Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Tənqidi realizm: Azərbaycan modeli – Cəlil Məmmədquluzadə - Elnarə Qaragözova

23-05-2022 [ 09:32 ] [ oxunub:836 ]
A+ | A-

XX ƏSRDƏ ƏDƏBİ CƏRƏYANLAR.

XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatında realizmin növbəti etapı - tənqidi realizm epoxası hakim mövqedə idi. Əsasında sənətin həyata obyektiv baxışı  dayanan realizmin təşəkkül etaplarında bu münasibət öz kəskinlik dərəcəsinə görə fərqlənir. Erkən realizmdə bu münasibətin məğzini reallığın təsviri, maarifçi realizmdə isə  reallığın redaktəsi təşkil edir.  Tənqidi realizm etapında artıq maarifçiliyin (oxu: redaktənin) qarşısında aciz qaldığı məqamların tamamilə dəyişdirilib yenidən qurmaq cəhdi meydana çıxır. 1920-ci illərə qədər, yəni sosrealizm hakim cərəyan elan edilənədək ədəbiyyatımızda aparıcı olan bu cərəyanın  nümayəndələri əsasən  "Molla Nəsrəddin" satirik jurnalının ətrafında birləşmişdilər. Akademik İsa Həbibbəyli yazır: " "Molla Nəsrəddin" jurnalı tənqidi realizmin ədəbi cəbbəxanasını təşkil edirdi. Ona görə də tənqidi realizm ədəbi cərəyanı ilə "Molla Nəsrəddin" ədəbi məktəbi anlayışları eyni mətləbi ifadə edir."

"Molla Nəsrəddin" jurnalı ideya və mündəricə baxımından dövrünün qabaqcıl nəşri, müasir təbirlə desək "neo jurnal" idi. Jurnalın adı,  tərtib prinsipləri, bölmələri qarşıya qoyulan ideyaya - cəmiyyəti qəflətdən ayıltmağa yönəlməklə bərabər  dövrün oxucusunun psixologiyasına və zövqünə də hesablanmışdı.  "Molla Nəsrəddin" jurnalının yaranması haqqında danışılarkən çox zaman Cəlil Məmmədquluzadənin "Xatiratım" əsərinə əsaslanaraq onun Tiflisdə çıxan "Kukureku" jurnalından təsirləndiyi danılmaz fakt kimi qeyd olunur. Qulam Məmmədli isə "Molla Nəsrəddin" salnaməsində bunu doğru olmadığını söyləyir və fikrini faktlarla əsaslandırır: "1906-cı ilin əvvəllərində "Vozrojdenye", "Baku", "Həyat", "Novoye obozreniye", "Kavkazskoye utro", "Tərcüman", "İrşad" və digər qəzetlərin Naxçıvan ziyalılarından Cəlil Məmmədquluzadənin Tiflisdə "Molla Nəsrəddin" adlı şəkilli yumorostik-satirik jurnal çıxaracağını xəbər verdikləri zaman "Kukureku" jurnalı hələ yox idi və Mirzə Cəlil olmayan jurnalı görüb, onu nümunə kimi götürə bilməzdi."

Cəlil Məmmədquluzadənin yaratdığı jurnal mükəmməl bir proyekt idi. "Molla Nəsrəddin" jurnalı ətrafında birləşən ədiblər - Mirzə Ələkbər Sabir, Əli Nəzmi, Əliqulu Qəmküsar, Mirzəli Möcüz Şəbüstəri, Əbdürrəhim bəy Haqverdiyev, Məmməd Səid Ordubadi və digərləri dövrün əsas bəlalarını, cəmiyyəti və xalqı inkişafdan saxlayan məqamları xalqın öz dilində, sadə bir təhkiyə ilə işıqlandırırdılar. Əzim Əzimzadə, Oskar Şmerlinq və İosif Rotterin çəkdiyi karikaturalar isə savadsız insanların belə jurnalla maraqlanmasına, dərginin xalq məhəbbəti və populyarlıq qazanmasına rəvac verirdi. Bu səbəbdən ilk satirik jurnal olsa da "Molla Nəsrəddin" tənqidi realizmin ən kəskin silahına və qərargahına çevrilə bildi. 

"Molla Nəsrəddin" jurnalının yaradıcısı Cəlil Məmmədquluzadə öz bədii yaradıcılığı ilə də  Azərbaycan tənqidi realizm modelinin banisi mövqeyində çıxış edir. Ədibin yaradıcılığının əsas xəttini milli şüurun oyanışı təşkil edirdi. Cəlil Məmmədquluzadə yaradıcılığına nəzər saldıqda tənqidi realizm üçün xarakterik olan obyektivlik, tipiklik, konflikt, detallara enmə, bədii dilin sadə danışıq dilinə  yaxınlaşdırılması, cəmiyyətin inkişaf tempinə və tendensiyalarına əlahiddə maraq diqqəti cəlb edir.

Cəlil Məmmədquluzadə öz obrazlarını cəmiyyətin alt qatlarından götürür, onların detallı təsvirini verir. Əgər Cəlil Məmmədquluzadə mətnlərindən hadisələri çıxarıb ancaq təsvirləri saxlasaq belə yenə əsərin ideyasına heç bir xələl toxunmaz. Xudayar katdanın xarici görünüşü, onun danışığı, bitlənməsi oxucuda ona qarşı neqativ münasibət formalaşdırır. Novruzəlinin  xana pərəstişkəranə müraciəti, öz balalarının boğazından kəsib xana gətirdiyi sovqatın tərkibi, görkəmi onun xarakterini əks etdirir. "Anamın kitabı"ndakı üç qardaşın geyiminin və otaqlarının təsviri  isə onların insan kimi mahiyyətini və  vətənə münasibətlərini anlamaq üçün kifayətdir.

Maarifçi realistlərdən fərqli olaraq tənqidi realistlər passiv təbliğat xarakterli monoloqlar deyil, sərt realist səhnələr vasitəsilə cəmiyyətin oyanışına nail olmağa çalışırdılar. Cəlil Məmmədquluzadə üslubunun özəlliyi onun sərt realist səhnələri təsvir etməklə yanaşı cəmiyyətin bu faciələrə biganəliyini də ustalıqla vurğulamasındadır. Ədib öz mətnlərinə ironik bir çalar qatır, hadisələri həmin cəmiyyətin üzvlərindən birinin anlayacağı tərzdə nəql edir. Məhz bu səbəbdən "Danabaş kəndinin əhvalatları"nda Məmmədhəsən əmi və Zeynəbin bu qədər tragik bir həyat yaşaması qanunauyğunluq kimi görünür. "Ölülər" cəmiyyətin ən böyük faciəsini ifadə etsə də müəllif onu komediya adlandırır və əsərin yeganə mənəvi cəhətdən ayıq obrazı İsgəndər daim keflidir.

Bu gün Cəlil Məmmədquluzadənin ədəbiyyatımıza gətirdiyi obrazlar artıq arxetipə çevrilməkdədir. Kəndli Novruzəli,  Usta Zeynal, Katda Xudayar, Danabaş kəndi, Məmmədhəsən əmi müəyyən əsərlərin obrazları çərçivəsindən çıxaraq öncə idioma çevrilmiş, daha sonra isə arxetipik motivlər kimi ədəbiyyatımızda işlənməyə başlamışlar. Müasir Azərbaycan ədəbiyyatında Orxan Fikrətoğlunun Xeybər obrazı, Səfər Alışarlının "Üç xanım" hekayəsi  Cəlil Məmmədquluzadə üslubunun bu gün də yaşadığının bariz sübutudur.