8 sentyabr 2025-ci il tarixində AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda doktoranturaya sənəd verən namizədlərlə görüş keçirilib. Görüşdə institutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli və Təhsil şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Gönay Qarayevanın iştirakı ilə namizədlərə doktoranturaya qəbul prosesinin növbəti mərhələləri barədə ətraflı məlumat verilib.
Tədbirdə 2025/2026-cı tədris ili üzrə doktoranturaya qəbul üçün sənəd vermiş, ingilis dili və fəlsəfə imtahanlarında yüksək nəticə əldə etmiş namizədlər iştirak ediblər. Onlar müxtəlif istiqamətləri üzrə — Ədəbiyyat nəzəriyyəsi, Azərbaycan ədəbiyyatı, Türk xalqları ədəbiyyatı, dünya ədəbiyyatı ixtisaslarına müraciət etmiş iddiaçılardır.
Dosent Mehman Həsənli çıxışında doktorant adını qazanmaq üçün vacib olan elmi potensialın, tədqiqat istiqamətinin düzgün müəyyən olunmasının və metodoloji hazırlığın önəmini vurğulayıb. O, namizədləri təbrik edərək onların növbəti mərhələdə — ixtisas imtahanı mərhələsində uğur qazanmalarını arzulayıb və bu mərhələnin keçirilmə qaydaları, qiymətləndirmə meyarları, həmçinin dissertasiya mövzularının seçilməsi ilə bağlı geniş izahat verib.
Görüş zamanı institutun elmi istiqamətləri, elmi-tədqiqat layihələri, prioritet sahələr və gələcək hədəfləri haqqında da məlumat verilib. Bildirilib ki, institut doktorantların elmi fəaliyyətinə dəstək göstərməyə, onların peşəkar tədqiqatçı kimi formalaşmasına şərait yaratmağa xüsusi önəm verir.
Sonda iddiaçıların sualları cavablandırılıb, onları maraqlandıran məsələlər ətrafında səmərəli müzakirələr aparılıb. Görüşdə doktoranturaya qəbul prosesinin şəffaf və obyektiv şəkildə davam etdirildiyi bir daha vurğulanmışdır.
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda
Fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul
imtahanının keçirilmə tarixi, vaxtı və yeri haqqında
MƏLUMAT
5715.01 – “Ədəbiyyat nəzəriyyəsi, ədəbi təhlil və tənqid”, 5716.01 – “Azərbaycan ədəbiyyatı” və 5717.01 – “Türk xalqları ədəbiyyatı” ixtisasları üzrə qəbul imtahanının keçirilmə tarixi, vaxtı və yeri:
9 sentyabr 2025-ci il, saat 14:00
Bakı, Hüseyn Cavid prospekti 115, Akademiya şəhərciyi, Əsas bina, V mərtəbə, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, 525-ci otaq.
5718.01 – “Dünya ədəbiyyatı” ixtisası üzrə qəbul imtahanının keçirilmə tarixi, vaxtı və yeri:
11 sentyabr 2025-ci il, saat 14:00
Bakı, Hüseyn Cavid prospekti 115, Akademiya şəhərciyi, Əsas bina, V mərtəbə, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, 525-ci otaq.