Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

AMEA-da “Əhməd Ağaoğlu və Türk dünyası” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

17-11-2023 [ 10:33 ] [ oxunub:212 ]
printerA+ | A-
103965

Noyabrın 16-da AMEA-nın Əsas binasında Akademiyanın Rəyasət Heyəti və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun birgə təşkilatçılığı ilə “Əhməd Ağaoğlu və Türk dünyası” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli 2022-ci ildə Türkiyənin Bursa şəhərində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən keçirilən və Türk dövlətlərinin mədəniyyət nazirlərinin də iştirak etdiyi “Şuşa günləri”ndə Şuşa şəhərinin 2023-cü ildə “Türk dünyası mədəniyyət paytaxtı” elan olunduğunu xatırladıb. O, “Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2022-ci il tarixli Sərəncamına müvafiq olaraq AMEA-da Tədbirlər planının hazırlandığını və bu istiqamətdə müvafiq işlərin görüldüyünü bildirib. Bugünkü konfransın da sözügedən Tədbirlər planı çərçivəsində həyata keçirildiyini vurğulayan akademik İsa Həbibbəyli tədbirdə Türk dünyasının tanınmış alimlərinin iştirak etdiyini qeyd edib.

Akademik İsa Həbibbəyli XIX əsrin sonu, XX əsrin əvvəlində yaşayıb yaratmış görkəmli ictimai-siyasi xadim, böyük mütəfəkkir Əhməd bəy Ağaoğlunun Azərbaycanın və Türk dünyasının dəyərli şəxsiyyətlərindən biri olduğunu bildirib. Diqqətə çatdırıb ki, Əhməd bəy Ağaoğlunun həm Azərbaycandakı, həm də Türkiyədəki çoxcəhətli fəaliyyəti Azərbaycan xalqının onun timsalında dahi bir mütəfəkkir yetişdirmək potensialının olduğunu ortaya qoyur.

AMEA rəhbəri vurğulayıb ki, Əhməd bəy Ağaoğlu Türkiyədə olduğu müddətdə Mustafa Kamal Atatürkün ideyalarına sədaqətini nümayiş etdirmiş, onun silahdaşlarından birinə çevrilmişdir. Türkiyədə XX əsrin əvvəllərində türkçülüyü yaradan simalardan biri kimi qəbul olunmuş Əhməd bəy Ağaoğluğu “İttihad və Tərəqqi” partiyasındakı keşməkeşli fəaliyyətində, keçdiyi mürəkkəb yolda nümayiş etdirdiyi bütövlüyü, dözümlülüyü hər zaman qoruyub saxlamışdır.

Akademik İsa Həbibbəyli əlavə edib ki, görkəmli mütəfəkkir XX əsrin əvvəllərində erməni terrorunun və Rusiya axınının qarşısını almaq üçün aparılan mübarizədə Azərbaycan xalqı qarşısında əvəzsiz xidmətlər göstərmişdir. 

O, Azərbaycan və Türkiyənin dövlət başçılarının sarsılmaz birliyinin, möhkəm təməlləri Ulu Öndər Heydər Əliyev tərəfindən atılan Azərbaycan Türkiyə qardaşlığının dünya ölkələri üçün nümunəvi dövlətçilik modeli olduğuna diqqət çəkərək vurğulayıb ki, bugünkü konfransın Əhməd bəy Ağaoğlunun görmək istədiyi kimi, öz suverenliyini, müstəqilliyini tam bərpa etmiş Azərbaycanda təşkili həm də görkəmli mütəfəkkirin arzularının həyata keçməsi deməkdir.

AMEA prezidenti Əhməd bəy Ağaoğlunun yaradıcılığının, ideyası bu gün üçün də aktual olan bədii-sənədli əsərlərinin geniş kütləyə çatdırılmasında konfransın əhəmiyyətindən danışıb. O, Əhməd bəy Ağaoğlunun yaradıcılığının ən müxtəlif istiqamətlərini açan və gənc nəsillərə təqdim edən bugünkü konfransın həm plenar, həm də bölmə iclaslarında görkəmli dövlət xadiminin həyat və yaradıcılığına dair məruzələrin təqdim olunacağını bildirib.

Akademik İsa Həbibbəyli, həmçinin bugünlərdə filologiya üzrə fəlsəfə doktoru, dosent Şahbaz Şamıoğlunun Əhməd bəy Ağaoğlunun mühiti və nəsrinə həsr olunmuş kitabının işıq üzü gördüyünü diqqətə çatdırıb. Qeyd edib ki, Türk dünyasının böyük fikir adamı Əhməd bəy Ağaoğlunun keşməkeşli ömür yolundan bəhs edən kitabda toplanan materiallar tariximizin bir çox səhifələrinin öyrənilməsi üçün qiymətli mənbədir.

Sonra tarix elmləri doktoru, professor Dilarə Seyidzadə çıxış edərək böyük mütəfəkkir Əhməd bəy Ağaoğlunun ictimai-siyasi fəaliyyətindən danışıb. Dilarə Seydizadə öz elmi fəaliyyətində 1905-ci il Azərbaycan tarixinə dair tədqiqatlara geniş yer ayırdığını söyləyərək, tədqiqatlar zamanı bir sıra şəxsiyyətlərin, o cümlədən Əhməd bəy Ağaoğlunun yaradıcılığı ilə daha yaxından tanış olduğunu bildirib. Diqqətə çatdırıb ki, görkəmli ictimai-siyasi xadim Azərbaycanın və Türkiyənin tarixi və bu günü üçün misilsiz xidmətlər göstərib, “Difai” təşkilatının yaradılmasında böyük işlər görüb. Professor Dilarə Seyidzadə Əhməd bəy Ağaoğlu irsini daha mütəşəkkil şəkildə araşdırmaq və gələcək nəsillərə daha dərindən tanıtmaq baxımından tədbirin önəmini qeyd edib.

Konfransda “Əhməd bəy Ağaoğlu” Milli Araşdırmalar İctimai Birliyinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nigar Axundova, “London İqtisadiyyat Məktəbindən” qonaq müəllim, professor Yasemin Giritli İnceoğlu, Türkiyə Milli Təhsil Nazirliyinin sabiq müşaviri Ömər Özcan və Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Nikpur Cabbarlı çıxış edərək böyük fikir adamı Əhməd bəy Ağaoğlunun türk düşüncəsinin formalaşması sahəsində mühüm xidmətlər göstərdiyini, Azərbaycanın, eləcə də Türkiyənin elm və mədəniyyət tarixində özünəməxsus yer tutduğunu bildiriblər.

Tədbirdə filologiya üzrə fəlsəfə doktoru, dosent Şahbaz Şamıoğlunun “Əhməd Ağaoğlunun epistolyar irsi tarixi-mədəni, ictimai-siyasi aspektlər kontekstində” mövzusunda məruzəsi dinlənilib.

Daha sonra konfrans öz işini bölmə iclasları ilə davam etdirib.

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR