Menu
Azerbaijan National Academy of Sciences
Institute of Literature named after Nizami Ganjavi

SEARCHES. INVESTIGATIONS

Abid Tahirli: Mujahid‘s love for a rich and hatred for a communist

30-11-2023 [ 14:46 ] [ read:145 ]
printerA+ | A-
104009

Haji Zeynalabdin Taghi oglu Taghiyev (1823, Baku-1924, Baku) gave a great impetus to the development of philanthropy, education, culture, and art in addition to entrepreneurial activity in Azerbaijan. It is not by chance that the well-known intellectuals of our nation highly valued his historical services during his lifetime and called Haji "the pride of Caucasian Muslims", "the head of Muslims", "the great pride of Islam", "the holy father of the nation", "the patron and hope of the poor and needy", "the hope of Muslims". enlightening the light of knowledge and enlightenment in his mind", "the spiritual and kind father of the nation", "the first benefactor of the nation and enlightener", "the pride of the nation", "lighting the fire of science in Transcaucasia", "awakening the Muslims of Transcaucasia from their ignorance", "benefactor of Muslims" , called "the founder and founder of the communication education of Muslims", "the ornament of the nation, the rare work of the breadwinner". We do not say much about this, we are content to mention only one sentence from the article of Hashim Bey Vazirov dated April 10, 1907 in the "Taza Hayat" newspaper, which left an indelible mark in our press history: "Haji Zeynalabdin Taghiyev's services for the Muslim nation should be counted here one by one. if we think about it, at least if we fill our newspaper with only this detail for a month, we still won't be able to tell everything..."

Sovet hakimiyyəti illərində rejimin qadağalarına baxmayaraq, H.Z.Tağıyevin böyük və xeyirxah əməlləri unudulmamış, qədirbilən xalqımız qəlbində onun xatirəsini daim əziz tutmuşdur. Azərbaycan öz müstəqilliyini bərpa etdiyi ilk illərdən H.Z.Tağıyev şəxsiyyətinə maraq yenidən artmışdır. Tədqiqatçı Mövsüm Əliyevin "Odlar yurdu" qəzetində "Bu barədə ilk dəfə" rubrikası ilə dərc olunan "Maarifpərvər H.Z.Tağıyev" adlı yazısı ilə (№14, iyul 1988) sanki böyük xeyriyyəçi haqqında məqalələrə start verilmiş, onun çoxşaxəli fəaliyyəti barədə kütləvi informasiya vasitələrində ard-arda materiallar dərc olunmağa başlanılmışdı. H.Z.Tağıyev haqqında müxtəlif janrlarda qələmə alınan, sayı bilinməyən elmi, bədii, publisistik yazılar, rəsm, xalı, xalça, kino, mahnı, digər incəsənət nümunələri mürəkkəb, maraqlı, şərəfli ömür sürmüş milyonçu haqqında əsl həqiqətin və xalq məhəbbətinin ifadəsi idi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 mart 2020-ci ildə imzaladığı Sərəncama əsasən, Azərbaycanda neft sənayesinin təşəkkülündə mühüm xidmətləri olmuş böyük xeyriyyəçi, maarifpərvər və ictimai xadim H.Z.Tağıyevin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə Bakı şəhərində onun abidəsi ucaldılmışdır. Ölkəmizdə və UNESCO səviyyəsində - beynəlxalq miqyasda H. Tağıyevin 200 illik yubileyinin böyük təntənə ilə qeyd olunması maarif və mədəniyyət fədaisinin xidmətlərinə xalqımızın öz övladına verdiyi böyük dəyərdir.

Mühacirət mətbuatında, publisistik irsində də H.Z.Tağıyevin milli məsələlərdə göstərdiyi fədakarlıq yüksək dəyərləndirilmişdir. Məhəmməd Əmin Rəsulzadə, Süleyman Təkinər, Mirzə Bala Məhəmmədzadə, Məhəmməd Sadıq Aran, Nağı Şeyxzamanlı, başqa mühacirlər xatirə və digər publisistik yazılarında "sərvət və səxavətdə məşhur Hacı"nın millətə xidmət yolundakı əməyinə yüksək qiymət vermişlər. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra xaricdə məskunlaşan mühacirlər Vətəndə cərəyan edən ictimai-siyasi, sosial-iqtisadi hadisələri, istiqlalçılara qarşı həyata keçirilən amansız tədbirləri diqqətlə izləyir, dərhal kəskin münasibət bildirirdilər. "Yeni Qafqasya" dərgisinin  "Azərbaycanda türk qadınlığının keçmişi və indiki halı" (№1, 1924), "Hacı Zeynalabdin" (№2, 1925), "Bakıda bir "Cocuq sabahı" (№2, 1925), "Azərbaycanda sənaye nə halda" ( №5, 1925), " Hacı Zeynalabdinin səneyi-devriyəyi vəfatı" (№24, 1925), "Azəri mətbuatının müxtəsər tarixçəsi" məqaləsinin "İlk Rusiya ihtilatı ilə başlayan dövr" hissəsi (№9, 1926), "Azərbaycan misaqi-millisi" (21, 1926), "Səhiyyə şəraiti" (№17,1926), "Bakı və Azərbaycan" (№1,1927) adlı yazılarında H.Z.Tağıyevin xidmətləri xatırlanır, təqdir edilir. "Yeni Qafqasya" kimi "Odlu yurd", "Azəri türk", "Azərbaycan yurd bilgisi" (İstanbul), "İstiqlal", "Qurtuluş" (Berlin), "Azərbaycan" (Ankara) kimi dövri nəşrlər də sələflərinin yolunu davam etdirmişdir.

Nağı Şeyxzamanlının (1883, Yelizavetpol, Gəncə - 1967, İstanbul) "Azərbaycan" (Ankara) dərgisindəki "Böyük bir xeyriyyəçi Hacı Zeynalabdin Tağızadə" (may, №3(62); iyun №4(63), 1957) adlı irihəcmli məqaləsi də bir sıra cəhətləri ilə diqqəti çəkir. "Naği Keykurun" imzası ilə dərc olunmuş məqaləni şərti olaraq iki hissəyə bölmək olar. "Mən bu yazımda Azərbaycanın ölməz, böyük simalarından olmuş Hacı Zeynalabdin haqqındakı intibalarımı (təəssüratımı) hörmətli oxuculara anlatmağa çalışacağam" - yazan müəllif, əvvəlcə, H.Z.Tağıyev haqqında eşitdiklərini qələmə alır. O, 1918-ci ildə Gəncə Milli Komitəsi tərəfindən ölkəmizin erməni-bolşevik güclərindən təmizlənməsi, istiqlalın müdafiəsi üçün hərbi yardım almaq məqsədilə Türkiyəyə göndərildiyini, Məclisi-Məbusana getdiyini, orada Ayan (Məclisin bir qolu) rəisi Hacı Adil bəylə görüşdüyünü qeyd edir. Yeri gəlmişkən, müəllif bu barədə sonralar - 1964-cü ildə qələmə aldığı "Azerbaycan Cumuriyetinin sabık genel müdürü. Azerbaycan İstiklal Mücadilesinin Hatıraları" (İstanbul: Ekspres Matbaası, 1964, 135 s.) əsərində də söz açır. Hacı Adillə söhbət əsnasında məlum olur ki, o, H.Z.Tağıyev haqqında xeyli məlumatlıdır: "Hacı Adil bəy "O zat çox möhtərəmdir" - deyərək sözlərinə belə başladı: - Balkan Hərbi sıralarında idi. Bolqarlar türklərə qarşı çox zülm edirdi. Onlar türk kəndlərini yandırır, xalqı soyur, türk millətinə xəyala gəlməyən vəhşətləri rəva görürdülər. Pərişan xalqımızın dərdlərinə dərman olsun deyə, bir yardım cəmiyyəti qurduq və ianə toplamağa başladıq. Mən o zaman Ədirnə valisi idim. Avropaya gedən tacirlərimizdən və səfirlərdən ianə toplayırdıq. Elə bu zamanlar adını xatırlaya bilmədiyim bir səfirimiz də Berlinə gedirdi. Biz ona müraciət edərək yardım istədik və aldıq. Səfir "Siz xaricə nə üçün müraciət etmirsiniz?" - dedi və bunun üzərinə Qafqazın Bakı şəhərində Hacı Zeynalabdinin adresini bizə verərək: "Siz vəziyyəti izah edərək yardım tələb edin" tövsiyəsində bulundu. Söylədiklərini etdik. Təqribən bir ay sonra İstanbuldakı Nobel neft şirkəti vasitəsilə o möhtərəm zat biz türklərə yardım məqsədilə min altun lirə göndərmişdi". Adil bəy bunları dedikdən sonra xatirə müəllifinə "Nağı bəy, mənə Hacı Zeynalabdin haqqındakı bilgi və məlumatınızı söyləməyizi bilhassa (xüsusi ilə - T.A.) rica edirəm" - deyə müraciət edir.

N. Şeyxzamanlı, əvvəlcə, H.Z.Tağıyevin çətin keçən uşaqlıq illərindən, xoş bir təsadüfdən, "Bakı şəhərinin Bibiheybət səmtindən arsa (torpaq sahəsi - T.A.) aldığını, quyu qazdırdığını, yerdən gözlənilməyən dərəcədə neftin fontan vurduğunu və beləliklə, "zənginləşməyə üz tutduğu"nu nəql edir. Sonra isə Hacı haqqında eşitdiklərinin bəzilərini bölüşür. Müəllif H.Z.Tağıyevin xidmətlərinə layiqincə dəyər vermək üçün Hacı Adil bəyə deyir: "Hacı Zeynalabdinin zəkası iki qayə üçün çalışmışdır. I zəngin olmaq, II milli qayəmizə xidmət etmək, milli gəlişməmizi və inkişafımızı dəstəkləmək. Hacı artıq zənginliyin son zirvəsinə yüksəlmiş, bununla da birinci məqsədinə nail olmuşdu. İkinci qayəsinə gəlincə, illik gəlirinin 25 faizini fəxri rəisi olduğu "Cəmiyyəti-xeyriyyə" və "Nəşri-maarif" cəmiyyətlərinə bağışlamışdır. Bakıda çıxan və milli qayəni güdən türkcə və rusca qəzetlərin nəşrini təmin etmişdir". N.Şeyxzamanlı Hacının vaxtı ikən yanında işlədiyi ustaya yardım etdiyini, Quranı ilk dəfə dilimizə çevirtdirərək Türkiyə Sultanına hədiyyə göndərdiyini, öz vəsaiti hesabına müxtəlif yerlərdə İsmayıl Qaspıralının "Tərcüman" qəzetinə abunə yazdırdığını, Qafqaz türklərinin Avropada ali təhsilə yiyələnmələri üçün onlara təqaüd ayırdığını, Bakı Dram Cəmiyyəti üçün bina tikdirdiyini, Gəncədə məktəb tikintisinə pul ayırdığını və sair kimi xeyirxah əməllərini də həmsöhbətinə sadalayır.

Xatirə müəllifi məqalənin şərti olaraq böldüyümüz ikinci hissəsində eşitdikləri ilə yanaşı, gözləri ilə gördüklərini də danışmağı lazım bilir. O, yazır: "Hacı Zeynalabdin haqqında bundan sonra gözlərimlə gördüklərimi və eşitdiklərimi də sayın oxuculara anlatım ki, bu eşsiz (misilsiz, bənzərsiz - T.A.) böyük insanın qiyməti daha yaxşı anlaşıla bilsin". N.Şeyxzamanlı şəhər klubunun möhtəşəm salonunda "Cəmiyyəti-xeyriyyə" tərəfindən keçirilən Novruz şənliyinə təşrif buyuran H.Z.Tağıyevin imkanlı adamların cəmiyyətə daha çox ianə verməsi üçün fəallıq etdiyinin, nümunə göstərdiyinin şahidi olduğunu yazır. Müəllif Birinci Dünya müharibəsinin gedişində Türkiyənin Şərq vilayətlərinin Rusiya tərəfindən işğal edildiyini, "bu fürsəti qənimət bilən erməni çətəcilərinin əsarətə məhkum olmuş türk xalqına qarşı törətmədikləri vəhşilik qalmadı"ğını, "bu yerlərdə edilən zülmlərin əks-sədasının bütün Qafqaz xalqlarının qulaqlarına çatdığını və onların qəlblərini sızlatdı"ğını, erməni xeyriyyə cəmiyyətlərinin öz soydaşlarına sərbəst şəkildə yardım edə bildikləri halda, qafqasyalılara bu imkanın verilmədiyini, bundan xəbər tutan H.Z.Tağıyevin hərəkətə keçdiyini, Rusiya imperatoruna müraciət edərək problemin aradan qaldırılmasına nail olduğunu vurğulayır. Məhz bundan sonra "Cəmiyyəti-xeyriyyə" böyük bir nümayəndə heyəti yaradır və dəmiryol idarəsindən bir qatar alaraq onu bu vilayətlərin əhalisinə lazım olan zəruri geyəcək və yeyəcəklə doldurur, Qarsa, fəlakətə məruz qalmış Anadolu türk xalqına ilk türk yardım əli uzadılır. Xeyriyyə Cəmiyyəti dəstələri cəbhəyə getdikdən sonra türk xalqına qarşı edilən vəhşiliklərin önü alınır. Cəmiyyət üzvlərinin göndərdikləri raportlar və raportların əks-sədası nəticəsində rus ordu komandanlığı erməni quldur dəstələrini dağıdır və bir neçə erməni də Ərzurumda edam edilir. O tarixlərdə cəbhə bölgələrində zərər çəkmiş mülki erməni əhalisi üçün qurulmuş olan yardım cəmiyyətinə rus çarı bir milyon manat ianə bağışlayır. Bunu eşidən Hacı dərhal rus çarının nəzdində təşəbbüsdə bulunur, hərbdən yalnız xristianların deyil, müsəlmanların da zərər çəkdiyini, onların da yardıma ehtiyacları olduğunu bildirir. Bir neçə gün sonra rus çarının əmri ilə Bakıdakı "Cəmiyyəti-Xeyriyyə"yə də bir milyon manat ianə verilir.

 Nuru Paşa Bakıda olarkən, şəhərdə İstanbuldakı kimi böyük məscid tikdirmək istədiyini bəyan edir, H.Z.Tağıyev dərhal bu təşəbbüsə qoşulur və üzünü Paşaya tutur: "Möhtərəm Paşam, siz çox doğru söylədiniz. Biz bu günə qədər rus əsarəti altında inləyirdik. Qafqazda milli davamız qonşularımız olan erməni və gürcülərdən geri qalmışdı. Bu ana qədər onun yarışını edirdik, onlardan geri qalmağımız bizi üzürdü. Dinimiz sərbəst idi, nə rus idarəsinin, nə də xristianlığın təzyiqi altında deyildi. Rus idarəsi tərəfindən daima milli varlığımız baltalanırdı. Paşam, artıq Tanrıya şükür, əsarətdən qurtulduq, nöqsanlarımızı tamamlamamız zamanı gəldi. İstanbuldakı camiləri inşa edən ustalar kimi ustalar bizim məmləkətimizdə yoxdur. Siz teleqrafla İstanbuldan ustalar çağırın gəlsin və işə başlasınlar. Para xüsusunda toplamaya, nə də vəd etməyə lüzum vardır. Tanrının bizlərə verdiyi inayətlə hər birimiz bir cami tikdirmək qüdrətindəyik. Sizə söz verirəm, istədiyiniz camini mən öz paramla tikdirəcəyəm!" - deyə çıxışını bitirdi".

N.Şeyxzamanlı xatirəsində H.Z.Tağıyevin Azərbaycan Xalq Cümhuriyyəti dövründəki fəaliyyətinə, istiqlala münasibətinə də toxunur. Yazır ki, hökumətimizin mərkəzi Gəncə şəhərindən Bakıya köçdükdən sonra H. Zeynalabdin hökumət başçısını ziyarət edir və "Əgər hökumətimizin paraya ehtiyacı olarsa, mövcud paralarım və sərvətim sizin ixtiyarınızdadır" - deyir. Hacının bu addımı onun milli hökumətə, istiqlala sədaqətini nümayiş etdirir. Bakı Universitetinin açılış mərasimində iştirakı və oradakı nitqi də H.Z.Tağıyevin təhsilə, elmə, tərəqqiyə diqqət və qayğı ilə yanaşdığına dəlalət edir. Xatirədə oxuyuruq: "Hacı söz istəyir və alqışlar arasında ayağa qalxaraq danışmaq istərkən gözləri yaşarır. Bir müddət bu halda təvakkuf (gözləmək, dayanmaq mənasında - T.A.) etdikdən sonra sözlərinə belə başlayır: "Əziz vətəndaşlarım, mən Bakıda bir çox məktəblərin açılış mərasimlərində iştirak etmişəm, hamısında da sevindim. Bakıda bir Universitetin olmasını çox arzu edirdim, bir vaxtlar bu barədə düşünmüşdüm də... Bu nə böyük talih (uğur - T.A.) ki, Ulu Tanrım məni məyus etmədi. Tanrının inayəti və xalqımızın qeyrəti ilə Milli Cümhuriyyətimizi qurduq, bu gün də Cümhuriyyətimizin ilk Universitetinin açılış törənini edirik. Mən bu xeyir və irfan müəssisəsinə gücüm miqdarda yardım etmək istəyirəm. Mənim də bu irfan ocağında bir xidmətim olsun deyə, öz malım olan Hacı Zeynalabdin pasajını bu xeyir müəssisəsinə hibə (hədiyyə - T.A.) edirəm".

Mühacirət publisistikasına xarekterik olan bolşevizmə, sovet-Stalin rejiminə qarşı kəskin nifrət hissi N.Şeyxzamanlı irsindən də yan keçməmişdir. O, bu əsərinə "bizdən olmayan bizim düşmənimizdir" prinsipi ilə hərəkət etmiş, N.Nərimanovun H.Z.Tağıyevi həbs etdirməsi ilə bağlı heç bir mənbədə, tarixi sənədlərdə təsdiqini tapmayan bir əfsanə də daxil etmişdir. Yeri gəlmişkən, vurğulamaq lazımdır ki, hələ Hacının sağlığında onun işıqlı zəkası və əməlləri haqqında xalq arasında əfsanələr dolaşırdı... Burada isə N.Şeyxzamanlı heç bir məxəz göstərmədən, heç kəsə istinad etmədən belə bir rəvayəti qələmə alır. Yazır ki, məsud və həyəcan dolu o günlərimizə bolşeviklər son qoydular. Münbit torpaqlarımızı və zəngin ölkəmizi zorla işğal etdilər. Bütün millətin sərvətini əlindən alaraq Rusiyanın malı etdilər. H.Zeynalabdini ixtiyar çağında parasız buraxdılar. Onun pulu ilə oxuyan doktor Nəriman Hacını həbs etdirdi.

Müəllif bu hadisəyə səbəb kimi Hacının Bakıdakı bez fabrikinin adının bolşeviklər tərəfindən dəyişdirilərək, "Lenin adına bez fabriki" adlandırılmasını göstərir. Fabrikin adının dəyişdirilməsi bolşevik əməli ola bilər, amma bu sayğısızlığa görə Hacının N.Nərimanova müraciəti, öz xidmətlərini, o cümlədən, N.Nərimanovu oxutmasını doktorun başına qaxac etməsi heç inandırıcı görünmür. Bunlar bir yana, guya Hacının sözlərindən sonra vaxtilə H.Z.Tağıyev haqqında ilk əsər yazan N.Nərimanov qəzəblənir və Hacını cəzalandırır. Xatirədə oxuyuruq: "...Nəriman nəzarəti altında çalışdığı yanındakı rusdan qorxaraq, Hacını həbs etdirir. Bu hadisədən xəbər tutan fabrik işçiləri tətil edərək ÇEKA-ya gedir və Hacının dərhal azad olmasını tələb edirlər. Onlar Hacını bundan sonra da öz hesablarına saxlayacaqlarını bildirərək həbsdən azad etdirirlər. Bu hadisəni eşidən xalqımız çox üzülür. Hacı Zeynalabdinin bundan sonrakı qısa həyatı Bakı ətrafındakı Mərdəkanda kəndlilər və fəhlələr arasında keçir". Yuxarıda qeyd etdiyimiz kimi, bu faktları heç bir mənbə, arxiv sənədi təsdiqləmir. Mühacirlərin yazılarında da, N.Şeyxzamanlı istisna olmaqla, bu olayın təsvirinə təsadüf edilmir. Bəs N.Şeyxzamanlı niyə N.Nərimanovun ünvanına, adına bu ağlasığmaz hərəkəti yazmağı rəva bilmişdir? Cavab sadədir: müəllif kommunist N.Nərimanovun şəxsində quruluşa, rejimə qarşı sonsuz kinini, nifrətini izhar etmişdir.

Ümumiyyətlə, xatirədə mübahisə və sual doğuran bir sıra digər məqamlar da var və heç şübhəsiz ki, bu qəbildən olan qeydlərimiz Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından və dövlət strukturunda ən məsuliyyətli, yüksək məqamlarından birinə rəhbərlik edən, bütün qəlbi ilə istiqlala və milli dəyərlərə bağlı olan mücahid N.Şeyxzamanlının xidmətlərinə, qələminə zərrə qədər də kölgə salmır.

N.Şeyxzamanlının H.Z.Tağıyev haqqındakı xatirəsi bir çox cəhəti ilə aktual və əhəmiyyətlidir. Bu xatirə:

- insanları mövcud problemlərə diqqət və həssaslıqla yanaşmağa, elmin, təhsilin, mədəniyyətin inkişafı naminə xeyriyyəçilik fəaliyyəti ilə məşğul olmağa səsləyir;

- cəmiyyətdə tutduğu mövqedən, partiya mənsubiyyətindən, siyasi düşüncəsindən, mənsəbindən, sahib olduğu var-dövlətin miqdarından asılı olmayaraq, hər kəsə milli dövlətə, istiqlala sədaqət və məhəbbət təlqin edir;

- xeyirxah, yaxşı əməllərin, millətə xidmətin unudulmayacağını, layiqincə dəyərləndiriləcəyini təşviq edir;

- ədalətli və doğru yazmağı, mənbələrə, tarixi sənədlərə istinad etməyi tövsiyə edir;

- gənclərin sadə, səmimi, zəhmətsevər, qayğıkeş, dürüst insan kimi formalaşmasına yardım edir;

- H.Z.Tağıyev şəxsiyyətinə daha dərindən bələd olmaq, eləcə də N.Şeyxzamanlının publisistik irsini araşdırmaq, dəyərləndirmək cəhətdən maraqlı mənbədir.

 

27.11.2023.  Ədəbiyyat qəzeti

OTHER NEWS