Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Ağaoğluna vəfa borcu – Konfransdan qeydlər

27-11-2023 [ 11:55 ] [ oxunub:236 ]
printerA+ | A-
104001

On gün əvvəl – noyabr ayının 16-da AMEA-da Rəyasət Heyəti və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun birgə təşkilatçılığı ilə “Əhməd Ağaoğlu və Türk Dünyası” mövzusunda beynəlxalq elmi konfrans keçirildi.

Konfransın elanını gördüyüm ilk gündən etibarən iştirak etmək, dəyərli alimlərlə söhbətləşmək, zənginlik qazanmaq istəmişdim. Çünki bir tərəfdən Əhməd bəyin doğulduğu Şuşa şəhəri 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilmişdi, digər tərəfdən Ağaoğlu ömrünün böyük hissəsini Türkiyədə keçirdiyi üçün oradan da ailə üzvlərinin, alimlərin qatılacağı gözlənilirdi.

Həmin ərəfələrdə Bakıda beynəlxalq kitab sərgisi də keçiriləcəyi üçün İstanbuldan Bakıya doğru yola düşdüm. Daha öncə isə konfransda oxuyacağım, ardınca kitabda yer alacaq məqaləmi göndərmişdim və qəbul edilmişdi.

“Əhməd bəy Ağaoğlunun publisistikasında hitlerizmin tənqidi” adlı məruzə ilə çıxış edəcəkdim.
Beş günlük möhtəşəm kitab sərgisinin sabahısı gün AMEA-ya yollandım. Bir gün öncə kitab sərgisini ziyarət edən türk mühacirətşünas alim Ömər Özcanla dəhlizdə qarşılaşdım. Professor Nəsiman Yaqublu və Abid Tahirli ilə söhbət edirdilər. Ömər bəy AMEA-nın xüsusi dəvətliləri arasında idi. Daha sonra professor Solmaz Rüstəmova Tohidi, filologiya elmləri doktoru Nikpur Cabbarlı, dosent Faiq Ələkbərli dəhlizdə göründülər. Bu anı fürsət bilib toplu fotoşəkil çəkdirdik.

Tədbirdən öncə iştirakçılara Ədəbiyyat İnstitutunun baş elmi işçisi, fil.e.d., dos. Şahbaz Şamıoğlu (Musayev)in “Əhməd Ağaoğlu: həyatı, mühiti, nəsri və epistolyar irsi” adlı monoqrafiyası hədiyyə olundu.

Tədbirin rəyasət heyətində AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, tarix elmləri doktoru professor Dilarə Seyidzadə, “London İqtisadiyyat Məktəbindən” qonaq müəllim, professor Yasemin Giritli İnceoğlu, ADPU-nun prorektoru professor Mahirə Hüseynova və Ədəbiyyat İnstitutunun şöbə müdiri filologiya elmləri doktoru Nikpur Cabbarlı əyləşdilər.

Akademik İsa Həbibbəyli Əhməd bəyin həyatı haqqında geniş bilgi verdi, onun Mustafa Kamal Atatürklə olan dostluğundan bəhs etdi. Eləcə də konfransın məqsədindən, gözlənilən nəticələrdən danışdı. O, çıxışını davam etdirərkən hövlnak şəkildə içəri daxil olan alimlərimizdən biri ağrılı bir xəbəri çatdırdı: Türkiyədən tədbirə dəvət olunan azərbaycanlı alim professor Arif Acaloğlu konfransa gələrkən yolda avtomobilin vurması nəticəsində həyatını itirib... Akademik ağırılı xəbəri salondakılara çatdırdı və bir dəqiqəlik sükut elan etdi. İnanmaq mümkün deyildi. Arif müəllimlə yaxın dost olan Nikpur Cabbarlının gözləri dolmuşdu...

Konfrans kədərli notlarla başlasa da, davam etməli idi. Ötən əsrin əvvəllərindəki hadisələrlə bağlı qiymətli əsərlərin müəllifi professor Dilarə Seyidzadə Əhməd bəyin Azərbaycandakı fəaliyyətindən, Difai firqəsini qurmasından bəhs etdi. Daha sonra Əhməd bəyin yaxın qohumu, onunla birgə mühacirətə gedən Humay Ağaoğlunun nəslindən olan Yasemin Giritli İnceoğlu Əhməd bəyin qızlarının Türkiyədə qadın hüquqları sahəsində gördükləri işlərdən danışdı. Ardınca Türkiyə Milli Təhsil Nazirliyinin sabiq müşaviri Ömər Özcan və Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Nikpur Cabbarlı, “Əhməd bəy Ağaoğlu” Milli Araşdırmalar İctimai Birliyinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nigar Axundova çıxış etdilər.

Rəsmi hissədən sonra fasilə verildi, ardınca məruzələrin dinlənilməsinə başlandı. Növbəm gəldiyi zaman “Əhməd bəy Ağaoğlunun publisistikasında hitlerizmin tənqidi” adlı məruzə ilə çıxış etdim. Bu mövzunun seçməyimin əsas səbəbi Əhməd bəyin Hitlerin iqtidara gəldiyi ilk gündən etibarən Almaniyaya və dünyaya faciələr gətirəcəyini hiss edə bilməsi idi. Məqaləmin girişində belə yazmışdım: “1933-cü ildə Almaniyada Adolf Hitlerin iqtidara gəlməsi Türkiyə ictimai-siyasi mühitində müzakirələrə səbəb olub. Bu müzakirələr 1937-ci ildə daha da kəskinləşib, II Dünya müharibəsinin başlaması ilə ən yüksək həddə çatıb. Müharibənin gedişində isə Türkiyə mətbuatının bir qismi alman tərəfdarlığını göstərib, bir qismi isə alman işğallarına, ideologiyasına qarşı sərt mövqe sərgiləyib. Şübhəsiz ki, Hitlerin Almaniyada iqtidarı ələ almasında, geniş xalq kütlələrinin dəstəyinə sahib olmasında I Dünya müharibəsində ağır məğlubiyyətə uğramış almanların bu psixologiyadan qurtulmaq istəmələrinin də rolu olub.

Hitlerin timsalında artıq onları həm siyasi, həm də ideoloji baxımdan birləşdirəcək yeni lider formalaşmışdı. 1933–1945-ci illərdə III Reyxin reyxs-kansleri və prezidenti olan Hitlerin iqtidarı dönəmində digər siyasi partiyalar qadağan olunub, ölkədə sərt diktatura rejimi yaradılıb, bütün hakimiyyət tək əldə cəmləşib, Almaniya Versal Sülh Konfransında alınan qərarlardan imtina edib, sürətli silahlanmaya başlanılıb. Bununla yanaşı insanları “yuxarı” və “aşağı” irqlərə bölən nasist ideologiyası Almaniyanı işğalçı bir yola sövq edib. Almaniyada baş verən bu yeniliklər Türkiyə mətbuatında da yer alıb, müxtəlif düşüncələrin formalaşmasına səbəb olub. Hitlerin iqtidara gəldiyi ilk ildən etibarən Türkiyə mətbuatında onun fəaliyyətini tənqid edən, hitlerizmi kamalizmlə eyniləşdirmək istəyənlərə qarşı sərt mövqeyi ilə seçilən isə Əhməd bəy Ağaoğlu olub”.

Əhməd bəy haqlı idi. 1933-cü ildə Hitler iqtidara gəldiyi zaman Türkiyənin 10-cu ildönümü idi və I Dünya müharibəsində məğlub olsa da, milli mücadilə ilə yenidən dirilən, cümhuriyyət quran türklərin bu uğuru onu heyran etmişdi. Bu baxımdan Hitler iqtidarı ələ keçirdikdən sonra Türkiyəyə bu uğuruna görə simpatiya bəsləməyə başlamışdı. 1933-cü ilin mart ayında Göbbelsin yaxın dostu jurnalist İohann von Leers Faşizm Araşdırmaları Dərnəyində “Türkiyədə Mustafa Kamalın milliyyətçi inqilabı. Alman yenilənməsi və alman faşizmi ilə ideoloji-tarixi bir paralellik” mövzusunda mühazirə də oxumuşdu. Hitlerin bioqrafı da olan Leers Atatürkün türklərin silahsızlandırılmasına qarşı necə dirəndiyini, türklərin azadlıqlarını necə əldə etdiyini və milli hakimiyyət prinsiplərinə söykənən yeni dövləti və milləti necə qurduğunu izah etmiş, Atatürklə Hitlerin həyat və fəaliyyətlərinin bir-birinə yaxın olduğunu iddia etmişdi. 16 iyul 1933-cü ildə isə Hitler Türkiyənin “Milliyet” qəzetinə verdiyi müsahibəsində Almaniya ilə Türkiyənin eyni zamanda çökdüyünü, Türkiyənin müqəddəs bir həmlə ilə qurtulduğunu bəyan etmiş, Atatürkü əsrin ən böyük şəxsiyyətlərindən olduğunu bildirmişdi: “Türkiyədə doğan və parıldayan ulduz bizə təqib ediləcək yolu göstərdi... Qazi elə bir şəxsiyyətdir ki, əbədiyyən əsrimizin ən böyük şəxslərinin ən ön səfində olacaqdır. Bu mövqe tarixin ona verdiyi bir haqdır”.

Ağaoğlu bu hadisələri yaxından təqib edirdi. Özünün çap etdiyi “Axın” qəzetində axına qarşı üzərək Hitlerin mahiyyətini, onun sisteminin kamalizmlə heç bir şəkildə uyğun olmadığını isbat edirdi. Daha geniş şəkildə konfrans materiallarının toplandığı kitabda nəşr olunacağına görə Ağaoğlunun təsbitlərinin xülasəsini verməklə kifayətlənirik:

- Kamalizm yaradıcı bir hadisədir, o, yoxdan bir dövlət vücuda gətirmişdir, hitlerizm hələ yaradıcılıq əsəri göstərməyib;
- Kamalizm geniş və məmləkətçi bir hərəkatdır. Kamalizmin yaratdığı Təşkilati-Əsasiyyə Qanunu Türk mədəniyyətini qəbul edən hər kəsi Türk kimi qəbul etməkdədir. Hitlerizm isə dar, inhisarçı, bir hərəkatdır.
- Kamalizm milli olmaqla bərabər bəşəridir. O, hüquqda, əxlaqda bədiiyyatda və bilgidə, bütün bəşəriyyətin müştərək çalışması məhsulu olan bütün həqiqətləri, yaxşılıq və gözəlliyi mənimsəməkdə tərəddüd etməz. Hitlerizm isə qeyri-bəşəridir. Çünki hər sahədə hər şeyi almanlığa, alman irqinə çevirmək xülyasındadır. Alman hüququ, alman əxlaqı, alman bədiiyyatı, hətta alman bilgisi deyə Almaniya ilə bəşəriyyət arasında adətən keçilməsi günah olan bir Çin səddi qurmaq əməlindədir.
- Kamalizm ladini bir hərəkatdır. Yəni din xüsusunda hər kəsi öz vicdanı ilə baş-başa buraxmışdır. Hitlerizm isə dini bir hərəkatdır, luteranizmi rəsmən seçməkdədir.


- Kamalizm açıq şəkildə xalqçı və demokratdır. Hitlerizmin isə xalqçılığı hələ şübhəlidir. Çünki firqəsində xalq kütlələri olduğu kimi böyük malikanə sahibləri, keçmiş xanədana mənsub şahzadələr və yüksək maliyyəçi mühitlərə mənsub insanlar da az deyildir…
- Kamalizm qurulduğu gündən etibarən milli təmsilə riayət etməkdə və Milli Məclisin əlində olan bütün səlahiyyətləri dəqiqliklə mühafizə etməkdədir. Halbuki Hitlerizm Milli Məclisin səlahiyyətlərini hər gün təhdid etməkdədir.
- Kamalizm qəti və gerçək olaraq cümhuriyyətçidir. Hitlerizmin isə bu xüsusdakı təmayülü hələ tamamən bəlli olmamışdır.

***

Konfrans iki fərqli salonda davam etdi. Çıxışlar və müzakirələrdən sonra təşəkkür bəlgələri təqdim edildi. Sadəcə bir bəlgənin sahibi fiziki olaraq orada yox idi. İnstitutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı Arif bəyə veriləcək son bəlgənin Əhməd bəy Ağaoğlu ilə bağlı olmasını təsadüfi hesab etmədiyini dedi. Çünki hər ikisi ömürlərini türklük yolunda xərcləmişdilər və indi haqq dünyasında birgədirlər.

Beləcə, Əhməd bəy Ağaoğlu ilə bağlı keçirilən bir konfrans da tarixə yazıldı. Konfrans materiallarının nəşri ilə Ağaoğluşünaslığa böyük töhfə veriləcəyinə əminik.

P.S. Fotoşəkillər AMEA-ya məxsusdur.

Müəllif: Dilqəm Əhməd

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR