Oksford Akademik Birliyi (Academic Union, Oxford, UK) Dekabrın 19-da Böyük Britaniyada Oksford şəhərində dünyanın 55 ölkəsinin aparıcı universitet və təhsil mərkəzlərinin rəhbərlərinin, elm və təhsil sahəsində çalışan mütəxəssislərin iştirakı ilə liderlərin beynəlxalq Sammiti keçirəcəkdir. Sammit iştirakşıları elm və təhsil sahəsində inkişaf perspektivlərini müzakirə edəcək, innovativ layihə və tədqiqatlarla tanış olacaq, təcrübə mübadiləsi aparacaq, yeni əməkdaşlıq əlaqələri yaradacaqlar. AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, Milli Məclisin Elm və təhsil komitəsinin sədri akademik İsa Həbibbəyliyə Oksford Akademik Birliyi Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə regional əlaqələndiricisi Sammitdə iştirak etmək üçün rəsmi dəvət məktubu göndərilmişdir. Dəvət məktubunda qeyd edilir ki, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun onilliklər boyu qazandığı təcrübə, milli ənənələri dünyanın başqa ölkələrinin elm və təsil mərkəzləri üçün maraq doğurur və nümunə ola bilər. Sammitin gedişində Oksford Akademik Birliyi üzvlü olan AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, Milli Məclisin Elm və təhsil komitəsinin sədri akademik İsa Həbibbəyliyə elmi fəaliyyətində yüksək professionallıq göstəriciləri və uğurlu innovativ layihələrinə görə Fəxri diplom təqdim ediləcəyi gözlənilir.