Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Almas İldırımın mühacirət həyatından fraqmentlər - Hülya Cəbiyeva

15-01-2025 [ 10:18 ] [ oxunub:17 ]
printerA+ | A-

Almas İldırım haqqında araşdırmaların müəllifləri onun həyatının mühacirətəqədərki dövrünə nisbətən çox yer vermiş, mühacirət dövrü həyatı barədə təqdim etdikləri bilgilər isə zaman-zaman cüzi fərqlərlə bir-birini təkrarlamışdır. Şairin ilk ətraflı bioqrafiyası Feyzi Ağüzümün Almas İldırımın “Seçilmiş şeirləri” kitabında yer almış – “Almas İldırımın hal-tərcüməsi” adlı yazısıdır. Bu yazı özündən sonrakı araşdırmalar üçün dəyərli bir mənbə rolunu oynamışdır. Belə ki, şair haqqında ilk sistemli monoqrafiyanın müəllifi akademik Bəkir Nəbiyev yazır: “... F.Ağüzümün bioqrafik yazısından indiyədək A.İldırım haqqında Bakıda nəşr edilmiş istisnasız olaraq bütün məqalələrin müəllifləri faydalanmışlar. Şairin həyat yolu barədə bəzi əlavələri çıxmaq şərtilə, bütün müəlliflər A.İldırımın tərcümeyi-halına dair faktları təkrar etmişlər” (Didərgin şair (ikinci nəşr), s.19). Biz də F.Ağüzümün şairin mühacirət dönəmi həyatına dair təqdim etdiyi faktların sonrakı araşdırmalar üçün faydalı olduğunu qeyd etməklə yanaşı, B.Nəbiyev və Ənvər Arasın da bu yöndəki tədqiqatlarının önəmini vurğulamağı özümüzə borc bilirik. Lakin zaman keçdikcə A.İldırımın mühacirət həyatına dair yeni faktların meydana çıxması onun elmi tərcümeyi-halının bu yöndən daha ətraflı araşdırılmasını zəruri edir. Biz bu məqaləmizdə şairin Türkiyədəki həyatının həm məlum, lakin  səthi toxunulan, həm də az bilinən və elmi araşdırmalardan kənarda qalan bəzi məqamları barədə bəhs edəcəyik.   

A.İldırım Türkiyədə yaşadığı müddət ərzində yalnız dövlət işlərində çalışmaqla və bədii-publisistik yaradıcılığını davam etdirməklə qalmamış, sosial çevrələrə qatılaraq bölgənin mədəni-maarif işlərində də fəallıq göstərmişdir. Bu barədə Ənvər Arasın “Xəzərdən Xəzərə Almas İldırım” kitabında  bəzi bilgilər yer almaqdadır. O, qeydlərində Elazığdan olan Mehmet Ərgönül adlı bir şairə istinadən, A.İldırımın müxtəlif təmsillər (burada: tamaşa – H.C.) tərtib etdiyini, hətta onun özünün də bu təmsillərdə rol aldığını vurğulamışdır (s.65-66). Həmçinin müəllif şairin oğlu Azər Almasdan alınmış reportaja əsasən qeyd edir: “Almas İldırımın oğlu Azər bəyin ifadəsinə görə, Ağında Azərbaycanın dünya çapında məşhur olan bəstəkarı, dramaturqu Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” adlı tiyatro əsərini səhnəyə qoyar, öyrənci və öyrətmənlərlə birlikdə oyunda iştirak edər” (s.66). 

Biz bu barədə araşdırmaları daha da genişləndirərək deyə bilərik ki, A.İldırım 1934-cü ildə Elazığda açılmış Xalq evinin fəaliyyətində yaxından iştirak etmiş, bölgənin əhalisinin sosial-mədəni yönümdən inkişafına öz töhfəsini vermişdir. Təkcə Elazığda deyil, ölkənin bir sıra digər bölgələrində də açılan bu Xalq evləri əhalinin maariflənməsini, mədəni səviyyəsinin, dünyagörüşünün artırılmasını, cəmiyyətin daha faydalı fərdlərinə çevrilməsini hədəfləmişdir. Elazığ Xalq evinin tərkibində müxtəlif (dil, ədəbiyyat, tarix, təmsil, idman, nəşriyyat, kitabxana və s.) şöbələrin fəaliyyəti isə bu hədəflərə çatmağa xidmət edən əsas vasitələrdən olmuşdur. Belə ki, Yavuz Haykır yazır: “Təmsil şöbəsi Elazığ və çevrəsindəki bölgə qadın və qızlarının sosial qalxınmalarını təmin üçün təmsillərə böyük önəm vermiş, 5 pyesi ikişər dəfədən on dəfə təmsil etmiş və 5000-dən fazla yurddaş bu təmsilləri izləmişdir” (Türk Dünyası Araştırmaları Dergisi. 2007, sayı 171, s.125.). A.İldırımın da iştirakçısı olduğu bu tip fəaliyyətlər, quruluş verdiyi əsərlər, müxtəlif tamaşalarda ifa etdiyi rollar Elazığın gənc türk nəslinin tərbiyələnməsi və maariflənməsi yolunda təqdirəlayiq bir addım olmuşdur. Bütün bunlar onun teatral istedada malik olduğunu da təsdiq edən faktlar kimi diqqəti çəkir.

 Elazığ Xalq evi yaradılmasından 1 il sonra “Altan” adında dərgi buraxmağa başlamışdır. Dərginin əsas fəaliyyət istiqamətləri Elazığın ədəbi-mədəni, tarixi-coğrafi özəlliklərini əks etdirməklə yanaşı, bu bölgələrin zəngin və rəngarəng şifahi xalq yaradıcılığı incilərini tanıtmaq olmuşdur. Dərginin yazar heyəti içərisində Elazığda qısa müddətdə sayılıb-seçilən ziyalı kimi tanınmış A.İldırım da olmuşdur. Onun sözügedən yayım orqanında “İrəliləyən Elazizə”, “Tunceli dağlarına”, “Uzaqdakı soydaşlara çağırış” kimi şeirləri çap olunmuşdur ki, bu şeirlərdən sonuncusu Türkiyənin Cümhuriyyət bayramı münasibəti ilə yazılmışdır.       

Qeyd edək ki, A.İldırım Türkiyədə yaşadığı zaman İkinci Dünya müharibəsi başlamışdı. Dövrün türkçüləri müharibənin tərəflərindən biri olan Almaniyaya xilaskar gözü ilə baxır, almanların sovetlər üzərində qələbə çalacağı təqdirdə, türk xalqlarının da yenidən öz müstəqilliklərinə qovuşacaqlarına, hər birinin öz hürr dövlətini quracaqlarına inam bəsləyirdilər. Mühacirətşünas alim N.Cabbarlının da doğru qənaətinə görə, “...II Dünya müharibəsi dövründə azərbaycanlı  döyüşçülərin bir qismi könüllü olaraq almanların ruslara qarşı vuruşmaq üçün təşkil etdikləri milli birliklərə (legionlara) daxil olmuş və bu birliklərin tərkibində rus əsarətinə, bolşevizmə, totalitar sovet rejiminə qarşı rəşadətlə vuruşmuşlar. Milli birliklərə qoşulmuş soydaşlarımızın nəzərində düşmən faşist Almaniyası deyil, onların vətənini işğal edərək, üçrəngli bayrağını endirmiş, millətini əsarət altına almış bolşevik Rusiyası idi” (Azərbaycan mühacirət nəsri, s.55). A.İldırım da öz mübarizəsini almanların mövqeyində durmaqla aparırdı. Xeyli diqqətçəkən fakta nəzər yetirək. “Yeni Konya” qəzetinin yazarlarından, 1934-cü ildə Elazığa müəllim kimi təyinat alan, şairlə burada tanış olub dostlaşan Ramiz Arda “Xatirələrimin acı bir yarpağı: Bir dava adamı Almas İldırım” adlı xatirələrində A.İldırımın ona dediklərini çatdırır: “Almanların Rusyaya saldırıb bir sel gibi irəlilədikləri zaman bir gün bana açıldı: Rusya gediyor, parçalanıyor, dedi, Almanyada, İstanbulda, İranda bulunan Azərbaycan türkləri hərəkətə keçdilər, həpimiz birlikdə Rusyaya sızaraq yurdumuza gedəcəyiz. Almanların hərəkətlərini təqib edəcək və içdən-içə çalışaraq müstəqil türk yurdları qurularkən işin başında bulunacağız, bən bu gün-yarın məktub bəkliyorum İstanbuldakı təşkilatımızdan” (Hatıralarımın acı bir yaprağı: Bir dâva adamı «Elmas Yıldırım». “Yeni Konya” gaz.,  5 ocak 1962, sayı 4436, s.3). A.İldırım bütün bunlardan R.Ardaya gizli şəkildə bəhs etmiş, övladlarını və yoldaşını özü ilə aparmağın ilk başda mümkün olmayacağını, onları Ardaya tapşırdığını, daha sonra ailəsini yanına aldıracağını demişdir. R.Ardaya görə, şairin söylədikləri sadəcə, boş vədlər deyildi; o, Məhəmməd Əmin Rəsulzadə və Mirzə Bala Məhəmmədzadəyə güvənirdi. Lakin təəssüf ki, 2 fevral 1943-cü il Stalinqrad döyüşündə almanların sovet qoşunlarına məğlubiyyəti ilə bir çox istiqlal mücahidi kimi, Almasın da Vətənin tezliklə əsarətdən qurtulub azadlığa qovuşacağı ilə bağlı gözləntiləri puç oldu. Baş verən bu olaydan bir müddət ciddi mənəvi sarsıntı keçirməsinə baxmayaraq, möhkəm iradəyə malik olan şair özünü toparlayıb gücünü səfərbər etmiş və yenidən qutsal mücadiləsini yürütmüşdü.

A.İldırımın “İstanbuldakı təşkilatımız” deyə söz açdığı, zənnimizcə, M.Ə.Rəsulzadənin rəhbərlik etdiyi,  qayəsi sovet hakimiyyətini çökdürərək yenidən vətənimizi müstəqilliyinə qovuşdurmaq olan Azərbaycan Milli Mərkəzidir. Bu qurum öz ətrafında Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ilə fərqli-fərqli ölkələrdə mühacir həyatı sürməyə məhkum olmuş istiqlalçı soydaşlarımızı toplamışdı. Sözügedən zamanda Rumıniyada yaşayıb-fəaliyyət göstərən M.Ə.Rəsulzadənin İstanbuldakı təmsilçisi Müsavat Partiyasının Xarici Ölkələr Bürosunun üzvü Mirzə Bala Məhəmmədzadə idi (İkinci Dünya savaşının gizli belgeleri. Almanya Dışişleri Bakanlığı Arşivinden Hitler Almanyası’nın Türkiye politikası. 1941-1943, Eskişehir, 2022, s.33.). Bu məqamı əsas götürərək, Mirzə Balanı hələ Bakıdan, uşaqlıq illərindən yaxşı tanıyan A.İldırımın həmin təşkilatla onun vasitəsilə əlaqə saxladığını ehtimal edə bilərik. 

Xatirədə A.İldırımın dilindən verilmiş bu tarixi faktlara, İstanbuldakı təşkilat məsələsinə və s. göstərdiyimiz mənbədən başqa heç bir yerdə rast gəlməmişik. Qeyd etdiklərimiz bir türkçü şair kimi, A.İldırımın başında ilk növbədə, M.Ə.Rəsulzadənin durmuş olduğu Azərbaycan Milli Hərəkatının  ̶  Azərbaycan davasının bu və ya digər dərəcədə bir parçası olduğunun göstəricisidir. Şairin M.Ə.Rəsulzadə, M.B.Məhəmmədzadə kimi mühacirlərimizdən başqa, Ə.Cəfəroğlu ilə də əlaqəsi olduğunu A.Almasdan alınan müsahibələrin birindən öyrənirik. Ona atasının Azərbaycandan kimlərlə əlaqə qurduğu, məktublaşdığı barədə sual ünvanlanır. A.Almasın cavabı isə belədir: “M.Ə.Rəsulzadə, Mirzə Bala, Ə.Cəfəroğlu. Mənim ağlımda qalan bunlar. Bunlar nədən ağlımda qaldı? Atam öldükdən sonra bən İstanbula oxumağa gəldiyimdə bunlar bana ikinci ata oldular” https://video.azertag.az/video/52724 ).">(https://video.azertag.az/video/52724 ; ).

A.İldırımın epistolyar irsindən yalnız Azərbaycan milli hərəkatının öncül simalarından Mirzə Bala Məhəmmədzadəyə 22.08.1940-cı ildə əski əlifba ilə türkcə yazdığı bir cavab məktubu son dövrlərdə aşkara çıxarılmışdır. Öncə, Mirzə Baladan məktub almasından dolayı çox sevindiyini, həyəcanlandığını ifadə edən şair daha sonra  Malatyadakı həyat şəraiti, dolanışığının bir qədər çətin olması, səhhətinin pozulması, yeni vəzifəyə təyin olunmasının ailəsinin yaşamına müsbət təsirləri və s. haqqında məlumat verir. Bu baxımdan da, şairin öz qələmi ilə yazılmış sözügedən məktub onun mühacirət həyatının müəyyən məqamlarına işıq salan  əhəmiyyətli bir mənbədir. A.İldırımın “Sizə vətəndən nasıl ayrıldığımız  və qürbət ellərdə keçirdiyimiz günlər haqqında ayrıca yazacağım” (D.Əhməd. Almas İldırımın məktubu aşkarlandı. “Birlik” jurnalı, 2016, № 1-2 (24),  s.20-21.) deməsindən aydın olur ki, şair məktublarına davam edəcək və öz həyatı, başına gələn olaylar barədə daha təfsilatlı məlumat vermək fikrindədir. 

A.İldırımın mühacirət dönəmi həyatına dair daha bir önəmli fakt onun Türk Milliyyətçilər Dərnəyi ilə bağlılığıdır. Qeyd etmək lazımdır ki, 1951-ci ildə ilk olaraq Ankarada qurulan bu Dərnəyin 15 ay ərzində Türkiyənin müxtəlif bölgələrində 60 şöbəsi fəaliyyətə başlamış, A.İldırım da Dərnəyin Malatya şöbəsində vəzifə tutmuşdur. Bununla bağlı olaraq, “Demokrat Malatya” qəzetinin 1951-ci ilə aid 198-ci sayında Dərnəyin Malatya şöbəsinin açılış mərasimi ilə bağlı bir xəbər paylaşılmışdır. Həmin xəbərdə dərnək başqanının nitqindən sonra milli şeirlər oxunduğu, xüsusilə A.İldırımın “Kremlini yakacağım” şeirinin böyük alqışa səbəb olduğu ifadə edilmişdir (Türk Milliyetçiler Derneğinin açılış merasimi. “Demokrat Malatya” gaz., 23 ekim 1951, s.1.). Onu da qeyd edək ki, şair TMD-nin Malatya şöbəsində Heysiyyət divanı üzvlərindən biri kimi fəaliyyət göstərmiş, dərnəyin ölkə ərazisində təşkilatlanmasına öz xidmətlərini göstərmişdir. Onun həmin vəzifəyə seçilməsi xəbərini “Məfkurə” qəzetindəki “Dərnəyimizin Malatya və Kırıkkale Şöbələri Ümumi Heyət Toplantıları: Malatya” adlı xəbərdən öyrənirik. Bu toplantı 25.11.1951-ci il tarixində keçirilsə də, xəbəri 02.02.1952-ci il tarixində dərc edilmişdir. Qəzetdən oxuyuruq: “Heysiyyət  divanına Almas İldırım, Musa Diltəmiz, Zülfikar İnanç, Əkrəm Kağızmanlı, İsmail Yardım, Mövlud Oğuz seçildilər” (Derneğimizin Malatya ve Kırıkkale şubeleri umumi heyet toplantıları. “Mefkûre” gaz., 26 ocak 1952,  s.2).

 Türk milliyyətçiliyini yüksək səviyyəyə qaldırmaq, türk milliyyətçilərini təşkilatlandıraraq onları vahid bir çevrədə toplamaq, türklər arasında milli birlik ideyalarını yaymaq, cəmiyyətdə baş verən haqsızlıqlara qarşı mübarizə aparmaq, yeni nəsil türk gənclərini əsl türk milliyyətçiləri kimi görə bilmək Türk Milliyyətçilər Dərnəyinin qurulma məqsədlərindəndir. Belə bir mühüm amal uğrunda fəaliyyət və mübarizəsinə baxmayaraq, TMD çox qısa bir müddət sonra – 1953-cü ildə qapadılmışdır.  

A.İldırımın həyatı ilə bağlı daha bir əhəmiyyətli məsələ onun 3 may 1944-cü il “İrqçilik–Turançılıq” davası adlanan siyasi olaydakı rolu ilə bağlıdır ki, biz həmin məsələyə ayrıca müstəqil bir məqalə həsr etdiyimizdən bu araşdırmamızda toxunmağı məqsədəuyğun saymadıq.  

A.İldırımın Türkiyənin Elazığ, Tunceli, Malatya vilayətlərinin bir sıra ilçə və nahiyələrinin dövlət idarələrində müxtəlif məsul vəzifələrdə çalışması bəlli faktlardır. Onun həmin vəzifələrin icrasına vicdanla yanaşması isə R.Ardanın yuxarıda bəhsi keçən xatirə yazısında xüsusi vurğulanır. Bu yazı A.İldırımın mücadiləsinin qayəsini düzgün müəyyən etməsi və onun bir sıra şəxsi keyfiyyətlərini əks etdirməsi, dövlət qulluqçusu kimi sənədli obrazını yaratması baxımından çox əhəmiyyətlidir və oxuculara şairi daha yaxından tanıdır. O, doğru qənaətə gələrək, şairin yeganə və müqəddəs qayəsinin Azərbaycanı müstəqil görmək olduğunu qeyd edir: “Yer üzündə onun qədər çocuq, ailə, yiyəcək, giyəcək, istiqbal əndişəsindən uzada bir insana rastlamadım. Bir tək şey var: sadəcə, vətənin hürriyyətə qovuşması. Müstəqil Azərbaycan!...” (6 ocak 1962, sayı 4437, s.3.). R.Arda daha sonra  A.İldırımın Ağında nahiyə müdiri vəzifəsinə təyin edilməsinin yerli əhali arasında birmənalı qarşılanmadığını, barəsində müxtəlif fikirlər yürüdüldüyünü, söz-söhbətlər gəzdiyini bildirir,  ardınca bunları da əlavə edir: “Yalnız şu cəhəti kəsin olaraq bəlirtmək faydalı olur ki, o, Ağın’da qaldığı dörd il içində heç kimsənin könlünü qırmadı, kimsəyi incitmədi. Bunun da səbəbi bəsit: O, bir idarə adamı olmaq için yaradılmamışdı, kimsəyə bağırmadığı gibi, qaşını belə çatmazdı. O sadəcə qayə adamıydı; kəndi qayəsinin adamı; ondan ötəsi onu bəlki iligləndirməzdi belə!...” (6 ocak 1962, sayı 4437, s.3.). 

Bəli, R.Ardanın xatirələri bir daha onu təsdiq edir ki, A.İldırımdan ötrü tutduğu məsul vəzifə şəxsi firavanlığını təminetmə, şöhrət, rəyasət vasitəsi deyil, özünə ikinci vətən bildiyi Türkiyəyə xidmət vasitəsi idi. O bir dava adamı idi, “Azərbaycan davası”nın, türklük mücadiləsinin adamı... Bu qayə uğrunda da yaşayıb-yaratdı, mücadiləsini sürdürüb əbədiyyətə qovuşdu. Bəzilərindən fərqli olaraq, heç zaman heç bir vəzifəsindən sui-istifadə etmədi. Dövlətə və onun vətəndaşlarına sədaqətlə xidmət etdi. Bu yoldan sapan məmurları da ifşa və rüsvay etməkdən çəkinmədi.  Onun “Demokrat Malatya” qəzetində çap olunmuş tənqidi mahiyyətli şeirləri və publisistik yazıları da bu fikirlərimizin birər sübutudur. A.İldırım son dərəcə həssas, duyğusal, hər kəsə qarşı nəzakətli və diqqətli bir ziyalı olmuşdur. O təkcə yaradıcılığında deyil, gündəlik həyatda da, dövlət qulluğunda da  bu məziyyətlərə, sabit duruşa sadiq bir insan idi. 

A.İldırım 14 yanvar 1952-ci ildə Malatyada vəfat etmişdir. Şairin İran sərhədində saxlanılan zaman yaşadığı işgəncələrin böyrəklərində qalıcı fəsadlar yaratması çox erkən – heç 45 yaşına çatmamış ölümünə səbəb olmuşdur. A.İldırımın vaxtsız vəfatı Azərbaycan mühacirətinin, onu yaxından tanıyan türkiyəli soydaşlarının, dostlarının dərin kədərinə səbəb olmuş, şairin dəfn mərasiminə  bölgə əhalisinin müxtəlif təbəqələrini təmsil edən insanlar, sənətinin pərəstişkarları, habelə Malatya valisi başda olmaqla, vilayətin dövlət idarələrinin qulluqçuları da qatılmışlar. O, Malatyada – Sancaqdar qəbiristanlığında böyük bir izdihamın müşayiəti ilə torpağa verilsə də, məzarı sonradan itib-batmış, axtarışlara baxmayaraq tapılmamışdır. A.Almas bir müsahibəsində atasının qəbrinin dağıdılaraq üzərindən yol çəkildiyini söyləmişdir. Şairin nəvəsi, A.Almasın oğlu İldırım Rutil Almas isə babasının məzarının tapılması üçün Azərbaycan tərəfindən yardımlar edilərək Türkiyəyə heyət göndərildiyini, buna baxmayaraq məzarın yerinin müəyyənləşdirilə bilinmədiyini təəssüflə qeyd edir: “Azərbaycan dövləti Almas İldırımın məzarının tapılması ilə bağlı böyük işlər gördü. Azərbaycandan Türkiyəyə heyət göndərildi, Türkiyə hökumətinin də dəstəyilə axtarış aparıldı. Amma ovaxtkı qəbiristanlığın ərazisindən yol çəkiləndə bir çox məzar düzgün daşınmadı, itib-batdı. Sonra da güclü sel yuyub apardı. Nəticədə məzarlığın yarısı məhv olub. Biz Almas İldırımın məzarının tapılmamasının qəribə bir tilsiminin olduğuna inanırıq” (D. Əhməd. Almas İldırım xatirələrdə,  s.80).

Araşdırmamızda A.İldırımın həyatının mühacirət dövrü barədə təqdim etdiyimiz faktlar onun Türkiyədə sadəcə, bədii yaradıcılıqla məşğul olmaqla qalmayıb, bir sıra sosial-mədəni, ictimai-siyasi fəaliyyətlərin də iştirakçısı olduğunu göstərdi. Lakin bunu da qeyd edək ki, şairin sözügedən fəaliyyətləri onun bədii-publisistik yaradıcılığında təbliğ və tərənnüm etdiyi ideyalarla səsləşmiş, biri digərini tamamlamışdır. Məsələn, tamaşalarda yer almasında, pyeslər səhnələşdirməsindəki bacarığında onun ədəbiyyat adamı olması da, təbii ki, rol oynamışdır. Elazığ əhalisinin maariflənməsi üçün sərf etdiyi səylər isə türkiyəli qardaşlarımıza göstərdiyi diqqət və qayğının təcəssümü sayıla bilər. Digər tərəfdən, A.İldırımın II Dünya müharibəsində Almaniyanın zəfərinə bəslədiyi ümid, bu zəfəri vətəni Azərbaycanın yenidən istiqlala qovuşması vasitəsi kimi görməsi, siyasi mühacirətimizin öndər simalarından M.B.Məhəmmədzadəyə yazdığı məktub, Türk Milliyyətçilər Dərnəyində önəmli vəzifə tutması, adının “İrqçilik-Turançılıq” olaylarında hallanması və s. məqamlar şairin həyatının mühacirət dövrü barədə təsəvvürlərimizi daha da genişləndirir, onu sadəcə ədəbiyyat adamı kimi deyil, fəal ictimai-siyasi mövqeyi olan milliyyətçi ziyalı kimi təqdim etməyə əsas verir. 

SİZƏ MARAQLI OLA BİLƏR