Prezident Kitabxanasında yazıçı-publisist, filologiya elmləri doktoru, Nəvaişünas, özbək ədəbiyyatı tədqiqatçısı və təbliğatçısı Almaz Ülvi Binnətova ilə görüş keçirilib. Qonaq müəllifi olduğu nəşrlərlə yanaşı, digər müəlliflərin tərcümə etdiyi əsərlərini də Kitabxanaya hədiyyə edib.
Almaz Ülvi Binnətova elmi fəaliyyətini 30 ilə yaxın müddətdə əsasən Azərbaycanda özbək ədəbiyyatının tədqiqinə həsr edib. Onun elmi irsinə Əlişir Nəvai yaradıcılığına dair monoqrafiyalar, Azərbaycan–özbək ədəbi əlaqələrinin tarixi problemlərinə dair tədqiqatlar, Şərq təzkirəçiliyi və Babur irsinə aid araşdırmalar, eləcə də 250-dən çox məqalə daxildir. Tədqiqatçı həmçinin 25 000 sözdən ibarət «Azərbaycan-özbək / özbək-azərbaycan» lüğətinin müəlliflərindən biridir.
Kitabxanaya bağışlanan nəşrlər mövzu baxımından geniş spektri əhatə edir: Nəvai irsi və klassik Şərq ədəbiyyatının poetik-fəlsəfi qatları, Azərbaycan-özbək ədəbi əlaqələrinin tarixi, ədəbiyyatşünaslıq və dilçilik məsələləri, Qarabağ mövzusunda publisistika, habelə yerli tarixə dair nəşrlər. Bu toplu həm tədqiqatçılar, həm də ədəbiyyatla maraqlanan geniş oxucu kütləsi üçün zəngin və faydalı bir resursdur.
Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova Almaz Ülvi Binnətovanın hədiyyə etdiyi nəşrləri kitabxana fondunun elmi-tematik zənginliyinə dəyərli töhfə kimi qiymətləndirib və müəllifə gələcək elmi-yaradıcılıq fəaliyyətində uğurlar arzulayıb.