Menu
Azerbaijan National Academy of Sciences
Institute of Literature named after Nizami Ganjavi

SEARCHES. INVESTIGATIONS

Mirali Seyidov"‘s mythological studies at the level of modernity - Matanat Vahid

17-01-2024 [ 11:36 ] [ read:205 ]
printerA+ | A-

Corresponding member of ANAS, Honored Scientist Mirali Seyidov is an etymologist, scientist and a phenomenal person who has left a rich legacy in Azerbaijani studies during his 40 years of scientific activity, has been among the authoritative signatures in our literature and folklore studies, has provided exceptional service in the formation of our national self-consciousness, and researched the history of words. Based on our mythology, the historical geography of our language, traces of our words reflected in ancient sources, M. Seyidov, who researched the roots of our nation, especially "The Sources of Azerbaijani Mythic Thought" (1983), "The Fate of the Golden Warrior" (1984), "Thinking about the Origin of the Azerbaijani People" (1989 ), "Spring Festival" (1990), "Gam-shaman and its sources overview" (1994), "Bori-gurt" (2006) he spoke from the context of the all-Turkish cultural value system.

Ötən əsrin 60-cı illərinədək Azərbaycanda mifologiyanın öyrənilməsi  ötəri, epizodik xarakter daşıyırdısa, Mirəli Seyidov öz yaradıcılığı ilə bu sahəyə böyük maraq oyatdı. Onun tədqiqatlarında Azərbaycan türklərinin bəzi mifoloji obrazlarının (Oğuz, öləng, qam, Xızır, Kosa, keçi, varsaq, Qorqud və s.) mədəniyyət tarixində yeri və rolu öyrənilir, daha çox söz və ifadələrin miflər vasitəsilə etimoloji aspektdə izahına yer verilir. 30 illik elmi axtarışlarının, gərgin əməyin məhsulu olan “Azərbaycan xalqının soykökünü düşünərkən” monoqrafiyası istər mifologiyamızın tədqiq tarixində, istərsə də müəllifin yaradıcılığında olduqca əhəmiyyətli hadisədir. Sovet dönəmində yazılmış bu fundamental əsər elmi dəyərini saxladığından  2018-ci ildə böyük alimin 100 illiyi münasibətilə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda yenidən çap edilmişdir. Kitaba Ön söz yazan akademik İsa Həbibbəyli hazırda azərbaycançılığın milli ideologiya səviyyəsində qəbul olunduğu bir dövrdə professor Mirəli Seyidovun monoqrafiyasında elmi həllini tapan ideyaların xüsusi aktuallıq kəsb etdiyini vurğulayır. Qeyd edir ki, azərbaycançılığın  yenidən konseptual şəkildə öyrənilməsi prosesində M.Seyidovun bu və digər  tədqiqatları həm zəngin elmi mənbə, həm də etibarlı bələdçidir: “Kitabda mifik qaynaqlarla, ayrı-ayrı söz və ifadələrin incələnməsilə açılan uzaq etnik-tarixi həqiqətlərlə yanaşı, bu mifik düşüncənin və sözün sahibi olan xalqın da keçdiyi yollar, qədim azərbaycanlıların təşkilat, dövlət quruluşu, dünyabaxışı, psixologiyası, bir sözlə, Azərbaycan kosmosunun bütün zənginliyi görünür.” “Azərbaycan xalqının söykökünü düşünərkən” monoqrafiyasında mifik obraz və simvollar sisteminə əsaslanmaqla, türk etnogenezisini araşdıran Mirəli Seyidov tarixi hadisə və sənət abidələrinin ümumi qanunauyğunluğunun ümumtürk mədəni-mənəvi dəyərlər sisteminə malik olduğu qənaətni hasil etmiş, çoxlu sayda məkan adlarını bir etnosistem çərçivəsində müqayisə edərək xüsusiyyətlərini bir araya gətirmiş, ümumtürk mifologiyasının spesifik cəhətlərini üzə çıxarmağa nail olmuşdur.

Bu gün dünyada gedən mədəni proseslər ambivalent xarakterlidir. Belə ki, bir yandan bütün dünya xalqları Yer kürəsini ümumi böyük ev sayaraq dünya insanı kimi müxtəlif mədəniyyətlərin bir arada mövcudluğunu vacib sayır, başqa bir tərəfdən isə hər bir xalq yalnız özünə məxsus olan soy-kök üzərində formalaşan mədəni, ictimai görüşləri təsdiqləməyə çalışır. Eyni proses həmçinin sənətlər arasında da baş verir: müxtəlif elm və sənətlərin bir bütünü, tamı əmələ gətirməsi məsələsi getdikcə daha çox tədqiqatların mövzu və predmetinə çevrilməkdədir.

Son illər multikulturallıq, sənətlərarası əlaqə, mədəniyyətlərarası dialoq və s. kimi fənlər birinin digərindən asılı olduğu və hətta tamamilə bir-birindən ayrı mövcudluğunun mümkünsüzlüyünü təsdiqləyir. Müxtəlif sənətlər arasında əlaqə qurulduqca onların sayəsində formalaşan, yaranan mədəni məkan genişlənir və bu genişlənmə, çoxalma mündəricəyə birbaşa təsir edir. Mirəli Seyidovun araşdırmalarında bu müasir düşüncə və qənaətlərin geniş şəkildə əksini tapdığını izləmək mümkündür. Beləliklə, onun yaradıcılığında interdisiplinar və qismən intermedial diskurs aktuallaşır. Qeyd edək ki, intermediallıq müxtəlif sənət sahələrinin məhz ədəbi müstəvidə estetik bütövləşməsidir; istər elmi, istər bədii əsərlər üçün ən başlıca xüsusiyyəti müxtəlif işarələr sistemi vasitəsilə kodlaşdırılmasıdır. Əlbəttə, Mirəli Seyidovun tədqiqatlarının ərsəyə gəldiyi dövr üçün ölkəmizdə qloballaşan dünya elminə xas olan “intermediallıq” termini, “interdisiplinarlıq” anlayışları və s. aktual deyildi. Lakin tədqiqatçı mahiyyət etibarilə predmetə bu üsul və metodla yanaşma sərgiləyir. Çünki müxtəlif sənət növlərinin qarşılıqlı əlaqələri tarixən, bütün dövrlərdə elm və sənət adamlarının diqqətində olub.

Mifologiya özündə fəlsəfi, psixoloji, tarixi, kulturoloji müddəaları; musiqinin, təsviri sənətin element və xüsusiyyətlərini cəmləşdirməklə interdisiplinarlıq qazanır. Dövriyyəyə ötən əsrin ikinci yarısında daxil olan interdisiplinarlıq (interdisciplinarity) anlayışı ümumi mənada, hər hansı bir problemin müxtəlif elmi aspekt və metodlardan öyrənilməsini nəzərdə tutur. Bununla belə, bir elmi yanaşma, metodologiya, paradiqma kimi, əsrimizin mürəkkəb problemlərinin kompleks həllinə çalışan interdisiplinarlığın məqsəd və mündəricəsi müxtəlif tədqiqatçılar tərəfindən fərqli şəkildə qəbul və izah edilməkdədir.

Müxtəlif strukturlu musiqinin təsiri ilə formalaşan mədəniyyət özlüyündə mənəvi məzmun, obraz və ideyalar, konsepsiyalar və s. daşıyıcısıdır. Başqa sözlə, musiqi vasitəsilə ünsiyyət mürəkkəb struktura malik vahid sistemdir və ümumi yaddaş, zaman məkanında səsli, verbal və vizual imkanlara malikdir. F.Şellinq deyirdi ki, mifologiya hər cür sənət növü üçün ilkin şərt və materialdır. Elə M.Seyidovun bu istiqamətdəki tədqiqatlarını da bu tezisin geniş şəkildə əksi kimi qəbul edə bilərik. Mirəli Seyidov, xüsusən, “Azərbaycan mifik təfəkkürünün qaynaqları”, “Azərbaycan xalqının soykökünü düşünərkən” kimi tədqiqatlarında bir çox adət-ənənə və mərasimlərlə bağlı söhbət açarkən musiqidən də bəhs edir. 

Qədim insan üçün dünyanı dərketmə vasitəsi olan mif kult ayinlərin formalaşmasında əsas rol oynayırdı. Mifoloji obrazın emosional-semantik məzmunu musiqi vasitəsilə insanın dünyaya münasibətini ifadə edir. Bu, insanın mənəvi inkişaf prosesində dünyanı dərketmə və əks etdirmənin unikal formasıdır. Ümumiyyətlə, folklorumuzu izləyərkən şahid oluruq ki, musiqi toplumun həyatında əhəmiyyətli rol oynayır. Mirəli Seyidov Bəhaəddin Ögelə istinadla yazır ki, 981-984-cü illərdə uyğurlar çöldə gəzərkən də, uzaq səfərə gedərkən də yanlarından musiqi alətlərini əskik etməyiblər. Ümumiyyətlə, dastanlarımızdan da göründüyü kimi, qədimdə musiqi alətlərinə hörmət elə dərəcədə idi ki, hətta xaqanlar rəsmi qəbullarda yanlarında silahla yanaşı, çalğı alətləri də saxlayırlarmış. Yəni musiqi yalnız əyləncə vasitəsi deyildi, hətta daha çox ayin və ritualların həyata keçirilməsi vasitəsi kimi müqəddəs idi. Məsələn, xeyir-duaların qopuz müşayiəti ilə verilməsi (“Kitabi-Dədə Qorqud” dastanları), düşmənə meydan oxuyanda sazı sinəsinə basıb sözünü musiqi ilə çatdırmaq (“Koroğlu”) və s. Tarixi kontekstdə dünyanın mənzərəsi kollektiv və fərdi düşüncə və obrazların dinamikasını əks etdirir. Dünyanın mənzərəsi etnos üçün xarakterik olan baxışlar sistemini (dil daşıyıcıları, dünyanın etnik, geomədəni mənzərəsi və s.)  təcəssüm etdirir. Düşüncə sistemi kimi, mifin xalqın tarixi keçmişi ilə bu günü arasındakı körpü olduğu fikri Mirəli Seyidovun tədqiqatlarının əsas leytmotividir. Emosional aləmin obyektiv gerçəkliyini doğuran bütün məsələlər musiqi diskursunda eynən mifoloji diskursun mənalar sistemindəki dərəcədə əks olunur.

Mirəli Seyidov yazır ki, “təbiətin asılılığından qurtarmaq cəhdi” insanı sonralar tədriclə mürəkkəbləşən yeni-yeni ibtidai görüşlərə aparıb çıxarırdı. M.Seyidovun tədqiqatlarında qədim adət-ənənələrimiz və mifoloji təfəkkürümüzdə musiqinin necə geniş yer qapsadığına şahid oluruq. Musiqi, demək olar, həyatın bütün sferalarına təsir edə bilirmiş: sevinc və şadlığını bildirmək üçün də, kədərini, qürurunu ifadə etmək üçün də xalq yalnız sözün gücünə sığınmayıb, həmçinin musiqiyə yer verib. Bunlara nümunə olaraq həmin çağların dəfnetmə mərasimindən bəhs edən tədqiqatçı bu və digər inamların, mifoloji görüşün, qədim insanın həyata baxışlarının nümayişinə çevrildiyini qeyd edir. Bu mərasimlə bağlı görüşlər, inanclar, onların pantomim-rəqs, rəqs-söz sənəti ilə ifadəsi əski mifologiyanın, eləcə də incəsənətin müxtəlif sahələrinin, xüsusilə rəqs-musiqi sənətinin tarixini öyrənmək baxımından maraqlıdır. Həm də yalnız sənət görüşlərini deyil, əski insanın yaşayış tərzi, adət-ənənəsi ilə bağlı müəyyən təsəvvürə malik olmaq üçün sənətin ibtidai forması olan bu mərasimlər az əhəmiyyət daşımır.

Qeyd edək ki, musiqi kimi, təsviri sənət də özlüyündə multikultural, müxtəlif düşüncə və dəyərə malik insanları birləşdirə bilən fenomendir. Rənglər müxtəlif xalqların mifoloji dünyagörüşündə dərin simvolik anlamlar kəsb edir. Əsasən bir-birinə yaxın və oxşar mənalandırmalara malik olsa da, bu simvolika mədəni, dini, tarixi kontekstlərdən asılı olaraq dəyişə, fərqli şərhləndirilə bilər. Mifologiya ilə bağlı hər bir inamı, hətta ifadəni, sözü araşdırmağı xalqın tarixi, sənəti və təfəkkürünü öyrənməklə əlaqələndirən Mirəli Seyidov rənglərin mifoloji fikirdə yeri ilə bağlı yazır: “Rənglər, onlara əski insan tərəfindən aid edilmiş anlamlar bəzi əski boyların, qəbilə birləşməsi silsilələrinin, nəhayət, xalqların dünyanı dərk etməsi, dünyanı hiss etməsi ilə az-çox dərəcədə bağlıdır. Biz heç də rənglə kainatı, dünyanı dərk etməyi geniş anlamda almırıq. Rəng və dünyanı dərketmə deyərkən, onun yalnız insanı kosmoqonik - kainatın yaranması haqqında təfəkkürü ilə bağlılığını göz qarşısına gətiririk.” Bu məqamda müəllif rənglərin ictimai anlam daşıdığını, xalqın təfəkkürü ilə bağlılığını gözəl duyduğunu qeyd etdiyi Rəsul Rzanın “Rənglər” şeirindən bir bəndi də nümunə gətirir.

Mirəli Seyidov tədqiqatlarında əski türklərin inancında rəng məsələsinə geniş yer verərkən onlarda ağ, göy, sarı (altun, qırmızı) rənglərin mifoloji inamlarla bağlılığını qeyd edir. Məsələn, qırmızını günəşin rəngi olaraq qəbul edərək xoşbəxtlik və əbədiyyətin rəmzi kimi izah edir. “Kitabi-Dədə Qorqud” dastanında Beyrəyə adaxlısından gələn qaftanı nümunə gətirərək oğuzlarda bəyin (oğlanın) geyiminin qırmızı olduğunu bildirir. Həmçinin tədqiqatçı XV-XVI yüzilliklərin Azərbaycan və Orta Asiya miniatürlərinə istinad edərək döyüşçülərin dəbilqələrində ağ, göy, qırmızı, sarı rəngli kiçik bayraqcıqların olduğunu vurğulayır. Bu bayraqcıqların, ola bilsin, müəyyən əsgəri rütbəni fərqləndirmə əlaməti ilə bərabər, döyüşçünün Günəşə (qırmızı, sarı), Göy tanrısına (göy), Ülgenə (ağ) sığındığını bildirdiyi ehtimalını da irəli sürür: qeyd edir ki, xəstəlikdən qurtulmaq, sağalmaq üçün də Ülgenə, Göyə-Günəşə pənah gətirərmişlər. Bu baxımdan, kazakların əski bir qəm-şaman ayinini anan tədqiqatçı xəstənin sarı-ağ başlı qoyuna baş əyib ona tapındığını yazır. Həmin qoyunun boynuna göy (və ya ağ) parça bağlayar və onu yeməzlər (yalnız xəstə ölən kimi qoyunu yeyərlər). Mirəli Seyidov bu ayində iki güclü inamın qaynayıb-qarışdığını qeyd edir: “Xəstənin ağ qoyuna baş əyməsi, sözsüz ki, ağ qoyun onqonuna inamla bağlıdır. Deməli, bu ayini icra edənlərdə ağ qoyun onqonu olmuşdur. Tapınılan qoyunun başının sarı olması da mifoloji baxımdan maraqlıdır. Sarı (qırmızı-oxra) rəngi Günəş tanrısının rəngidir. Xəstə, başı sarı-ağ qoyuna baş əyməklə Günəşə və qəbilə birləşməsinin onqonu bizi maraqlandıran başqa bir mifoloji hadisə də vardır. Xəstənin, başı sarı-ağ qoyunun boynuna göy və ağ parça bağlaması təsadüfi deyildir. Ağ - Ülgenin, göy isə - Göy  tanrısının rəngidir. Bununla da xəstə hər iki tanrıya sığındığını bildirirmiş.” Eyni zamanda İsgəndərin ölümünün təsvir edildiyi bir miniatürdə ağlayanların yalnız birində ağ, qalanlarında göy rəngli dəsmal olmasını da rəssamın matəm rənginə vurğu etməsi kimi izah edir.  Tədqiqata görə, ağ bayraq asmaq adəti hakimliyin, xaqanlığın, xanlığın əlamətlərindən biri sayılırmış və XX əsrin əvvəllərinə qədər Azərbaycanın bir sıra yerlərində qalırmış.

Nümunələrdən göründüyü kimi, əski inanclarda rənglərin istifadəsi həlledici rol oynayır. Təbii ki, bunların çoxu zamanın sınağından keçib dövrümüzə elə olduğu kimi inteqrasiya etmiş, bəziləri isə aktuallığını itirərək sıradan çıxmışdır. Bu gün də dəyişməyən ağ və qaraya münasibətin əski çağlardan gəldiyi danılmazdır.

Mirəli Seyidov yazır ki, əski insan ağı yaxşılığın, qaranı isə şərin əlaməti kimi qəbul etmiş, hərdən isə açıq (ağ) rəngli zərrəciklərdən xeyir başlanğıcının, tünd (qara) rəngli zərrəciklərdən pislik başlanğıcının yarandığına inanmışdır - elə bu təsəvvürə görə də vahidliyin, eyni şeyin parçalanmasından sonra əksliyin meydana çıxdığını qeyd edir. Tədqiqatçı bu məsələ ilə bağlı maraqlı sual qoyur: nə üçün işığın, xeyirxahlığın ifadəçisi olan ağ və göy rəngləri, həm də matəm əlaməti sayılıb? Bunun başlıca səbəbini əski xalqların kosmoqonik görüşlərində, kainatın yaranması ilə sıx bağlı olan mifoloji inamlarda axtarmalı olduğumuzu bildirən müəllif əski inanclara görə, mətnlərdə rənglərin işlənmə yeri barədə çoxsaylı nümunələr gətirərək sualına cavab tapır.

Mirəli Seyidovun tədqiqatları həmişə elmi ictimaiyyətin diqqətində olub, haqqında monoqrafiyalar, onlarla məqalə yazılıb. Araşdırmalarının yalnız müxtəlif elm sahələrinin deyil, həmçinin fərqli sənət sahələrinin də qovuşma nöqtəsi olan alimin əsərlərində interdisiplinar aspektin önə çəkilməsi elmdə müasir tendensiyaların izlənməsi baxımından aktualdır. Nəticə olaraq, izlədiyimiz qədərincə, Mirəli Seyidovda musiqi, təsviri sənət və ənənə; musiqi, təsviri sənət və ədəbiyyat məsələləri qismən intermedial müstəvidə əksini tapsa da, əsasən interdisiplinarlıq səviyyəsində gerçəkləşir. Alimin tədqiqatlarının bu aspektdən incələnməsi mifin yalnız keçmiş deyil, həmçinin bu gün olduğu, möhkəm zəmin üzərində çağdaş dünyagörüş sisteminin inşası və intişarını gün üzünə çıxarır. Bu cür çoxtərəfli yanaşma nəticə olaraq predmetin estetik xüsusiyyətlərinin kompleks formalaşmasını izləməyə imkan verir.