Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

YENİ NƏŞRLƏR

Məhəmməd Füzulinin həyat və yaradıcılığının ümumtəhsil məktəblərində tədrisinə dair

10-10-2024 [ 14:45 ] [ oxunub:245 ]
printerA+ | A-
104909

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” Sərəncamdan irəli gələrək hazırlanmış tədbirlər planına əsasən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elmi Şurasının qərarı ilə “Məhəmməd Füzulinin həyat və yaradıcılığının ümumtəhsil məktəblərində tədrisinə dair” adlı dərs vəsaiti nəşr olunub.
Yeni nəşrin həmmüəllifləri görkəmli füzulişünas filologiya elmləri doktoru, professor Lalə Əlizadə və tanınmış ədəbiyyatşünas filologiya elmləri doktoru, dosent Əzizağa Nəcəfzadədir. Kitabın elmi redaktoru və ön söz müəllifi Azərbaycan Dövlət Pedaqoji Universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi, Beynəlxalq Elmlər Akademiyasının, Dünya “Söz” Akademiyasının və Turan Elmlər Akademiyasının akademiki Mahirə Hüseynovadır. Rəyçiləri Beynəlxalq Elmlər Akademiyasının akademiki, fillologiya elmləri doktoru, professor Vüqar Əhməd, ADPU-nun Filologiya fakültəsinin dekanı filologiya üzrə fəlsəfə doktoru, dosent Könül Həsənova və Xaçmaz şəhər A.Səlimov adına 7 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Vüsalə Cəlilovadır.
Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin həyat və yaradıcılığının ümumtəhsil məktəblərində tədrisinin üsul və vasitələrinin araşdırıldığı bu kitab ali məktəblərin filologiya fakültəsində Ədəbiyyatın tədrisi metodikası fənni üzrə dərsvəsaiti və ümumtəhsil məktəblərinin VIII və X siniflərində Ədəbiyyat fənninin tədrisi zamanı müəllimlərin işini asanlaşdırmaq üçün nəzərdə tutulan metodiki vəsait kimi hazırlanmışdır.
“Elm və təhsil” nəşriyyatında işıq üzü görən dərs vəsaitində Məhəmməd Füzuli irsinə müasir pedaqoji yanaşma, ümumtəhsil məktəblərində şairin əsərlərinin tədrisinə dair metodik vəsaitlərin hazırlanması və ondan istifadə texnologiyaları, ümumtəhsil məktəblərinin aşağı siniflərində Füzuli yaradıcılığına müraciət kimi aktual məsələlər müzakirə predmetinə çevrilmişdir.

Qeyd edək ki, kitabın üz qabığındakı Füzuli portretinin müəllifi Xalq rəssamı Əzim Əzimzadədir.

SİZƏ MARAQLI OLA BİLƏR