Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

YENİ NƏŞRLƏR

Azərbaycan aliminin kitabı xarici ölkədə nəşr olunub

07-07-2023 [ 11:03 ] [ oxunub:3 ]
printer A+ | A-
103594

Pərvanə Məmmədli Güney Azərbaycanla bağlı tanınmış araşdırıcılarıdandır. AMEA-nın dosenti, elmlər doktoru  Pərvanə Məmmədlinin  bu mövzuda  çoxlu sayda məqalələri, kitabları nəşr edilib. Bu günlərdə isə onun  “Güney Azərbaycan mətbuatı tarixi” (THE PRESS HISTORY OF SOUTH (İRANİAN) AZERBAIJAN) monoqrafiyası  Isveçdə (Stokholm ,2023) “Diktonius Text” nəşriyyatnda  çapdan çıxıb.

Onun bu kitabında XIX əsrin birinci  yarısından müasir dövrümüzədək  İranda və ondan kənarda yaşayan azərbaycanlı ziyalıların ədəbi-ictimai fəaliyyətindən, onların nəşr etdikləri çeşidli mətbu orqanlarından geniş bəhs olunur. Bu kitab Güney Azərbaycanda mətbuat tarixi haqqında sistemli məlumat bazası yaratmaq məqsədi ilə yazılıb və  bu sahədə ilk təşəbbüsdür.

.

Kitabın sonunda müəllifin bu fikri ilə razılaşmamaq olmur: “Azərbaycan türkləri tək Cənubi Azərbaycanda deyil, demək olar ki, bütün İran boyu məskunlaşıblar. Bu da təbii haldır ki, İranda Cənubi Azərbaycan sınırlarından kənarda azərbaycanlılara məxsus mətbuat da araşdırmaya cəlb olunur.

Əsrlər boyu İranın möhkəmlənməsində və tərəqqisində əsas rol oynayan, yeri gələndə canını belə əsirgəməyən azərbaycanlılar bu gün də öz hüquqları uğrunda yorulmadan mübarizə aparırlar. Bu müqəddəs işdə çətinliklərlə nəşr edilən hər bir mətbuat nümunəsinin adicə bir sayının da böyük siyasi, mədəni əhəmiyyəti vardır”.

Pərvanə Məmmədlinin kitabının üstün  məziyyətlərindən  biri də burada çoxlu fotoların  və sənədlərin olmasıdır. Müəllif kitabın sonunda verilən «Fotolar sənədlər» hissəsində fərqli dövrlərdə çıxan qəzet və jurnallar, redaktorlar və digər mətbuat adamları ilə bağlı şəkillər təqdim edib.

SİZƏ MARAQLI OLA BİLƏR