Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Əməldən zəfərə, yaxud Heydər Əliyevin Qarabağ siyasəti - Elnarə Akimova

11-05-2022 [ 09:37 ] [ oxunub:453 ]
A+ | A-

Heydər Əliyevin adı ilk növbədə, Azərbaycan xalqını siyasi-mənəvi böhrandan, müstəqil Azərbaycan dövlətini isə parçalanmaqdan və yox olmaqdan xilas etmiş dövlət başçısı kimi xarakterizə olunur. Ardınca isə gördüyü işləri simvolizə edən bir qism gerçəklər sırası gəlir: müstəqil Azərbaycan dövlətinin banisi və böyük qurucusu, Azərbaycançılıq təlimini müstəqil dövlətin ideologiyası səviyyəsinə çatdırmış qüdrətli lider, Azərbaycan Respublikasının siyasi-ideoloji və iqtisadi-mədəni inkişaf konsepsiyasının möhkəm əsaslarını yaradan qətiyyətli şəxsiyyət!

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin dövlətçilik təlimini öz siyasi-ideoloji baxışları, qətiyyəti və uzaqgörənliyi, həmçinin yeni tarixi epoxanın reallıqları və daha böyük gələcəyə ünvanlanmış ideyalarla zənginləşdirərək çağdaş zamanın səsi və sözü olmağı bacardı. Bu söz sahibliyinin ən gözəl təzahürü isə Qarabağ oldu. 2020-ci ildə aparılan 44 günlük haqq savaşımız və qazanılan zəfər təbii ki, Ali Baş Komandan İlham Əliyevin gücü idi. Amma bu da faktdır ki, həmin gücün, həmin fəthin Heydər Əliyevə gedib çıxan bir çox mühüm siyasi-ideoloji, ideya-mənəvi səbəbləri və mənbələri vardır. Bu mənbələr hansılar idi?

Heydər Əliyev Azərbaycanın müstəqilliyi üçün ən böyük təhlükənin Qarabağ müharibəsi olduğunu bilirdi. Ona görə bütün siyasi fəaliyyəti ərzində bu məsələni prioritet olaraq gündəmdə saxlayırdı. Ümummilli lider 2001-ci ilin fevralında Parlamentdə Dağlıq Qarabağ problemi ilə bağlı ictimai dinləmələr zamanı çıxışında belə bir rəqəm səsləndirmişdir: "Mən 1993-cü ildən başlayaraq, müxtəlif dövlətlərin 68 başçısı ilə 485 görüş keçirmişəm!". Bu görüşlərin hamısında ana mətləb, əsas məsələ Qarabağ probleminin həlli idi. Heydər Əliyev sülh naminə, işğalçı Ermənistan ordusunu Azərbaycan torpaqlarından dinc yolla, beynəlxalq ictimaiyyətin və böyük dövlətlərin təzyiqi ilə çıxarmaq üçün əlindən gələn hər şeyi etdi, bütün mütərəqqi addımları atdı. Ümummilli lider bu addımları hakimiyyətinin birinci dövründə, Kommunist Partiyasının ən mötəbər vəzifəsində əyləşən zamandan etibarən atmağa başlamışdır.

1990-cı il ilin iyununda "Ulduz" jurnalına verdiyi müsahibədə Heydər Əliyevin belə fikirləri yer alır: "1969-cu ildə Birinci katib seçiləndən bir ay sonra Ermənistan KP MK-nın birinci katibi Anton Koçinyana zəng vurub onunla görüşmək istədiyimi dedim. Görüşümüz Qazax rayonu ilə İcevan rayonunun sərhədində oldu. Mən məsələni qəti qoydum və Koçinyana təklif etdim ki, Ermənistandakı millətçi adamları öz ərazi iddialarından çəkindirmək üçün əməli, konkret işlər görsün".

Heydər Əliyev xatırlatdığım müsahibəsində deyirdi ki, sonralar bu görüşün təsiri hiss olundu. Deməli, Heydər Əliyev Azərbaycanda rəhbərliyə başladığı ilk günlərdən etibarən erməni millətçiləri ilə savaşmalı olmuşdur. Sovetlər dönəmində bu proseslər, Qarabağla bağlı keçirilən görüşlər, aparılan söhbətlər təbii ki, cəmiyyətə açıqlanmırdı, amma tarix sübut edir ki, erməni millətçilərinin Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmiş çirkin fəaliyyəti hər zaman Heydər Əiyevin sərt müqaviməti ilə rastlaşıb.

Bu kontekstdə maraq doğuran faktlar çoxdur. Dağlıq Qarabağ üzərində nəzarət 1969-cu ildən başlayaraq bir an belə olsun Heydər Əliyevin diqqətindən kənarda qalmayıb. Məsələn, 1970-ci illərdə Qarabağda böyük siyasi proseslər cərəyan edib. Heydər Əliyevin xatırlatdığımız müsahibəsində bildirilir ki, 1975-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin plenumunda bəzi erməni millətçi ünsürlər tənqid olundu. Bu isə o demək idi ki, Heydər Əliyev Azərbaycanın torpaq bütünlüyünü qorumaq üçün siyasətin mümkün olan bütün üsullarından istifadə edirdi. Təsəvvür edin, Qarabağ erməniləri Ermənistandakı millətçi ruhlu adamların Qarabağda sabitliyi pozmağa çalışdıqlarına dair konkret faktlar gətirir, hətta, plenumda Zori Balayanın çirkin millətçi fəaliyyəti də, daşnak Andronikin xalq qəhrəmanı kimi təbliğ olunması da kəskin tənqid olunurdu. Heydər Əliyev xatırladırdı ki, həmin plenumdan iki ay sonra Moskvada Ermənistan KP MK-nin birinci katibi Dəmirçiyanla dörd saat söhbət etdim. Və ona bildirdim ki, Dağlıq Qarabağın problemlərini Azərbaycanın öz rəhbərliyi həll etməlidir. Dəmirçiyana dedim ki, "Qarabağın işlərinə ayrı-ayrı şəxslərin qarışması ümumi münasibətimizə ancaq ziyan vura bilər və biz buna yol verə bilmərik"...

Heydər Əliyev "Ulduz" jurnalına verdiyi həmin müsahibəsində milli birlik və milli vəhdət məsələsini də qaldırırdı. Azərbaycanda siyasi parçalanmaların nə qədər böyük fəsadlar doğurduğunu faktlarla göstərirdi: "Bizim respublikanın siyasi rəhbərliyində birliyin olmaması, öz şəxsi mənafeyinə görə başqasını satmaq, ona millətçi damğası yapışdırmaq və s. xoşagəlməz hallar millətin vəhdətini pozub. Tarixi izləsəniz görərsiniz ki, respublikamızın başına bəlalar belə şeylərdən gəlib. Mircəfər Bağırovun ətrafındakılar kimlər idilər? Ermənilər... 1937-38-ci illərdə adamlarımızı, xüsusən ziyalılarımızı qıranlar kimlər idilər? Qriqoryanlar, Markaryanlar. Onların əli ilə Hüseyn Cavid, Yusif Vəzir Çəmənzəminli... məhv edilib".

1991-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin deputatı seçilmiş Heydər Əliyevin Ali Sovetdəki ilk çıxışında siyasi həyatımız, siyasi tariximiz baxımından hədsiz maraqlı bir detala diqqət çəkmək istəyirəm. Əliyev həmin çıxışında Qarabağ məsələsinə yanaşmanın siyasi istiqamətini müəyyənləşdirir: "Hesab edirəm ki, Dağlıq Qarabağda vəziyyətin normallaşdırılması - məsələnin dar çərçivədə qoyulması deməkdir. Azərbaycanın ərazi bütövlüyünün bərpa oluması - məsələ belə qoyulmalıdır və biz bunun üçün çarə, çıxış yolu tapmalıyıq".

Eyni zamanda, Heydər Əliyev həmin çıxışında konseptual bir məsələ qaldırırdı. "Bəs nə cür oldu ki, 1988-ci ildə Azərbaycan torpağının bir hissəsi əldən getdi?"

Yəni Heydər Əliyev 1988-1990-ci illərin daha konseptual təhlilinin aparılmalı olduğunu təklif edirdi: "Bu, tarixi məsələdir. Azərbaycan xalqının tarixində ən çətin, ən ləkəli dövrdür. Gələcək nəsillər, hətta biz Dağlıq Qarabağ Muxtar Vilayətində hakimiyyəti bərpa etsək də, torpaqlarımızı geri qaytarsaq da, mütləq bu məsələnin baş verməsini, bu üç il müddətdə gedən prosesləri təhlil edəcəklər".

Əliyev təkid edirdi ki, bunu gələcək nəsillərin öhdəsinə buraxmaq lazım deyildir. "Gərək müəyyən edilsin: harada, kim hansı günahı işləyib, nə cür olub, nə təhər olub ki, xalq belə acizlik göstərib, öz torpağını əldən verib".

O dövrdə hakimiyyətdə olanlar və onların yaxın çevrələri Heydər Əliyevi "köhnə palan içi sökməkdə" qınayırdılar. O isə cavab verirdi: "Mən köhnə palan içi sökmürəm, həqiqəti bir daha yada salıram. Balayan da, Poqosyan da, Dadamyan da bizim respublikadan deputat seçildi və onlar orda (SSRİ Ali Sovetində - E.A.) Azərbaycan Respublikasına daha dərindən xəyanət etmək üçün böyük hüquqlar əldə etdilər".

Bütün bunlar nə üçün baş verdi? Heydər Əliyev bütün bu sualların cavablandırılmasını istəyirdi. Niyə Volskinin idarəsi vaxtında Xankəndindən on beş min azərbaycanlı qovulub, niyə 1988-ci ildə Xankəndində 250 azərbaycanlının evinin yandırılması ilə bağlı cinayət işi yalnız 1991-ci ildə qaldırırlır və s. Heydər Əiyev Azərbaycan siyasilərini xəbərdar edirdi ki, belə davam etsə, "biz bir neçə il də Dağlıq Qarabağda Azərbaycanın hakimiyyətini bərpa edə bilməyəcəyik. Unutmayın ki, Dağlıq Qarabağ Fələstin probleminə çevrilə bilər".

Heydər Əliyev Azərbaycan Ali Sovetindəki çıxışında 1920-ci llərdən etibarən Naxçıvan torpaqlarının bir qisminin də ermənilərə verilməsini xatırladıb, yeni ideya ilə çıxış edirdi: "Bir Dağlıq Qarabağ məsələsi yox, bütün 1920-ci ildən indiyədək Azərbaycan ərazisindən Ermənistana verilmiş torpaqların hamısının haqq-hesabı aparılsın. Hansı dövrdə, hansı sərhəd sahəsində, hansı torpaqlar verilib? Bu torpaqların hansı qərarlarla, kim tərəfindən verilməsi müəyyən olunsun. Və biz Ermənistana qarşı artıq müdafiə mövqeyində yox, hücum mövqeyində duraq".

Bu, ulu öndərin tarix qarşısında cavab verməli olacaq şəxsləri sorğulamaq cəhdi ilə bərabər, xalqı gələcək təhlükələrdən qorumaq, onu unutqanlıq bəlasından xilas etmək üçün etdiyi çabalar idi. Xalqın öz tarixini, milli müəyyənliyini dərk etməsi onun üçün əhəmiyyətli məsələ idi, o mənada ki, mənəvi qüdrəti tükənmiş millətin öz nicatını aramasının çətinliyini bilirdi. Müharibə cəbhəsində təbəddülat dövrü başlanan 1994-cü ilin yazında qüdrətli siyasi nüfuzu və böyük dövlətlərin müdaxiləsi ilə Heydər Əliyev atəşkəsə nail olanda da bunu qazanılan gələcək zəfərimiz üçün gərək olan nəfəs dərimi olduğunu yaxşı anlayırdı. Müstəqilliyini yenicə qazanmış, amma qəfil meydana çıxan Qarabağ faciəsi, ard-arda itirdiyi torpaqlar, üzləşdiyi sarsıntılarla bağlı mənəvi-psixoloji deqradasiyaya məruz qalmış xalqın özünə gəlməsi, kor Edip kimi ayağa qalxıb yeriməsi üçün belə bir nəfəs dəriminə ehtiyac vardı. Bu da savaş idi əslində. Amma bu savaş artıq diplomatik danışıqlar müstəvisində aparılacaqdı. Azərbaycanın haqq səsinin dünyaya çatdırılması, beynəlxalq aləmdə tanıdılması, dövlətin iqtisadi və hərbi potensialının gücləndirilməsi, eyni zamanda ideologiya və mənəviyyat cəbhəsində strateji hədəflər bəlləmək üçün hərtərəfli siyasi iradə və məfkurə bütövlüyü müəyyənləşməliydi. Analitik baxışın dramatizmi gücləndikcə idrakın, düşüncənin şüuraltı axını sürətlənəcəkdi. Bunlar olmadan, xalqın oyanışı mümkün deyildi. Heydər Əliyevin milli ruhun dirçəldilməsi yönündə xidmətləri bu mənada, ölçüyəgəlməzdir. Təsadüfi deyil ki, Azərbaycan yazıçılarının 1997-ci il oktyabrın 31-də keçirilmiş X qurultayında Heydər Əliyev çıxış edərək, bütün digər sahələr kimi, ədəbiyyatı da Qarabağ müharibəsi mövzusuna həssas olmağa səsləmişdir.

Mərhum şair Bəxtiyar Vahabzadə "Haqqın, ədalətin səsiylə yazıram" müsahibəsində jurnalistin "müstəqil dövlətin müstəqil siyasəti sahəsində işləriniz necədir", - sualına cavab verərkən, Heydər Əliyevin siyasi iradəsinə istinad edərək bildirir: "Yadınızdadırsa, Ali Sovetin ilk sessiyasının iclaslarının birində Heydər Əliyev dedi ki, mənim Qarabağ üzrə konsepsiyam var və bu problemin həlli yollarını göstərmək istəyirəm".

Vahabzadənin "Qayıdış" kitabında bu məsələyə daha dərin, daha siqlətli nüfuz var. Milli etnik məsələ, ermənilərin Qarabağ məsələsinə çoxdan hazırlığı, bunun üçün Heydər Əliyevin vəzifədən uzaqlaşdırılması və s. : "...ermənilər Heydər Əliyev Siyasi Bürodan uzaqlaşdırıldıqdan sonra fəaliyyətə başladılar. Zori Balayan Ermənistanda çıxan bir kitabda yazır: "Əliyev getdi, bəs indi biz nəyi gözləyirik?" Nə qədər ki, Heydər Əliyev Bakıda hakimiyyətdə idi, daha sonra Siyasi Büronun üzvü idi, düşmənlərimiz açıq hücuma keçə bilmirdilər".

Bunun nə qədər dəqiq fikir olması o qədər də uzaq olmayan tariximizdir. Heydər Əliyevin sovet hakimiyyəti dövründə rəhbər ikən imza atdığı qərarlar, azərbaycançılıq ideologiyasının alt qatda pərvəriş tapıb yaşaması, milli mənlik və kimlik şüurunun dirçəlişi naminə gördüyü misilsiz işlər onun Var olduğu bir dönəmdə hansısa tənəzzül, iflas və işğal məqamlarına yer olmayacağının şübhəsiz sübutu idi.

Bu il möhtərəm Prezidentimizin sərəncamı ilə Şuşa ili elan edilib. Heydər Əliyev hakimiyyətdə olduğu bütün zaman kəsimlərində Qarabağa, Şuşaya münasibətdə gözəl tarixi mövqe sərgiləmiş, Şuşanın yalnız mənəviyyatımızın deyil, tariximizin, dövlətçiliyimizin, dilimizin, diriliyimizin qalası olduğunu sübut etmək naminə müstəsna işlər həyata keçirmişdir. 1977-ci ildə Şuşa şəhərinin tarixi hissəsini tarixi-memarlıq qoruğu elan etmək, daha sonra, 1982-ci il, yanvarın 14-də Şuşada Vaqif məqbərəsinin ucaldılması onun yalnız mənəviyyata, mədəniyyətə qoyduğu böyük abidə deyildi, həmçinin bu qədim yurda tarixi mövqe qazandırmaq amalının rəmzi idi. Həsən Həsənovun "Gələcək haqqında... xatirələr" məqaləsində bu məqamla bağlı maraqlı epizod yer alır: "Bir dəfə Heydər Əliyev gözlənilmədən məndən soruşdu: "Sən şair Vaqifi tanıyırsanmı?" Mən cavab verdim: "Əlbəttə, tanıyıram". O, mənə diqqətlə baxdı və dedi: "Yox, sən hamısını bilmirsən". Sonra söhbət bizim cari kommunist və beynəlmiləlçi vəzifələrimizdən uzaq mövzuya keçdi. Heydər Əliyev dedi ki, Şuşada Vaqifin məqbərəsini tikməyi qərara alıb. Məqbərənin layihəsi hazırlanır, yer seçilib, tikinti başa çatandan sonra məqbərənin təntənəli açılışını və Vaqif Poeziya Bayramını keçirmək nəzərdə tutulur. Heydər Əliyev sözünə davam edərək dedi: "Sən bu məsələləri ən yaxın vaxt üçün prioritet məsələ kimi qəbul etməlisən. İstəyirəm ki, sən mənim əsas məqsədimi biləsən. İndiki halda Vaqif bizim üçün sadəcə şair, məqbərə sadəcə qəbirüstü abidə, bayram sadəcə şeirlər oxumaq deyil, Vaqif bizim üçün Azərbaycanın dövlət xadiminin rəmzidir və belə də olacaq. Şuşadakı məqbərə bizim üçün Qarabağ xanlığının timsalında Azərbaycan dövlətçiliyinin rəmzi, poeziya bayramı bu torpaqda Azərbaycan dilinin əbədi təntənəsinin rəmzidir".

Akademik Bəkir Nəbiyevin məlumatına görə Molla Pənah Vaqifin Şuşadakı heykəlinin açılışında vilayətin o zamankı bütün erməni rəhbərliyi, ziyalıları iştirak edib. Heydər Əliyev Böyük Azərbaycan şairi Vaqifin timsalında Qarabağda XVIII əsrin ortalarında məskunlaşan ermənilərə başa salırdı ki, torpağın əsl sahibləri, onun təəssübünü çəkənlər, onun şöhrətini dünyaya yayanlar kimlərdir. Heydər Əliyevin iradəsilə Şuşada ucaldılan Vaqif məqbərəsi yalnız konkret bir şairin abidəsi deyildi, bu məqbərə daha çox, türk-azərbaycanlı ruhunun əsrlər boyu Qarabağda hakimiyyətinin simvolu idi, bu torpaqda yaranmış təkrarsız sənətin simvolu idi.

***

2018-ci ildə Ümummilli lider Heydər Əliyevin obrazını əyaniləşdirən əsərlər haqqında apardığım tədqiqatda yekun olaraq belə bir fikir bildirmişdim: "Heydər Əliyev cəmiyyətimizlə bahəm ədəbiyyatda da başlanan yeni epoxanın təməlini qoyan, onun gəlişməsinə təkan verən tarixi şəxsiyyətdir. Ona görə haqqında yazılan mətnlərin bəlkə də hələ Ümummilli liderin obrazını bütünlüyü ilə yaratmağa gücü yetmir. Heydər Əliyevin obrazı ən istedadlı mətndən belə irəlidə durmağı bacarır. Görünür, Zamanın fövqünə, ucalığına qalxmış İnsanlar üçün ən gözəl əsəri elə Tarixin özü yaradır".

Bəli, zaman ötür, ötüb keçən bu illər ərzində Heydər Əliyevin imza atdığı bütün işlərin mütərəqqi, işıqlı davamını görüb heyrətlənməyə bilmirik. Dövlətin rəmzinə çevrilmiş ilk siyasi lider, Azərbaycanın siyasət dilini dünyaya təlim edən ilk Azərbaycanlı olaraq bu böyük şəxsiyyətin gördüyü əməllər sırası bariz şəkildə meydandadır. Bu əməllərin ən böyüyü, ən ölçüyəgəlməzi isə Qarabağdır. Qarabağ məsələsinin həlli istiqamətində gördüyü işlər ümummilli liderin nə qədər prinsipial, haqq və ədalət istəklisi, o cümlədən sülhpərvər olduğunun sübutudur. Onun bu günə istiqamətlənmiş müdrik siyasəti, nəhəng masştablı fəaliyyəti olmasaydı, 2020-ci ildə müharibəni qazanmaq, böyük zəfərə imza atmaq çətin olardı. Ali Baş Komandan İlham Əliyev ona görə böyük zəfəri qazana bildi ki, ilk növbədə, tarixə və zamana Heydər Əliyevin üslubunda müraciət etdi.