AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun dostu olan Pakistanın Muslim İnstitutunun təşkilatçılığı ilə Pakistana dəstək olan ölkələrə, xüsusən də Azərbaycana minnətdarlıq ifadə edən fləşmob keçirilib. Pakistan Silahlı Qüvvələrinə ehtiramını bildirmək və dost ölkələrə təşəkkür etmək üçün minlərlə insan bir araya gəlib. Azərbaycana xüsusi təşəkkür edən pakistanlılar “Thank you Azerbaıjan” (“Təşəkkürlər Azərbaycan”) flaşmobunu nümayiş etdiriblər.
Muslim İnstitutunun sədri Sahibzadə Sultan Ahmed Ali də dəfələrlə Ədəbiyyat İnstitutunda olub. Sahibzadə Sultan Ahmed Ali Pakistanla Hindistan arasında yaranmış gərginlik zamanı Azərbaycanın Pakistanı dəstəkləməsini yüksək qiymətləndirib.
Qeyd edək ki, Muslim İnstitutu ilə Ədəbiyyat İnstitutu arasında elmi-mədəni əlaqələr geniş vüsət alıb. Azərbaycan-Pakistan əlaqələrinə həsr olunmuş ilk konfrans 2017-ci ildə baş tutub. Ədəbiyyat İnstitutunda “Məhəmməd Füzuli və Sultan Baho: Azərbaycan və Pakistan arasındakı ədəbi əlaqələr” mövzusunda konfrans keçirilib, Muslim İnstitutunun sədri Sahibzadə Sultan Ahmed Ali “Məhəmməd Füzuli və Sultan Baho yaradıcılığı Azərbaycan-Pakistan ədəbi əlaqələri kontekstində” məruzə edib.