Menu
Azerbaijan National Academy of Sciences
Institute of Literature named after Nizami Ganjavi

SEARCHES. INVESTIGATIONS

People"s fateful concerns in Mirza Ibrahimov"s art - Parvana Mammadli

16-01-2024 [ 13:44 ] [ read:173 ]
printerA+ | A-

Summary

Mirza Ajdar oglu Ibrahimov was a significant Azerbaijani personality throughout the twentieth century. He created a rich legacy as a literary critic and cultural critic, in addition to being a writer, playwright, translator, sociopolitical and cultural personality.

     Mirza Ibrahimov's key creative lines are national independence, language, and national moral ideals. M.Ibrahimov was deeply involved in the social and literary environments of both North and South Azerbaijan as a public person and as a writer.
The acclaimed author is the author of the books "The Future," "Big Support," and "Parvaneh," as well as short tales and theatrical plays. Mirza Jalil wrote monographs on our classics such as Sabir.

The fact that a portion of the writer's childhood was related with South Azerbaijan, that he had really tough times there as a youngster, and that he was transported to Iran as an intellectual in a soldier's uniform in the 1940s left a lasting impression on the writer's memories. As a result, the major focus of M.Ibrahimov's works was tied to South Azerbaijan. At the heart of this work were questions of national destiny, such as preserving the people's historical past, addressing current challenges, and fulfilling social goals.

    "Future Day" and "Southern Stories," which he wrote in his 40s and 50s, as well as his creative and literary-publicist writings in general, might be dubbed the "Future Day" and "Southern Stories" of his generation.

    O illərdə Təbrizdə nəşr olunan “Vətən yolunda” qəzetinin redaktorlarından biri Mirzə müəllim olmuşdur. Lakin məşhur Əjdəroğlu - Mirzə İbrahimov qəzetin təkcə redaktə işləri ilə məşğul olmurdu. O mərhələdə Güneydə gedən ədəbi hərəkatın sağlam əsaslar üzərində formalaşmasında, ana dilli şairlərin yetişməsində Mirzə İbrahimovun  tarixi xidmətləri olmuşdur. Xüsusilə “Vətən yolunda” qəzetinin nəzdində “Şairlər məclisinin” yaranması və fəaliyyət göstərməsi cənubluların həyat salnaməsində qızıl hərflərlə həkk olunmuşdur.

    M.İbrahimov çoxşaxəli fəaliyyəti dövründə həm Şimali, həm də Cənubi Azərbaycanda ana dilimizin saflığı uğrunda dönmədən mübarizə aparmışdır. Ədib ictimai, ədəbi-bədii fəaliyyətində daim şimallı, cənublu Azərbaycanın problemlərini işıqlandırmışdır.

   Elmlər Akadmiyasında  Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin az zaman kəsiyində bir  elm mərkəzinə çevrilməsində və  bu mövzuya  ictimai  maraq  oyadılmasında Mirzə İbrahimovun  misilsiz xidmətləri olmuşdur.  Mirzə İbrahimov ömrü boyu xalqın mənəvi birliyi, dil birliyi və nəhayət coğrafi, siyasi birliyinin təmin edilməsi yollarında yoruladan məqsədyönlü fəaliyyət göstərmişdir.

 

Ən kövrək və yaralı yeri

 Mirzə İbrahimovun yaradıcılıq yoluna nəzər salsaq, onun ilk növbədə epik əsərlər müəllifi olduğunu görərik. “Böyük dayaq”, “Gələcək gün”, “Pərvanə” kimi romanlarının da, ”Həyat”, ”Kəndçi qızı”, “Yaxşı adam” “Madrid” pyeslərinin də qəhrəmanları canlı tarixin fəal qurucularıdır. Heydər Əliyev vaxtilə qeyd etmişdi ki, Mirzə İbrahimov öz əsərlərində böyük bədii təsvir qüvvəsilə müasir zamanın ən aktual məsələlərini əks etdirir və onun yaradıcılığını oxucular Azərbaycan tarixinin doğru-düzgün salnaməsi misalında görürlər. Mirzə Cəlil, Sabir kimi klassiklərimizə monoqrafiyalar həsr edib.Dünya ədəbiyyatından onlrla yazıçının əsərlərini dilimizə çevirmişdir.

        Cənubi Azərbaycan mövzusu M. İbrahimovun yaradıcılığında mühüm yer tutur. Bu mövzuya müraciəti sözsüz ki, daxili tələbdən, zərurətdən doğmuşdu. Və yaradıcılığının ən kövrək və yaralı yeri idi. Qəlbində daim böyük bir Cənub nisgili gəzdirən Mirzə İbrahimovun “Gələcək gün”, “Cənub hekayələri”, “Azad” operasının ssenarisi, onlarla publisistik, ədəbi-tənqidi yazıları vardır. Mirzə İbrahimov o torpaqda doğulmuşdu. Yeddi yaşında atası Əjdər kişi ailəsini aclıqdan qurtarmaq üçün  Bakıya gətirmişdi. Aradan  23  il  keçdikdən sonra, II Dünya savaşının ölüm-dirim illərində zabit şinelində ata yurduna getməli oldu.

    Əslən  cənublu olan M.İbrahimov 1941-1946-cı  illərdə aralıq  fasilə  ilə rəsmi  heyət tərkibində İrana getmiş və ordakı soydaşlarımızla bağlı taleyüklü və  əhəmiyyətli işlərinə imza atmışdı. O illərdən başlayaraq Cənubi Azərbaycan mövzusu ədibin  orada yazıçı  ğözü ilə müşahidə  etdiyi həyat səhnələri bir  çox əsərlərində  və yazdığı publisistik məqalələrində  əksini  tapmışdı.

     M.İbrahimov 40-cı illərdə Cənubi Azərbaycana gedərkən uşaqlıq illərindəki həyatını yada salır, doğma yerləri gəzir, qohumları və yaxınları ilə görüşürdü.

      O illərdə baş verən hadisələri - Azərbaycan mücahidlərinin ölkənin istiqlaliyyəti uğrunda apardığı ağır mücadiləni öz gözləri ilə gördmüşü. 

   Dili, milli kimliyi, azadlığı əlindən alınan xalqın halına yanmış, dərd-səri ilə yaxından ilgilənmişdi. Azadlıq və istiqlal yanğısını görmüş,azadlıq mübarizəsinə dəstək vermişdi.

    Və orada baş verən hadisələr onun əsərlərinə köçmüşdü. Bütün bu gedişatların təsiri altında M.İbrahimovun yaradıcılığında yeni bir yön, istiqamət - “Cənub hekayələri”, povestləri və məşhur "Gələcək gün" romanı meydana gəlmişdi.

     Ümummilli lider Heydər Əliyev M.İbrahimovun yaradclığını yüksək qiymətləndirib yazırdı: "Mirzə İbrahimovun roman janrında da xidmətləri böyükdür. O, "Gələcək gün", "Böyük dayaq", "Pərvanə" kimi epik əsərlər yaratmışdır ki, bunlar da Azərbaycan ədəbiyyatının, bütün müasir sovet ədəbiyyatının  həqiqətən görkəmli əsərlərindəndir. "Gələcək gün" romanı Cənubi Azərbaycanda inqilabi hərəkat haqqında, xalqın öz milli və sosial qurtuluşu uğrunda mübarizəsi haqqında inandırıcı, yüksək səviyyədə yazılmış bədii hekayətdir" (3, 67).

       “Gələcək gün” (1948) romanı ədəbiyyatda böyük bir hadisəyə çevrilə bilmişdi. (Qeyd edək ki, romandan ayrı-ayrı parçalar 1945-ci ildən başlayaraq Təbrizdə nəşr olunan “Vətən yolunda” qəzetinin səhifələrində ilkin variantda “Nakam məhəbbət” adı ilə çap edilmişdi. – P. M. )Dünyanın bir çox dillərinə tərcümə olunmuş, SSRİ Dövlət mükafatına layiq görülmüşdü. İsmayıl Şıxlı əsərin belə məşhurlaşmasının sirrini çox gözəl açıqlayaraq yazırdı: “Gələcək gün” romanı əvvəla, böyük bir ictimai dəyəri olan siyasi roman idi. İkincisi, bu əsər kəskin konfliktlər, böyük ehtiraslı insanlar, möhkəm iradəli nəhəng xarakterlər romanı idi. Bu romanda İrandakı bütün ictimai zümrələrin həyatı, psixologiyası, ictimai hadisələrə münasibəti, mahir bir sənətkar qələmi ilə təsvir edilib. M. İbrahimovun qələbəsi onda oldu ki, “Gələcək gün” romanı sadəcə olaraq qalmadı. Burada yazıçı ictimai hadisələri insanların taleyi ilə, psixoloji halları ilə çarpazlaşdıra bildi. İctimai hadisələri qəhrəmanların tərcümeyi halına çevirdi.”(10,84)

      Mirzə İbrahimovun 1930-cu ildə yazdığı “İrаn qızı” hеkаyəsində Ulduz adlı cənublu qızın faciəli həyatından bəhs edilir, İran həyatı və onun ziddiyyətli cəmiyyətini təsvir edilirdi. Sovet realizminə yad olan  bu mövzu o dövr üçün yeni idi. Və yazıçının sonradan qarşılaşdığı real həyatdan götürüb yazacağı "Cənub hekayələri" silsiləsinin bir növ işartısı idi.

      Cənub mövzusu  Mirzə İbrahimovun yaradıcılığında daha da genişlənərək əsərlərinin baş mövzusuna çevrilə bilmişdir. Ədib1946-1947-ci ildə yazdığı "Cənub hekayələri" ilə ümumən Azərbaycan hekayəçiliyində yeni səhifə açmışdır. Onun "İztirabın sonu", "Azad", "Tonqal başında", "On iki dekabr", "Salam sənə, Rusiya"adlı müstəqil hekayələr Azərbaycan hekayəçiliyinə yeni mövzu və orijinal obrazlar gətirmişdi. "Cənub hekayələri"nin ana xətti milli istiqlal hərəkatı və azadlıq ideyalarının təsviri ilə bağlı idi. Bu nəsr əsərləri  xalqın milli azadlıq mücadiləsini əks etdirməklə onu bədii yaddaşa köçürmüşdür.  

     "Cənub hekayələri"nin  küll halında 1941-1946-cı illər arasında Cənubi Azərbaycanda baş vermiş milli-demokratik hərəkat tarixinin dolğun bədii ifadəsi kimi meydana çıxdığını qeyd edən tənqidçi İslam İbrahimov yazırdı  ki, 1949-cu ildə yazılmış "İki həyat" hekayəsini də müəyyən mənada "Cənub hekayələri" silsiləsinin davamıdır” (6,61). Bu hekayələrin qəhrəmanları milli ideal uğrunda mübarizə aparır, bu yolda canından belə keçməyə özünü hazır hesab edir.

       M. İbrahimovun Cənub mövzusu ilə bağlı olan,amma   bu silsiləyə daxil olmayan "İran qızı", "Şairin yadigarı" , "İki həyat", "Bir günəşin işıqları" və başqa  nəsr əsərləri gerçək həyat hadisələrinin təsviri ilə yadda qalır. "Cənub hekayələri"  xalqı gələcək mübarizəyə hazırlamaq işində bir mənbə rolunu da oynamışdır.

       Ədib ictimai, ədəbi-bədii fəaliyyətində daim şimallı, cənublu Azərbaycanın problemlərini işıqlandırmışdır

 

O taya ana dili aparan ikinci ədibimiz

      Professor Yaşar Qarayevin vaxtilə qeyd etdiyi qiymətli bir fikri ilə razılaşmamaq mümkün deyil: “Mirzə Cəlildən sonra Arazı keçən, o taya ana dili aparan, Təbrizdə qəzet nəşr eləyən ikinci ədibimiz Mirzə İbrahimov oldu”.(1,49)

     Məhz Cənub mövzusuna sədaqəti onu nasirlərimiz içində hamıdan ayırdı. Mirzə İbrahimov o taya ana dilini aparmaqla yanaşı, Təbrizdə ana dilində nəşr olunan ”Vətən yolunda” adlı qəzetinin də bünövrəsini qoydu. "Vətən yolunda" ordu qəzetinin redaktorluğu Mirzə İbrahimova tapşırılmışdı. Qəzetin ilk sayı 1941-ci il oktyabrın 11-də çıxır. Qəzet əsasən oradakı azərbaycanlı əsgərlər üçün nəzərdə tutulmuşdu. Yerli əhali tərəfindən oxuna bilməsi üçün onun ərəb əlifbası ilə çapı qərara alınmışdı. Təbrizdə azərbaycanca günaşırı nəşr olunurdu.

     Qeyd etmək lazımdır ki, “Vətən yolunda” qəzeti 1920-ci ildə Xiyabani hərəkatı yatırıldıqdan sonra Azərbaycan dilində çıxan ilk qəzetlərdən olur. (İki dildə çıxan qəzetlər mövcud olsa da, Azərbaycan dilində materiallara çox az yer ayrılırdı – P.M.)  Qəzetin nəşr olunduğu müəyyən dövrlərdə (1941-1946) baş redaktorları Mirzə İbrahimov, Həsən Şahgəldiyev və Rza Quliyev olmuşdular. Qəzetin redaksiyasında yazarlardan Süleyman Rüstəm, Osman Sarıvəlli, Məmməd Rahim, Əvəz Sadıq, Qılman Musayev (İlkin), Seyfəddin Dağlı, İsrafil Nəzərov (məsul katib), Qulam Məmmədli, Cəfər Xəndan (baş redaktor müavini) və bir çox başqaları işləmişlər. 1946-cı ilin may ayına qədər davam edən qəzetin ümumilikdə 406 sayı çapdan çıxmışdır. (8, 64)

     Təbrizdə “Vətən yolunda” qəzetində Mirzə müəllimlə işləyən yazıçı Qılman İlkin xatirələrində yazırdı ki, Mirzədə fövqə vladə bir müşahidəçilik və dərk etmək istedadı vardı. Bu da ondan ibarət idi ki, o hansı bir vəzifəyə təyin edilirsə, qısa bir müddət ərzində, o sahənin mexanizminə, incəliklərinə dərhal dərindən yiyələnməyi bacarırdı. Təbrizdə də qəzet redaktə etməklə yanaşı, Cənubi Azərbaycanı qarış-qarış gəzir, ən ucqar kəndlərdə belə olur, əhali ilə görüşür, onların dərd və istəklərini öyrənirdi. Digər tərəfdən o, gələcək əsərləri üçün materiallar toplayır, gələcək nəsr və publisistik əsərləri üzərində düşünürdü. (9)

     Yazılarını çox zaman “Əjdəroğlu”, bəzi hallarda İ. Mirzə adı ilə imzalayırdı. “Vətən yolunda” qəzetində Mirzə İbrahimovun yazılarının az bir qismində imza olurdu. Qəzetdəki baş məqalə və redaksiya məqalələrinin onun qələminə məxsus olduğunu ehtimal etmək olar.

Qəzetin birinci sayındakı qəzetin adına uyğun adlandırılan “Vətən yolunda” adlı baş məqalədə yazılmışdı: “Sovet xalqı üçün öz vətəni daha əziz və doğmadır. Çünki bu vətən milyonlarla insanı azad çalışmaq, xoşbəxt yaşamaq, öz ana dilində oxuyub yazmaq, öz milli ədəbiyyat və incəsənətini irəli aparmaq imkanı vermişdir”. (12)

     Düzdür, sovet ölkəsindən gəlmiş redaktorun belə sözləri yazmasında qeyri-adi bir şey yoxdu. Amma Əjdəroğlu (şübhəsiz ki, yazı baş redaktorun qələminə məxsus idi – P.M.) yazıdakı ikinci cümləni verməklə cənublulara sanki bir mesaj göndərirdi; sizin də ana dilində oxuyub yazmaq hüququnuz var.

      "Vətən yolunda" 1920-ci ildə Xiyabani hərəkatı yatırıldıqdan sonra azərbaycanca çıxan ilk qəzetlərdən olur. 40-cı illərdən başlayaraq ölkədə şahlıq üsul-idarəsinə qarşı gedən mübarizənin yetirməsi olan demokratik ədəbiyyatın yetişməsində M.İbrahimovun bünövrəsini qoyduğu bu mətbuat orqanının mühüm əhəmiyyəti oldu.

     "Vətən yolunda"nın ilk sayi oktyabrın 11-də 4000 tirajla nəşr olunmuşdu. O illər üçün bu tiraj yüksək göstərici idi, lakin qəzetin ilk sayı qısa müddətdə satılıb qurtarmışdı. Qəzetin xalq arasındakı nüfuzunu göstərmək üçün yerli müəllif Məhəmməd Biriyanin yazdığı məqaləyə nəzər salmaq kifayətdir:

     Saat 10 radələrində Tərbiyət xiyabanından keçərkən əhalinin bir kiçik oğlanın dövrəsinə yığışaraq qəzet almalarını gördüm. Saqqalı ağarmış bir qoca kişi əlində pul tutaraq camaatı itələyə-itələyə ruznamə almaq istəyirdi. Ruznamənin birini alıb ona verdim. O sevincək ruznaməni alaraq dedi: Ağa, əgər mümkün olarsa, bir az oxu görək nə yazırlar. Onun xahişini yerə salmadım, oxudum. Qoca dərindən bir ah çəkdi. Mən heyrətlə səbəbini sual etdim.

   O üzünü mənə tutub: - Çox şükür ki, belə sadə dildə yazırsınız dedi və ruznaməni əlimdən alıb mənimlə xudahafizləşdi. Və ömrünün son illərində Azərbaycan dilində yazılmış ruznaməni əlləri titrəyə-titrəyə başqalarına göstərmək üçün sürətlə getdi".(12)

       Qəzetin səhifələri çeşidli rubrikalar altında publisistik yazılar və kəskin felyetonlar, incəsənətlə bağlı icmallar, nəsr və poeziya örnəkləri ilə zəngin idi. Bütün bunlar söz yox ki, qəzetin redaktoru Mirzə İbrahimovun gərgin zəhməti bahasına başa gəlirdi.

        Dərc olunan bədii örnəklərin əsas hissəsini poeziya təşkil edirdi. İlk saylarda S.Vurğun, S.Rüstəm, O.Sarıvəllinin şeirləri dərc olunmuşdu. O illərdə "Vətən yolunda" və "Azərbaycan" kimi qəzetlərdə folklorun toplanıb öyrənilməsi, yayılması işi geniş yayılmışdı. Uzun illər ana dilində təhsildən, mətbuatdan, kitab oxumaqdan məhrum olan azərbaycanlılar bəlkə də yalnız folklorun hesabına öz milli varlıqlarını qoruya bilmişdilər. Doğma dildə yazıb-oxuya bilməyən güneylilərin el nəğmələri, atalar sözləri, bayatıları, nağılları, dastanları dildən-dilə, eldən-elə dolaşırdı. Dil özəllikləri saxlanılmaqla qəzetdə çap olunan bu toplamalar xalq arasında maraqla qarşılanır, onları ruhən öz soykökünə səsləyirdi. M.İbrahimov çoxşaxəli fəaliyyəti dövründə həm Şimali, həm də Cənubi Azərbaycanda ana dilimizin saflığı uğrunda dönmədən mübarizə aparmışdır.

 

Türk dilində çıxan və Güney Azərbaycanda əl-əl gəzən qəzet kimləri narahat edirdi?

       "Vətən yolunda" qəzetinin geniş oxucu auditoruyası qazanması İran rəsmilərini narahat edirdi.

      Qəzetin mövzularına gəldikdə isə onlar iki istiqamətdə idi. Birinci istiqamət kommunist təbliğatı ilə bağlı idi. İkinci qismə isə Azərbaycan mədəniyyətini, keçmiş və çağdaş ədəbi isimləri, dil və ədəbiyyat tarixi, dünya ədəbiyyatını, məktəb və maarifi özündə əks etdirən yazılar aid idi. Bunlar milli şüuru və milli iftixar hissini oyatmağa xidmət edirdi.

     “Qəzetin Cənubi Azərbaycanın bütün şəhər və kəndlərində, Tehranda, Qəzvində və s. yerlərdəki azərbaycanlılar arasında oxucuları var idi. İran şəraitində əksər qəzetlərin 300-dən 3000-ə qədər oxucusu olduğu halda, “Vətən yolunda”nın oxucuları 15000-dən artıq idi. Oxucular günaşırı çıxan bu qəzetin hər nömrəsini səbirsizliklə gözləyir və yığıb saxlayırdılar. Əgər ilk fəaliyyət dövründə qəzet əsasən sovet mühərrir və yazıçılarının qüvvəsilə çıxmış və siyasi-ictimai materiallar vermişsə, ikinci dövrdə çoxlu yerli şair və mühərrir toplaya bilmişdir. (5,34)

      Qəzet özünə geniş oxucu auditoriyası toplaya bilmişdi. O illərdə “Vətən yolunda” qəzetinin həm də fəal əməkdaşı olan Qılman İlkin yazırdı ki, “yerli azərbaycanlılar bu qəzeti özlərinin doğma mətbuatı bilib oxuyur, ondan öyrənir və onda iştirak edirdilər. Getdikcə yerli ziyalılardan çoxları redaksiyamıza ayaq açdılar. Qəzetlə bağlı ən xoş arzu və minnətdarlıqlarını bizə bildirirdilər. Yerli ziyalılardan ilk tanış olduğumuz adam şair Biriya oldu. Onun qəzetimizin növbəti sayında çap olunmuş Hitler barədə satirik şeiri Təbrizdə böyük gurultu ilə qarşılandı. Ondakı satirik təbi hamımızı heyran qoymuşdu (8,54).

     Çox keçmir ki, Biriya qəzetin daimi müəllifinə çevrilir. Ondan sonra şəhərin bir çox yaşlı və cavan şairləri də qəzetin ətrafına yığışdılar.  Bunlardan Əli Fitrət, Mehdi Çavuşi, Mehdi Etimad, Səfvəd Yəhya Şeyda, Ərdəbildən Balaş Azəroğlu, Əli Tudə, daha sonralar şairə qızlardan Mədinə Gülgün, Hökumə Bülluri də qəzetin səhifələrində öz şeirləri ilə çıxış etməyə başladılar.

      Qəzetin cəmi 6 ay fəaliyyət göstərib qapadılması Güney Azərbaycanda olan siyasi işçilərin Bakıya geri çağırılması ilə əlaqədar idi. Bu işçi qrup ilə sovet hərbi-diplomatik nümayəndələri arasında münasibətlər ziddiyyətli idi.Tanınmış tədqiqatçı Cəmil Həsənli yazır: "Güney Azərbaycandakı proseslərin getdikcə milli müstəviyə keçməsi sovetləri o qədər də təmin etmirdi... Hətta A.Smirnov ilk olaraq türk dilində çıxan və Güney Azərbaycanda əl-əl gəzən "Vətən yolunda" qəzetinin bağlanması haqqında SSRİ Xarici İşlər Komissarlığına müraciət də etmiş, lakin M.C.Bağırov da öz növbəsində "Vətən yolunda"qəzetinin bağlanmasına etirazını bildirib vaxtında bunun qarşısını ala bilmiş, məsələnin müsbət həllinə nail olmuşdu...".(4,76)

       Təbii ki, “Vətən yolunda”  qəzetinin xalq arasında sevilib böyük uğur qazanmsı ilk növbədə qəzetin redaktoru Əjdəroğlunun böyük payı vardı.O, təşkilatçılığı, gərgin əməyi, kəsərli  qələmi və ürəyinin yanğısı ilə  buna haqq etmişdi. M.İbrahimov Cənubi Azərbaycanda gedən ictiamai-siyasi proeseslərlə sıx bağlı idi, burada qəbul olunan qərarları qəzetin səhifələrində dərc edir, təbliğat və təşviqat işində yaxından iştirak edirdi.

         Milli Hökumətin Ana Yasasının yazılmasında Mirzə İbrahimov yaxından iştitak etmişdi. Bununla yanaşı, ADF-nin proqram sənədləri, partiya protokolları, müxtəlif çıxış və məruzələr, Milli Hökumətin baş naziri Seyid Cəfər Pişəvərinin bir sıra məqalə və çıxışları, publisistik məqalələrinin 1946-cı ildə bir toplu şəklində "Qızıl səhifələr" adlı kitabda işıq üzü görməsində Mirzə İbrahimovun böyük rolu olmuşdu.

    1942-46-cı iillərdə Azərbaycan SSR maarif naziri işləyən Mirzə İbrahimov Güney Azərbaycanda maarif və mədəniyyətin təşkili işinə də məsul idi, bu işə xüsusu həvəs və şövqlə can yandırırdı.

 

"Şairlər məclisi" ənənəsi...

     1945-ci ildə "Vətən yolunda" qəzetinin nəzdində "Şairlər məclisi" təşkil olundu. Bütün Güney Azərbaycan və İranda şöhrət tapan "Vətən yolunda" qəzeti həm də az zaman içərisində yerli şairlərin ədəbi mərkəzinə çevrildi.

     Məclis "Şairlər məclisi" adı altında aylıq ədəbi məcmuə də hazırlayırdı.   Məcmuədə yalnız məclis üzvləri deyil, Cənubi Azərbaycan, həmçinin İranda yaşayan və ana dilində yazan başqa şairlər də iştirak edirdilər. Məcmuənin bütün sayları 1945-ci ilin noyabr ayında bir kitab şəklində çap olundu, 424 səhifədən ibarət olan bu kitabda 80-dən çox şairin 300-dən artıq şeir və poeması toplanmışdı.

      Qeyd edək ki, bu toplu Cənubi Azərbaycan yazarları ilə bağlı ilk antologiya kitabı idi. Aradan 40 il keçdikdən sonra Mirzə İbrahimovun rəhbərliyi və redaktorluğu ilə Bakıda da IY cildlik «Cənubi Azərbaycan ədəbiyyatı antologiyası» çap olundu.

     “Şairlər məclisi” üzvlərinin və onları əsərlərinin geniş xalq kütlələrinə tanıtmaq işində “Vətən yolunda” qəzetinin böyük rolu olmuşdur. Qəzetin səhifələrində Ə.Fitrət, M.Etimad (Milli Höku-mətin dövlət himninin sözlərini yazmışdı – P.M.), Çavuşi, B.Azəroğlu, İ.Zakir, M.Gülgün və digər məclis üzvlərinin yaz-dıqları əsərlərdən əlavə yaradıcılıqları haqqında da məqalələr verilirdi.

      Getdikcə sıralarına daha çox üzv cəlb edilən “Şairlər məclisi”nin təsiri altında başqa şəhərlərdə də ədəbi hərəkat canlanmağa başlamışdı.

      "Vətən yolunda" qəzetinə nəzər saldıqda hər iki taydan olan müəlliflərin də yaradıcılığında ilginc olan bir məqamı görməmək olmur. 1930-cu illər repressiyalarından, Stalinə, partiyaya mədhiyyə xarakterli əsərlər yazmaqdan usanıb-bezmiş qələm sahibləri tamamilə yeni bir mühitə düşmüşdülər. Onlar artıq düşündüklərini, içdən gələn hisslərini söyləyib yazmaqda nisbətən sərbəst idilər. Birgə ədəbi, elmi fəaliyyət üçün bir növ fürsət düşmüşdü, imkan yaranmışdı. "Vətən yolunda" qəzeti da bu imkandan yararlanırdı. Oradakı demokratik ovqat güneyli ziyalılarla yanaşı onlar üçün də ürəkdən olan bir mövzu idi.(9)

 

"Ana dili" sevdalısı… Azərbaycan dili uğrunda mücadiləsi

     Mirzə İbrahimov ictimai fəaliyyətində və ədəbi-bədii yaradıcılığında və Azərbaycan dilinə böyük yer ayırır və çox önəm verirdi. İstər Şimalda, stərsə də Cənubda da xalqın, dilini qoruyub saxlamağa, buna qarşı çıxanları tənqid edirdi.

     "Vətən yolunda" qəzetinin 1945-ci il 119-122-ci saylarında dərc olunmuş "Azərbaycan dili" adlı məqaləsində Mirzə İbrahimov ana dilinin hər bir insanın həyatında özəl önəm daşıdığını qeyd edirdi: "Ta qədim zamanlardan bəri tarix göstərir ki, hər hansı bir xalq öz millət və mənəviyyatını saxlamaq üçün vətəni və dövləti ilə bərabər öz dilini də saxlamağa cəhd etmişdir. Çünki hər xalqın ana dili onun milli varlığının və mənəvi aləminin ifadəsidir. Beləliklə, dil hər bir xalqın milliyyət və varlığını bildirən və qoruyan mühüm amillərdəndir"(12).

     O daha sonra hər bir xalqın dilinin onun milli varlığı və mənəvi aləminin ifadəçisi olduğunu vurğulayıb yazırdı: «Əsarət altına düşmüş heç bir xalq öz milli varlığının və dilinin məhv edilməsinə razı olmamışdır. Belə xalqlar siyasi istiqlaliyyət və dövlətdən məhrum olduqları halda ölüm-dirim mübarizəsindən əl çəkməmiş, öz milli varlıq, milli mədəniyyət və ana dillərinin saxlanmasına və tərəqqisinə səy etmişlər».(12)

    O illərdə Mirzə İbrahimovun yaxın məsləkdaşı, Milli Hökumətin qurucusu və rəhbəri S.C.Pişəvəri də “Əjdəroğlu” kimi “Ana dili” məsələsinə ciddi önəm vermiş, qurduğu dövlətdə rəsmi status almasına nail olmuşdu.

    Aradan illər ötəcək, Mirzə İbrahimov 50-ci illərdə yenidən Azərbaycan dili məsələsinə toxunacaqdı. Ali Sovetdə işlədiyi vaxt Azərbaycan dilini dövlət dili elan etməsi onun vətənə, xalqa xidmətlərinin alisi, zirvəsi idi. Və buna görə başı az ağrımadı. Qızı Sevda İbrahimova o illəri sonralar xatırlayıb yazacaqdı: "Atamın ali sovetdə işlədiyi vaxt qaldırdığı dil məsələsi – Azərbaycan dilini dövlət dili elan etməsi, onun həyatının ən vacib, ən yüksək nöqtəsi idi. Bu məsələ ilə ona nə qədər ittihamlar edildi, onu sındırmaq, əzmək istəyənlər oldu… Lakin atamın möhkəm iradəsi, dəyanəti, mərdliyi, cəsarəti və xalqına olan böyük məhəbbəti onu öz əqidəsində, öz prinsiplərində daha da möhkəmlətdi"(9)

    Xalq şairimiz Nəbi Xəzrinin təbirincə desək, Mirzə müəllim Şah İsmayıl Xətaidən sonra dilimizi dövlət səviyyəsində görür, bunun üçün imperiya siyasəti dövründə bacardığı işi görməyə çalışırdı.

 

Onun Stalinə yazdığı gizli məktub

     Mirzə İbrahimov bir yazıçı və dövlət xadimi kimi yüksəlsə də, parçalanmış Azərbaycanın birləşmək dərdi həmişə onun ürəyində qövr edirdi. 1944-cü ildə Mirzə müəllim Stalinə mühüm və gizli məktub yazır, surətini M.C.Bağırova yollayır. Məktubun surətini belə özündə saxlamağa ehtiyat edir. Az keçmir onu İrandan geri çağırırlar. Əvvəlcə M.C.Bağırov onunla söhbət edir. Sonra isə onu Kremlə çağırırlar, Molotovun qəbuluna. Çox get-gələ saldıqdan sonra buraxırlar. Məktubda yazılanlarla bağlı uzun illər keçdikdən sonra DTK-nın əməkdaşı Yasif Nəsirli Mirzə müəllimə həsr etdiyi xatirəsində yazıb. (3) Məktubda Gülüstan müqaviləsini ləğv etməyin vaxtının çatdığını, Azərbaycanın birləşib bir vahid dövlət olmaq kimi tarixi məqamının yetişdiyini Stalinə bildirirdi Mirzə müəllim.

       Mirzə müəlimin məsləkdaşı və dostu Seyid Cəfər Pişəvərinin də bu məsələ ilə bağlı bir  müraciəti olub. “Mircəfər Bağırova deyib ki, gəl bu məsələni Azərbaycan KP-nin bürosunda qoyaq və Azərbaycanı birləşdirək. Belə də ediblər – Azərbaycanda KP MK bürosu çağırılıb və Azərbaycanın birləşdirilməsi haqqında qərar qəbul edilib. 1946-da – müharibədən sonra. Sov.İKP MK Siyasi Bürosundan xahiş edilib ki, bu məsələ haqqında o da qərar qəbul etsin. Mircəfər Bağırov bu sənədi Stalinin yanına aparıb. Stalin onun məsələyə Siyasi Büroda baxılmaq arzusunu eşidəndə cavab verib: “Büro mənəm. Bu haqda heç söhbət də ola bilməz!”. Sənədi məhv edib. Bağırov bunu olduğu kimi Pişəvəriyə danışıb. (13)

    Mirzə Əjdəroğlu parçalanmış, bölünmüş Azərbaycanın birləşməsi ideyasını, məfkurə kimi beyinlərə,ürəkərə yerləşdirə bilmişdi. Bu ideyanın  mayasını Azərbaycanın tam müstəqil olması, bütöv Azərbaycan ideyasının yaşaması və gerçəkləşməsi təşkil edir.Mirzə müəllimin təbirincə desək “O gün uzaqda deyil,bir gün gələcək”...

 

Cənub mövzusunu ədəbiyyata Süleyman Rüstəm və Mirzə İbrahimov gətirdi

    Heç bir dövrdə Cənubi Azərbaycan  ədəbiyyatı ötən əsrin 40-ci illərində olduğu  qədər güclü,  siyasi hadisələrlə, kütləvi hərəkatla,  zəngin olub, xalq həyatı ilə  səslənməmişdir.

    Şair və yazıçılar demokratik hərəkatın  ədəbi iştirakçısına çevrilir, xalqı İran istibdadına qarşı çıxmağa səsləyir, mübarizə əzmini artırırdı. İyirminci yüzüllyin  40-cı illərində, İranda - Cənubi Azərbaycanda baş verən milli-azadlıq hərəkatında bir çox şair, yazıçı  və soydaşlarımız da ön sıralarda yer almış, silahı və qələmi ilə vuruşmuşdu

    Cənubi Azərbaycanda nəşr olunan mətbuat və ədəbiyyatda ədəbi-bədii publisistik yazılar az deyildi. O illərə qədər şimallı,çənublu Azərbaycand çap olunan nəzm və nəsr nümunələrində vətənpərvərlik və milli təəssübkeşlik hissləri 40-cı illərdəki kimi qabarıq və güclü deyildi. Və o illərdə “Vətən yolunda” qəzetinin səhifələrində ikiyə bölünmüş xalqın faciəsini, dərdini, hiss və duyğularını əks etdirən “parçalanmış vətən həsrəti”, “ayrılıq” mövzusu yaranırdı.

       Uzun illər (xüsusilə 1920-ci illərdən sonra) hər iki tayda- sovetlər birliyində bolşevik, İranda şah rejimi tərəfindən “ikiyə bölünmüş Azərbaycan məsələsi” mövzusu yasaq olunmuşdu. “Vətən yolunda” qəzetində dərc olunan materiallarda ikiyə parçalanmış xalqın mənəviyyatı, mədəniyyəti, tarixi, ədəbiyyatı küll halında verilirdi. O illərdə “Vətən yolunda” və “Azərbaycan” kimi mətbu orqanlarının səhifələrində ikiyə bölünmüş xalqın faciəsini, dərdini, hiss və duyğularını əks etdirən “parçalanmış vətən həsrəti”, “ayrılıq” və “vahid Azərbaycan” mövzusu yaranırdı. (8.72)

   Söz yox ki, 1941-1946-cı illərdə Cənubi Azərbaycanda milli ruhun oyanması, milli özünüdərkin bədii inikası Təbrizdə nəşr olunan “Vətən yolunda” qəzeti və “Azərbaycan” jurnalı ilə bağlı olmuşdur.

   1941-ci ildən etibarən hər iki taylı Azərbaycanlılar arasında bu günümüzə qədər gəlib davam edən bir ədəbi hərəkatın əsası qoyulurdu... Bu ədəbi qəzetin səhifələrində çap olunmuş Mirzə İbrahimovun nəsr əsərləri (və publisistik yazıları) və Süleyman Rüstəmin şeirləri ilə başlamış və günümüzə qədər davam etməkdədir. hər iki Azərbaycan müstəqil olmayanda ədəbiyyata gətirmişdilər.Bu gün  Simali Azərbaycan istiqlalına çatmışdır. Amma  bütövlük ideyası hələ  qüvvədədir və yaşayır.

    O illərdənbu hərəkatın layiqli davamçıları Rəsul Rza, Əli Fitrət, Hilal Nasiri, Məhəmmədhüseyn Şəhriyar, Səməd Vurğun, Bəxtiyar Vahabzadə, Məmməd Rahim, Balaş Azəroğlu, Həkimə Billuri, Mədinə Gülgün, Əli Tudə, Söhrab Tahir, İlyas Əfəndiyev, Məmməd Araz, Xəlil Rza, Sabir Rüstəmxanlı və digər neçə-neçə qələm sahibləri olmuş və əsərlərində ikiyə bölünmüş millətin faciəsini əks etdirmişlər.

     Beləliklə, bu fikirlə çoxları razılaşar ki, M.İbrahimov nəsrinin ən yaxşı səhifələri Cənubu Azərbaycan xalqının şah rejiminə qarşı və milli kimliyi uğrunda mübarizəsinə həsr olunub.

 

"Cənubi Azərbaycan" terminini  ilk  dəfə elmi  dilə Mirzə müəllim  gətirmişdi...

       Xatırladaq  ki, bu gün ədəbi, ictimai-siyasi  leksikonumuzda  işlənən "Cənubi Azərbaycan" terminini  ilk  dəfə elmi  dilə Mirzə müəllim  gətirmişdi. O vaxta qədər elmi və siyasi ədəbiyyatda yalnız "İran Azərbaycanı" məfhumu işlənirdi.

    1976-cı ilin mayında və Mirzə İbrahimovun təkid və təşəbbüsü  və Heydər Əliyevin xeyir-duası ilə Azərbaycan Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Cənubi Azərbaycan Ədəbiyyatını öyrənən və araşdıran  şöbə yarandı. Bu M.İbrahimovun son böyük işlərindən biri olub Cənubi Azərbaycanla bağlı fundamental tədqiqatların aparılması üçün hazırlanan zəmin idi. Nizami adına Ədəbiyyat İnstitutunun “Cənubi Azərbaycan ədəbiyyatı” şöbəsinə rəhbərlik edən Mirzə İbrahimovun o taylı soydaşıarımızın bədii söz örnəklərinin ciddi, sistemli öyrənilməsi, nəşri və yayılmasını təmin etmək yolunda zəhməti çox olub.

       Arazın o tayında yaşayan həmvətənlərimiz barədə mətbuatda açıq yazmağa və danışmağa imkan verilmədiyi bir vaxtda Ədəbiyyat İnstitutunda xüsusi şöbənin açılması çoxları üçün  gözlənilməz idi və  "XIX-XX əsrlər Cənubi Azərbaycan ədəbiyyatı şöbəsi" adlandırılması özlüyündə bir ədəbi hadisə oldu. Mirzə İbrahimov uzun  müddət  öyrənilməyən Cənubi Azərbaycan, ədəbiyyat tarixini meydana  qoymağı öhdəsinə götürmüşdü.

       Cənubi  Azərbaycanı tanıdıb,tədqiq  etmək bunun üçün bir  elmi  Mərkəz  yaratmaq  böyük  bir  hünər və qeyrət tələb  edirdi. Bir  zamanlar   Ana  dili  ugrunda  mücadilə  aparan, bu  işdə hətta yüksək  vəzifəsindən və səlahiyyətlərindən   keçən belə  bir  fədakar ziyalı  o dövrdə  az qala  yasaqlanmış Cənubi  Azərbaycan  məsələsini meydana  atıb bu  işi  görə  bilərdi.

      Mirzə İbrahimov özü bu barədə sonralar yazacaqdı: "Cənubi Azərbaycan ədəbiyyatını toplamaq, tədqiq etməkdə ilk addımdaca qarşımıza çıxan vacib məsələ haradan və nədən başlamaq məsələsi idi. Ayrı-ayrı yazıçıların əsərlərini toplayıb çapa vermək cəlbedici təsir bağışlayırdı. Lakin bu yol uzun yol idi, ədəbiyyatın ümumi mənzərəsini yaratmaq işini xeyli uzağa atırdı. Halbuki müəyyən konkret dövrdə, məsələn, XIX əsrin birinci yarısındakı kitablarda, tədqiqat əsərlərində, cari mətbuatda çap olunmuş əsərlərdən mümkün qədər ən yaxşılarını toplayıb antologiya şəkilində çapa verməyi əməkdaşlarımız razılıqla qarşıladılar. Beləliklə də işə başladıq".(2, 34 )

       Qarşıda  görülməli  çox  işlər  var  idi. Cənubi Azərbaycan ədəbiyyatı müxtəlif qaynaqlardan toplanmalı, tərtib  olunub hazırlanmalı,şərh  və  izahlarla nəşr  olunub xalqa çatdırılmalı idi. Eyni zamanda Cənubi Azərbaycan ədəbiyyatına aid ayrı-ayrı problemlərin araşdırılması prosesi araşdırılmalı idi. Bütün  bu  işləri başda  Mirzə  İbrahimov  olmaqla  şöbə  əməkdaşları özlərinə  vətəndaşlıq  borcu  bilirdilər.

   Mirzə İbrahimovun layihəsi və redaktorluğu ilə şöbə əməkdaşlarının tərtib və nəşr etdirdikləri dördcildlik "Azərbaycan ədəbiyyatı antologiyası" bu sahədə ilk monumental elmi abidə oldu.

   Antologiyanın birinci cildi XIX əsr Cənub ədəbiyyatını, ikinci cildi XX əsrin qırxıncı illərinə qədərki Cənub ədəbiyyatını, üçüncü cildi 1941-1953-cü illər Cənub ədəbiyyatını, dördüncü cildi 1953-cü ildən müasir dövrümüzə qədərki Cənub ədəbiyyatını əhatə edirdi.

      2005-ci  ildə "Cənubi Azərbaycan ədəbiyyatı antologiyası”nın rus dilində iki cildliyinin şöbənin keçmiş  əməkdaşıı  Elmira Axundova və Xuraman Quliyeva tərəfindən  hazırlanıb    nəşr olunması təqdirəlayiq bir hadisə idi. Bununla  cənublu yazıçıların oxucu dairəsinin daha  çox genişlənmisinə  yol açıldı.

    Ötən əsrin 80 ci illərinə  qədər Cənubi Azərbaycan ədəbiyyatı bütövlükdə tədqiqat obyekti olmamışdı. Mirzə İbrahimovun layihəsi və redaktorluğu ilə şöbə əməkdaşlarının tərtib və nəşr etdirdikləri nəşrlər bu sahədə ilk monumental elmi abidə oldu. Son illər Azərbaycanda və onun hüdudları xaricində Cənubi Azərbaycan ədəbiyyatı mövzusundabir  çox  kitabların, tədqiqat əsərlərinin, dissertasiyaların yazılması fikrimizi təsdiq edir.

    Özəlliklə IV cildlik "Azərbaycan ədəbiyyatı antologiyası" Bütöv Azərbaycan ədəbiyyatını öyrənib  araşdıran tədqiqatçılar üçün  masaüstü bir kitaba  çevrilib.  Belə  ki,Turkiyədən Ali Kafkasyalı  İran Türk Edebiyatı Antolojisi( 2002) İrandan Həmid Arğış “80 il hekayəmiz”(2005), Quzey və Güney  Azərbaycandan Vaqif Sultanlı və İrəc  İsmayıl ” Güney Azərbaycan nəsri antologiyası” (2017)adlı  tərtib edib  hazırladıqları  kitablarda IV cildlik "Azərbaycan ədəbiyyatı antologiyası"ndan örnək gətirmiş ilkin faydalı  mənbə kimi bəhrələnmişlər.

   Mirzə İbrahimovun dissertantı və özündən sonra qurduğu şöbəyə rəhbərliyi etibar  etdiyi profesor Teymur Əhmədov  məqalələrindən  birində  yazırdı  ki, ”Azərbaycanın folkloru, yazılı ədəbiyyatı, tarixi dərindən-dərinə öyrənilməlidir. Çox təəssüflər ki, müvafiq  cavabdeh qurum bu məsələnin dövlət səviyyəsində həlli barədə düşünmür. Mirzə İbrahimov adına Cənubi Azərbaycan İnstitutu yaradılmalıdır. Müstəqil ölkəmizdə bu qurumu cəsarətlə yaratmağın vaxtı çoxdan çatmışdır. Sovet dövründən qalma, gözüqı-pıq mütilik azarından əl çəkilməlidir. Günəş zenitə qalxmışdır!..(2,54 )

     "Cənubi Azərbaycan ədəbiyyatı" şöbəsi 1996-cı ildə bərpa olunduqdan sonra da elmi tədqiqat işləri Mirzə İbrahimovun layihə və tövsiyələri yönündə Teymur  Əhmədovun rəhbərliyiilə  yenidən davam etdirilmiş və Cənubi Azərbaycan ədəbiyyatı tarixi, onlarla monoqrafiya, bir sıra şair və yazıçıların tərcümə transliterasiya və tərtib edilmiş "Əsərlər", "Seçilmiş əsərlər"i, məqalə məcmuələri, dövri mətbuatda dərc olunmuş çox sayda araşdırma,tərtib-tanıtım xarakterli   əsərlər meydana gəlmişdir. Cənubi Azərbaycanın demək olar ki, bir çox qələm sahiblərinin həyat və yaradıcılığı, əsərləri şöbə əməkdaşlarmın rəngarəng mövzulu saysız-hesabsız əsərlərində geniş işıqlandırılmışdır.

       2015-ci  ildə  Ədəbiyyat  İnstitutunun  və  Azərbaycan mədəniyyətini  Avropada tanıdan  TEAS mərkəzinin birgə  layihəsi əsasında şöbənin  əməkdaşı Pərvanə Məmmədlinin toplayıb  tərtib etdiyi transliterasiya, müqəddimə,izah  və  şərhlərlə birgə  hazırladığı   Güney Azərbaycan ədəbiyyatı antologiyası(Çağdaş dövr)  toplusu IV cildlik "Azərbaycan ədəbiyyatı antologiyası" sının müasir  dövrümüzdə bir növ davamı idi.

       2016-cı  ildə "Cənubi Azərbaycan ədəbiyyatı” şöbəsinin  yaranmasınnın 40  ili tamam  oldu.Şöbənin  əməkdaşı   Lətifə Mirzəyevanm "Cənubi Azərbaycan ədəbiyyatı araşdırma mərkəzi" (2017) - kitabında son qırx ildə şöbə əməkdaşlarının elmi fəaliyyəti dolğun, hərtərəfli işıqlandırılmış, onların gördüyü işlərin ədəbi ictimaiyyət tərəflndən təqdir olunmasını nəzərə çarpdırmaq üçün tədqiqatçı alimlərin rəyləri verilmişdir.

     Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin az bir zaman kəsiyində bir  elm Mərkəzinə çevrilməsində, Cənubi Azərbaycan şifahi və  yazılı  ədəbiyyatının, ədəbi-tənqidi fikrinin ilk  dəfə geniş miqyasda  öyrənilməsini, nəşrini və   təbligini həyata keçirməsində,bu mövzuya  ictimai  maraq  oyadılmasında Mirzə İbrahimovun  əməyi danılmazdır.

       "Gələcək gün" romanı Azərbaycan sovet ədəbiyyatını yox, ümumən Azərbaycan milli- mənəvi fikrinin genişliyini ifadə edir. "O gün gələcək" - bu şüar deyildi, bütöv Azərbaycan arzusunun ifadəsi idi.”(11,12)

      XX əsrdə Azərbaycanın şimal və cənubunda verən mənəvi-əxlaqi, siyasi-sosial olaylar M.İbrahimovun əsələrində bədiiliklə yanaşı tarixi xronikallığını qoruyub saxlayır və bu gün də böyük aktuallıq kəsb edir. M.İbrahimov ümimilikdə Azərbaycanda azadlıq hərəkatının və milli mücadilənin başında duran unudulmaz şəxsiyyətlərimizdən olmuşdur.

 

Ədəbiyyat

1. Qarayev Yaşar.Azərbaycan ədəbiyyatı XIX-XX yüzilliklər. Bakı,2002.

2. Əhmədov Teymur.Böyük ictimai xadim,yazıçı Mirzə İbrahimov. Bakı.2011

3. Əliyev Heydər Xalqa həsr edilən yaradıcılıq (//"Azərbaycan" jur., 1981, № 10, s. 67

4. Həsənli Cəmil.”Soyuq müharibənin başlandığı  yer.Güney Azərbaycan.1945-1946”.Bakı, 1994

5. Xəndan Cəfər.”Uğur yolu”.Bakı,1987

6. İbrahimov İslam. M.İbrahimovun nəsri haqqında bəzi mülahizələr // “Azərbaycan”jur., 1962, № 12

7. İbrahimov Mirzə. (Seçilmiş. Əsərləri. İki Cilddə. I Cild. “Şərq-Qərb”, Bakı, 2005.)

8. Məmmədli Pərvanə. Cənubi Azərbaycan mətbuat tarixi. Bakı, 2009.

9. Məmmədli Pərvanə. “Dilimizin fədakar qoruyucusu-Mirzə İbrahimov”. "525-ci qəzet”,18 04,2011

10. Şıxlı İsmayıl. Yorulmaz sənətkar.“ Azərbaycan” jur., 1981, № 10,

11. Yusifli Vaqif.Ön söz.İbrahimov Mirzə. Seçilmiş. Əsərləri. İki Cilddə. I Cild. “Şərq-Qərb”, Bakı, 2005

12. “Vətən yolunda” qəzeti. Müxtəlif sayları

13. “https://elcibey.wordpress.com/2006/02/13/butov-azərbaycan-haqqinda/