara və yamaqlı örtüdən gözəllik çamurlu, fəqət incə və nazik barmaqları görünməkdə idi. Örtünün arasından gözlərə çarpan bu ananın üzü, dərin bir çuxura düşmüş olan gözləri, solğun yanaqları, göyərmiş dodaqları baxanların ürəgində ağır bir sızıltı oyatmaya bilməzdi.

Adamlar keçir, o qaralan dərin gözləri görənlər bir vicdan təprənişi duyaraq o anda duruyor, bir az para ataraq keçiyordu. Görməyənlər isə onun yanından savuşyorlardı.

Qadın özü də bu keçən adamları görməyordu. O yürək tikəsinin, o yavrusu olan Gözəlinin qaldırmış olduğu böyük bir sorğuya cəvab vermək istəyordu. Gözəl birdən sormuşdu ki: - Anacan! Sən həmişə böyük Tanrıya dua oxuyarsın. Həmişə söylərsən ki, böyük Tanrı bizləri unutmaz. Bəs nə üçün bizlərə bir yardım göstərməyor. Bir bax küçədən gözəl-gözəl geyinmiş uşaqlar keçiyorlar, amma...

Gözəl bu sözləri verdiyi zaman ölüm halında idi. Onun son nəfəsi qalmışdı. Bir həftə idi ki, yazıq uşaq ölüm ilə çarpışıyordu. Kim bilir bu son dəqiqədə uşağın başında nə kimi düşüncələr oynamaqda idi. Bu gözəl yavrunun incə ürəyi, yaradışın qeyri-təbii halını duyur, bütün yaranmış canlılardan iyrəndigi kimi ən son nöqtəyə qədər əlini uzatmışdı. Ondan o yana daha uşağın qarşısı qaranlıq idi. Öylə bir gözlərə görən qaranlıq idi ki, yazıq ana bu pərdəni qaldırmaq, bu son nöqtədən də o yana işıqlı bir dünya bulunduğunu anlamaq istəyordu. O istəyordu ki, can üstdə olan cigər tikəsi sıxıntı ilə ölməsin. Ona görə anası oğluna deyordu ki: ... oğlum bunu öylə günahsız yavrular açılmış bir çiçək kimi çox solub, ölüyorlar. Böylə yavrular ölən kimi böyük Tanrı göydən bir Mələk göndəriyor. O Mələk yerə enib həman uşağı qucağına alıyor və böyük Tanrının olduğu göyə aparıyor. Orada böyük Yaradıcı yavrunu alyor ürəginə basıyor. Haman yavru da canlanıyor. Canlandığından əlavə qanadlanub Cənnətin həmişəbahar olan bağçalarında uçuşuyor və böyük Yaradanın bacarığına dualar oxumağa başlayor. Sən də böyük Yaradanı unutmayacaqsan, degilmi oğlum?..

Dilənçi qadın bu son sorğusuna cəvab almadı. Çünki Gözəl ölmüşdüysədə düşüncəsində ölməmişdi. Artıq o özünü  ölü olaraq uzanmış duyurdu. Nə qadar bu halda qaldığını bilməyordu. Ancaq birdən-birə Mələgin qucağında, bulutların arasında, göylərə qalxdığını gördü. Gözəl tez Mələgə baxdı. Onun qucağında bir dəstə solmuş, budaqları sınmış çiçəklər vardı. Bunların arasında bir qızıl çiçək də vardı ki, hənuz yarım qönçə, yarım açılmış bulunuyordu. Gözəl bunları görüncə Mələkdən sordu ki:

Bu çiçəklər nə üçündür, bu qızıl çiçək nəyə lazımdır? Cənnətdə bunlardan daha yaxşıları var, degilmi?..

Mələk yumuşaq bir səslə cavab verdi!

- Əvət, doğrudur, cənnətdə daha gözəl çiçəklər vardır. Ancaq bu çiçəkləri də böyük Yaradan yaratmışdır. Bunlar isə açılıb diriliklərini sormamış, boyunlarında olan borclarını ödəməmişlər. Budur, bu çiçəkləri alıyor və onları bir buyruqla canlandırıb həmişə solmayacaq çiçəklər cərgəsinə salıyor. Öylə isə mənim də evdə bir çiçəgim vardır. Məndən sonra onu suvaran olmayacağından dolayı o çiçəgim solacaqdır. Mən onu çox seviyordum. Onu da götürərmisiniz?

Mələk çiçəklərin arasından Gözəlin də çiçəgini göstərdi. Gözəl olduqca sevindi və bu sevinc ilə də böyük Tanrının qarşısına çatdılar. Gözəl heç bir şey görməyordu. Bu barədə Mələkdən sormaq istərkən dönüb onu da görmədikdə sıxıldı. Ancaq görmədigi bir qucaqda bulunduğunu duyurdu. Birdən o qucaq onu buraxdı və Gözəl də bir cənnət quşu olaraq uçmaqda olduğunu və özü də gözəl bir baxçanın çiçəkləri arasında bulunduğunu gördü. Burada ilk əvvəl Gözəl öz anasını yadına saldı:

- Anam... Anam... deyə bağırdı...

***

İki soyuq  dodaq Gözəlin alnından öpdü. Onun dalınca iki damla soyuq göz yaşı Gözəlin yanağına düşdü. Gözəl ayıldı, gözlərini açdı. Xəyali olaraq keçirdiyi bu aləmi ildırım kimi başında toplamaq və anasına danışmaq istədi, bacarmadı. Gözlərində iki damla yaş göründü. Ağlamaq istədi, onu da bacarmadı. Ancaq:

Anacığım... çiçəklərim... deyə bildi. Onun dalınca gözlərini örtdü və xəyalı dolaşdığı cənnətə uçdu...

Yazıq ana!... Artıq qurumuş olan yavrusunu qucaqladı... bağrına basdı... Göz yaşları ilə islatdı... yaladı... Əfsus, bunlar həpsi köməksiz idi. Dünya yenə vardı. Adamlar, yenə keçyorlardı. Bu canlı və dilli sürü içərisindən hisli örtüyə bürünmüş bir dilənçi qadın göz yaşı axıda-axıda ürəyinin bir parçası olan Gözəlini yaxındakı məscidə doğru aparıyordu. Bu həman cənnət quşu idi... Dilənçi uşağı idi...

 

"Qırmızı günəş" jurnalı, Bakı,

1921, 15 dekabr, N 2, səh. 7-9

SİZƏ MARAQLI OLA BİLƏR