Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Azərbaycan uşaq ədəbiyyatı nümunələrinin Türkiyə türkcəsində nəşri - gələcək uğurlara hədəflənmiş ədəbi əlaqələr - Mərziyyə Nəcəfova

01-12-2022 [ 11:19 ] [ oxunub:98 ]
printerA+ | A-
102910

Hər işin ilki gözəldir, məsuliyyətli və önəmlidir. Belə ilklərdən birini akademik İsa Həbibbəyli 2018-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda ilk dəfə "Azərbaycan Uşaq ədəbiyyatı" şöbəsinin yaradılmasına imza atmaqla gerçəkləşdirdi. Çıxışlarında daim belə bir şöbənin yaradılmasının nə qədər önəmli olmasını vurğuladı, uşaq ədəbiyyatına dair məsələlərin vahid mərkəzdən idarə olunmasının vacibliyini bildirdi. Gözəl təşəbbüslərdən digəri o oldu ki, bu şöbəyə rəhbərliyi İnstitutumuzun əməkdaşı, filologiya elmləri doktoru, imzasına hörmətlə yanaşdığımız Elnarə Akimovaya həvalə etdi. Onun elmi gücünə və potensialına, əzm və bacarığına güvəndi. Zaman da verilən qərarın nə qədər doğru olduğunu isbatladı.

Bu illər ərzində "Uşaq ədəbiyyatı" şöbəsi bir çox uğurlu işlərlə seçilib. Müxtəlif təqdimatlar, tədqiqatlar, yeni çıxan uşaq ədəbiyyatı nümunələrinin təhlilini verən məqalələr, birgə əməyin nəticəsi olan "Xanımana Əlibəyli" monoqrafiyası, uşaq ədəbiyyatı tarixinin öyrənilməsi istiqamətində sistemli elmi araşdırmalar şöbənin az müddətdə seçilməsinin, prosesə aktiv müdaxiləsinin əsas hərəkətverici qüvvəsi oldu. Şöbənin imza atdığı uğurlardan biri də Türkiyə ilə birgə əməkdaşlıqların qurulması, bu istiqamətdə əməli fəaliyyətlə gündəmə gəlmək olmuşdur. Hələ 2019-cu ildə Çocuk və Genc Yazarlar Birliyinin Başkanı Bican Veysel Yıldız bəyin təşkilatçılığı ilə keçirilən "6.Uluslararası çocuk  ve genclik edebiyyatı sempozyumu"nda İnstitumuzun (qeyd edim ki, simpoziumun Azərbaycan təmsilçisi mənəm - M.N.), xüsusi ilə başda şöbə müdiri Elnarə xanım olmaqla "Uşaq ədədbiyyatı" şöbəsininin fəal iştirakı və qatqısı bu konfransın mükəmməl şəkildə reallaşmasına səbəb olmuşdur. Daha sonra Türkiyədə "Çocuk ədəbiyyatı" bölümünün başkanı, şair Bican Veysel Yıldız "Ədəbiyyat qəzeti"ndə baş redaktor, hörmətli Azər Turan və Elnarə Akimovanın qonağı olmuş, hər iki ölkənin uşaq ədəbiyyatı ilə bağlı maraqlı diskusiyalar aparılmışdır.

Nəhayət, yeni bir iş qoyulub meydana. Türkiyədə Azərbaycan uşaq ədəbiyyatına dair, azadlıq, istiqlal, zəfər duyğularını tərənnüm edən şeir, hekayə və pyeslərdən ibarət "Azerbaycan Çocuk Edebiyatından Seçme Eserler" kitabı çap olunub.  Kitabdakı mətnlərin tərtibçisi və "Azərbaycan uşaq ədəbiyyatında məfkurə" adlı ön sözün müəllifi filologiya elmləri doktoru, ədəbiyyatşünas-tənqidçi Elnarə Akimovadır. Kitabın hazırlanmasında türkiyəli həmkarlardan Soner Sağlam, Yaşar Sözen, Özgür Koray Yılmaz da iştirak etmiş, kitabın ərsəyə gəlməsində zəhmətlərini əsirgəməmişlər.

Bu gün çox böyük qürur hissi ilə deyə bilərik ki, dövlət başçılarımızın, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dostluq və qardaşlığı bu birliyimizi daha da möhkəmləndirir. Elə kitabın ön sözündə türkiyəli alim Fikret Türkmenin Bəxtiyar Vahabzadədən gətirdiyi nümunə də dostluq və bərabərliyimizin hər zaman var olacağını gözəl ifadə edir:

 

Bir millət, iki dövlət,

Eyni arzu, eyni niyyət,

Dinimiz bir, dilimiz bir,

Eşqimiz bir, yolumuz bir,

Azərbaycan Türkiyə.

 

Elnarə Akimovanın kitaba yazdığı "Azərbaycan uşaq ədəbiyyatında məfkurə" başlıqlı dəyərli ön söz onun artıq professional uşaq ədəbiyyatı mütəxəsisi kimi formalaşmasından xəbər verir. Müəllif əvvəlcə qardaş Türkiyə ilə güclənən dostluq, əməkdaşlıq münasibətlərindən bəhs edir. Daha sonra Azərbaycan uşaq ədəbiyyatını dövrləşmə baxımından - yaranması, təşəkkülü və inkişafı istiqamətində üç əsas mərhələyə ayırır:

1) XIX əsrin sonu, XX əsrin əvvəllərində uşaq ədəbiyyatında məfkurə dalğası

2) Sovet dövrü uşaq ədəbiyyatında azərbaycançılıq

3) Müstəqillik dövrü uşaq ədəbiyyatı

Müəllif bu dövrləşdirmə sistemindən yola çıxaraq Azərbaycanda uşaq ədəbiyyatının keçdiyi yol haqqında dolğun fikir formalaşdıra bilir.

"Azerbaycan çocuk edebiyatından seçme eserler" toplusunda qeyd edildiyi kimi, şeirlər, hekayə və pyeslər toplanmışdır. Ən önəmli olan budur ki, tərtibatçı Elnarə Akimova yalnız müstəqillik illərində çıxan uşaq ədəbiyyatı nümunələri ilə kifayətlənməmiş, mövzuya daha geniş müstəvidə nəzər yetirərək XII əsrdə dahi Nizami Gəncəvinin yaratdığı uşaq ədəbiyyatı nümunələrini, daha sonra XX əsrin əvvəllərində, eləcə də sovet dövründə yaranmış vətən ruhlu uşaq mətnlərini bu topluya cəmləmişdir. "Azərbaycan himni" ilə açılan kitabda Əhməd Cavadın  "Azərbaycan Bayrağına", Əli bəy Hüseyinzadənin "Dardanel əzharı", Cəfər Cabbarlının "Ölkəmin", Hüseyn Cavidin  "Qız məktəbində", Almas İldırımın "Əsir Azərbaycanım", Abdulla Şaiqin "Ana yurdum", "Vətən yaxşıdır", Səməd Vurğunun ""Azərbaycan", Süleyman Rüstəmin "Təbrizim", Rəsul Rzanın "Şuşa", Mirvarid Dilbazinin "Azərbaycanım", Fikrət Sadığın  "Odlar yurdu", Nigar Rəfibəylinin "Vətənim", Bəxtiyar Vahabzadənin "Şəhidlər", "Bayraq", "Azərbaycan-Türkiyə", İsa İsmayılzadənin "Vətən deyirəm", Xanımana Əlibəylinin "Qurani-Kərim", Teymur Elçinin "Gözəl vətən", Xəlil Rza Ulutürkün "Azərbaycan", Məmməd İsmayılın "Vətən", Sabir Rüstəmxanlının "Vətən" və  başqa onlarca  yurda sevgi aşılayan nümunələr yer almışdır.

Bu kitabda Azərbaycanın ölkə kimi keçdiyi yolun həm uğurları, həm də ağrıları görünür. 20 Yanvar, Xocalı faciəsi, torpaq itkisi, müstəqillik qazancının hansı əziyyətlər hesabına başa gəlməsi müxtəlif şeir nümunələri əsasında sərgilənir. Ülvi Bünyadzadə, Məmməd Aslan, Nəriman Həsənzadə, Zəlimxan Yaqub, Nəbi Xəzri, Məmməd Araz, Hikmət Mahmud, Qəşəm İsabəyli, Sevinc Nuruqızı, Mina Rəşid, Kamil Araz, Sevinc Elsəvər, Allahşükür Ağa və digər şairlərin bu ağrını ifadə edən şeirlərində həm də tarixin özü görünür:

 

 

Sinələr güllə-güllə,

Qan axır, dönür gülə.

Qərənfillər ağlayır,

Düşmənə gülə-gülə.

Ağla, qərənfil, ağla!

            Məmməd Aslan

 

Sevinc Elsevərin "Xocalıdan sonra" şeirində balalara ismarladığı  mesaj, uşaqları Xocalı faciəsindən uzaq tutmaq istəsə belə "cızza" kəlməsi ilə olanları anlatmaq ehtiyacı yaxın keçmişin sağalmaz yarası kimi bizi o günlərə qaytarır:

 

Sən baxma televizora,

Körpə bala.

Sən oyuncağınla oyna,

İnamla böyü.

Televizorda gördüklərin səni qorxutmasın,

Xocalıda insanlar inanları öldürmədi ki,

Heç adam da adamı öldürərmi?

Sənin kimi mənə də

Öyrədilən ikl kəlmədi "cızza!"

Yəni, "əlin yanar, toxunma!"

Ürəyim od tutub,yanır, balaca.

Sən baxma televizora,

Üzünü o yana çevir.

Cızza!!!

 

Antologiyada ən yaxın tariximizlə bağlı yazılan poetik mətnlər, yaşadığımız qürur, Zəfər duyğuları ilə bağlı ərsəyə gələn şeirlər də yer almışdır. Zahid Xəlilin, Rafiq Yusifoğlunun, İbrahim Yusifoğlunun, Sevinc Nuruqızının, Qəşəm Nəcəfzadənin şeirlərində qələbə sevinci qabarıqlığı ilə seçilir. Zahid Xəlilin "İlham Əliyev-Dəmir yumruq" başlıqlı şeirində Ali Baş Komandana olan hörmət və sevgini görmək olur:

 

Dəmir yumruq - bu gözəl söz,

El-obanın dilindədir.

Dəmir yumruq dəmir kimi,

Bir kişinin əlindədir.

Rafiq Yusifoğlunun "Gözlərin aydın, Şuşa!" şeiri də bu mənada balalarımıza zəfər sevincini yaşadır, Türk birliyi və qardaşlığının verdiyi qürur və fəxarəti dünyaya bəyan edir:

 

Dost kimdir, düşmən kimdir,

Dur ayağa tanınar.

Görüşünə gələcəm,

Türk qardaşınla qoşa.

Gözlərin aydın, Şuşa!

 

Antologiyada hekayə janrında onlarca hekayələr dərc edilmişdir. Nizami Gəncəvi, Əli bəy Hüseynzadə, Mehdi Hüseyn, Əli Səmədli, Zahid Xəlil, Reyhan Yusifqızı, Rafiq Yusifoğlu, Sevinc Nuruqızı, Qaçay Köçərli, Qəşəm İsabəyli, Mina Rəşid, və digər yazarların kiçik, lokonik hekayələrini bir mövzu birləşdirir: vətənə bağlılıq, bayrağa sevgi, xalqın milli-mənəvi dəyərlərini uca tutmaq məramı, yurdu qorumaq məsuliyyəti. Elə topluda yer almış iki pyesdə - Aygün Bünyadzadənin "Narahat mələklər", Arzu Soltanın "Qırmızı, yaşıl, mavi" əsərlərində də əsas məram bu ideyanı təqib etməkdir. Müharibədə körpələrə dəyən zərərlər, yaşanan faciələrin uşaqların psixologiyasına təsiri, müharibələrə yox nidası hər iki pyesdə əsas vurğu edilərək mənalanır.

Kitabın titul səhifəsində belə bir cümlə diqqətimi çəkdi: "Azerbaycan və Türk Dünyasının kültür başkenti, Karabağın atan kalbi Şuşanın kuruluşunun 270. Yılına ve Oğuzun alp yürekli çocuklarına...". Demək, bu gözəl iş həm də "Şuşa ili" çərçivəsində həyata keçirilib, böyük sevgi və borc hissi ilə hasilə gəlib. Topludakı hər mətnin, hər nümunənin vətənə sevgidən qaynaqlanması da bu səbəbdəndir. Şübhəsiz ki, Azərbaycan uşaq ədəbiyyatının obrazının yaradılmasında kitabın böyük rolu olacaq. Amma başqa vacib məqam ədəbiyyatların yaxınlaşması, tanınması yönündə bu əlaqələrin faydalılıq keyfiyyətidir. Hər iki ölkədə türk məfkurəsinə sevgi ruhunda, öz ulusuna bağlı gəncliyin yetişməsində, dövlətinin və xalqının dəyərlərini uca tutub ona sadiq qalan yeni nəslin formalaşmasında və bütövləşməsində bu kimi qiymətli nümunələr qiymətli missiya daşıyıcısıdır. 

Əlaqələrimiz davamlı olsun, uğurlarımız tükənməsin, dostluğumuz əbədi olsun!

SİZƏ MARAQLI OLA BİLƏR