Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

İki əsrə sığmayan 20 il - Asif Rüstəmli

31-10-2023 [ 13:37 ] [ oxunub:27 ]
printerA+ | A-
103861

“Müstəqilliyimizin son 20 ili ərazi bütövlüyü, dövlət suverenliyinin bərpası, iqtisadi dirçəliş uğrunda mübarizələrlə zəngin, misilsiz fədakarlıq və yüksəliş dönəmidir. Son 20 il Azərbaycanın ikiəsrlik “Qordi düyünü”nün çözüm tarixidir. Lələtəpədən Xankəndiyədək uzanan Zəfər yolunu tale və tarix kəhkəşanımızın “Ağ yol”una, “Süd yolu”na, “Məkkə yolu”na da bənzətmək olar. Millətimizin məğlubiyyət sindromundan, miskinlik kompleksindən xilas edilərək Zəfər yoluna qədəm qoyması Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanı İlham Əliyevin titanik əməyinin, böyük zəhmətinin və fədakarlığının bəhrəsidir.

İyirmi il əvvəl Ümummilli Lider prezident seçkiləri ərəfəsində xalqa müraciətində özünün siyasi varisi İlham Əliyevi dəstəkləyərək bəyan edirdi: “O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir... İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək”.

Bunu açıqlamasında filologiya elmləri doktoru, professor Asif Rüstəmli deyib. O bildirib ki, yeni seçilmiş dövlət başçısının qarşısında dayanan ən çətin və ağrılı problemlərdən biri Ermənistanın təcavüzü nəticəsində öz evindən-ocağından qaçqın, məcburi köçkün düşmüş yüzminlərlə insanların dözülməz yaşam tərzinə, məhdud sosial imkanlara malik çadır düşərgələrindən yeni salınmış qəsəbələrə, şəhərciklərə köçürüb rahat şəraiti olan müasir evlər, mənzillər ilə təmin etməkdən ibarət idi.

“Doğrudur, bu istiqamətdə Ulu Öndər Heydər Əliyev müvafiq addımlar atmış, onun Fərmanı ilə qaçqın və köçkün qəsəbələrinin salınması üçün 70 milyon ABŞ dolları vəsait ayrılmışdı. Sonrakı quruculuq illərində qaçqın və məcburi köçkün soydaşlarımızın həyat şəraitini yaxşılaşdırmaq üçün ayrılmış vəsaitlərin həcmi qat-qat artırıldı. 2007-ci ilədək Ulu Öndərin Sərəncamı ilə, ilk növbədə, Biləsuvar rayonunda 19 min nəfərə yaxın qaçqını və məcburi köçkünü əhatə edən beş çadır düşərgəsi ləğv edildi. Ardınca Bərdə, Ağcabədi, Sabirabad, Saatlı rayonlarında tikilmiş qaçqın düşərgələri fəaliyyətlərini dayandırdı. Qaçqın və məcburi köçkün ailələri Abşeron rayonunun Masazır, Mehdiabad, Sabunçu rayonunun Ramana qəsəbələrində, Qaradağ rayonunun Lökbatan qəsəbəsinin yaxınlığında yeni yaşayış kompleksində təmirli binalarda məskunlaşdılar. Horadiz şəhəri, Şıxarx, Cocuq Mərcanlı qəsəbələrində soydaşlarımız üçün müasir infrastruktur yaradıldı, iş yerləri açıldı”, - deyə alim əlavə edib.

Xalqımız üçün hər zaman həssas olan qaçqın və məcburi köçkünlər probleminin Prezident İlham Əliyevin 20 illik fəaliyyəti dövründə prioritet məsələlər sırasında dayandığını vurğulayan A.Rüstəmli bildirib ki, qaçqın soydaşlarımıza dövlət səviyyəsində qayğının artırılması torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyünün təmin olunması istiqamətində dövlət başçısının apardığı siyasəti ikinci plana keçirmirdi. Prezident İlham Əliyev 2003-cü il oktyabrın 31-də andiçmə mərasimində dünyaya açıq bəyan edirdi: “Azərbaycanın torpaqları işğaldan azad olunmalıdır, bir milyon qaçqın və köçkün öz doğma yurdlarına qayıtmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Azərbaycan heç vaxt bu vəziyyətlə, torpaqlarının işğal altında qalması ilə barışmayacaqdır. Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza baxmayaraq, müharibənin yenidən başlanmamasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir”.

Professor Asif Rüstəmli qeyd edib ki, Prezidentin andiçmə mərasimində səsləndirdiyi konkret və sərt bəyanatı, ilk növbədə, Azərbaycan ərazilərini işğal etmiş, millətimizə qarşı etnik təmizləmə və soyqırımı həyata keçirmiş Ermənistana və onun havadarlarına ünvanlanmışdı. Əslində bu bəyanat İlham Əliyevin yeni statusda işğalçılara qarşı açıq xəbərdarlıq mesajı idi. Sonuncu cümlə Avropa İttifaqının, ATƏT-in Minsk qrupu həmsədrlərinin tez-tez səsləndirdiyi, istinad etdiyi “Qarabağ münaqişəsinin hərbi yolla həlli mümkün deyil”, “Problem qarşılıqlı güzəştlər şəraitində sülh yolu ilə həll edilməlidir” kimi mahiyyətində, məramında hədə intonasiyası daşıyan, təcavüzkar ilə məsum arasında bərabərlik qoyan, “balanslı” siyasət yolunu seçən ikili standartlar “mafiyasının” ideoloqlarına qarşı yönəlmişdi. Prezidentin ilk andiçmə nitqi, açıq bəyanatı onun ölkə qarşısında həllini gözləyən taleyüklü problemlərin çözümü istiqamətində konstruktiv konsepsiyası, dəqiqliklə ölçülüb-biçilmiş fəaliyyət məramnaməsi idi. Dövlət başçısının fəaliyyət proqramına milli birlik və ordunun döyüş qabiliyyətinin yüksəldilməsi vəzifələri də daxil idi. Onun bu yönümdə inamla söylədiyi ümummilli düşüncələrin öz hədəfləri var idi: “Biz hamımız birləşərək və bir nöqtəyə vuraraq Azərbaycanı zəngin, qüdrətli dövlətə çevirəcəyik. Azərbaycanda ordu quruculuğu sahəsində də böyük işlər görülmüşdür. Ölkəmizdə güclü ordu yaradılmışdır və bu proses davam edəcəkdir. Bu məsələ daim mənim diqqət mərkəzimdə olacaqdır. Azərbaycanın çox güclü ordusu olmalıdır”.

Professor vurğulayıb ki, xalqımız Prezidentin ilk andiçmə mərasimində vurğuladığı müddəaların son 20 ildə bənd-bənd necə yerinə yetirildiyinin canlı şahididir. O, qazanılacaq uğurların prinsiplərini, təməl müddəalarını da öncədən, uzaqgörənliklə müəyyən etdi və Ulu Öndərin siyasi xəttinə sadiq qaldı. Heydər Əliyev yolu Azərbaycanı qüdrətli dövlətə çevirdi. Heydər Əliyev siyasəti uğurlarımızın, zəfərlərimizin rəhni oldu.

“Prezident İlham Əliyev sözdən, şüardan, ideyalardan gerçəkliyə, reallığa, əmələ doğru uzun bir yol qət etdi. Beynəlxalq və regional təzyiqlərə baxmayaraq, heç vaxt torpaqlarımızın işğalı ilə barışmadı. İndi Laçına, Füzuliyə, Zəngilana və digər rayonlara, işğaldan azad edilmiş kəndlərə “Böyük Qayıdış”ı xalqımız, ölkəmiz böyük sevinc, fərəh hissi ilə izləyir. “Şuşaya bir nəfəs qədər yaxınıq”, “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” – dedi. Günü-gündən gözəlləşən, müasirləşən qədim Şuşa şəhəri mədəniyyət paytaxtı seçilib, beynəlxalq tədbirlərin mərkəzinə, Şuşa Bəyannaməsinin imzalandığı müqəddəs ocağa, “Xarıbülbül” musiqi festivalının, “Vaqif Poeziya Günləri”nin keçirildiyi məkana çevrilib. O, “Qarabağ Azərbaycandır!” – dedi. Qarabağ üzərində Azərbaycanın pozulmuş hüquqlarını, suverenliyini bərpa etdi. Xankəndidə Azərbaycanın Dövlət Bayrağını ucaltdı.

Prezident İlham Əliyev xalq qarşısında verdiyi bütün vədləri şərəflə, ləyaqətlə yerinə yetirdi, “Heydər Əliyev İli”ndə, son 20 il müddətində qarşıya qoyulan bütün mühüm vəzifələri icra etdi. Azərbaycanı dünyanın qüdrətli dövlətləri sırasına yüksəltdi. Son 20 ili ikiəsrlik tariximizin qiymətli, bənzərsiz üzük qaşına bənzətmək olar... Azərbaycanın böyük Qələbəsini şərtləndirən əsas amillərdən biri Prezident İlham Əliyevin mənəvi keyfiyyəti ilə sıx bağlı məsələdir. Dövlətimizin başçısının verdiyi sözün onun imzası qədər mötəbər olması, sözünün üstündə durmağı bacarması, sözlə əməlinin vəhdəti Zəfərin təntənəsini təmin etdi”, - deyə A.Rüstəmli fikrini yekunlaşdırıb.