Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

İtmiş zamanların qovğası - Cavanşir Yusifli

06-09-2024 [ 10:04 ] [ oxunub:237 ]
printerA+ | A-

Ən üstün və gözəl, yerində və məqamında açılan ideyalarla səsləşmə (dünya çapında), daha dürüstü düzgün düşünmə və ifadə ustalığı şəxsi istedad və məharətdən nə qədər asılıdır? Bir var sənun üçün qaçılmaz olan ənənə konteksti, bir də sənin şəxsi təcrübən, müəllifin şəxsi mifologiyası (Bart R.), metafizik düşüncə qatı və təcrübəsinin o ümumi ənənə mühiti ilə kəsişdiyi bucaq... Yazı həmişə o "kor" bucaqda doğulur, yaxud orada yanıb külə dönür. Hər bir ideya, düşüncə qatı mətnə çevrilmir və belə bir zərurət də yoxdur. Qiymətləndirmə, baxış bucağının genişliyi və "davamlılığı" (tənqidlərə dözümlü olması) mətnin gələcəyi üçün çox önəmlidir.

Keçmişin bu günü yaşadan / yaradan və ona mane olan hissələri var; ənənə mənasında. Bu günün ədəbi prosesinin uzaq keçmişlə, klassik mətnlərlə səsləşən çox məqamları mövcuddur, məsələnin zahiri və ən asan "həzm edilən" hissəsi budur ki, indi istənilən şairin mətnlərini Füzuli, Xaqani, Seyid Əzimlə sınağa çəkib haqqında ən müxtəlif rənglərlə dolan, onlarla aşıb-daşan nəsnələr kimi bəhs etmək mümkündür. Halbuki bunun özündə də bir sapıntı var, müqayisələrin elementləri öz hərəkətiylə bir nöqtədə birləşmir (daha çox ayrılırlar və bir-birini dəf edirlər...), filoloq özü bu nəsnələri zorla bir-birinə pərçim edir və düşüncəsinə uyğun nəticələrə varır. Belə deyək: bu təcrübəni iyirminci əsrin əvvəllərində mövcud olan, bədii mətnləri yaradan ideyalarla aparmaq demək olar ki, mümkünsüzdür. Keçmişlə müqayisə adını yazdığımız dövrlə (spesifik dövrlə) "yaxınlaşanda" hər şey, əlimizdə olan metod və alətlər bermud üçbucağında itən təyyarələr qismində yox olur, unudulur. Halbuki klassik mətnlərlə səsləşmə daha çox Müşfiq, Səməd Vurğun, R.Rza ("Bəxtiyar" şeirini oxuyun - !), Cəfər Cabbarlı irsi ilə mükəmməllik qazanır kimi görünür.

Bunun, şübhəsiz ki, səbəbləri olmamış deyil. Hər şeydən qabaq, sözügedən dövrdə düşüncənin hərəkət istiqaməti şaqraq deyil, qeyri-adidir, həmin dövrün bədii mətnləri məhz keçmiş və gələcəklə qovğa yaratmaq inadına dünyaya gəlmiş kimi mətnlərdir. Cəfər Cabbarlının "Ölkəm" və "Ana" şeirlərindəki poetik enerjini rəsm etməyə çalışın. Turançı şairlərin mətnlərindəki şövq, dinamika, "enerji leysanı" ölçüyəgəlməzdir.

XX əsrin əvvəllərindən üzü bəri yaranacaq mətnlərin bir çoxu dünyaya gəlmədi, şah damarından kəsildi. Onların ümumi ədəbi prosesə və düşüncəyə qatacaqları nəfəs heç doğulmadı, ədəbi prosesin təşkilində iştirak etmədi. O mətnlərdəki daxili hərəkət, dinamika gələcəyə ötürülmədi, kimlərinsə arzu və xəyallarında qaldı. Ancaq ədəbi proses elə bir vahiddir ki, hansı məqamlardasa qırılan, sınan nəsnələrin gələcəkdə boy atacağı, pöhrə verəcəyi ümidi heç zaman yox olmur. Və gələcəkdə yaranan bütün mətnlərdə o ümidin bir parçası, bir həniri, nəfəsindən bir əlçim nəsə yeni mətnlərin bətnində özünü büruzə verir. Qırılan nəsnələr gələcəyin ədəbi müstəvisində perspektiv kimi yaşayır. Cəfər Cabbarlının yazdığı nəsr nümunələri və yazacağı nəsr əsərləri arasında nəfəs mənasında heç bir keçid yoxdur, çünki bu mətnlər yazılmadı. Ancaq onları doğuracaq nəfəs sonrakı dövrlərdə yazılan nəsr mətnlərində az-çox dərəcədə özünü göstərir. Nə qədər kədərli olsa da, keçmiş yox olmur, indiki zamanda və şübhəsiz ki, gələcəkdə bir daha özünü göstərir və göyə milləndiyi məqamdan bir daha yıxılır. Bu yıxılmaq və yerlə bir olmaqsa, ədəbi prosesin daxili aləmini ümidlərlə doldurur.

O cümlədən, romantik ədəbiyyatla realist ədəbiyyatın ayrıldığı məqamı araşdırmaq da maraqlıdır. Həmişə qoşa, qovğalarla olsa da, paralel inkişaf etdikləri zamanın "parçalanması" "sağ qalanın" qəlbində devrilənin də yaşamasını şərtləndirir. Və bu çox kədərlidir. Cəlil Məmmədquluzadə, Haqverdiyev və digər yazıçıların mətnlərində qürbətə köçmüş romantik ədəbiyyatın metaforaları sağdır və onlar gerçək nəsr poetikasının içində baş verən bütün hadisələrdə bağ rolunu oynayırlar. Ədəbiyyatda da materiyanın itməməsi qanunu qüvvədədir. Ona görə də o zamandan sonrakı ədəbi prosesin əsas istiqamət və qanunauyğunluqlarını araşdıra bilmək üçün bu cəhəti nəzərə almaq lazımdır. İdeoloji baza, məfkurə ədəbiyyatın, bədii düşüncənin bütün zamanlarını qapsayır.

 

SİZƏ MARAQLI OLA BİLƏR