Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Yazılı və şifahi ədəbiyyatda Əta Tərzibaşı fenomeni - Qəzənfər Paşayev

02-02-2024 [ 12:09 ] [ oxunub:25 ]
printerA+ | A-

XX əsrdə İraq türkman ellərindən iki böyük şəxsiyyət çıxmışdır. Təbabət sahəsində dünya şöhrətli alim İhsan Doğramacı, filologiya elmləri sahəsində Şərq aləmində yaxşı tanınan Əta Tərzibaşı.

İhsan Doğramacı məktəb yaradan, Türkiyədə tibb elmini 50 il qabağa aparan böyük alimdir. Bu dahi şəxsiyyət iki universitet yaradıb. Hacəttəpə Universiteti və Bilkənd Universiteti. Hacəttəpə Türkiyədə müasir Tibb Universitetidir. Onun təsis etdiyi özəl "Bilkənd Universiteti" isə dünyada sayılıb-seçilən təhsil və elm ocağıdır. İraq türkman ellərində 250-dən artıq türkcə məktəbin açılması da onun adı ilə bağlıdır. İhsan Doğramacı sözün həqiqi mənasında bir fenomen idi...

Hələ gənc yaşlarından ərəbcə məqalələri Qahirə, Beyrut, Dəməşq və Bağdadda qəzet və jurnallarda çap olunan, Bağdad Universitetinin məzunu Əta Tərzibaşı isə folklorşünaslıq və ədəbiyyatşünaslıq üzrə məktəb yaradan ikinci fenomenal şəxsiyyətdir. Mübaliğəsiz demək olar ki, O, folklorşünaslıq və ədəbiyyatşünaslıq sahəsində böyük bir elmi-tədqiqat institutunun görə biləcəyi işi təkbaşına  görmüşdür.

Əta Tərzibaşı əsl elm fədaisi idi. O, ömrünü bütövlükdə elmə həsr etmişdi. Ailə həyatı qurmamışdı. Əta Tərzibaşı folklor və ədəbiyyatşünaslıq sahəsində ən mötəbər söz sahibi idi. O, folklor materiallarını toplayır, nəşr və tədqiq edirdi. Folklorşünaslıq sahəsində şah əsəri heyrətamiz gücə malik "Xoyratlar və manilər" əsəridir. Üçcildlik bu möhtəşəm əsərin birinci cildi bütövlükdə xoyrat və manilərin tədqiqinə həsr olunub.

Əsrlərdən əsrlərə, nəsillərdən nəsillərə yadigar qalan, musiqi ilə xalq poeziyasının vəhdətindən yaranan xalq havalarının toplanması, çapı, poetik mətnlərin tədqiqi də Əta Tərzibaşının adı ilə bağlıdır. "Kərkük havaları" mükəmməl tədqiqat əsəridir. Əsər İraqda (Bağdad, 1961), Türkiyədə  (İstanbul, 1988), Azərbaycanda isə Rəsul Rzanın redaktəsilə tərəfimizdən (Bakı, 1973) çap olunmuşdur.

Əta Tərzibaşının 1953-cü ildə çap etdirdiyi "Şərqi və türkülər" ilk kitabı idi. Elə Kərkük türkülərini tədqiq edən ilk araşdırıcı da Əta Tərzibaşıdır. Yazmağı yaşamaq sayan (prof.Mahir Naqib), həyatını Kərkük ədəbiyyatına, folkloruna və folklorşünaslıq elminə həsr edən bu qüdrətli sənətkarın qeyd etdiyi kimi, Kərkük xalq mahnıları da xoyrat havaları kimi şifahi xalq ədəbiyyatının həm musiqi, həm də ədəbi janr olmaq baxımından, bədii-estetik gücünə və tez qavranılmasına görə çox geniş yayılmış lirik növüdür.

Atalar sözləri və məsəllərini ilk olaraq toplayıb tədqiq və çap edən də Əta Tərzibaşı olmuşdur. Əta Tərzibaşı "Kərkük əskilər sözü" (Bağdad, 1962; Bakı, 1978) kitabında əksər atalar sözlərini bizdə, türklərdə, bəzən də ərəb və kürdlərdə olan variantlarını təhlilə cəlb etmişdir. Eyni zamanda atalar sözlərinin böyük bir qisminin necə yaranması, niyə belə deyilməsi, bəzən məlum dəlillərlə, bəzən də alimin ehtimalları gücünə aydınlaşdırılmışdır. Tədqiqatçı atalar sözlərinin yaranması ilə bağlı bir çox maraqlı hekayələri də kitabına daxil etmişdir.

Əta bəyin xalqa ərmağan etdiyi əhəmiyyətli və dəyərli tədqiqatlardan biri də "Arzu-Qəmbər" dastanının yaşlı bir kərküklü qadının dilindən lentə köçürərək çap etməsi olmuşdur. "Arzu-Qəmbər" dastanı Kərkük ləhcəsinin bariz nümunəsi olduğundan, ondan həm folklorşünaslar, həm də dilçi tədqiqatçılar - dialektoloqlar qədərincə bəhrələnə bilərlər. Dastan İraqda (1964), İranda (Təbriz, 1967), Türkiyədə (1971) və tərəfimizdən Azərbaycanda dönə-dönə (1971, 1987, 1990, 1999, 2009) çap olunub.

Folklorun elə bir sahəsi yoxdur ki, Əta Tərzibaşı toplayıb, nəşr və tədqiq etməsin. Eləcə də ədəbiyyatşünaslıq sahəsində cığır açması, lider olmaq səlahiyyəti və rəhbərliyi, tarixi bir missiyanı çox bacarıqla yerinə yetirdiyinin göstəricisidir (Ərşad Hürmüzlü).

Bu tarixi missiya barədə ən tutarlı sözü qocaman şair Əli Marifoğlu demişdir: "XX əsrin birinci yarısında ölümə məhkum olan ədəbiyyatımız (ingilislər İraqı tutduqdan sonra - Q.P), XX əsrin ikinci yarısında Əta Tərzibaşının sayəsində yenidən dirçəldi" ("Qardaşlıq" dərgisi, №5, Bağdad, 1967; Arzu-Qəmbər dastanı, Bakı, 1971 s.9).

Bu böyük alimin yazdığı möhtəşəm əsərlər sayəsində İraq türkman ellərində neçə-neçə folklorşünas və ədəbiyyatşünas yetişmişdir. Professor Mahir Naqib təsadüfi deməmişdir: "Əta Tərzibaşı mədəniyyətimizin gerçəkdən bir ümdəsi və təməl daşıdır" ("Qardaşlıq" dərgisi, №23, İstanbul, 2004, s.21).

Əta bəyin ədəbiyyatşünaslıq fəaliyyəti ilə əlaqədar onu demək olar ki, tədqiqatçının 13 cildlik "Kərkük şairləri" və 3 cildlik "Ərbil şairləri" kitabları əsasında "İraq türkman poeziya antologiyası" I cild (Bakı, 2019, 464 səh.) kitabını hazırlayıb, geniş ön sözlə çap etdirmişəm. Əta bəyin kitablarına istinadən ədəbiyyatşünaslıq fəaliyyətini təqribən belə qruplaşdırmaq olar: "Əta Tərzibaşı və klassik İraq türkman ədəbiyyatı", "Əta Tərzibaşı və çağdaş İraq türkman ədəbiyyatı", "Füzuli yaradıcılığı Əta Tərzibaşının tədqiqatlarında", "Əta Tərzibaşının "İraq türkman mətbuat tarixi" əsərində ədəbiyyat məsələləri", "Əta Tərzibaşı yaradıcılığında elmi məqalələrin mövqeyi", "Əta Tərzibaşının təzkirəçilik və mətnşünaslıq fəaliyyəti", "Əta Tərzibaşı və Azərbaycan-İraq türkman ədəbi-mədəni və elmi əlaqələri" və s.

Əta Tərzibaşı görkəmli təzkirəçi və mətnşünasdır. Ədəbiyyat və mətbuat tarixçisidir, füzulişünasdır. İraq türkman ədəbiyyatında elmi publisistikanın əsasını qoyan və inkişaf etdirən alimdir. Ədəbi-elmi məktublar ustasıdır, tənqidçidir. O, Füzulidən bu yana bütün İraq türkman şairlərinin tərcümeyi-halını yazıb, şeirlərini toplayıb tədqiq edib.

Şəkildə: (soldan) Cəlal Polad, Nicat Kövsəroğlu, Məhəmməd Bayat, Əta Tərzibaşı, Qəzənfər Paşayev, Mövlud Taha Qayaçı, Mehmət Tisimli Kərkük. 14 aprel 2010-cu il, Əta Tərzibaşının həyəti

Çəkinmədən deyə bilərik ki, Əta Tərzibaşı İraq türkman ədəbiyyatı və folklorunun taleyinə cavabdehlik missiyasını vicdanla yerinə yetirmişdir.

Əta bəyin 250-dən artıq elmi məqaləsi vardır: "Yazı dili, qonuşma dili", "Heca vəzni və gənc şairlərimiz", "Füzulidə qapalı anlamlar", "İraqda türk musiqi tarixinə toplu bir baxış", "Şimali Azərbaycanda türkmanoloji araşdırmalar", "Bizdə və başqa türk ölkələrində xoyrat və manilər" və s. belələrindəndir.

Bu böyük alimin çoxşaxəli yaradıcılığının miqyası barədə təsəvvür yaransın deyə görkəmli alimlərimizlə müqayisə etməyi münasib bildik.

Əta Tərzibaşını İraq türkman folklorunun ən müqtədir tədqiqatçısı kimi Hənəfi Zeynallı, Əmin Abid v' Məmmədhüseyn Təhmasiblə, ədəbiyyat tarixçisi kimi Firudin bəy Köçərli, Həmid Araslı və Mir Cəlal Paşayevlə, füzulişünas kimi Mir Cəlal Paşayevlə, tənqidçi kimi Kamal Talıbzadə və Bəkir Nəbiyevlə, mətbuat tarixçisi kimi Əziz Mirəhmədov  və Şirməmməd Hüseynovla, nəzəriyyəçi kimi Məmməd Cəfər Cəfərov, Yaşar Qarayev, İsa Həbibbəyli və Şirindil Alışanlı ilə, elmi publisist kimi Rafael Hüseynov və Qəzənfər Paşayevlə, təzkirəçi kimi Salman Mümtazla, mətnşünas kimi Həmid Araslı, Kamandar Şərifov və Aslan Salmansoyla, ədəbi-elmi məktubların ustası kimi Abbas Zamanov və Qəzənfər Paşayevlə müqayisə etmək olar.

İstər ədəbi, istərsə də elmi əlaqələrimiz yolunda Əta Tərzibaşı müstəsna xidmətlər göstərmişdir. O, İraq türkman tədqiqatçıları arasında eyni dilə, eyni folklora, eyni xalq musiqisinə, eyni adət-ənənəyə malik bir xalq olduğumuzu gündəmə gətirən ilk araşdırıcıdır. "Yazı dili, qonuşma dili" məqaləsində bir kökdən olduğumuzu, eyni dildə danışdığımızı təsdiqləyən ilk İraq türkman tədqiqatçısıdır. O, bu münasibətlə yazır: "İraq türkman ləhcəsi azəri ləhcəsinə türk ləhcəsindən daha yaxın və bəlkə, əkiz qardaşlar olmaqla bərabər, bu ləhcələr uzun bir tarix boyunca çeşidli səbəblərin təsirilə biri-birindən xəbərsiz olaraq gəlişdikləri halda aralarında görkəmli fərqlər bilinməmişdir ("Qardaşlıq" dərgisi, №4, Bağdad, 1962, s.26-27) Əta bəy "Şimali Azərbaycanda türkmanoloji araşdırmalar" məqaləsində isə bayatıların, atalar sözlərinin və s. də bir kökdən olduğunu sübut edir. Tədqiqatçı xoyrat, mani və xalq havalarını ortaqlı sayır. "Xoyratlar əhalisinin əksəriyyəti türkman olub, azəri və ya azərbaycanlı adlanan Sovet Azərbaycanına yayılmışdır - hökmünü verir" ("Qardaşlıq", №5, Bağdad, 1962, s.8).

Bütün buna görədir ki, Güney və Quzey Azərbaycan həmişə onun diqqət mərkəzində olmuşdur. Bircə misalla kifayətlənəcəyəm. "Əta Tərzibaşının ədəbiyyatşünaslıq fəaliyyəti" mövzusunda dissertasiyasını müdafiəyə hazırlayan dissertantım Orxan İsayev Əta bəyin gənclikdə yazdığı çox maraqlı məqaləsini üzə çıxarmışdır. Məqalədən məlum olur ki, Əta Tərzibaşı Qahirədə çap olunan  "Əl-Risalə" dərgisində professor Əhməd Mustafa Əl-Xətibin Əhməd Ağaoğlunun "Azad insanlar ölkəsində" əsərinin ərəb dilinə tərcüməsini oxuyur. Əsər o qədər xoşuna gəlir ki, Əhməd Ağaoğlunun yaradıcılığından bəhs edən "Türk fikir adamlarından Əhməd Ağaoğlu" adlı məqalə yazır və dərc etdirir ( Əl-Risalə, №1007, Qahirə, 1952, s.76-84). Bu, birliyimiz yolunda atılan ilk uğurlu addım idi.

Əta Tərzibaşı birliymizi təsdiq üçün tarixə ekskurs edir. "Əhalisinin əksəriyyəti türkman olan, azəri və ya azərbaycanlılarla uzun bir tarix boyunca çeşidli səbəblər üzündən ayrı düşmüşük" - deyir. Əta bəyin söhbət açdığı "çeşidli səbəblər" üzündən ayrı düşməyimiz, 1774-cü ildə Nadir şah qətlə yetirildikdən sonra baş verib. İngilis tarixçisi Stefan Lonqriqin "Müasir İraqın dörd səsi" kitabında obrazlı şəkildə göstərdiyi kimi, Bağdad, Mosul və Kərkük xan itirib, paşa qazanıb". Bu yerlər birdəfəlik osmanlıların tabeliyinə keçib və əlaqələrimiz XX əsrin 2-ci yarısına qədər kəsilib.

1953-cü ildə Stalinin ölümündən sonra SSRİ-də ab-hava yumşaldı. Yollar açıldı. Rəsul Rza, Bəxtiyar Vahabzadə və Qasım Qasımzadə İraqa səfər etdilər. Kərküklü Sinan Səid Azərbaycan radiosunun ərəbcə bölümünə işə dəvət olundu.

Bu sətirlərin müəllifi sovet şirkətində tərcüməçi işləmək üçün İraqa uzunmüddətli ezamiyyətə göndərildi.

Əta Tərzibaşı Azərbaycanda Xalq şairi Rəsul Rzanın "Uzaq ellərin yaxın töhfələri" məqaləsi ilə tanındı. Rəsul Rza ilə birgə hazırladığımız "Kərkük bayatıları" (1968) hadisəyə çevrildi. "Kərkük bayatıları" kitabından və mənim "İraq azəriləri" ("Elm və həyat", №4, 1967), "Kərkük şairləri" ("Ulduz", №7, 1968), "Kərkük azəriləri" ("Azərbaycan" jurnalı, №2, 1969) və "Uzaq və doğma ellər" (Bağdad, Qardaşlıq, №3-4, 1969) məqalələrimdən sonra İraqdakı soydaşlarımız və onların ən parlaq simalarından biri Əta Tərzibaşı Azərbaycanda daha yaxşı tanınmağa başladı. Görkəmli folklorşünas alim, professor Məmmədhüseyn Təhmasib "Kərkük bayatıları"na həsr etdiyi eyni adlı "Uzaq ellərin yaxın töhfələri" məqaləsində Əta bəyin yaradıcılığından ürəkdolusu söhbət açdı ("Azərbaycan" jurnalı, №2, 1969).

1971-ci ildə Əta Tərzibaşının "Arzu-Qəmbər" dastanını ustadıma həsr etdiyim "Bir ömürdən səhifələr" adlı əhatəli məqaləmlə dərc etdirdim. Əsər və məqaləm böyük əks-səda doğurdu. Yazım elmi ictimaiyyətin diqqətini ciddi şəkildə çəkdi. Əta Tərzibaşı görkəmli alim kimi etiraf edildi.

Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti Məmməd Arif Dadaşzadə məni çağırıb dedi ki, Əta Tərzibaşı haqqında çox yazın, onun kitablarını çap etdirin. Özünə də xəbər verin ki, onu akademiyamıza fəxri üzv seçmək niyyətindəyik.

Biz böyük alim Məmməd Arifin dediyi kimi də etdik.  Professor M.Təhmasib Əta Tərzibaşının "Kərkük əskilər sözü" (Bağdad, 1962) kitabına "Ara uzaq, ürək yaxın" adlı çox maraqlı məqalə həsr etdi ("Ədəbiyyat və incəsənət" qəzeti, 12 mart 1972). Mən Rəsul Rzanın redaktorluğu ilə Əta Tərzibaşının "Kərkük mahnıları" (1973) kitabını ön sözlə çap etdirdim.

Lakin Əta Tərzibaşı təklifdən imtina etdi. Bu şərəfli addan imtinanın səbəbini sonralar kərküklü alim, professor Sübhi Saatçının Əta Tərzibaşının 80 illiyi münasibətilə yazdığı məqalədən öyrəndik: "Toplumuna Əta Tərzibaşı kimi xidmət edən insanları mənsub olduğu toplumlar əl üstündə tutarlar. Onlar üçün yubileylər düzənləyərək mükafatlandırarlar, təltif edərlər. İraqda uzun illər sürən diktator rejimi üzündən, həyatına bir zərər dəyməsin deyə, türkman toplumunun bu önəmli kültür adamına gərəkən qədirşünaslıq göstərilməmişdir. Tərzibaşıya hər hansı bir xidmətdə bulunmaq təhlükəli görülmüşdür" ("Qardaşlıq" dərgisi, №23. İstanbul, 2004, s.10)

Göründüyü kimi, Əta Tərzibaşının Azərbaycan Elmlər Akademiyasına fəxri üzv olmaqdan imtina etməsi səbəbsiz deyilmiş.

Bununla belə, Əta Tərzibaşının xidməti ölkəmizdə yüksək qiymətləndirilmişdir. Bu böyük alimə Azərbaycan Sovet Ensiklopediyasında geniş yer verilmişdir (IX cild, Bakı, 1986, s.257). Ensiklopediyada gedən oçerki olduğu kimi təqdim edirəm: "Tərzibaşı Əta Ömər oğlu (doğulduğu tarix 11.11.1924. İraq, Kərkük) İraq türkman (Azərb.) folklorşünası, publisist, dilçi, tənqidçi, Türk Dil Qurumunun (Türkiyə) fəxri üzvü. İraq türkmanlarının folklor nümunələrinin toplanması, nəşri və tədqiqində mühüm xidməti var. "Şərqilər və türkülər" (1953), "Kərkük xoyratları və maniləri" (cild 1-3, 1953-1957), "Kərkük havaları" (1961), "Kərkük əskilər sözü" (1962) və sair kitablarında folklor materialları ilə yanaşı, elmi araşdırmalar da mühüm yer tutur.

"Kərkük şairləri" (1-2 cildlər, 1963, 1968) kitabında İraq türkman şairlərinin həyat və yaradıcılığına dair məlumat və əsərlərindən nümunələr verilmişdir. Füzuli və M.Şəhriyara həsr olunmuş məqalələri var. Tərzibaşının topluları əsasında Bakıda "Kərkük bayatıları" (1968), "Arzu-Qəmbər dastanı" (1971), "Kərkük mahnıları" (1973), "Kərkük atalar sözləri" (1978), "İraq Kərkük bayatıları" (1984) kitabları çap olunmuşdur (Ədəbiyyat: Paşayev Qəzənfər. Bir ömürdən səhifələr. "Arzu-Qəmbər dastanı" kitabından, Bakı, 1971).

1994-cü ildən Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü Əta Tərzibaşı haqqında "Azərbaycan Yazıçıları XX-XXI yüzillikdə Ensiklopedik məlumat kitabı"nda isə (Bakı, "Nurlar", 2011, səh.937-938) geniş oçerk vermişik.

Onu da qeyd edək ki, qədirşünaslıq əlaməti olaraq ustadıma "Əta Tərzibaşının folklorşünaslıq fəaliyyəti" adlı monoqrafiya həsr etmişəm. Monoqrafiya Bakıda (2016) və Ankarada (2017) Dr.Mustafa Ziya və Dr.Şəmsəddin Kuzəçi tərəfindən çap olunub. Bu monoqrafiya Əta bəyin yaradıcılığına həsr olunan ilk sanballı əsərdir.

Əta Tərzibaşının anadan olmasının 100 illiyinə (11.11.2024) Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun fəxri doktoru, Dr.Şəmsəddin Kuzəçinin ustadın yaradıcılığını hərtərəfli əhatə edən sanballı monoqrafiyası və azərbaycanlı tədqiqatçı Orxan İsayevin Əta Tərzibaşının ədəbiyyatşünaslıq fəaliyyətinə həsr olunan monoqrafiyası dərc olunacaq. Bu əsərlər xocamızın xatirəsinə həsr olunmuş ən böyük hədiyyə olacaq.

Bugünkü kimi xatırlayıram, Əta bəylə tanışlığım düz altmış il bundan əvvəl, 1964-cü ilin sentyabr ayında Bağdadda, İraq türkmanlarının "Qardaşlıq" dərgisində Universitetlərə yeni qəbul olunan tələbələrlə görüş zamanı olmuşdu. Folklor və ləhcə barədə verdiyi məsləhətlər gələcək elmi fəaliyyətimdə çox gərəkli oldu. Məktublaşmağımız özü bir məktəb idi ("Altı il Dəclə-Fərat sahillərində". "Yazıçı", 1985, s.83-89) Bu gün sevinclə deyə bilərəm:  Xocam, ruhun şad olsun, arzularımız yerinə yetir. Hərtərəfli əlaqələrimiz get-gedə genişlənir. Kərküklü yazar və alimlər tez-tez Azərbaycana gəlir, bir kökdən olduğumuzu onlar daha dərindən dərk edirlər. AMEA-nın nəzdində "Azərbaycanda İraq Türkman Araşdırmaları üzrə  Əlaqələndirmə Şurası"nın yaradılması çox mətləblərdən xəbər verir.

 Burada Əta bəyin qürur duyduğu, çox sevdiyi, "Kərkük şairləri" kitabında yer verdiyi İhsan Doğramacının Heydər Əliyevlə dostluğu nəticəsində əlaqələrimizin yüksək səviyyəyə qalxdığını fəxrlə qeyd etmək istəyirəm. Onu da qeyd edim ki, İhsan Doğramaçının xahişi ilə Heydər Əliyevin "Qardaşlıq" dərgisinə verdiyi müsahibədə xüsusi vurğuladığı "Tarixi araşdıranda gördüm ki, Güney Azərbaycan, Quzey Azərbaycan və İraq türkmanları bir bütövün parçalarıdır" tarixi kəlamı ("Qardaşlıq", №8, İstanbul, 2000, s.4) ədəbi-mədəni, elmi əlaqələrimizin inkişafında böyük rol oynayıb və bu gün də öz bəhrəsini verməkdə davam edir.

SİZƏ MARAQLI OLA BİLƏR