Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Əliqulu Qəmküsar necə öldürülüb? - Akademik İsa Həbibbəyli

04-04-2022 [ 10:56 ] [ oxunub:53 ]
printerA+ | A-
102185

 Mollanəsrəddinçilərin qabaq sırasında

XX əsrin əvvəlləri Azərbaycan tənqidi-realist ədəbiyyatının görkəmli nümayəndələrindən olan Əliqulu Qəmküsar (1880-1919) milli satirik şeirin və publisistikanın qüdrətli yaradıcılarından biridir. O, böyük demokrat yazıçı Cəlil Məmmədquluzadənin başçılıq etdiyi "Molla Nəsrəddin" ədəbi məktəbində özünəməxsus sanballı yeri və xüsusi mövqeyi olan sənətkar kimi qəbul olunur. Azərbaycan teatrının inkişafında da Əliqulu Qəmküsarın mühüm xidmətləri vardır.

Naxçıvan şəhərində papaqçı Məşədi Ələkbər Nəcəfovun ailəsində dünyaya gəlmiş Əliqulu Qəmküsar görkəmli maarifçi-şair Məhəmməd Tağı Sidqinin müdriklik etdiyi məşhur "Tərbiyə" məktəbində təhsil alıb yetişmişdir. Əliqulu Nəcəfov bir müddət Azərbaycan-İran gömrük idarəsində çalışan yaxın qohumları ilə birlikdə Culfa şəhərində yaşayıb işləmişdir. Cavan ədəbiyyatçı 1903-cü ildə buradan məqalələr yazıb, Məhəmməd Ağa Şahtaxtlının redaktorluğu ilə çıxan  "Şərqi-Rus" qəzetinə göstərməklə mətbuat aləminə gəlmişdir. "Molla Nəsrəddin" jurnalında da onun ilk yazıları "Culfadan" sərlövhəsi ilə çap olunmuşdur: qısa müddətdə çap etdirdiyi satirik şeirləri və publisist məqalələri ilə Əliqulu Qəmküsar tanınmış mollanəsrəddinçi şair kimi qəbul olunmuşdur. İstedadlı satira ustası Azərbaycan şairi, şeir məktəbinin yaradıcısı Mirzə Ələkbər Sabirin vəfatından sonra onun yerini boş qoymamış, tənqidi-realist ədəbiyyatın orijinal nümunələrini yaratmaqla "Molla Nəsrəddin" satira məktəbini daha da zənginləşdirmişdir. Əliqulu Qəmküsar Culfada yaşadığı illərdə Cənubi Azərbaycanda baş vermiş Səttarxan hərəkatı ilə bağlı olmuş, məşrutəçi cənub şairi Səid Səlmasi ilə dostluq etmişdir. Culfa gömrükxanasında məsul vəzifədə çalışan dayısı, Moskva Universitetinin məzunu olmuş Nəsrulla Şeyxovla birlikdə Məşrutə hərəkatına gizli yolla yardım göstərmək işində iştirak etmişdir. Hətta dövrün rəsmi inzibati orqanları Əliqulu Qəmküsarın Səttarxançılarla əlaqələrindən şübhələndikləri üçün onun evində axtarış aparmışlar.

Əliqulu Qəmküsar teatr sahəsindəki fəaliyyətinə də Culfadan başlamışdır. O, 1909-1910-cu illərdə burada teatr truppası yaradaraq yerli həvəskarların iştirakı ilə tamaşalar hazırlayıb göstərmişdir. 

Əliqulu Qəmküsarın "Günəş" qəzetinin 26 dekabr 1910-cu il tarixli sayında dərc edilmiş "Sənayeyi-nəfisə" adlı məqaləsində onun təşkilatçılığı və iştirakı ilə tamaşaya qoyulmuş dram əsərləri haqqında aşağıdakı məlumatlar öz əksini tapmışdır: "Məktəb... nə qədər tərəqqi və təaliyə (yüksəlişə - İ.H.) xidmət edirsə, bir o qədər də teatr millətin maddi və mənəvi nəvaisini (səsini, ahəngini - İ.H.) islah edir... Qafqazın sair bir nöqtələrində olan kimi, Culfada dəxi keçən ildən bəri bir ufaq həvəskar cəmiyyəti təşkil edib, gah-gahi bir para əxlaq və məişətə dair pyesalardan səhneyi-tamaşaya qoyuruq. Keçən baharda M.Axundovun "Məstəh şah" komediyası oynadığımız kimi, iş bu dekabr ayının 9-da Haqverdiyevin "Bəxtsiz cavan" və 17-sində "Dağılan tifaq" faciələrini meydani-tamaşaya vəz etdik. Və əlhəmdülillah cəmaətimiz dəxi qayət şövq və həvəs ilə məclisimizi müşərrəf və müzəyyən buyurdular. 

...Aidiyyatımızın mifsini (hamısını - İ.H.) Naxçıvanda olan qız məktəbinə ianə etdik. Hər yerdə və hər məmləkətdə kəndi vətən və kəndi millətinin səadətinə bəzmi-hümmət edib çalışanlar qəlbdən alqışlanıb".

Əliqulu Qəmküsar Culfada teatr təşkilatçısı olmaqla bərabər, həm də rejissor və aktyor kimi iştirak etmişdir. Culfa dövrü teatr fəaliyyəti Əliqulu Qəmküsarın gələcəkdə Cəlil Məmmədquluzadənin "Ölülər" əsərindəki Şeyx Nəsrullah obrazını oynamaq üçün əhəmiyyətli bir məşq idi. Cəlil Məmmədquluzadənin "Ölülər" əsərindəki Şeyx Nəsrullah obrazını 29 aprel 1916-cı ildə Bakı səhnəsində böyük məharətlə yaratmaqla Əliqulu Qəmküsar Azərbaycan teatr tarixinə öz imzasını atmısdır. Teatr sahəsində geniş fəaliyyət göstərməsə də, təkcə Şeyx Nəsrullah obrazını məharətlə ifa etməsi onun səhnə mədəniyyəti tariximizdə layiqli yer qazanması üçün kifayətdir. Görkəmli teatrşünas-alim Cəfər Cəfərov tərəfindən "Dövrün ən böyük teatr hadisəsi" hesab edilən "Ölülər" tamaşasında professional səhnə xadimi Mirzağa Əliyevin İskəndər obrazında göstərdiyi məharəti Şeyx Nəsrullah obrazını xüsusi istedadla canlandırmaqla həvəskar aktyor Əliqulu Qəmküsar nümayiş etdirə bilmişdi. Müasirləri Əliqulu Qəmküsarın Şeyx Nəsrullah rolunun səhnədə canlandırılmasındakı fövqəladə məharət göstərməsinə yüksək qiymət vermişlər. Böyük səhnə ustadı Mirzəağa Əliyev Əliqulu Qəmküsarın Şeyx Nəsrullah rolundakı məharətini aşağıdakı kimi şərh etmişdir: "Qəmküsar ruhanilərin hərtərəfli tanıdığı, onlara yaxşı bələd olduğu üçün Şeyx Nəsrullah rolunu fövqəladə bir məharətlə oynayırdı. Mən onun oyununun mislini sonralar görə bilmədim.

Naxçıvanda "El güzgüsü" teatrında 1917-ci ildə İskəndər rolunda Əliqulu Qəmküsarla tərəf müqabil olmuş Xalq artisti Rza Təhmasib onun Şeyx Nəsrullah rolundakı ifasını təkraredilməz aktyorluq istedadı hesab etmişdir: "Şeyx Nəsrullah rolunun mən bir çox ifaçılarını görmüşəm. Lakin açıq deməliyəm ki, heç kəs, hətta Hidayətzadə kimi sənətkar belə ...mollaların həyatı və psixologiyasına yaxşı bələd olan bu xırda cüssəli adamdan (Əliqulu Qəmküsardan - İ.H.) üstün tutula bilməz. Onun oyununda nə qədər dərin bir səmimiyyət və emosional bir zənginlik var idi".

Deməli, satirik şair və mahir publisist kimi "Molla Nəsrəddin" ədəbi məktəbində özünəməxsus  mühüm yer tutan Əliqulu Qəmküsar Azərbaycan teatr hərəkatında da dərin iz salmış, böyük xidmət göstərmişdir.

***

Məlum olduğu kimi, böyük Mollanəsrəddinçi şair Əliqulu Qəmküsar 14 mart 1919-cu ildə Tiflisdə qəflətən faciəli şəkildə qətlə yetirilmişdir. Bu gözlənilməz qanlı hadisə Azərbaycan ziyalılarını qəlbən sarsıtmışdır. Dövri mətbuatda həmin qətl hadisəsi ilə əlaqədar hüznlü məqalələr çap olunmuşdur. Görkəmli yazıçı və ictimai xadim Əbdürrəhim bəy Haqverdiyevin aşağıdakı fikirləri Azərbaycan ictimaiyyətinin dərin kədərini və obyektiv baxışını əks etdirir: "Əliqulu Qəmküsara dəyən güllə "Molla Nəsrəddin" məcmuəsinin ürəyinə dəydi. Ona mən "Molla Nəsrəddin" məcmuəsinin ürəyi adı qoymaqda səhv etmirəm və cürətlə bu sözü deyirəm".

Bununla belə, faciəli şəkildə öldürüldüyü vaxtdan bizim günlərə qədər Əliqulu Qəmküsarın qətlə yetirilməsi səbəbi ilə əlaqədar müxtəlif versiyalar irəli sürülmüşdür. Bu barədə mövcud tədqiqat əsərlərində yekun bir qənaətin hələ də olmadığını nəzərə alaraq, Əliqulu Qəmküsarın tərcümeyi-halının faciəli sonluğu ilə bağlı məsələyə bir daha qayıtmağı zəruri hesab edirik. Bu həmin hadisə ətrafında ədəbiyyatşünaslıq elmindəki qeyri-müəyyənliyi aradan qaldırmaqla bərabər, həm də Əliqulu Qəmküsarın dövrü və mühiti, vətəndaş şairin siyasi mövqeyi ilə əlaqədar məsələlərə də aydınlıq gətirə bilər.  

Mövcud elmi tədqiqat əsərlərində görkəmli mollanəsrəddinçi şairin faciəli ölümü haqqında daha çox yayılmış versiya Qəmküsarın Gürcüstan menşevikləri tərəfindən güllələnməsi ilə bağlıdır. Fikrimizcə, bu məsələdə sovet dövrü ədəbiyyatşünaslıq elminin ideoloji meylinin təsiri də vardır. Bolşevik hakimiyyəti illərində aparılmış tədqiqatlarda onlara əks mövqedə olmuş menşevik sui-qəsdinin qabardılması təbii qəbul edilə bilən əhvalatdır. Hətta müasir Əli Nəzmi də sonralar yazdığı "Keçən günlər" adlı mənzum memuarında Tiflisdə gizli şəkildə "kommunist nəşrlərini yayması" bəlli olması səbəbindən Qəmküsarın onlar tərəfindən qətlə yetirildiyi versiyasını dilə gətirmişdir. Əslində isə Əliqulu Qəmküsarın öldürüldüyü 1919-cu ildə bütövlükdə Zaqafqaziyada, o cümlədən, Gürcüstanda menşeviklərin mövqeyi çox da güclü deyildi. Həm də Əliqulu Qəmküsarın menşeviklərlə münaqişəsi də yox idi. Hətta bəzi ehtimallara görə Əliqulu Qəmküsar regiondakı eser-menşevik blokuna müəyyən rəğbət bəsləmişdir. Bu halda şairin menşeviklər tərəfindən məqsədli şəkildə öldürülməsi versiyası çox da əsaslı görünmür. Ehtimal ki, bu, sovet dövrü tədqiqatlarında Əliqulu Qəmküsarın menşevik meyilli olması versiyasını pərdələmək, onun adını və əsərlərini elmi-ədəbi dövriyyədə saxlamaq kimi o zaman üçün  düşünülmüş hesab edilə biləcək müsbət bir münasibətin, uzaqgörən ağıllı bir priyomun, üsulun ifadəsi imiş.

Əliqulu Qəmküsarın qəfil öldürülməsində onun Qafqazda ingilislərin ağalığına qarşı yazılmış "İngiltərə" şeirinin əsas faktora çevrilməsi müddəalarına da yenidən baxmaq lazım gəlir. Doğrudur, "İngiltərə" satirası çox təsirli bir bədii nümunə olmaqla XX əsrin əvvəllərində Qafqazda, xüsusən Azərbaycanda ingilis müstəmləkəçiliyinə vurulmuş ağır zərbə gücünə malik olan ciddi satirik əsərdir. Ancaq "İngiltərə" şeiri 1919-cu ilin əvvəllərində yazılsa da həmin vaxt dövri mətbuatda çap olunmamış şeirin əlyazması halında yayılmasına dair də heç bir məlumat dövri mətbuata, Qəmküsarın müasirlərinin xatirələrinə sızmamışdır. "İngiltərə" şeiri şairin vəfatından sonra ictimaiyyətə çatdırılmışdır. Belə olan surətdə ingilis nümayəndəliyinin Azərbaycan dilində yazılan və mətbuata çıxmayan şeirdən qısa vaxtda xəbər tutması, onun müəllifinə qarşı sui-qəsd tədbiri düşünüb həyata keçirməsi mümkün deyildir. Xüsusən, ingilislərin Gürcüstan menşeviklərinin əli ilə Əliqulu Qəmküsarı qətlə yetirmələri müddəası inandırıcı səslənmir. Çünki "İngiltərə" satirasında Gürcüstanı da ingilis ağalığından müdafiə etmək meyli də açıq-aşkar ifadə olunmuşdur:

Əsrlərdir bu millət Asiyada kök salıb,

Hər yeri, hər ölkəni min fənd-fel ilə alıb.

Aləmi bərbad edibdir, bircə Gürcüstan qalıb,

İstəyir etsin onu da tar-mar İngiltərə.

Tarixdən məlum olduğu kimi, XX əsrin əvvəllərində Qafqazda nüfuz və miras üstündə mübarizə aparanlar menşeviklərdən çox bolşeviklər idilər. Əliqulu Qəmküsar 1917-ci ildə yazdığı məşhur "Qarğalar" adlı felyetonunda ölkədəki "hərki-hərkilik aləmi"ndə kadetlər, müsavatçılar, federalistlər və menşeviklərlə yanaşı, bolşevikləri də günahkar saymışdı. Sadəcə, Əliqulu Qəmküsarın seçilmiş əsərləri 1959-cu ildə Bakıda kitab halında nəşr edilərkən dövrün ideoloji prinsiplərinə uyğun olaraq "Qarğalar" felyetonunun mətnindən "gah da bolşevik" ifadəsi çıxarılmışdır. Beləliklə, Qəmküsarın öldürülməsində menşeviklərdən çox bolşeviklərin təqsirli sayılması ehtimalı aradan qaldırılmışdır. Ancaq baş vermiş sui-qəsdin konkret olaraq bolşeviklər tərəfindən təşkil edilməsinə dair də əsaslı faktlar yoxdur. Digər ehtimallar kimi, qətl hadisəsində bolşevik faktoru da bu gün üçün nə qədər cəlbedici görünsə də, özünün tam təsdiqini tapa bilmir.

Bundan başqa, fikrimizcə, Əliqulu Qəmküsarın Azərbaycan müsavatçıları tərəfindən öldürülməsi versiyası da məsələyə tarixi deyil, ideoloji yanaşmanın nəticəsidir. Doğrudur, şairin 31 yanvar 1919-cu ildə "Gələcək" qəzetində çıxmış "Bir hökumət təzə çıxmış, ismi Azərbaycan" satirasındakı kəskin tənqidi notlar müsavat hökumətini qıcıqlandırmışdı. Ancaq məlum olduğu kimi, Azərbaycan Xalq Cümhuriyyətinin demokratik ruhlu ziyalı rəhbərləri fərqli siyasi-ideoloji baxışlara həmişə tolerant, dözümlü münasibət bəsləmişlər. Bundan başqa, Əliqulu Qəmküsarın qardaşı, tanınmış publisist və ictimai xadim Rzaqulu Nəcəfovun Azərbaycan Xalq Cümhuriyyətinin Tiflis şəhərindəki konsulluğunda işlər müdiri vəzifəsində işləməsi də bir daha qətl hadisəsindəki müsavat faktorunun əsassız olduğunu göstərir.

Qeyd etməliyik ki, indiyədək yuxarıda göstərilən təfərrüatlardan heç birini təsdiq edə biləcək dəqiq sənədlər və faktlar hələ ki, aşkar edilməyib. Ona görə də mövcud ehtimallara bir daha nəzər salmaqla, hələ XX əsrin 90-cı illərində əldə etdiyimiz materiallar əsasında daha obyektiv  hesab etdiyimiz fərqli bir versiya irəli sürməyi lazım bilirik.

Bizə görə, Əliqulu Qəmküsarın öldürülməsi məqsədli şəkildə təşkil edilmiş hadisə olmayıb, regiondakı hərc-mərcliyin, qarışıqlığın, şairin özünün yazdığı kimi "hərki-hərkilik aləminin" nəticəsi idi. Vətəndaş şair özü də baş verən qarışıqlıqdan narahatlığını bir çox satirik şeirlərində və publisist məqalələrində dəfələrlə ifadə etmisdir. Məsələn, 1917-ci ildə "Molla Nəsrəddin" jurnalında çap edilmiş aşağıdakı misraları onun dünyanın sanki yanğına qərq olunduğundan narahatlıq keçirdiyini nəzərə çarpdırır.

Hər kəs açırsa ağzın, qövlü qərəzdi yeksər,

Bir mətləb üstə hər ay bəhsi-ləsasət eylər,

Hər bir yetən qoyar boş əngini, nitq söylər,

Axır qalar yarımçıq hər məsələ, hər işlər.

Biganələr olar cəm bu dadə, bu harayə.

 

Dünya olubdur yanğın, bir qətrə su tapılmır,

Un yox, qəhətdir buğda, xalis çörək tapılmır,

Kimdir desin soyulmur, kimdir desin çapılmır,

Kimdir desin soyulmur, kimdir desin qapılmır?

Məzlum olursa aclar, çox xoşdur əğniyayə.

Publisist məqalələrində də Əliqulu Qəmküsar "hərki-hərkilik aləminin", "danalı çalıb torbalı oynayacaq" dövrün acınacaqlı mənzərəsini canlandırmış və bu "qaragüruh" zamanına kəskin tənqidi münasibət bəslədiyini açıq şəkildə ifadə etmişdir. Bu qəbildən olan satirik şeir və məqalələrinin ardıcıl yazıldığı illərdə Əliqulu Qəmküsarın müasiri olmuş digər sənətkarlar da acınacaqlı həyatın məngənəsində əzab çəkmiş, hərəsi bir səbəbdən həyatla vidalaşmalı olmuşdular. Firidun bəy Köçərlinin, Məhəmməd Hadinin, Abbas Səhhətin, Hüseyn Ərəblinskinin həyatının faciəli sonluğu ən müxtəlif şəkildə "hərki-hərkilik aləminin" məntiqi nəticəsi, kədərli yekunu idi.

Əliqulu Qəmküsarın öldürülməsi hadisəsi də XX əsrin əvvəllərində ölkədə baş alıb gedən özbaşınalığın, qarışıq zamanın əhvalatı idi. Ədəbi ictimaiyyət bu faciəli hadisəni Azərbaycan ədəbiyyatına, xüsusən mollanəsrəddinçi hərəkata vurulan ağır zərbə kimi qarşılamışdı. Bu baxımdan professor Əziz Şərifin  "müsəlman demokratiyasının əsl fədaisi" saydığı şairin qətli ilə əlaqədar 20 mart 1919-cu ildə "Borba" qəzetində çap etdirdiyi "Qəmküsar" adlı nekroloq xarakterli yazıda onun öldürülməsi hadisəsinin mahiyyətini aydınlaşdırmağa imkan verən məqamlar vardır. Həmin vaxt Tiflis şəhərində yaşayan 24 yaşlı Əziz Şərifin nekroloqundan başa düşmək olur ki, "Əliqulu Qəmküsar gecə saat on birdə evə qayıdıb giriş qapısını döyərkən qonşuların şübhəsinə tuş gəlir" və qorxudan vahimə keçirən qonşu qadınların hay-küyünə gələn qaradovoyun dalana açdığı atəşdən qətlə yetirilir. Əziz Şərif bu faktı o vaxt mətbuatda yayılmış Əliqulu Qəmküsarın qatı cinayətkar kimi öldürülməsinə dair gedən məlumatlara aydınlıq gətirmək, etiraz etmək məqsədilə nəzərə çarpdırmalı olmusdu. Fikrimizcə, Əliqulu Qəmküsarın öldürülməsi haqqındakı Əziz Şərif versiyası həmin faciəli hadisənin canlı şahidinin təqdim və təsdiq etdiyi fakt kimi daha inandırıcıdır. Məqalədəki "həyatımızın pərakəndəliyi ... bir xalq dostunu alıb apardı" fikri də qətlin düşünülmüş, əvvəlcədən planlaşdırılmış hadisə olmadığını göstərir.

Əziz Şərifin həm də Cəlil Məmmədquluzadənin və ümumiyyətlə mollanəsrəddinçilərin tam tərəfdarı, hətta müdafiəçisi olması da onun məqaləsində irəli sürülən faktların gerçəkliyinə inanmağa əsas verir. 

Ümumiyyətlə, professor Əziz Şərifin "Qəmküsar" məqaləsi böyük mollanəsrəddinçi şairin dövrü və mühitini, həyatı və yaradıcılığını öyrənmək üçün əhəmiyyətli mənbədir. Bu yığcam məqalədə Əliqulu Qəmküsar satirasının mahiyyətinə obyektiv elmi qiymət verilmişdir. Əziz Şərifin hələ gənclik illərində yazdığı nekroloqdakı aşağıdakı fikirlər Əliqulu Qəmküsarın Azərbaycan ədəbiyyatı tarixindəki rolunu, yerini doğru-düzgün ifadə edir: "Mərhum son 10-15 il ər-zində müsəlman poeziyasında yarın gözəlliyini, bül-bülün cəh-cəhini və çiçəklərin ətrini tərənnüm etməkdən xalqın dərd-sərini, cəhalət və şərin, meydanda inildəyən demokratiyanın ələmini təsvir etməyə keçidin əsasını qoyan yeni yönlü şairlər sırasında ilk yerlərdən birini tuturdu".

Bütün XX əsr boyu Azərbaycan ədəbiyyatşünaslığının mollanəsrəddinçi şair Əliqulu Qəmküsarın yaradıcılığı haqqındakı yekun elmi qənaətləri də əsasən bu müddəalardan ibarət olmusdur. Bundan başqa, Əziz Şərifin məqaləsindəki avtobioqrafik cizgilərə dair bəzi qeydlər şairin tərcümeyi-halının son illərindəki ağır vəziyyətini aydın təsəvvür etməyə imkan yaradır. Əziz Şərifin təqdimatında böyük mollanəsrəddinçi şair Əliqulu Qəmküsarın canlı obrazı yaradılmışdır. İlk dəfə bu məqalədən öyrənirik ki, Qəmküsar "maddi cəhətdən son dərəcə təmin olunmamış, tez-tez cırıq palto və yırtıq başmaqda ac-yalavac gəzib dolaşan, ürəyində intəhasız qəm-qüssə, baxışlarında insana sönməz sevgi daşıyan istedadlı şair idi".

Bütövlükdə Əliqulu Qəmküsarın tərcümeyi-halını, taleyini və sənətini öyrənmək baxımından əhəmiyyətli olduğunu, indiyədək çap olunmadığını  nəzərə alaraq, professor  Əziz Şərifin 20 mart 1919-cu il tarixdə "Borba" qəzetində dərc edilmiş "Qəmküsar" məqaləsini oxuculara təqdim etməyi faydalı hesab edirik:

"Bazar günü martın 16-da Tiflis şəhərinin müsəlmanları faciəli şəkildə həlak olmuş, hələ gənc olan bir şairi - Əliqulu Nəcəfovu dərin kədər hissi ilə torpağa tapşırdılar (O, Müsəlman Sosial-Demokrat "Hümmət" təşkilatının orqanı olan "Gələcək" qəzetinin əməkdaşı idi).

Mərhum son 10-15 il ərzində müsəlman poeziyasında yarın gözəlliyini, bülbülün cəh-cəhini və çiçəklərin ətrini tərənnüm etməkdən xalqın dərd-sərini, cəhalət və şərin meydanında inildəyən demokratiyanın ələmini təsvir etməyə keçidin əsasını qoyan yeni yönlü şairlər sırasında ilk yerlərdən birini tuturdu.

İlk dəfə mərhum şair Sabirin getdiyi yol 1911-ci ildə o, vəfat edəndən sonra dalana dirənə bilərdi. Lakin bu yolda artıq müsəlman demokratiyasının əsl fədaisi möhkəm dayanmışdı. O, özünün ahəngdar, xalq dilində yazılmış şeirlərində cəmiyyətimizin bütün xəstəliklərini əks etdirir, xalqın canını bürüyən bütün yaraları açıb göstərirdi.

Müsəlman həyatının elə bir sahəsi yoxdur ki, bu ilhamlı şairin diqqətindən kənarda qalmış olsun. Çoxüzlü almazda olduğu kimi, Qəmküsar poeziyasında da müsəlman ruhanilərinin ədəbsizliyi də, bəy və mülkədarların tüfeyliliyi və zülmü də, demokratiyanın zülmətdə qalması, gücsüzlüyü də, qadınların hüquqsuzluğu da və ümumiyyətlə, türkləri Avropa mədəniyyətindən uzaqda saxlayan hər şey öz əksini tapır.

Mərhum şair göz yaşları içərisində güldürən və hətta gülüşün özü idi. Bəzən cəmiyyəti və onun adət-ənənələrini amansız tənqid atəşinə tutur, başqa şair və jurnalistlərin toxunmağa belə cəsarət etmədiyi qüsurları açıb göstərirdi.

Qəmküsar məşhur "Molla Nəsrəddin" jurnalının nəşrində kifayət qədər fəal iştirak edirdi. Bu, o jurnal idi ki, xalqımızın oyanışında ilk qaranquş olmusdu və Rusiya və İranın savadlı müsəlmanları həmin gənc şairin çox gözəl, ahəngdar şeirlərini onun hər bir nömrəsindən məmnuniyyətlə oxuyardılar.

Son zamanlar mərhum şair "Gələcək" qəzetinin nəşrində yaxından iştirak edir, orada felyeton və şeirlərini çap etdirirdi.

Amansız tale ona öz gücünü bir daha göstərmək imkanı vermədi və onu müsəlman demokratiyasının əlindən vaxtsız alıb apardı.

Mərhum şair ən dəhşətli, ən faciəli bir şəraitdə dünyasını dəyişdi.

Gecə saat 11-də evə qayıdıb giriş qapısını döyərkən qonşuların şübhəsinə tuş gəlir və ...onu qətlə yetirirlər. İki gündən sonra - dəfn günü yerli qəzetlərdə kiçik qeyd peyda olur: "Martın 15-nə keçən gecə Moskovskaya küçəsində milisionerlər tərəfindən bir qatı cinayətkar öldürülmüşdür. Ölənin familiyası məlum deyil".

Taleyin acı istehzasına bir bax! Ən yaxşı şairin həlakına dair məlumat xronikada "Cinayətkarın qətli" başlığında verilir.

Həyatımızın pərakəndəliyi ...müsəlman poeziyasının və ədəbiyyatının əlindən gözəl bir nəğməkarı, boğulan demokratiyaya ürəkdən yanan bir xalq dostunu alıb apardı.

Şairin olumu da, ölümü də faciədən uzaq ola bilmədi. O, maddi cəhətdən son dərəcə təmin olunmamış, tez-tez cırıq palto və yırtıq başmaqda ac-yalavac gəzib dolaşan, ürəyində intəhasız qəm-qüssə, baxışlarında insana sönməz sevgi daşıyan istedadlı şair idi. Və namərd bir insanın qaba gülləsi poeziyaya bu qədər dəyərli incilər bəxş etmiş qələmini onun əlindən aldı.

...Hökumət başsız qalmış müsəlmanların hiddətli səsini eşitməli, qətlin törədilmə halını təfsilatıyla aydınlaşdırmaq, cinayətkarı ədalətlə cəzalandırmaq üçün ən təsirli tədbirləri görməlidir.

Lakin şair həlak olub! Artıq heç bir qüvvə onu geri qaytara bilməz!

Rahat yat, əziz şair!

Qəbrin nurla dolsun, əvəzsiz yoldaş".

"Molla Nəsrəddin" ədəbi məktəbinin banisi Mirzə Cəlil Məmmədquluzadə mollanəsrəddinçi müasirlərinin xidmətlərini dəyərləndirərkən onlardan hər birinin ədəbiyyatdakı yerinin obyektiv qiymətini vermişdir. Mirzə Cəlilin verdiyi qiymətlər yazıçı meyarlarının ifadəsi olsa da, Azərbaycan mollanəsrəddinşünaslığının elmi dəyərləndirmələri ilə üst-üstə düşür, hətta bir çox hallarda ədəbiyyatşünaslıq elminə istiqamət verir. Belə ki, Cəlil Məmmədquluzadənin Mirzə Ələkbər Sabirə verdiyi "ən qiymətli və nadir bir şairimiz" qiyməti, Əli Nəzmini "ikinci Sabirimiz" adlandırması, Əbdürrəhim bəy Haqverdiyevi "Molla Nəsrəddin" məcmuəsinin ibtidasından... məcmuənin ən yavuq əməkdaslarından və məsləhətçi dərəcəsində yoldaşlarından biri" hesab etməsi... Azərbaycan mollanəsrəddinşünaslıq elminin nəzəri ilə qənaətləri səviyyəsində ümumiləşir. Bu mənada Cəlil Məmmədquluzadənin "məxsusi qələm yoldaşımız"  adlandırdığı, fikir açıqlığı, ... "şiddətli tənqid və çıxarları ilə" önə çıxmış Əliqulu Qəmküsar haqqındakı aşağıdakı mülahizələri geniş mənada Azərbaycan elmi-ədəbi ictimaiyyətinin fikri kimi səslənir: "Nə qədər ki, məcmuəmizin adı söylənilir, onun əziz və qiymətdar qələm yoldaşlarının qabaq sırasında Əliqulu Qəmküsarın - Cüvəllağı bəyin adı həmişə zindəbad (yaşasın - İ.H.) alqışları ilə zikr olunacaqdır".

Ustad Cəlil Məmmədquluzadənin 1929-cu ildə Əliqulu Qəmküsarın vəfatının onuncu ilində yazdığı bu fikirlər indiki müstəqillik dövründə də "mollanəsrəddinçilərin qabaq sırasında" yeri görünən döyüşkən şairin bənzərsiz sənəti ilə əbədiyyət qazandığını bir daha təsdiq edir. 

SİZƏ MARAQLI OLA BİLƏR