Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

YENİ NƏŞRLƏR

“44 günlük Vətən müharibəsi Güney Azərbaycan ədəbiyyatında” adlı toplunun təqdimatı keçirildi

02-05-2022 [ 13:51 ] [ oxunub:260 ]
printerA+ | A-
102326

II Qarabağ savaşı - Vətən müharibəsinə, xalqla dövlətin monolit birliyi və müzəffər Azərbaycan ordusunun rəşadəti sayəsində qazanılan unikal qələbəyə, Şuşa zəfərinə bir çox ədəbi-bədii nümunələr həsr olunub. Yeniyetmə və gənclərin hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsi işində önəmli bir addım olacaq “44 gün­lük Və­tən mü­ha­ri­bə­si Gü­ney Azər­bay­can ədəbiyyatında” adlı toplu da bu qəbildəndir.

26 aprel 2022-ci il tarixində, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və Əbədi Turan Kitab Fondu İctimai Birliyinin təşkilatçılığı ilə “44 günlük Vətən Müharibəsinin Güney Azərbaycan Ədəbiyyatında fəaliyyətinin dəstəklənməsi” layihəsi çərçivəsində çap olunmuş “44 günlük Vətən Müharibəsi Güney Azərbaycan Ədəbiyyatında” adlı toplunun Bakıda - 5000 nəfərdən çox şagird kontigenti olan 182 №-li tam orta məktəbdə təqdimat mərasimi keçirildi.

Tədbiri giriş sözü ilə 182 №-li tam orta məktəbin direktoru, təcrübəli pedaqoq Zinyət xanım Tağıyeva açaraq Vətən müharibəsinə, bu qutsal savaşın ədəbiyyata yansımasına həsr olunmuş “44 günlük Vətən Müharibəsi Güney Azərbaycan Ədəbiyyatında” toplusunun, nəşrin müəllifinin və nəşrin tanıtımında bir vəsilə olacaq tədbirin önəmindən qısaca söz açdı. Dogma məktəbdə düz 40 il yorulmadan çalışan, cəmiyyət üçün layiqli vətəndaşlar, müqəddəs savaşda yeni tarix yazan igidlər yetişdirən kollektivə bacarıqla rəhbərlik edən Z.Tağıyeva filologiya elmləri doktoru Esmira Fuadın Vətən üçün, ədəbiyyat üçün gördüyü işlərdən danışdı və sonra sözü kitabın tərtibçisi və ön sözünün müəllifinə verdi. Esmira Fuad kitabın yaranma səbəbləri, araya-ərsəyə gəlməsində istifadə olunan mənbələr haqqında qısaca məlumat verdi. O, 44 günlük Vətən müharibəsinin qürürverici nəticələrin­dən, Azərbaycan xalqının və onun yetişdirdiyi cəngavər oğulların, müzəffər ordumuzun rəşadətindən, dünya hərb sənətində yeni səhifə olan Şuşa zəfərindən danışdı. Tərtibçi müəllif bildirdi ki, əsgər və zabitlərimizin döyüşlərdə göstərdiyi qeyri-adi qəhrəmanlıqlar, xalqla dövlətin monolit birliyi işğal altında olan torpaqlarımızın düşmən əsarətin­dən azad edilməsində həlledici rol oynadı. E.Fuad vurğuladı ki, II Qarabağ Müharibəsinin, qutsal savaşın yaşatdığı qürür hissləri Güney Azərbaycan Ədəbiyyatından da yan keçmədi və yazarlar tərəfindən mövzu ilə bağlı yeni-yeni əsərlər qələmə alındı.

Daha sonra kitabda yer alan, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda köklənməsinə böyük stimul olacaq şeirlər və ön sözün əsas hissələri məktəbin ədəbiyyat müəllimi Raziyyə xanım Şükürovanın qısa zaman içində yüksək zövq və peşəkarlıqla hazırlaşdırdığı məktəblilər tərəfindən məhəbbətlə, etkiləyici emosionallıqla səsləndirildi. Kompozisiyanı təqdim edən şagirdlər əllərində Azərbaycan bayraqları ilə səhnədə dövrə vuraraq ritmə uyğun rəqs etdilər.

Tədbirdə iştirak edən alimlərdən – fil.ü.f.d. Zəkulla Bayramlı, İbrahim Yusifoğlu, Aytən Qurbanova və Gülnar Qəmbərova, məktəbin ədəbiyyat müəllimi olmuş qocaman ziyalı Firəngiz Səribəyova və başqaları çıxış edərək toplu ilə bağlı dəyərli fikirlər söylədilər.

Sonda müəllifə aktiv fəaliyyətində uğurlar arzu edildi və çap olunmuş kitablar şagird və müəllimlərə, qonaqlara təqdim olundu.

FOTO QALEREYA