Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Nəsrimizdəki silinməz imza - Salam Qədirzadə - Dilarə Adilgil

13-01-2023 [ 11:48 ] [ oxunub:199 ]
printerA+ | A-
103017

BU İLİN APRELİNDƏ 100 İLLİYİ TAMAM OLACAQ UNUDULMAZ YAZIÇININ YARADICILIĞINA DAHA BİR BAXIŞ

"Bol-bol kitab oxuyun, dərdi olan kitab oxuyar, dərdiniz yoxdursa, kitab oxuyun ki, dərdiniz olsun. Önəmli olan insanın bir dərdinin-davasının olmasıdır". Mənim olmayan bu fikirlə razılaşmaq da olar, razılaşmamaq da... Söhbət bu barədə deyil. Yox, elə bu barədədir, ədəbiyyata verilən böyük dəyər barədə! Qısası, nə qədər ki, bəşəriyyəti insan övladı idarə edir, ədəbiyyat da olacaq.

Zamanının klassikası sayılan, adı dövrünün ədəbiyyatı ilə qoşa çəkilən, bu gündən baxanda epoxasının simvolu kimi düşünülən, ən başlıcası "tarix kimi hörmətlə yanaşılan" əsərlərdən, daha doğrusu, belə əsərləri yaradan müəlliflərdən biri haqqındadır bu yazı.

Salam Qədirzadə xoşbəxt taleli yazıçı idi. Hamının yazıçılıq istedadı olmadığı kimi, hər əlinə kitab götürənin də oxuculuq istedadı yoxdur. Hətta, yazıçılar arasında belə fikir də səslənir ki, yaxşı oxucuya daha az təsadüf edilir, nəinki yaxşı yazıçıya. S.Qədirzadə bütün yaradıcılığı boyu nəinki bu cəhətdən korluq çəkmişdi, əksinə, hər yeni əsəri həvəslə qarşılanaraq fanatları tərəfindən dərhal alınıb qurtarırdı. Kitabsevərlər yazıçıdan yeni əsərlər gözləyirdilər. S.Qədirzadənin oxucuları da özü kimi zövqlü, yaradıcı, müasir, mənəvi dəyərlərlə yaşayan, onu uca tutan insanlar idi. Əsl ədəbiyyatın gücü də elə bunda - oxucu-müəllif həmrəyliyində, hüsn-rəğbətindədir. Fəaliyyət göstərdiyi 41 il (1946-1987) ərzində 35 kitab yadigar qoyan yazıçı-dramaturq Salam Qədirzadə 10 aprel 1923-cü ildə Bakıda sadə, zəhmətkeş bir ailədə anadan olmuşdu. Gənc Salamın məktəbi bitirdiyi il müharibə başlayır. Uşaqlıqla gəncliyi birləşdirən yollar ayrılır və o, könüllü cəbhəyə yola düşür. 1941-45-ci illərdə bir çox Avropa ölkələrinin, eləcə də Almaniyanın faşistlərdən təmizlənməsində rabitəçi-döyüşçü kimi iştirak edir. Göstərdiyi şücaətə görə orden və 12 medalla təltif olunur. Əvvəlindən-sonuna qədər keçdiyi qanlı apokalipsis, cəbhə xatirələri, canlı müşahidələri, müharibənin gətirdiyi aclıq, səfalət, gördükləri, eşitdikləri 1963-cü ildə yazdığı "Burada insan yaşamışdır" povestində öz əksini tapıb. Yəni bir azacıq ədəbiyyatın əmələ gəlməsi üçün nə qədər çiy material - əhvalat, hadisə lazımdır ki, bunları da cəbhəçi Salam döyüşə-döyüşə 4 ilə toplamışdı. Özü də, bu mövzu yazıçını uzun zaman məşğul etmiş, onu illərlə içində daşıyaraq qələminin püxtələşdiyi dövrdə kağıza köçürmüşdü. Burada əsas "obraz" müharibədir. Başqa bir cəbhəçi-yazıçının dediyi kimi, "yanan insan bədəninin iyi, nə qədər uzun yaşasan da, heç vaxt burnundan tam gedə bilməz".

Bir çox qələm adamları kimi yaradıcılığa şeirlə başlamış, Sadiq təxəllüsü ilə qəzəllər yazmışdı. Sonradan istiqaməti dəqiq müəyyənləşdi. İlk böyük əsəri olan "Gənclik" povestini Sumqayıtın salınmasında iştirak etdiyi illərə həsr etmişdi. Gənc Salam "Sumqayıtın daş-daş, küçə-küçə, bina-bina tikilməsini, genişlənməsini görüb". "Azərbaycan" jurnalı yazırdı: "Gənclik" povestinin dili aydın və səmimidir. Müəllif qələmə aldığı səhnəni asanlıqla oxucunun gözləri qarşısında canlandıra bilir. Əlbəttə, bu, yazıçı üçün nailiyyətdir". Yazıçının ikinci kitabı "Sarmaşıqlı aynabənd" adlanır və belə-belə kitabları çoxalır, populyarlığı artırdı. S.Qədirzadə 1948-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olsa da, əlahəzrət Tale işə qarışıb öz yerdəyişməsini edir. 1949-cu ildə Azərbaycan Yazıçılar İttifaqı təhsilini davam etdirmək üçün onu Moskvaya - M.Qorki adına Ədəbiyyat İnstitutuna göndərir və gənc Salamın qaynar paytaxt həyatı başlayır. "Coğrafiya taledir", - deyən nə qədər haqlıymış. S.Qədirzadə öz şəxsi xoşbəxtliyini də bu macəra dolu şəhərdə tapır.

S.Qədirzadənin "Qış gecəsi", "46 bənövşə", "Su pərisi Marianna", "Kəndimizdə bir gözəl var" və başqa əsərləri 1960-70-ci illərin bestsellerlərinə çevrildi. Bu romanlar "nəğmə olub oxucuların qəlbinə dolurdu", oxucu hər bir qəhrəmanın ağrı-acısını, sevinc-kədərini canında, qəlbində yaşayırdı. Bütün bunlara bu gün inanmaq bəlkə də çətindir... Çünki daha o cür romanlar əl-əl gəzmir, bir-birinə ötürülmür, oxunmaqdan səhifələri tökülmür... S.Qədirzadənin 50-60-cı illərdə qazandığı uğuru 70-80-ci illər zirvəyə qaldırır. O, əsasən gənclərin yazıçısı sayılsa da, seçdiyi mövzular bəşəri, həmişəyaşar olduğundan 7-dən 77-yə - hamı tərəfindən oxunurdu. Onun qəhrəmanları və bundan dolayısı oxucu auditoriyası əsasən gənc qızlar, cavan oğlanlar, tələbələr, ziyalı gənclik idi. Onlar bir-birinə bənzəmirlər, bir-birindən daha yaxşıdırlar, həyat dolu olub arzularına doğru gedirlər, xəyallarından vaz keçmirlər. Dünya ədəbiyyatında "universitet nəsri" deyilən istilah formalaşıb. Ədəbiyyat öz zəmanəsinin güzgüsüdür. Əgər Y.V.Çəmənzəminlinin "Studentlər" romanı əsrin əvvəllərinin mürəkkəb tələbə həyatını əks etdirirdisə, S.Qədirzadənin "Sevdasız aylar" povesti sovet gənclərinin qayğısız tələbəlik illərindən danışır. "Universitet nəsri" deyilən ədəbiyyat adından da göründüyü kimi, gənclərə ünvanlanır. Bundan başqa, "Qış gecəsi", "46 bənövşə", "Su pərisi Marianna" əsərlərinin qəhrəmanları da tələbələrdir. Dövrün həyəcanları, yeni nəslin mənəvi-əxlaqi keyfiyyətləri, gənclik duyğuları yazıçının özəl yanaşmasında təqdim edilir. Onun əsərlərinin xüsusi bir aurası var. S.Qədirzadə oxucunu maraqlandıra, ardınca apara bilirdi. Romançı S.Qədirzadənin prozası, demək olar, məhəbbət mövzusu üzərində qurulmuşdu. S.Qədirzadə yaradıcılığında şəhər ədəbiyyatı məişət ədəbiyyatı deyil, burada şəhər şərti fon kimi götürülür, mərkəzində isə insanın gündəlik həyatı, qayğıları dayanır. Bəzək-düzəksiz, necə varsa. "Şəhərin küçələrini dolaşarkən o elə də cəzbedici təsir bağışlamır... Ancaq yüksəklikdən baxsan" orada yaşamaq rahat, insan isə daha azad görünür.

"Qış gecəsi" stalinizmin böhranı, "buzların" ərimə dövründə yazılmışdı. Müharibədən sonra gənclərin şəxsi və sosial həyatı, çətinlikləri fonunda müəllifin nəql etdiyi nakam sevgi romanıdır. "Qış gecəsi" "güllü-çiçəkli, təravətli bahar ovqatı ilə başlayıb "soyuq adamın iliklərinə işləyən" çovğunlu qış axşamında başa çatır, adını doğruldur. "Qış gecəsi" - merkantil, var-dövlət hərisi, hər şeyi pulla ölçən analığı Diləfruza görə utanıb natamamlıq kompleksləri keçirən, bu səbəbdən sevdiyi Ceyranı atıb bir günün içərisində yoxa çıxan, Moskvada təhsilini başa vurub prokuror kimi Bakıya dönən Adilin həyat hekayəsidir. Əslində, gəncliyindən, gücsüzlüyündən doğan dramı demək daha düzgün olardı, çünki burada sevgisindən, sevgilisindən vaz keçəcək əsaslı bir səbəb görünmür. Romanda daha bir "personaj" var: "Qırmızı kirəmidli ev"... Hadisələr onun divarları arasında başlayıb, orada da bitir. Oxucu evin cal-cəlallı günlərinə də şahidlik edir, orada cərəyan edən hadisələrə də üzülür. İflasını da görür, yenidən dirçəlişinə də sevinir. "Şəhərin əl-ayaqdan uzaq, sakit və xəlvət məhəlləsində "qırmızı kirəmidli ev" kimi tanınan bu ikimərtəbəli əlahiddə bina" özü bir obrazdır, hər şey gedib-gəlib ona dönür, onun ətrafında fırlanır, onunla uzlaşır, sakinlərinə görə evin şəkli də dəyişir. "O qarlı qış gecəsindən sonra qırmızı kirəmidli evdə həyat tamam başqa cür başlamışdı".

Xalq yazıçısı İsmayıl Şıxlı haqlı olaraq özünün "Ayrılan yollar" romanını sonradan yazılacaq bəzi əsərlərin yaxşı mənada örnəyi, sələfi hesab etsə də, bu romandakı İmran, ondan daha əvvəl yazılmış S.Qədirzadənin "Qış gecəsi" əsərinin Adili, S.Rəhimovun Mehmanı ilə də ideya-qəhrəman baxımından səsləşir. Hər 3 əsər gənc qəhrəmanların mənəvi aləmini açıb göstərməklə bərabər, onların həqiqət axtarışlarını da üzə çıxarır. Həqiqət isə hər zaman olduğu kimi mərkəzdədir: ədalət prinsipləri, sovet obyektivliyi, məslək amalı, vətəndaşlıq borcu...

Yazıçının ən çox oxunan əsərlərindən biri də "Su pərisi Marianna"dır. Bu kədərli eşq hekayətini S.Qədirzadə 1958-ci ildə qələmə almışdır. 10 il sonra isə "Xəzan yarpaqları" povestini yazır. "Su pərisi..." birnəfəsə oxunur. S.Qədirzadə hadisələri Fransaya, Parisə aparır. Və gözlərimiz qarşısında hər şeyi pulun həll etdiyi iyrənc bir cəmiyyət açılır. Marianna ehtiyac üzündən, anasına dərman almağa pul tapmayanda aldadılıb pozğun mühitə düşür. Sarbonna Universitetinin keçmiş tələbəsi su atraksionunun "pəri"sinə çevrilir və beləliklə də "bu yuvanın quşu" olmayan gənc qızın faciəsi başlayır. Davamlı kədər, apatiya, ruhi gərginlik, ümidsizlik, taleyin ardıcıl zərbələri Mariannanı intihara sürükləyir. O, bununla çəkdiyi fiziki-psixoloji sitəmlərdən qurtulmaq, həm də çox sevdiyi Leandrı xilas etmək istəyir. Bunlardan başqa nasirin "Mahnı dağları aşdı", "Ömrün təzə illəri", "Sevdasız aylar","Ulduzlar sayrışanda", "Ülkər-Aytəkin" kimi sevilən povestləri də vardır ki, bu gün də öz aktuallığını qoruyub saxlayır. S.Qədirzadənin əsərlərinə verdiyi adlar da orijinal, janra görədir. Lirik əsərlərinə "Qar üstdə qızılgül", "Bir gecənin novellası" kimi romantik adlar seçdiyi kimi, satira nümunələrinə heç də geri qalmayan "Başabəla-Paşabala", "Lirika, yumor, Züleyxa", "Manqo, 33, Şekspir", "İki müavin, bir qadası" tək maraqlı, mündəricəsini məlum edən başlıqlar qoyur, elə sərlövhədən oxucu ilə söhbətə başlayırdı. "Xəzan yarpaqları"nda olduğu kimi... Povest ömrün ahıl çağında tənhalığa məhkum olmuş, uşaqlaşmış, gözləri arxalarında buraxdıqları keçmişdə qalan iki talesiz insan haqqındadır. Qocalıqdan, kimsəsizlikdən, diqqətdən uzaq düşməkdən özləri də ağacdan asılan son yarpaq kimi titrəyən, təsadüfən tanış olub bir-birinə sığınan, həyan olan iki qəlbi qırıq insan - qoca və qarı adamsız bağlarda ömürlərinin xəzanını sürdürürlər. "Payızın axırları idi. Bağlarda ins-cins qalmamışdı... Günlərin birində yenə qəsəbəni gəzirdim. 20 ildir ki, mən bu bağların, pioner düşərgələrinin qarovulunu çəkirəm... Deyəsən, o, məndən kibrit istədi, səsi də özü kimi qoca idi. Dili ağzında xəzəl kimi titrəyirdi". Qocalıq da qar kimi qəfildən gəlirmiş... Xəbərdarlıq etmədən. Necə deyərlər, səhər durub görürsən ki, hər tərəf ağappaqdır. Onlar ölümün özündən yox, onları ayıracağından qorxurlar. Əsəri oxuyanda burnuna gün düşməyən meşənin xəzəl qoxusu gəlir. Bir də... köhnə paltar dolabına hopmuş kəsif nəm, zəif naftalin iyi, nostalji hisslər oyadan ağırlaşmış ətirlərin qoxusu toxunur. Bu kimi əsərlər tək "müəllifin fərdi yaradıcılığını xarakterizə etmir, bütövlükdə Azərbaycan nəsri haqqında bədii-estetik təsəvvür yaradır". Bu povesti rejissor Eldar Quliyev "Biri vardı, biri yoxdu"adı ilə ekranlaşdırıb.

SİZƏ MARAQLI OLA BİLƏR