Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Tanrıdan gələn səsdi: "Qıymayın uşaqlara" - Fidan Abdurəhmanova

01-06-2022 [ 12:37 ] [ oxunub:615 ]
A+ | A-

Bu il 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində İbrahim Yusifoğlunun "Qıymayın uşaqlara" adlı şeirlər kitabı nəşr olunmuşdur. Kitabın redaktoru AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Uşaq ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru Elnarə Akimova, rəyçi institutun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Vüqar Əhməd, ön sözün müəllifi institutun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Fidan Abdurəhmanova, rəssamı isə Zəhra Əkbərlidir.

Kitaba toplanan şeirlər mövzusuna aid şəkilləri ilə uşaqlarda maraqlı və rəngarəng təəssüratlar yaradaraq bədii həqiqətləri əks etdirir.

İbrahim Yusifoğlunun "Qıymayın uşaqlara" şeirlər kitabı son illərin, müharibənin acı xatirəsindən və zəfərindən közərmiş ürəyin yaşantılarıdır. Bu şeirlərdə şair uşaqlara tuşlanan silahları lənətləyərək yazır:

 

Raketləri, topları

Tuşlamayın onlara

Tanrıdan gələn səsdi:

- Qıymayın uşaqlara!

 

Şair müharibənin sərt üzü ilə baş-başa qalmış uşaqları təbiətin ən gözəl rənginə boyayır. Onların tumurcuq arzularını, qönçə istəklərini şən gülüşlərində yaşatmağa çalışır:

 

Bu rəngarəng dünyanı

boyamayın siz qana,

ey insan qatilləri,

qıymayın uşaqlara!

Bu il Şuşanın 270 illiyi ilə əlaqədar "Şuşa İli" elan edilməsi, həmçinin Prezidentimiz cənab İlham Əliyevin Azərbaycan mədəniyyətinə və tarixinə verdiyi dəyəri yaşatmaq yazıçı və şairlərin əsərlərində  xüsusilə vacibdir.

Şair "Şuşa" şeirində 30 il əsirlikdə qalan torpağı balanın anasına qovuşmasına bənzədir:

 

Şuşa! Qeyrət, şərəf, qürur şəhəri,

Şəfəqə dönəcək hər bir səhəri,

Dünyaya səs salıb dönüş zəfəri

Xoş müjdə qəlbləri gətirib cuşa,

Bu gün anasına qovuşur Şuşa!

 

İbrahim Yusiflinin Qarabağın qədim diyarı - uca yaradanın bəxş etdiyi gözəllikləri ilə şəfəqə bələnən, dünyada məşhur olan bərəkətli çörəyinin ətri, qazandığı şöhrəti ilə Ağdam şəhərinə həsr olunmuş şeirini uşaqlar yəqin ki, ürək ağrısı ilə oxuyacaq. Şair bu şeirdə Ağdamın başına gələn hadisələrdən müfəssəl söz açaraq, balaca oxucuları tarixi proseslərlə tanış edir.

 

Dünya gördü çaqqallar,

Quduzluqda təkdilər.

Taxıl zəmilərinə

Minaları əkdilər.

 

Müzəffər, qalib ordu,

Haraya, dada yetdi.

Yadların caynağından,

Ağdamı xilas etdi.

     "Ağdam şəhəri"

 

Akademik İsa Həbibbəylinin yazdığı "İbrahim Yusifoğlunun poetik dünyası və uğurları" məqaləsi şairin yaradıcılığı haqqında ümumiləşmiş fikir yaradır: "Çoxcəhətli yaradıcılıq fəaliyyətinə malik olan İbrahim Yusifoğlunun yaradıcılığında poema janrında yazılmış əsərlərin özünəməxsus yeri vardır. Janr baxımından onun poemaları liro-epik əsərlərdir. Şairin poemalarında seçilmiş həyat hadisələrinin təsviri ilə lirik düşüncələr bir-birini tamamlayır. Eyni zamanda, İbrahim Yusifoğlunun uşaqlar üçün yazdığı mənzum pyeslərdə ibrətamiz, tərbiyəvi xarakterə malik olan hadisələri, uşaq dünyasının incəliklərini şairanə şəkildə təqdim edir. İbrahim Yusifoğlunun bir çox uşaq pyesləri Azərbaycan ədəbiyyatında bu janrda yazılmış ən yaxşı əsərlər sırasındadır. Onun ən yaxşı uşaq pyesləri böyük səhnə üçün faydalı ola bilən əsərlərdir". El ozanı Dədə Qorqudun gəzib-dolaşdığı, qədim və zəngin Oğuz torpağı olan Şərur mahalının Dağlar kəndində cərəyan edən "Pəhləvanın bağında" mənzum pyesində yurdumuza göz dikən yağı düşmənin məkrli işlərindən söz açılır. Şair bu mənzum pyesdə erməni Qocayanın öz çaqqal tayfasına gələcək qara planlarını uşaqların nəzərinə çatdırır:

 

Bu yerlərdə türklərin

Silməliyik izlərin.

Doğulan uşaqlara,

Zurnaya, kaman, tara.

Balabana, tütəyə,

Hər gülə, hər çiçəyə,

Gördüyümüz hər nəyə

Arıya, kəpənəyə,

Yeni ad verməliyik,

O adla sevməliyik.

 

"Bu il "Şuşa İli"dir" fəslində şair doğma yurdumuz Azərbaycanın gözəl guşələrini və bu gözəlliklərin düşmən tərəfindən işğalını, amansız istismarını göz önündə canlandırır. Şair bu fəsildə Şuşanın zəfərini, Ağdamın dağıntılarını, Xocalı və 20 Yanvar faciəsində yaşananları uşaqlara təfərrüatları ilə anladır. "Ana Yurdum Azərbaycan" fəslində şair Azərbaycanın dilbər guşələrini təsvir edərək, uşaqlarda getmədikləri yerlər haqqında təsəvvürlər formalaşdırır. "Ayan gedir məktəbə", "Mənim babam şairdir", "Nəzakət, hörmət, dostluq" fəslində isə şair uşaqların dünyagörüşünün formalaşmasında ailənin, mühitin və onları əhatə edən bütün canlı aləmin inikasını səmimi hecalara bölür.

Uşaqlar təbiətin ən saf varlığı kimi yerlə göyün arasında, dünyanın ən təmiz haləsində böyüyür. Onlar böyüdükdə ayaqları yer üzünə möhkəm bağlanır və böyüdükcə uca zirvələrə qonub düşməni göynədən göz dağı olacaq.

SİZƏ MARAQLI OLA BİLƏR