Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Heydər Əliyev obrazı Müstəqillik illərində yazılmış poemalarda - Gülnar Səma

27-04-2023 [ 16:20 ] [ oxunub:761 ]
printerA+ | A-
103311

Azərbaycanın xilaskarı Heydər Əliyev öz bənzərsiz obrazını özü yaratmışdı. İncəsənət nümayəndələri isə onun bu istedadını əbədiləşdirməyi özlərinə borc bilmişlər. İstər heykəltəraşlar, istər rəssamlar, istərsə də bəstəkarlar Heydər Əliyev obrazını onun özünə istinadən ucaltmışlar. Bu sıraya şair və yazıçıları da aid edə bilərik. Şairlər Heydər Əliyevin orijinal və təkrarsız obrazını yaratmaq üçün xeyli sayda poema yazmışlar. Həmin poemalardan Zəlimxan Yaqubun “Əbədiyyət dastanı”, Fikrət Qocanın “Gərək bu günləri görəydin özün”, Elxan Zal Qaraxanlının “Anıt məzar dastanı”, Sabir Mustafanın “Qayıdış”, Ramiz Məmmədzadənin “Zirvə”, Fəridə Ləmanın “Onu zaman seçib”, Abdulla Qurbaninin “Millətin oyaq gecəsi”, Cabir Novruzun “İxtiyarım olsa idi”, Ramiz Duyğunun “Prezidentin ürəyi”, Ramiz Heydərin “İlhamlı gələcək”, Mirkazım Seyidovun “Heydər dühası”, Əli Rza Xələflinin “İnsan, tarix və zaman”, Rəfiq Zəkanın “Heydər baba” və başqalarının adlarını sadalamaq olar.
Bu əsərlərin hamısı Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra yazılsa da, müxtəlif zaman kəsiklərinə mənsubdur. Hələ 1990-cı illərin əvvəllərində Elman Həbib Heydər Əliyevlə bağlı “Həqiqət günəşi”, “Heydərnamə” və “Naxçıvannamə” kimi əsərləri yazmağa
başlamışdır. Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsinin ilk illərindən onun özünəməxsus obrazı yaradılmış poemalar diqqət çəkmişdir. 1994-cü ildə Fəridə Ləmanın “Onu zaman seçib” və Abdulla Qurbaninin “Millətin oyaq gecəsi” poemalarının yazılması göstərir ki, bu əvəzedilməz şəxsiyyətin obrazının yaradılmasına hələ onun sağlığında başlanılmışdır. “Onu zaman seçib” poeması ulu öndər Heydər Əliyevə həsr edilmiş, bəstəkarı Cövdət Hacıyev olan 8-ci simfoniyanın şeir mətnidir. Poemaların əksəriyyətində Heydər Əliyevə məxsus bir sıra özəlliklər təkrarlanmışdır. Onun hakimiyyətinin birinci dönəmindəki fədakarlığı, 20 Yanvar faciəsinə operativ münasibəti, Azərbaycanı xaosdan xilas etməsi, Atatürklə müqayisəsi kimi oxşarlıqlar bir neçə poemada gözə çarpır. Bununla belə, Heydər Əliyevin vəfatından doğan kədəri ifadə edən əsərlər bir-birini təkrarlamır, eyni kədər müxtəlif üsullarla ifadə olunur. Bu kədərin ən böyük yükü Zəlimxan Yaqubun “Əbədiyyət dastanı” poemasının üzərinə düşür. Heydər Əliyevin dünyaya gəlişi, uşaqlıq və gənclik illərinin tərənnümü bir neçə poemada təfsilatı ilə canlandırılmışdır. Zəlimxan Yaqubun “Böyük ömrün dastanı” poemasında onun 1923-cü ilin mayında Naxçıvanda doğulması və sonrakı həyatı haqqında məlumatlar verilir. Ramiz Məmmədzadənin “Zirvə” poemasında isə Heydər Əliyevin “bir günəşli may günü”ndə dünyaya gəlməsi, pedməktəb illəri, Şahbuz kənd məktəbində cavan müəllim işləməsi, Leninqradda oxuyub vətəninə dönməsi, general rütbəsinə  qədər yüksəlməsi, bir qaynar yay günü Azərbaycana rəhbər seçilməsi kimi ömründən anlar ibrətamiz yönləri ilə təqdim edilir. Fikrət Qocanın “Gərək bu günləri görəydin özün” poemasında da Heydər Əliyevin uşaqlıq illəri, Naxçıvanda doğulması və qeyri-adi bir insan kimi həyata atılması böyük coşğu ilə oxucuya çatdırılır. Eləcə də, onun şəxsi həyatının millət üçün töhfə olması poemalarda müraciət edilən mövzulardandır. Zəlimxan Yaqubun “Gələn nəsillərə dərs olasıdı Zərifə sevgisi, Heydər sevinci” - kimi misralarında bu eşqin böyüklüyü vəsf olunmuşdur. Yaxud Ramiz Məmmədzadənin “Zirvə” poemasının epiloqunda Fəxri xiyabanın təsvirində Zərifə xanımla Heydər Əliyevin ucalıq rəmzi kimi millətin tarixinə düşməsindən söz açılır.

Poemaların əksəriyyətində onun hakimiyyətinin hər iki dövrünə aid epizodlara rast gəlinir. Zəlimxan Yaqub Heydər Əliyevin ilk dəfə hakimiyyətə gəlməsini “14 iyul – on dörd illik rəhbərliyin özül daşı” - sətirlərində təqdim edir. “Türk oğlu türk Kremildə rəhbər oldu!” -
fikirlərindən sonra onun Moskvadakı işi və ona qarşı törədilən təxribatları bədiiləşdirir. Eyni mövzu Fikrət Qocanın “Komminist imperiyasının olimpinə ucaldı” - sətirlərində də verilir və Heydər Əliyevin bir müsəlman, bir türk kimi uğurlu fəaliyyətindən söz açılır. Fəridə Ləmanın
“Onu zaman seçib” poemasının əvvəlindən Heydər Əliyevin 70-ci illərdən ölkəmizə müdrik bir xilaskar olaraq göndərildiyi qeyd olunur. Bu missiya Elxan Zalın “Anıt məzar” poemasında daha əhatəli təqdim edilir. Poemada Heydər Əliyevin hələ sovetlər dönəmindən ölkəsini müstəqilliyə hazırlaması xüsusilə qabardılır. Sabir Mustafanın “Qayıdış” poemasında onun hələ yetmişinci illərdəki quruculuq işlərinə nəzər salınmaqla yanaşı, doxsan üçüncü ildən sonra rəhbərliyə qayıdışı və həmin zamanlar ölkənin durumu canlandırılır. Fikrət Qoca isə imperiya çökən zaman Heydər Əliyevin bir səhər çağı Naxçıvana qayıdaraq xalqının imdadına çatmağına da ədəbi fon verir.

Ümumiyyətlə, Heydər Əliyevin obrazı yaradılarkən onun 20 Yanvar faciəsinə etirazı özəl olaraq qabardılır. Sabir Mustafa astarı üzə çıxan komministlərin 20 Yanvar qırğınını törətməsinə, Ramiz Məmmədzadə isə bu qırğında onun Moskvada qəzəblə səsini dalğalandırmasına xüsusi həssaslıqla yanaşır. Elxan Zal 20 Yanvarın baş vermə səbəb və nəticələrinə belə şərh verir: “Bəlkə də, o qanlı yanvar gecəsi Bakı küçələrində törədilən vəhşilik Qorbaçovun Heydər Əliyevə olan nifrətindən qaynaqlanırdı, onun xalqını qırmaqla ona göz dağı vermək istəyirdi. Bu adi nifrət deyildi, bu liliputun Qulliverə olan nifrətiydi”.
Bənzətmə bədii mükəmməlliyi ilə birgə, tarixi doğruluğu ilə də mükəmməldir. Fəridə Ləmanın isə poemasının birinci hissəsi 20 Yanvara, ikinci hissəsi vaxtilə ermənilər tərəfindən işğal olunmuş torpaqlara həsr olunub.
Vurğulamaq lazımdır ki, Heydər Əliyevin obrazı yaradılarkən onun ikinci dəfə hakimiyyətə gəldiyi dönəmlərdə ölkənin durumu da təsvir olunur. Sabir Mustafanın “Qayıdış” poemasında Göyçə, İrəvan, Dərbənd, Borçalı, Xudafərin kimi dərdlərə Qarabağ dərdinin əlavə olunduğu, ermənilərin tarixi Azərbaycan torpaqlarında türksüz Ermənistan qurmağa can atdıqları bir zamanda xalqın öz inandığı oğlunu rəhbərliyə çağırmağı, bununla da düşmənlərin planlarının məhv edilməsi alqışa layiq hal kimi təqdir edilir. Həmin məsələdə Zəlimxan Yaqubun mövqeyi də ədalətlidir. O, Qarabağın kənd-kənd talanıb getdiyi, “Ləzgistan”, “Talış-Muğan” kimi separatçı qüvvələrin meydana gəldiyi, Gəncənin od içində boğulduğu bir dönəmdə Heydər Əliyevin öz xalqının yanında olmağını gerçəkliklərin ifadəsi kimi əks etdirir.

Həmin dönəmlərdə ölkədəki xaos və ulu öndərin belə bir mübarizədən qalib çıxması da poemaların mövzularına yansıyıb. Abdulla Qurbani “Millətin oyaq gecəsi” poemasında müstəqilliyinə yenicə qovuşmuş Azərbaycanın vətəndaş qarşıdurmasından xilas üçün çabalarını özünəməxsus formada bədiiləşdirib, bu çətin günlərdə xalqın öz öndərini dəstəklədiyini qələmə alıb: “O gecə Vətən, sinəsində Vətən boyda ürək gəzdirən oğulları köməyə çağırırdı”. Həmin çağırışa Heydər Əliyevin ön sıralarda qatıldığını yazır.

Heydər Əliyevin obrazı yaradılarkən tarixə üz tutulması, onun tarixi şəxsiyyətlərlə müqayisə edilməsi də diqqətdən qaçmayıb. Elxan Zalın poemasında Səfəvilər dövlətinin qurulmağının və apardığı mübarizələrin özünəməxsus izahları verilmiş, qızılbaşların tarixinə və mahiyyətinə nüfuz edilmiş, habelə Heydər adının Şah İsmayılın atasının adı olduğu vurğulanmışdır. Sabir Mustafa isə Şah İsmayıl Səfəvini xatırlamaqla onun çağdaş dövrümüzdəki davamçısı Heydər Əliyevin qayıdışından sonra ölkədə yaranan stabil vəziyyətdən söz açır .
Şah İsmayıl Xətai ilə yanaşı, Atatürklə Heydər Əliyevin bənzərliyi də əksər poemalarda qeyd olunmuşdur. Fəridə Ləman o zamanlarda xalqın “Hanı Atatürküm - Heydər Əliyev!  Gəlsin bəlalardan qurtarsın bizi” çağırışına səs verən liderdən bəhs edir. Zəlimxan Yaqub isə
“Ata Heydər - Atatürk” adlı ayırıca bir bölümdə iki dahinin tale bənzərliyi ilə yanaşı, bir sıra oxşar cəhətlərini də canlandırmışdır. Elxan Zal daha geniş müqayisə apararaq qəhrəmanını rusların Pyotruna, amerikalıların Vaşinqtonuna, Türkiyənin Fatehinə və Atatürkünə bənzədir.

Azərbaycanın qurucu atası olmaq missiyasının Heydər Əliyevin üzərinə düşdüyünü yazır. Poemasının sonlarına yaxın Heydər Əliyevi Atatürklə müqayisə edir. Atatürkün birinci dünya müharibəsindən sonra Anadoludakı min illik hakimiyyətlərinə son qoyulmaq təhlükəsi olan
türklərə bir ər kimi göndərilməsi ilə, əsrin sonlarında Heydər Əliyevin azərbaycanlılara bir ər olaraq göndərilməsi oxşar talelər kimi verilir.

Heydər Əliyevin obrazı yaradılarkən illərlə erməni işğalı altında qalan Azərbaycan torpaqlarının azad olunacağına və orada Heydər zirvələrinin yaradılacağına ümidin ifadəsi də maraqlı faktdır. Ramiz Məmmədzadə əsərini nikbin əhval-ruhiyyə ilə yekunlaşdıraraq yazmışdır: “Gün gələcək Şuşada Orda - Cıdır düzündə... Heydər zirvələnəcək”. 2020-ci ildəki Vətən Müharibəsinin zəfərindən sonra şairin proqnozları gerçəkləşir.
Qeyd etdiyimiz kimi, müstəqillik dövrü Azərbaycan poemalarında Heydər Əliyevin həyatının bütün mərhələlərinə istinad edilmişdir. Eyni zamanda onun həyatını başa vurması və xalqın bu faciəyə münasibəti də poemalarda ifadəsini tapmışdır. Zəlimxan Yaqub “Son görüş,
son ayrılıq” bölümündə Respublika Sarayında aprelin 21-də Ali Hərbi Məktəbin otuz illik bayram tədbiri keçirilən gün Heydər Əliyevin çıxış edərkən səhhətinin pisləşməsi, çıxışını yarımçıq kəsməyə məcbur olması və yenidən əhvalı düzələrkən səhnəyə qayıdaraq sözünə
qaldığı yerdən davam etməsini sınmayan bir şəxsiyyətin simvolu kimi xarakterizə etmişdir.

Onun səhnədən əl eyləyib getməsinin son gediş olduğunu şair böyük ağrı ilə qələmə almışdır. Fikrət Qocanın poemasında Heydər Əliyevin Azərbaycanı stabil inkişaf yoluna çıxarmağından bəhs edilsə də, ölkənin bugünkü davamlı uğur strategiyasını öz gözləri ilə görə
bilmədiyinə təəssüf ifadə olunub. Elxan Zal isə onun məzarı önündə düşüncələrini də poemaya əlavə edir, cisminin sevdiyi məmləkətdə uyusa da, ruhunun Tanrıdağda “Ulular uçmağında”, qırx pirin arasında olmağından əminlik duyur. Rəhbərin dəfn günündə on minlərlə ümidsizlik hisslərinə bürünmüş insan selinin “Fəxri xiyabana” doğru axın etməsini təsvir edir. Bu poemaların özəl cəhətlərindən biri budur ki, həmin əsərlərdə ulu öndərin layiqli davamçısından da söz açılır. Onun “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim tale yüklü məsələləri, planları, işləri sizin köməyiniz və istəyinizlə İlham Əliyev başa çatdıra biləcək.

Mən buna özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” - fikirlərinə istinad edilir. Zəlimxan Yaqub “Səndən sonra” adlı bölümdə “Ulu ustad, ulu öndər, İlhamından lap rahat ol!” misralarında həmin inamın cavabını inamla verir. Poemasının “Böyük ömrün davamı” hissəsində ulu öndərin yolu ilə inamla addımlayan Azərbaycan Prezidentinin ölkədə apardığı quruculuq və abadlıq işlərindən, Heydər Əliyevin yaradıcı insanlara olan diqqətindən, tarixə, soy-kökünə dərin bələdçiliyindən söz açır.

SİZƏ MARAQLI OLA BİLƏR