Menu
Azerbaijan National Academy of Sciences
Institute of Literature named after Nizami Ganjavi

SEARCHES. INVESTIGATIONS

Artistic and journalistic embodiment of faith in independence - Abid Tahirli

17-05-2024 [ 15:42 ] [ read:86 ]
printerA+ | A-

Artistic and journalistic embodiment of faith in independence - Abid Tahirli
"AZERBAIJAN QUESTION" IN THE MEMOIR-NOVEL "STORIES OF MY LIFE" BY THE IMMIGRANT AZIZ ALPOUD

Əziz Alpoudun bəzi silahdaşlarına, fərqli partiyaya mənsub bir sıra istiqlal mücahidlərinə münasibətində ifrat qınağa, yersiz tənqidlərə rast gəlinirsə, onun Vətən satqınlarına, xəfiyyə və xainlərə qarşı barışmaz və amansız olduğu da diqqətdən yayınmır. O, "sapı özümüzdən olan baltaları" "sinəmizdə bəslədiyimiz yerli xainlər, yəni içimizdəki şeytanlar" adlandırır və 28 Aprel 1920-ci hadisələrinə işarə ilə yazırdı: "Vətən xainlərin əlinə keçmişdi. Beləliklə, rusların planı baş tutmuşdu. Şayiə yayılmışdı ki, millət kommunistləri hakimiyyətə gətirmiş, o da rus ordusunu "özlərini qorumaq" üçün dəvət etmişdir... Rus imperiyasının hər yerdə tətbiq etdiyi taktika... Sözdə, Azərbaycan Müstəqil bir dövlət olaraq qalacaqdı, yalnız rejim dəyişəcəkdi... Bəli! Rus çəkməsi yenidən Vətənimizi çığnayır və rus istilası yurdumuzu qana boyayacaqdı".

Memuar müəllifi göstərir ki, Vətənə xəyanət edərək bolşeviklərə quyruq bulayanların, onlara xidmət göstərənlərin aqibəti sonda faciə ilə bitir: "Kommunizm, bolşevizm qardaşlığına, cənnətinə inanaraq, rus canavarlarına yardım edəndən sonra, aradan götürüldülər. Bəziləri "milli təmayülündən", bəziləri sözdə "proletar mübarizəsinə etdikləri xəyanətdən" dolayı, bəziləri də... Heç!.. Soruşan varmı?.. Kim cəsarət edər?.. Millət heç vaxt bu vətən xainlərini unutmayacaqdır". Azərbaycan legionerlərinin lideri mayor Əbdürrəhman Fətəlibəylinin məktubu və onun qətlə yetirilməsi hadisəsi satqın və xainlərin nə qədər mənəviyyatsız, eyni zamanda təhlükəli olduğundan xəbər verir: "1 dekabr 1954-cü il, çərşənbə, saat 21.30: Bu gün "Cümhuriyyət" qəzetində, Münhendən gələn dəhşətli bir xəbər oxudum. "Noyabr ayının 20-də zavallı yoldaşım və Milli Birliyimizin üzvü, mayor Əbdürrəhman Fətəlibəylini vurublar. Vuran da Mikayıl İsmayılov adlı bir şəxsdi... Yazıq Əbdürrəhman bəy, 12.10.1953-cü il tarixli məktubunda belə yazırdı: "Olduqca böyük bir dərdimiz var. Buraya gəldikdən sonra, bu iki il ərzində, əleyhimə bir çox provakasiyalar apardılar. Sovet İttifaqından şübhələnməyə başlamışdım... Haqlıyammış! Son vaxtlar məsələ büsbütün aydınlaşdı. Belə ki, bu işin içində bizimkilərdən də var... Onlara tapşırılan işlərdən biri də, məni öldürməkdir! Məni narahat edən də, elə budur: İçlərində, aralarında bizimkilərin də olmasıdır!.. Çox yaza bilmirəm... İzləyirlər!"

Əsərdə ermənilərin "Daşnak" partiyasının xalqımıza qarşı düşmənçilik hərəkətlərinə, bədnam və məkrli qonşularımızın havadarlarının maddi, mənəvi dəstəyi ilə törətdiyi saysız-hesabsız cinayətlərə, qətliamlara və vəhşiliklərə dair ciddi, tutarlı faktlar var. Əziz Alpoud "Daşnak" partiyasının adamları, zavallı erməni millətini fəlakətə sürükləyirdilər" - yazır və 1918-ci Mart qırğınına işarə edərək bu partiya üzvlərinin simasılığını, riyakarlığını ifşa edir: "Daşnak" partiyasına mənsub olduqları halda, kommunist donu geyinirlər". Əziz Alpoud şahidlik etdiyi, iştirakçısı olduğu, gözü il gördüyü hadisələrə, tarixi faktlara və sənədlərə istinadən erməni vandalizmindən bəhs edir. Əziz hələ körpə ikən ermənilərin silalandığını görür, onlara bu silah-sursatın nəyə lazım ola biləcəyi haqda düşünürdü. İllər keçir, sonralar baş verənləri Ə.Alpoud belə xatırlayır: "Ermənilər qəflətən türklərə hücum etmişdilər. Yarım saat keçməmişdi ki, bizim məhəllə ermənilər toplaşan iki qarşı təpədən gülləboran edildi. Heç kim bunun səbəbini anlamadı: Bu düşmənçilik haradan? Daim türklər və ermənilər çox yaxın iki dost kimi dolanırdılar. Hərəkətləri, ənənələri bir, eyni havaları söylər, eyni musiqi onları coşdurardı. Azərbaycanın bir çox yerlərinə tək-tük erməni kəndləri səpələnmişdi. Onlara pislik etmək heç kimin ağlından belə keçmirdi. Bir çox ermənilər qonşu türk kəndlərindəki tanışlarının uşaqlarına kirvə olurdular. Onlar artıq evin ən yaxın dostu sayılardı. Toy və bayramlarda bir-birini ziyarət edər, dərd-sərlərini bölüşərdilər. İndi nə olmuşdu? Bu düşmənçilik haradandı? Səbəbi nə idi? Heç kim o zaman bu suallara cavab verə bilməmişdi. Ancaq ortada bir həqiqət var idi: Təpədən-dırnağa silahlanmış ermənilər türklərə vəhşicəsinə hücum etmişdilər". Müəllifin təbirincə desək, "rus uşağı" ermənilər "dayanmadan, ara vermədən məhəlləyə güllə yağdırırdılar". Müəllif ermənilərin ruslar tərəfindən silah-sursatla yaxşı təmin edildiyini, "cəhbəxanalarının bol olduğunu", azərbaycanlıların isə güc-bəla ilə ordan-burdan isə yalnız "köhnə tüfənglər, tapançalar, xəncərlər, qəmələr" toplaya bildiyini qeyd edir və yazırdı ki, hər tərəfdən bəd xəbərlər gəlirdi, bizimkilərin itkisi çox idi, çoxlu evlər yandırılıb külə dönmüşdü, eyvanımız, qaçıb canlarını qurtaran arvad-uşaqlarla dolurdu. Ə.Alpoud bu qırğında rusların araqızışdırıcı rolunu, ermənilərin də bu siyasətdə oyuncaq, alət olduğunu, bunu anlamadıqlarını təəssüflə diqqətə çatdırır.

Onun fikrincə, tarixən mehriban qonşuluq şəraitində yaşayan iki xalqın düşmən kəsilməsinə səbəb bir tərəfdən rusların Qafqazdakı imperialist siyasəti idisə, digər tərəfdən də ermənilərin torpaq əldə etmək, qan içmək hərisliyi, xəbisliyi və kiminsə himayəsində kölə kimi yaşamaq vərdişi idi: "Hər zaman qardaş kimi yaşayan bu iki millətin lazımsız yerə qanı tökülürdü. Buna səbəb isə rusların iblis siyasəti, digər tərəfdən də ermənilərin axmaqlıqları - Türkiyədən, İrandan, Azərbaycandan qoparacaqları torpaqlarda "Böyük Ermənistan" qurmaq niyyətləri idi. Elə bu səbəbdən də ermənilər türklərə əsl düşmən kəsilmişdilər. Deyirlər ki, ayı meşədən küsüb, meşənin xəbəri yoxdu! Eləcə də türklərin erməni düşmənçiliyindən xəbəri yox idi. Amma gec də olsa, öyrəndik". Azərbaycanlıların mərhəmətli, insanpərvər, yardımsevər, kin-kudurətsiz millət olduğunu Ə.Alpoud Tiflisdə liseydə təhsil aldığı vaxtlarda sətəlcəm olub xəstəxanada yatdığı zaman başına gələn bir əhvalatı danışmaqla anladır. Arabir balaca xəstələrə də baş çəkən Ə. Alpoud danışır ki, bir dəfə bir erməni qadınını 2-3 yaşındakı körpəsini ölümcül vəziyyətdə xəstəxanaya çatdırdılar. Digər uşaqların onun bu halını görməsini istəmədiyindən onu mənim otağıma gətirmək istəyirdi: "Məmnuniyyətlə!" - dedim. Balacanın kiçik beşiyini mənim otağıma gətirdilər. Yazıq uşaq canı ilə əlləşirdi. Əziz Alpoud yazır ki, mən erməni qadınını sakitləşdirir, ona ürək-dirək verir, lazım olan kimi tibb bacısını, həkimi palataya çağırır, bir sözlə, uşağın xilası üçün nə lazımdırsa edirdim. Erməni qadının isə nigaranlığı keçmir, sakitləşmirdi: "Erməni qadın uşağın yanında oturub, dil qəfəsə qoymadan türkcə məndən soruşurdu: - Necə, uşaqda bir şey varmı? Aman balam! - deyə dizlərinə döyürdü.

Mən qadını yaxınlaşan fəlakətə hazırlamaq istəyirdim:

- Neçə uşağınız var? - deyə soruşdum.

O, sevinclə:

- Beş! - dedi.

- Allah saxlasın! - dedim.

Qadın çox şad oldu. Sanki mənim belə deməyimlə balası da qurtulmuşdu".

Ə.Alpoud bacardıqca qadına təsəlli, təskinlik verir, ümidini sönməyə qoymur. Erməni qadın da bunu dəyərləndirir: "Allah səndən razı olsun, oğlum! Sən olmasaydın, mən burada tək-tənha dəli olardım.

Hə, özünü bu qədər rusun arasında tənha hiss edirdi, bir türk ona yaxın və dost idi. Bunu cahil qadın hiss edir, erməni milləti bilir, ancaq bir ovuc avantürist erməni millətini rusların fitnəsinə uyaraq, türk dostları ilə düşmən etmək istəyirdilər. Belə düşünə-düşünə 1905-ci il fəlakətini xatırlayıb, təəssüflənirdim. Halbuki qarşıda daha faciəli bir qarşıdurmanın olacağını təsəvvür belə etmirdim".

Müəllifin "qarşıda daha faciəli bir qarşıdurma" kimi xatırladığı faciə isə xalqımızın tarixinə milli matəm kimi düşmüş Mart soyqırımıdır. Bakıda və Şamaxıda 1918-ci ilin mart ayının 30-da ermənilər tərəfindən törədilən qırğın bu qanlı faciənin başlanğıcı olmuşdu. Bir neçə gün ərzində bu şəhərlərin və ətraf kəndlərinin dinc azərbaycanlı əhalisi amansızlıqla bolşevik-daşnak hərbi qüvvələri tərəfindən görünməmiş dəhşətli cəza aksiyalarına - talan və qırğınlara, qarətə, şəhər və kəndlər isə yanğın və dağıntılara məruz qalmışdı. Bakı və Şamaxıdan sonra müsəlman qırğınları və talanları Göyçay, Ərəş, Cavad, Nuxa, Quba qəzaları kəndlərini və Quba şəhərini, Gəncə şəhərinin ətraf kəndlərini, Lənkəran, Zəngəzur qəzalarını, həmçinin Qarabağın azərbaycanlılar yaşayan bütün yaşayış məntəqələrini əhatə etmişdi. Mart qırğınları zamanı bir çox tarixi binalar, qəzet, jurnal redaksiyaları, teatrlar, kinoteatrlar, məktəblər, yandırılmış, evlər qarət edilmişdi. Bütün bu faciəni yaşamış Əziz Alpoud memuarında gördüklərindən, faciəni doğuran səbəblərdən, əli silahlı ermənilərin vəhşiliyindən, silahsız azərbaycanlıların məruz qaldığı məşəqqətli günlərdən geniş bəhs edib. Bakıdakı erməni qətliamını öz gözləri ilə görmüş Ə.Alpoud yazır: "Nəticə kədərliydi: ermənilərin mülki və əsgəri birlikləri bizdən on minə qədər uşaq, qadın və kişi qətlə yetirmişdilər. Bu vəhşiliyi mən ermənilərdən gözləməzdim. Uşaq və qadınları məsciddə; hamamda qaynar suya salmaqla, süngülərə keçirməklə qətliam törətmişdilər. Bəzilərini də başıaşağı asmışdılar. Belə ki, göyərmiş meyitləri tanımaq çox çətin idi" .

Tarixi "İslamiyyə" binasının ermənilər tərəfindən təcavüzə məruz qalması və yandırılması səhnələrini "Əziz Alpoud göz yaşları ilə yazmışdır" - desək, yanılmarıq.

Əsərdə ermənilərin təkcə xalqımıza qarşı yox, bütün Qafqaza xəyanət etdiklərini, mühacirətdə Qafqaz birliyi ideyasına qoşulmadıqlarını, bununla da ümumi mübarizəyə zərbə vurduqlarını təəssüflə qeyd edilir: "Kaukasısche Vertrauunqsstelle"də vaxtaşırı toplantılar olurdu. Azərbaycanlılar, Şimali qafqazlılar, İdil, urallılar, krımlılar, türkistanlılar, gürcülər... (ermənilər bizə qatılmırdılar...) Burada toplaşanların hamısının da ürəyində eyni arzunun atəşi yanırdı: Rusiyadan xilas olmaq arzusu... Azad yaşamaq istəyi!.. Üç əsrə yaxın Türk millətinin Qızıl Orda köləsi olan, kiçik Moskva knyazlığı, fitnə-fəsadla, qədim Roma imperatorlarının: "Separeetimpera" ("Parçala və hökm et!") atalar sözlərinə uyğun bizi parçalamağı və tikə-tikə udmağı bacardı".

Memuarın diqqətçəkən məziyyətlərindən biri dilinin zənginliyi, koloriti, canlı, oynaq və obrazlı olmasıdır. Mövzu baxımından maraqlı və aktual olması ilə yanaşı, əsərdə bədii təsvir və ifadə vasitələrinin zənginliyi də memuarın oxunaqlığını şərtləndirən amillərdəndir. Yazılanlardan məlum olur ki, Ə.Alpoud mətbuatla sıx əlaqə saxlayır, əməkdaşlıq edir, müxtəlif səpkili elmi-publisistik əsərlər yazır, tərcüməçilik fəaliyyəti ilə məşğul olurdu. O, xalqının adət-ənənəsinə sadiq, tarixi köklərə vurğun, milli-mənəvi dəyərlərə sahib olması ilə yanaşı, həm də zəngin yaradıcılıq təcrübəsinə malik ziyalıdır. Bakı ilə ayrılıq zamanı o, kövrək düşüncələrini təsirli dillə paylaşır: "Elə bu ərəfədə, dərslərin üç gün sonra başlayacağına dair rəsmi kağız gəldi. Artıq sevgili Bakımızdan ayrılmaq lazım gəlirdi. Bəlkə də elə ilk baxışdan qəribə gəlir, necə olur ki, Bakı yaşıl, gözəl mənzərəli Tiflisdən üstün tutulur. Ancaq bir az dərindən düşünülərsə, zənn edirəm ki, mənə haqq verilər. Bakıda hər şey mənimdir. Türk olan xalqı da, Qız qalası da, səhərlər hələ günəş doğmadan ayna kimi dümdüz; İrana, Türküstana yayılan Xəzəri də, ətrafını dövrələyən sarı bərəkətli qumlu çölləri də, möhtəşəm bir meşəyə bənzəyən neft buruqları da mənimdir!"

Ə.Alpoud obraz yaratmağın ustasıdır. Onun təsviri oxucunun gözü qarşısında bir səhnə, mənzərə canlandırır: "Beli qurşaqlı, uzun çuxalı faytonçu çemodanlarımızı arabada yerləşdirdikdən sonra, atları sürdü". Memuaristin hər sözündən, hər sətrindən ana Vətənə, doğma yurda, onun sakinlərinə sonsuz məhəbbət hiss olunur: "Beşinci sinifdən altıncı sinfə keçdiyim yay anam Tiflisə getdi və məni qohumlarının olduğu Salahlı kəndinə apardı. Salahlı stansiyasında qatardan düşdük. Bizi bir cüt kəl qoşulmuş iki təkərli kənd arabası gözləyirdi. İçinə həsir, üzərinə də döşək və xalı sərilmiş arabanı da Lətif dayı sürürdü. Qasım dayı da qır bir ata minmişdi, başında uzunsov tüklü papaq, əynində milli geyimimiz; arxalıq və üzərində çuxa, belindəki qayışda xəncər və çiynindən sallanan bir "Berdanka" və sinəsində yekə, yumru, gümüş kimi parlayan bir meşəbəyi gerbi vardı". Müəllif təbiət mənzərələrini o qədər inandırıcı, güclü təsvir edir ki, oxucu sanki kitabla, quru kağızla yox, təbiətlə təmasdadır, hadisələrin içərisindədir: "Bir ağaclıq qədər məsafə qət etmiş və Beşim kəndini elə yenicə ötmüşdüm ki, narın yağış çiləməyə başladı. Xəzər tərəfdən gələn qara buludlar göy üzünü bürüdü. Az sonra fırtına qopdu... Fırtına - nə fırtına! Zəncirini qırıb, adama cuman quduz bir köpək kimi... Dəhşətli bir külək göydən enən yağış sularını şiddətlə üzümə çırpırdı. Belimdəki yol çantası ilə birlikdə məni göyə qaldırmaq istəyirdi sanki... Çox çətinliklə irəliləyirdim. Qum təpələrinin arxasından coşmaqda olan Xəzər dənizinin gurultusu eşidilirdi". Təsvirlərdəki bənzərsizlik, təkrarsızlıq, rəngarənglik gözə işıq, ruha rahatlıq gətirir: "Sentyabr ayı gəlmişdi. Artıq yağmur mövsümü başlayırdı. Adətən, Gilanda payızyağışları aylarla durmadan yağırdı... İncə, narın yağışlar... Gecənin qaranlığında göydə qəribə səslər eşidilirdi, hamısı da bir-birindən fərqli... Amma hamısı da kövrək və həzin... Bunlar, soyuq ölkələrdən gələn, Mördab gölünə enməyə hazırlaşan müxtəlif çöl quşlarıydı" .

Sadaladığımız bütün müsbət cəhətləri ilə yanaşı, memuara xələl gətirən bəzi məqamların olduğunu da qeyd etməliyik. Bəzən hadisələrin tarixi-xronoloji ardıcıllığı pozulur ki, bu müəyyən çaşqınlıq yaradır. Müəllif 1918-ci il Mart qırğınından bəs edir, yardım üçün Türkiyədən göndərilən əsgəri birliklərə "çatmaq üçün İrana getməyə" (?- T.A.) qərar verdiklərini yazır və dərhal əlavə edir: "Bizə yardım üçün Türkiyədən qoşun göndərildiyini bildik. Onlara çatmaq üçün İrana getməyə qərar verdik. Bir çox həmyerlilərimizlə birgə, gəmi ilə Ənzəli limanına getdik və Rəşt şəhərinə keçdik. Qaçmazdan əvvəl, Müsavatçıların başqanı Məhəmməd Əmin Rəsulzadənin bizləri tərk edib, xəbərsiz olaraq Lahıc kəndinə qaçıb gizləndiyini öyrəndik. O adamdan və partiyasından büsbütün soyudum. Bu kənddə olarkən "Əsrimizin Səyavuşu"nu yazmışdı. Halbuki o, daha əvvəl solçuların yaxın dostuydu. Görəsən, qaçmağın səbəbi nəydi? Bu şəxsin daha sonrakı fəaliyyətində də eyni hal müşahidə edilirdi". Burada bir tərəfdən tarixin təhrif edilməsi (söhbət 1918-ci ildən gedir, M.Ə.Rəsulzadə isə Lahıca bolşeviklərin Azərbaycanı işğalından sonra, yəni 1920-ci ilin may ayında gedib), digər tərəfdən isə, yuxarıda qeyd etdiyimiz kimi, yeri gəldi-gəlmədi, M.Ə.Rəsulzadəyə qarşı əsassız hücum cəhdi var. Əsərdə bəzən fikirlər bir-biri ilə ziddiyyət təşkil edir. Oxuyuruq: "Yəhudilər fürsət tapdıqca Berlindən qaçırdılar. Bir gün Kurfürstendamm rayonunda geniş küçələrdəki yəhudi mağazalarının divarlarına sulu kirəcə batırılmış fırçalarla "Yəhudi" yazırdılar. Yalnız o gün yəhudi tacirlərinin Berlin şəhərinin ticarətini necə əllərinə keçirdiklərini görə bildim... Lakin çar Rusiyasında olduğu kimi, almanlar tərəfindən burada yağmalanma yox idi". Üç-dörd səhifə sonra bu fikir inkar edilir: "Berlindəki yəhudilər böyük qorxu içindədirlər. Deyilənlərə görə, Parisdəki alman səfirliyinin katiblərindən V.Rathin bir yəhudi uşağı tərəfindən öldürülmüşdür... Eşitdiyimə görə, Berlin və Almaniyanın digər şəhərlərində xalq bir çox yəhudi mağazalarını dağıtmışdır".

Ümumiyyətlə, memuarın ciddi naqis cəhətlərindən başlıcası müəllifin şəxsi münasibətdən ictimai rəyin formalaşmasına təsir gücü kimi istifadə etməsinə meyilliliyidir. Memuarda hadisə və ya faktlar bu və ya digər formada təkrarlanır ki, bu da mətnə ağırlıq, oxucuya yorğunluq gətirir: "Rusların ermənilər üçün güddükləri siyasətin nədən ibarət olduğunu illər keçəndən sonra, vaxtilə Rusiya Dumasının deputatı olmuş, qatı bir rus imperialisti (Çernosotenets) Milyukovun ağzından eşitdik: I Dünya müharibəsində rus ordusu Ərzincana qədər irəlilədiyi zaman ermənilər ona, "Böyük Ermənistan"ı qurmaq vaxtının gəldiyini dedikləri anda, Milyukov gülmüş və cavab olaraq: "Biz ermənisiz Böyük Ermənistan qurmaq niyyətindəyik!" - söyləmiş və gələnləri qovmuşdu". Bir qədər sonra eyni hadisə təxminən olduğu kimi nəql edilir: "Ruslar "Böyük Ermənistan" nağılını Türkiyədəki ermənilərə də çatdırmışdılar. Onları da Türkiyəyə qarşı baş qaldırmağa, daxili ixtişaşlara sövq edirdilər. Erməni milləti və başçıları daha sonralar rusların oyununu anladılar, lakin bu da xeyli gec oldu. Bir dəfə dost olan hər iki millətin arasına kin və nifrət toxumu səpmiş; ikincisi də ermənilərə yaxşı bir gələcək qurmayan və qurmaq fikri də olmayan ruslar xeyli sonralar Duma üzvü Milyukovun ağzı ilə açıqlanmışdı: "Biz ermənisiz, "Böyük Ermənistan" qurmaq niyyətindəyik" - demişdi".

Bəzən müəllifin real "mən"i onun "ideal "mən"inə kölgə salır, başqa sözlə desək, dediyimiz "mən"lər bir-birini uyğun gəlmir, bir-birini tamamlamır. O, dostu Həsənə "Hamımızı bu yola sövq edən Vətən və Millət eşqidir! Bütün yurdumuzdakılar da eyni hissləri daşıyır", yaxud "Bizi şəxsi mənfəətini düşünmədən təhlükəli oyuna atan, ölümün gözünə dimdik baxdıran bu müqəddəs Vətən və Millət eşqi təkcə bizə məxsus deyil", "Mənim anladığıma görə, partiyalar nə qədər fərqli də olsa, Vətən və Millət savaşında əlbir olarlar" yazsa da, bəzən təfriqəçiliyə, ayrı-seçkiliyə əsas verən mülahizələr irəli sürür, istiqlal mücahidlərinin fəaliyyətinə şübhə ilə yanaşır. Memuarda bəzən macəraçılıq baş alıb gedir, bu xüsusi ilə müəllifin velosipedlə ağır təbii, hərbi-siyasi, maddi şərtlər daxilində İrana, oradan Türkiyəyə keçməsi prosesini uzun-uzadı, yorucu təsviri zamanı özünü göstərir. Memuarda müəllif özünün və üzv olduğu "Əhrar" partiyasının xidmətlərini şişirtməyə meyl göstərir. Nəsib bəy, Əziz tələbə ikən onu öz partiyasına üzv olmağa, Baş nazir olanda isə "Əhrarı" koalisiyaya cəlb etmək üçün maarif naziri vəzifəsinə dəvət edir. Yuxarıda qeyd etdiyimiz kimi, Əziz Alpoudun fikrincə, "hökumətdə iştirak etməyən "Əhrar" partiyasının Yurdumuzu təmsil etməyə daha çox haqqı vardı".

Bu kimi xırda-para nöqsanlar memuarın sanbalına, əhəmiyyətinə ciddi xələl gətirmir. Əziz Alpoudun "Həyatımın hekayətləri" memuarı haqqında dediklərimizi ümumiləşdirsək, aşağıdakı qənaətə gəlmək olar. Mühacirət ədəbiyyatının nadir və maraqlı nümunələrindən olan memuar:

- Təkcə Əziz Alpoudun yaradıcılığında, mühacirət irsində deyil, ümumən Azərbaycan ədəbiyyatında xüsusi yeri olan bədii-sənədli nümunədir;

- Ədəbi-mədəni, tarixi, elmi, ictimai-siyasi əhəmiyyət kəsb edir və göstərilən sahələrin tədqiqi üçün dəyərli mənbədir;

- İdeya-məzmun cəhətdən dolğun və sanballıdır, müasir tələblərə cavab verir;

- "Azərbaycan davası"nın bədii-publisistik təzahürü, bu ideyanın dəyərli daşıyıcısıdır;

- Azərbaycan milli hərəkatının, istiqlal mücadiləsinin müxtəlif mərhələləri haqqında özünəməxsus bədii tədqiqatdır;

- Gənclərin, indiki nəslin Vətənə sədaqət, Azərbaycanın müstəqilliyinə, dövlətçiliyinə məhəbbət, milli-mənəvi dəyərlərə, adət-ənənələrə hörmət və sevgi ruhunda tərbiyəsinə, formalaşmasına təsirli vasitədir;

- Mühacirət ədəbiyyatının, xüsusi ilə onun memuar janrındakı nümunələrin öyrənilməsi, dəyərləndirilməsi nöqteyi-nəzərindən faydalıdır;

- Mühacirət ədəbiyyatşünaslığının zənginləşdirilməsi üçün mühüm tədqiqat materialıdır;

- Mühacirət ədəbiyyatının, onun mühüm qolu olan memuar janrının, o cümlədən Əziz Alpoud yaradıcılığının dil, üslub, sənətkarlıq problemlərinin araşdırılması üçün çox mühüm vasitədir.

- Sovet həyat və düşüncə tərzinin naqisliklərini, bolşevik rejiminin və kommunist ideologiyasının antibəşəri təbiətini göstərən və ifşa edən əvəssiz nümunələrdəndir;

- İstiqlal qəhrəmanlarının və qurbanlarının əziz xatirəsinə işıq salan, onların parlaq ideya və əməllərini yaşadan bədii-sənədli salnamədir;

- Mühacirlərin işğala, onun fəsadlarına qarşı mübarizəsinin nə qədər ağır, lakin şərəfli olduğunu əks etdirir, azadlıq qəhrəmanlarının həyat yoluna işıq salır, sələfləri mətin, cəsur, dözümlü olmağa səsləyir, düşmənə, köləliyə, mütiliyənifrət hissi aşılayır;

- Erməni vandalizmini konkret faktlarla ifşa edir, xalqımızın ədalətli, humanist mövqeyini bəyan edir, haqq işimizə bəraət qazandırır;

- Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin əbədi, sarsılmaz və təmənnasız olduğunu təsdiqləyir, bu münasibətlərin daha da möhkəmləndirilməsinə xidmət edir;

- 20-30-cu və 50-ci illərdə Azərbaycan mühacirlərinin sovet rejimi və kommunist ideologiyasına qarşı fərqli mücadilə formasından yaranan fikir ayrılıqlarının mahiyyətini, mühacirlərin bu və digər problemlərlə bağlı qarşılıqlı ittihamlarının səbəblərini öyrənmək və dəyərləndirmək baxımından da maraqlıdır;

- Əziz Alpoudun digər ciddi yaradıcılıq nümunələrinin, o cümlədən, elmi və bədii tərcümələrinin olduğuna dəlalət edir və yeni axtarışlar üçün əsaslar verir;

- Mühacir yazıçının timsalında soydaşlarımızın ikinci Vətəni Türkiyədəki həyat tərzinə, qardaş ölkədə gedən ictimai-siyasi proseslərə, Mustafa Kamal Atatürkün milli dövlət quruculuğu sahəsindəki fəaliyyətinə bir baxışdır.

OTHER NEWS