AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Elmi Şurasının 6 aprel 2022-ci il, 3 saylı qərarı ilə On cilddə Azərbaycan ədəbiyyatı tarixinin VI cildi (Bakı, “Elm”, 2022, 1168 s.) çapdan çıxıb. Akademik İsa Həbibbəylinin ümumi redaktəsi ilə çap olunan “Azərbaycan ədəbiyyatında tənqidi realizm və romantizm epoxası “ adlı cildin redaksiya şurasına İsa Həbibbəyli (baş redaktor), İslam Qəribli (məsul redaktor), Şahbaz Musayev (məsul redaktorun müavini), Tahirə Məmməd, Bədirxan Əhmədov və Mehman Həsənli (məsul katib) daxildir.
“Azərbaycan ədəbiyyatı tarixinin VI cildi XX əsrin əvvəllərində ölkəmizdə yaranmış ədəbiyyata həsr olunub. Cilddə bu tarixi mərhələdə Azərbaycan ədəbiyyatında tənqidi realizm, romantizm və sentimentalizm ədəbi cərəyanları, maarifçi-realist ədəbiyyatın yaranması və inkişafından, əsas simalarının həyat və yaradıcılığından bəhs edilir. Kitabda XX əsrin əvvəlləri Azərbaycanda dövrü mətbuat, tənqid və ədəbiyyatşünaslığın inkişafında yeni mərhələ kimi səciyyələndirilib” (Annotasiyadan).
İ.Həbibbəylinin “Azərbaycan ədəbiyyatında tənqidi realizm və romantizm epoxası
(Milli demokratik hərəkat dövrü Azərbaycan ədəbiyyatı)” adlı baş məqaləsində dövrün sosial-siyasi və mədəni xülasəsi verilib. XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatı bu sosial-siyasi hadisələrin fonunda təşəkkül tapıb, milli realist ədəbiyyatın yaranmasında yeni hadisə olub, çoxəsrlik ədəbi-fikir tariximizin tərkib hissəsinə çevrilib.
Rusiyada burjua-demokratik inqilabı, İranda Məşrutə hərəkatı, habelə, Birinci Dünya müharibəsi Azərbaycana təsir göstərib. Nəticəsi bu olub ki, ölkəmizdə milli-demokratik hərəkat genişlənib, siyasi partiyalar yaranıb, milli azadlıq uğrunda mübarizə məqsədi gündəmə gəlib. Demokratik mətbuat ardıcıl faəliyyətə başlayıb, bu da “Azərbaycanda ictimai-siyasi fikrin və ədəbiyyatın inkişafına güclü təsir göstərib”.
Milli şüurun oyanması ilə cəmiyyətdə yeniləşmə prosesləri başlayıb. Ədəbiyyatda sadə, “kiçik insanların” obrazı yaradılıb. Sadə adamların timsalında “xalq həyatının əks etdirilməsi və millətin gələcək taleyinin müəyyən olunması ədəbi fikrin baş mövzusuna çevrilib”. Sosial mühitdə dirçəliş, cəmiyyətdə və mənəviyyatda yeniləşmə əmələ gəlib.
XIX əsrin axırları, XX əsrin əvvəllərində görkəmli ədəbi sənətkarlar yetişib. M.F.Axundzadədən sonra Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyli, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid, Nəriman Nərimanov, Məhəmməd Əmin Rəsulzadə, Əli bəy Hüseynzadə, Məhəmməd Hadi, Əhməd Ağaoğlu, Firudin bəy Köçərli kimi “böyük ədəbi-tarixi simalar həm də Azərbaycan ədəbiyyatının ayrı-ayrı istiqamətləri, habelə, müxtəlif ədəbi cərəyanların yaranıb inkişaf etdirilməsində mühüm rol oynayıb”.
XX əsrin əvvəllərində Azərbaycanda renessans prosesləri başlayıb. XIX əsrin maarifçi ideyaları XX əsrin əvvəllərində milli-demokratik hərəkata doğru yönləndirilib. “Daha doğrusu, XIX əsrin maarifçilik hərəkatı XX əsrin əvvəllərinin milli-demokratik hərəkatına çevrilib”.
Ədəbiyyatın qarşısında ciddi ictimai-siyasi problemlər qoyulub. “XIX əsr Azərbaycan maarifçi ədəbiyyatının əsas hədəfi xalqı gerilikdən xilas etmək, XX əsrin əvvəllərindəki ədəbiyyatın başlıca məramı isə milli istiqlal olub”. “Molla Nəsirəddin” Azərbaycanın həqiqət və intibah kitabı” (Mir Cəlal) kimi meydana çıxıb.
XIX əsrdə ilk toxumları səpilmiş Azərbaycançılıq ideyası XX əsrin əvvəllərində ədəbiyyatda da genişlənib, milli ideala çevrilib. Məsələ mövcud quruluşu dəyişmək olub, xalq milli istiqlala doğru irəliləyib. İ.Həbibbəyli yazıb: “Bu məqam tam mənası ilə maarifçi realizmin inkişaf edərək yeni tarixi şəraitdə tənqidi realizmə çevrildiyini göstərir. Məhz tənqidi realizm cəmiyyətdə müşahidə olunan ayrı-ayrı qüsurları deyil, bütövlükdə cəmiyyətin inkişafına maneəçilik törədən bütün təzahürləri tənqid və ifşa edir. Beləliklə, Azərbaycan ədəbiyyatına “tənqidi realizm mövcud iqtisadi həyat və əxlaq tərzinin artıq tənqid və lənətə məruz qaldığı, inkar, ittiham və rədd olunduğu bir dövrün realizmi kimi formalaşır”.
Azərbaycan tənqidi realizmi ilə “Molla Nəsirəddin” ədəbi məktəbinin məqsəd və vəzifələri eyni olub. Tənqidi realist yazıçılar, əsasən, Molla Nəsirəddinçilər idi. Cəlil Məmmədquluzadə həm “Molla Nəsirəddin”, “həm də tənqidi realizm ədəbi cərəyanının ideya rəhbəri və yaradıcısı olub. “Milli istiqlal məsələsi və azərbaycançılıq məfkurəsi Cəlil Məmmədquluzadənin başçılıq etdiyi “Molla Nəsirəddin” ədəbi məktəbinin... dönmədən mübarizə apardığı əsas ideal idi”. Ədəbiyyat və ictimai fikir “azərbaycanlı” anlayışından çox, “Haradır Azərbaycan”, “Nə etməli” məramı ilə milli dövlət yaratmaq uğrunda mübarizəyə, milli ideal və xalq taleyi ilə məşğul olmağa başlayıb. C.Məmmədquluzadə, Ö.F.Nemanzadə “məsələni belə qoyurdu: “Mən kiməm? –şəklində. “Molla Nəsirəddinçilər xalqı ”Vətən, millət, dil idealları üzərində kökləməyə çalışır, var gücü ilə yalnız əməl, əməl və yenə də əməl”,– deyə çağırırdılar”.
“Molla Nəsirəddin” azərbaycançılıq idealının əsas mənbəyi olub. “Azərbaycançılıq məfkurəsini milli-demokratik hərəkat səviyyəsinə qaldırmaq molla nəsrəddinçilərin böyük hünəri və tarixi xidmətləri idi. Bu mənada “Molla Nəsirəddin” ədəbi məktəbi – azərbaycançılıq məktəbi deməkdir... Cəlil Məmmədquluzadənin “Azərbaycan” məqaləsi mətbuatda, “Anamın kitabı” dramı isə ədəbiyyatda azərbaycançılıq idealının manifestidir”, – deyə İ.Həbibbəyli yazıb. Açıq ana dilində yazmaq, “açıq yazmağı da bacarmaq” molla nəsirəddinçiliyin başlıca üslub istiqaməti, “kiçik adam” surətlərini ədəbiyyat və mətbuata gətirmək onların təməl prinsiplərindən olub.
“Molla Nəsirəddin”in satira dili, üslubu, janrları, tipajları, karikaturaları molla nəsirəddinçi poetikanın əsası olub. İ.Həbibbəyli yazıb: “Molla Nəsirəddinçilik – satirik publisistikanın siyasi kəsəri, yüksək vətəndaşlıq ruhu, forma müxtəlifliyi, zəngin sənətkarlıq imkanları mənasını ifadə edir. Molla Nəsirəddinçilik – ədəbiyyatda və ictimai fikirdə demokratik proseslərin genişləndirilməsi və müdafiə olunması hərəkatı deməkdir. Molla Nəsirəddinçilik –ədəbiyyata, milli istiqlala, müstəqil dövlətçilik idealına, azərbaycançılıq məfkurəsinə sədaqətlə xidmət deməkdir”.
İ.Həbibbəyli yazıb ki, Molla Nəsirəddinçi, tənqidi-realist ədəbiyyatımız sürətlə inkişaf edib, satirik-yumoristik mətn və pafos XIX əsrdə satirik-didaktik xarakter alıb, XX əsrin əvvəllərində isə tənqidi satirik ədəbiyyat səviyyəsinə yüksəlib. İsa müəllim tezis verib ki, “XIX əsr Azərbaycan maairfçi realizmində satira islahedici mahiyyət daşıdığı halda, XX əsrin əvvəllərinin tənqidi realizmində kəskin ifşaedici məzmunda olub”. Molla Nəsirəddinçilər tənqidi-satirik ədəbiyyatın yaradıcı və hərəkatverici qüvvəsi olub. Əsrin əvvəllərində tənqidi-satirik ədəbiyyatı yaradanlar isə C.Məmmədquluzadə, M.Ə.Sabir, Ə.Haqverdiyev, M.S.Ordubadi, Ə.Nəzmi, Ə.Qəmküsar, M.Möcüz, Ə. R. Şamçızadə və başqaları olub.
İ.Həbibbəyli realist ədəbiyyatın həyatı və insanı öz mühitində təsvir etməyin üsulundan yazıb. Bu insan nəinki “həmişə müəyyən ictimai-tarixi mühitin nümayəndəsi kimi çıxış edib” (С.Рeтров. Krиmичeсkий realizm. Moskva, Высшaя школa, 1980, с.210), hətta, “sosial mühiti dəyişdirməyə cəhd edən qüvvə kimi təsvir olunub”. Müəllif tezis verib: “Beləliklə, tipik şəraitin tipik nümayəndəsi olan bədii obraz həmin şəraitin mahiyyətini əks etdirməklə bərabər, həm də təmsil etdiyi mühitin dəyişməsinə və yeniləşməsinə xidmət edib”.
İ.Həbibbəylinin məntiqi mühakimələri elmi-nəzəri və metodoloji aspektdə olub, onun mətn mündəricəsini tezisləşdirmə və elmi müddəalar təşkil edib. Müəllif mətnin qurulmasında sələflərin işlətdiyi terminologiyadan, məlum ifadə formalarından geniş istifadə edib (“təzə əsrin ibtidası”, “mollanəsrəddinçilərin ağsaqqal yoldaşı”, “açıq ana dilində yazmaq”, “açıq yazmağı da bacarmaq”, “kiçik adam”, “bir yüngülvari müqəddimə” və s.).
Tənqidi realizm Azərbaycan ədəbiyyatına özünün tipik şəraitdə tipik obrazını gətirib, – deyə İ.Həbibəyli yazıb. Göstərib ki, ilk dəfə “kiçik adamın” böyük ədəbiyyatın əsas qəhrəmanına çevrilməsi tənqidi realizm ədəbiyyatının işi olub. “Danabaş kəndinin əhvalatları” povesti əslində Azərbaycan ədəbiyyatında “kiçik adam”ın böyük əhvalatları demək idi, – deyə məqalə müəllifi yazıb. Kiçik adamlar (Məhəmməd Həsən əmi, qəzetçi Xəlil, lağlağı Sadiq, Zeynəb, Novruzəli) Mirzə Fətəlidə aşağı təbəqəni təmsil edən nökərlər və qaravaşlar olub. Yazıçı bunlarla xalqı tamaşaçı qarşısına çıxarıb, onlar hələ əsas qüvvə olmayıb. Onlar XX əsrdə ictimai-siyasi həyata və ədəbiyyata qəhrəman kimi gətirilib.
İ.Həbibbəylinin bir əhəmiyyətli tezisi də bu olub ki, “XIX əsrdə Azərbaycanda ədəbiyyat böyük sürətlə xalq həyatının dərinliklərinə doğru inkişaf etsə də, xalqın real vəziyyətini əks etdirən obrazlar hələ “epizodik surətlər” şəklində görünməyə başlayıb”. Müəllifə görə, AXC-nin yaranmasında XX əsrin əvvəllərində tənqidi-realist ədəbiyyat və mətbuat xüsusi xidmət göstərib.
Tənqidi realizmin ədəbiyyata gətirdiyi janrlardan biri hekayə olub. İ.Həbibbəyli bildirib ki, “kiçik hekayə böyük ədəbiyyatın janrı sırasında ön mövqeyə çıxıb”. O, XX əsrin əvvəllərini hekayəçilik dövrü kimi səciyyləndirib. Cəlil Məmmədquluzadənin satirik, Əbdürrəhim bəy Haqverdiyevin yumoristik, Yusif Vəzir Çəmənzəminlinin etnoqrafik hekayələrini qeyd edib.
İsa Həbibbəyli “Ölülər”, “Anamın kitabı” və “Dəli yığıncağı” əsərlərini tragikomediya janrı kimi dəyərləndirib. Alim fərqləndirib: “XIX əsrdə Azərbaycan ədəbiyyatında fərqli müəlliflər tərəfindən ayrı-ayrılıqda komediya (M.F.Axundzadə) və faciə (N.Vəzirov) janrlarında dram əsərləri yaradılıb. Bu mərhələdə milli məişətin komediyası və nadanlığın faciəsi fərqli əsərlərlə təsvir edilib. C.Məmmədquluzadənin tragikomediyasında isə xalqın düşdüyü vəziyyətin komediyası və faciəsi bir yerdə, eyni əsər daxilində öz əksini tapıb. Bu əsərlər tənqidi-realist ədəbiyyatda səciyyəvi təsvir üsulu olan “acı göz yaşları içərisində gülüş” vasitəsilə xalqın taleyini dərin ürək yanğısı ilə əks etdirən ibrətamiz bədii nümunələrdir”.
Akademikin “Anamın kitabı”na verdiyi səciyyə də maraqlıdır: Yazıb: “Azərbaycanın milli istiqlalı haqqında XX əsr boyu yazılmış əsərlərin mənəvi anası” (İ.H.) hesab olunan “Anamın kitabı”nda müxtəlif əqidələrə xidmət edən qardaşların komediyası, övladlarını həmrəyliyə dəvət etməklə milli birlik üçün səy göstərən Zəhrabanu ananın faciəsi ümumiləşmiş şəkildə xalqın yaşanmış olduğu acınacaqlı taleyin ədəbiyyatdakı real əks-sədasıdır”. “Dəli yığıncağı” əsəri faciəvi tərəfi ağır gələn komediyadır”. “Ər” pyesi yaratdığı çaşqınlıqla birlikdə təsvir olunmuş, yeni qurulmuş sosializm cəmiyyətinin faciəsi, mövcud quruluşla uyğunlaşa bilməyən milli ziyalılığın komediyasıdır”. “M.F.Axundzadənin komediyaları janr baxımından drama yaxın olan–dramatik komediyalardır”.
C.Məmmədzadənin komediyaları ideya-estetik cəhətdən faciə janrı ilə daha çox səsləşir. Bu tragikomediyalar – mənəvi olaraq əsərin əsas ideya daşıyıcısı olan baş qəhrəmanın ölümü ilə bitməyən faciələridir”. “XX əsrin əvvəllərinin tragikomediyaları həm də “nə etməli” sualına cavab tapmağa, çıxış yolları haqqında düşünməyə işıq salır”. Belə tezislərin hər biri alimin elmi-nəzəri mühakimələrinin öz məntiqindən doğulub...
Tarixi dram və ya masal-dram XX əsrin əvvəllərində meydana çıxıb. Ə.Haqverdiyevin “Ağaməhəmməd şah Qacar”, “Pəri-cadu” pyesləri masal-dramdır. “Ə.Haqverdiyevin bədii nəsri və dramaturgiyası Azərbaycan tənqidi-realist ədəbiyyatını forma və məzmun etibarilə zənginləşdirib”.
Satirik şeir bədii yaradıcılığın əsas istiqamətlərindən olub. İ.Həbibbəyli bunu “satirik şeir dövrü” kimi qiymətləndirib. Alim yazıb: “Molla Nəsirəddin” jurnalının meydana qoyduğu poetik forma modeli və irəli sürdüyü çağırışlar dövrün böyük satirik şeir məktəbinin yaradılması ilə nəticələnib”.
İ.Həbibbəyli konkretləşdirib: “Bu mərhələdə mətbuatda təmsil, lüğət, teleqram, poçt qutusu, felyeton, atalar sözü adlandırılan bir sıra satira janrları meydana çıxıb. Eyni sistemə aid rəngarəng satira janrlarının yaranması və genişlənməsi satiranın ədəbi növ səviyyəsində formalaşmasında mühüm rol oynayıb” (V.Belinski. Seçilmiş məqalələr. B.Uşaqgəncnəşr, 1948, s.85).
Alimə görə, “XIX əsrdə satirik şeir mənzum hekayəçilik və ibrətamiz-didaktik finalın təqdim olunması formatında inkişaf edib”. M.Ə.Sabirin timsalında isə satirik şeir məktəbi yaranıb. Müəllif bu barədə yazıb: “Sabir satirik şeirində Azərbaycan cəmiyyətini “ayinədə” olduğu kimi təsvir edib. O, ölkədəki idarə üsulunu, müstəmləkə sistemini tənqid etməklə milli oyanışa, siyasi-mənəvi əsarətdən xilas olmağa və nəticə etibarilə milli azadlıq idealının gerçəkləşməsinə məslək dostu Abbas Səhhətin dediyi kimi, “bir ordudan ziyadə xidmət etmişdir”. Molla Nəsrəddinçi Əli Nəzmi, Əliqulu Qəmküsar, Məmməd Səid Ordubadi, Mirzəli Möcüz, Ə.R.Şamçızadə, Bayraməli Abbaszadə, Əli Məhzun, Baxçaban, M.Dastançı realist-satirik şairlər kimi tanınıb.
Satirik publisistika XX əsrin hadisəsi olub, mühüm əhəmiyyətə malikdir. “Molla Nəsirəddin” ədəbi məktəbi satirik publisistika janrlarını yaradıb, ədəbi dövriyyəyə, mətbuat aləminə gətirib. Felyeton janrı publisistikaya “Molla Nəsirəddin” jurnalı vasitəsilə daxil olub. Poçt qutusu, teleqram, səyahət, zarafat, məktub janrlarında yazılmış məqalələr mollanəsrəddinçilər tərəfindən satirik publisistika formaları kimi düşünülüb və mükəmməl örnəkləri ortaya qoyulub”. “Babayi-Əmir”, “Zənbur”, “Kəlniyyət” orqanlarında da satirik publisistika formaları işlədilib.
Ədəbiyyatşünas-alim hesab edib ki, “Azərbaycan ədəbiyyatı realizmində ən yüksək nöqtə məhz tənqidi realizm ədəbiyyatı olub. “Molla Nəsirəddin” məktəbi isə XX əsrin əvvəllərində bütövlükdə ədəbiyyat hərəkatı və ictimai fikrə başçılıq edib”. Y.V. Çəmənzəminli Cəlil Məmmədquluzadəni “ədəbi dövrün başçısı” adlandırıb.
Akademik İsa Həbibbəyli elmi-nəzəri məqaləsində “Molla Nəsirəddin” ədəbi məktəbi və mollanəsrəddinçilik haqqında da yazıb. Hesab edib ki, “Molla Nəsirəddin” ədəbi məktəbi Azərbaycan tənqidi realizminin ədəbi cərəyan səviyyəsində inkişaf etməsinə səbəb olub. Mollanəsrəddinçilər–tənqidi realistlər XX əsrin əvvəllərinin konkret tarixi şəraitində Azərbaycançılıq və milli istiqlal uğrunda mübarizə aparan, realist-satirik üslubda yazıb-yaradan yazıçı və şairlərdən ibarət vahid cəbhə yaratmağa nail olub. İdeya və üslub yaxınlığı onları konkret ədəbi cəbhə ətrafında birləşdirib”.
Müəllifin qənaəti bu olub ki, XIX əsrin maarifçi-realizmi öz yolunu XX əsrin əvvəllərində tənqidi realizmlə yanaşı davam etdirib. Süleyman Sani Axundov, Soltanməcid Qənizadə, Rəşid bəy Əfəndiyev, Eynəli bəy Sultanov kimi maarifçi-realistlər tənqidi realistlərə ideya-məqsədcə yaxın olublar. Lakin onlarda islahatçılıq yolu, elm və tərbiyə vasitəsilə yeniliyi ifadə etmək ideyası əsas olub.Üzeyir bəy Hacıbəyli, Yusif Vəzir Çəmənzəminli, Eynəli bəy Sultanov həm maarifçilik, həm də tənqidi realistlərə aid edilib. Bu da onların yaradıcılığının fərdi xüsusiyyətindən irəli gəlib. Lakin XX əsr maarifçiliyinin tənqidi realist keyfiyyəti də istisna olunmayıb (Ü.Hacıbəylinin “Arşın mal alan”, “Məşədi İbad”ı maarifçi-realist əsərlərdir– İ.H.). İ.Həbibbəyli yazıb: “Böyük sənətkarın publisistikası “Molla Nəsrəddin” ədəbi məktəbi ilə maarifçi publisistika arasında olan bənzərsiz mətbu örnəklərdir”. Ü.Hacıbəylinin publisistikası mollanəsrəddinçilik üslubuna yaxın olub, əsasən, siyasi publisitika nümunələridir.
İ.Həbibbəyli XX əsr maarifçilik ədəbiyyatını tənqidi realizmlə qovuşaqda hesab edib. “XX əsrin əvvəllərinin maarifçi realizmi tənqidi realizmin işığında yaranıb inkişaf edən realizmdir. Maarifçi realistlər mollanəsrəddinçilərin– tənqidi realistlərin apardığı mübarizəyə yaxından kömək göstərib”,– deyə yazıb.
Nüfuzlu ədəbiyyatşünas-alimin ədəbi-nəzəri məqaləsinin ikinci hissəsi XX əsrin əvvəllərində meydana çıxan milli romantizm ədəbi cərəyanı haqqındadır. Romantizm ədəbi cərəyanı Avropa və Rusiyada XVIII əsrin sonu, XIX əsrin əvvəllərində, Türkiyədə isə XIX əsrin axırlarında yaranıb.
Azərbaycanda romantizmin gecikməsi ictimai-siyasi hadisə və proseslərlə bağlı olub.Yəni ölkədə sosial-siyasi şəraitin gecikməsi ədəbi cərəyanın yetişməsini da gecikdirib. Akademik M.C.Cəfərov izah edib ki, gecikən Azərbaycan romantizmi yox, ədəbi-cərəyanı formalaşdıran ictimai-siyasi hadisələr olub.
Asiyanın oyanması ilə bağlı olan mühüm siyasi-inqilabi dəyişikliklər XX əsrin əvvəllərinə aiddir. İ.Həbibbəyli yazıb: “Romantizm – Azərbaycan ədəbiyyatında dövrün ictimai-siyasi hadisələrə romantik baxışları, xəyalda və idealda əks-səda tapan qavrayışları ifadə edən ədəbi cərəyandır”. “Romantizm ədəbi cərəyanının nümayəndələri şəxsiyyət və cəmiyyət məsələlərində idealın tərənnümünə üstünlük veriblər”.
Romantizmdə şəxsiyyət, cəmiyyət, obraz-məcaz, simvollardan istifadə amili səciyyəvi olub. XX əsr romantikləri zəngin lirik şeir üslubuna arxalanıblar. “İdealla gerçəklik arasında təzaddan doğan həyəcanların bədii ifadəsi olan romantizm ədəbiyyatında xəyal və gerçəkçilik əsas yer tutub. Romantiklərin gələcəklik ideyalarında dövrün çağırırşları ilə həmahəng ümumilli ideyalar və maarifçi-demokratik baxışlar qüvvətlə səsləndirilib”.
Azərbaycan romantikləri “ümumi məhəbbət” ideyasını irəli sürüblər, bütövlükdə insanlığın səadəti üçün çalışıblar. “Bu insanlar ki qardaşdır” (M.Hadi), “Həpimiz bir günəşin zərrəsiyik” (A.Şaiq), “Məhəbbətdir ən böyük din” (H.Cavid) kimi qavrayışlarda romantiklər ideallarını – ittihadı, milli birlik ideyasını ifadə ediblər.
“Füyuzat” jurnalı 1906-1907-ci ildə Bakıda nəşr olunub. Redaktoru Əli bəy Hüseynzadə olub. O, ədəbi məktəb yaradıb. Romantiklərin başlıca ideyaları bu məktəbdən yayılıb. “Əli bəy Hüseynzadənin başçılıq etdiyi bu ədəbi məktəb Qərb maarifçiliyini və Şərq mənəvi zənginliyini sintez halında birləşdirmək vəzifəsini meydana qoyub, bu istiqamətdə əsərlərin yaradılmasına böyük yol açıb”.
Turançılıq ideyaları, vahid ümumtürk əlifbası, ortaq ünsiyyət dili yaratmaq füyuzatçılıqda əsas olub. Bolşevizmi,– “qırmızı qaranlığı” ifşa etmək, türk-islam birliyini,– “yaşıl işığı” təbliğ etmək füyuzatçıların başlıca amacı olub .
Füyuzatçıların tanınmış nümayəndələri Azərbaycandan Hüseyn Cavid, Əli bəy Hüseynzadə, Məhəmməd Hadi, Abbas Səhhət, Abdulla Şaiq, İbrahim Tahir, Əbdülxalıq Cənnəti, Türkiyədən Abdulla Cevdət, Əhməd Kamal, İrandan Səid Səlmasi, Krımdan Hasan Səbri Ayvazov kimi şair, ədib və mühərrirlər olub. Bu ədəbi çalışma –Azərbaycanla türk dünyası arasında ədəbiyyat və mətbuatda praktik birliyi təcəssüm etdirib.İ.Həbibbəyli yazıb: “Füyuzatçılıq – türkçülük və turançılıq ideyalarının əsas ədəbi cəbhəxanasını təşkil edib. Füyuzatçılıq –Azərbaycan romantizminin ideya-estetik prinsipləri və poetikasının məcmusu olub. Füyuzatçılıq –islamlaşmaqla türk birliyi arasında bərabər işarəsi qoyan məktəbdir. Avropalaşmaq – füyuzatçılıq hərəkatının əsas hədəflərindən biri olub. Eyni zamanda müasirləşməni də ön mövqeyə çəkən füyuzatçılıq, əslində, bu məqamda mollanəsrəddinçiliklə birləşib”, – akademik bu qənaətdə olub.
Qərbdə və Rusiyada romantizm xüsusi mərhələ təşkil edib. Bizim ədəbiyyatımızda isə maarifçi realizm və tənqidi realizmlə yanaşı mövcud olub. Estetika baxımından bu, maarifçi realizmə yaxınlaşıb. Tənqidi realizm isə romantizmdən prinsipcə fərqlənib. İ.Həbibbəylidən bir sitat da: “XX əsrin əvvəllərinin aparıcı istiqamətini tənqidi realizm müəyyənləşdirib. Azərbaycan romantizmi nəinki tənqidi realizmdən bəhrələnib, hətta romantiklərin yaradıcılığında, fərqli şəkildə olsa da, tənqidi-realistlərin müəyyən etdikləri hədəflərin ifadə olunmasına səy göstərib”.
Azərbaycan romantik şeiri və dramaturgiyasında Hüseyn Cavid səciyyəvi şəxsiyyət olub. Onun lirikasının əsas surətlərini “kiçik adam”lar təşkil edib. (“Öksüz Ənvər”, “Vərəmli qız”, “Qız məktəbinin məsum şagirdi Gülbahar, yəni qız məktəbi” və s.).
Hüseyn Cavid mənzum dramaturgiyanın banisidir. O, “Şeyx Sənan”, “İblis”, “Səyavuş” və “Xəyyam” pyesləri ilə Azərbaycan ədəbiyyatında romantik mənzum dramaturgiya məktəbini yaradıb...
Məhəmməd Hadi romantik-publisist şeirin yaradıcısıdır. O, ictimai-siyasi hadisələrə romantik münasibət bildirib. Mövzuları aktual, müasir və publisist kəsərli olub. “Hadinin “Əlvahi-intibah” poeması Azərbaycan ədəbiyyatında romantizm intibahının əhəmiyyətli ədəbi hadisəsidir”, – deyə İsa Həbibbəyli qeyd edib.
Abbas Səhhət və Abdulla Şaiq romantik-realist sənətkarlardır. Onlar Azərbaycan romantizminə yeni ideyalar, fərqli poetik fiqurlar gətirib. Əsas mövzuları vətən, millət, “şanlı əyyam”a dair xəyallar olub. Abbas Səhhətin “Tərcümeyi-halım, yaxud hülulu” şeirində romantik ədəbi vəzifələr ifadə edilib. Abbas Səhhət və Abdulla Şaiq uşaq ədəbiyyatı üçün qızıl fond yaradıblar, Avropa və rus romantik şeirindən tərcümələr ediblər.
Romantizm ədəbi cərəyanı da Azərbaycan şeirinə bəzi janrlar gətirib, –sonet, marş, şərqi... H.Cavid həm italyan, həm də ingilis sonetləri formasında şeirlər yazıb. Şair Azərbaycan sonetinin isə öz formasını yaradıb, –5 misralı bəndlə 4 misralı bəndin növbələşməsi poetik mətnini. Məsələn, “Bu gecə” şeirində olduğu kimi.
Akademik İsa Həbibbəyli Azərbaycan romantizmində neosufizm xüsusiyyətləri olduğunu qəbul edir. O, “klassik romantik ədəbiyyatdakı sufizm modelləri ilə XX əsrin əvvəlləri Azərbaycan romantizmindəki ideya-struktur yaxınlığı sufizmə neo –yeni həyat gətirib”, – deyə bildirib.
Alim Azərbaycan romantizmində sentimentalizm və naturalizm çalarları olduğunu da diqqətə çəkib, bu da “Azərbaycan romantizm ədəbi cərəyanının daxili zənginliyindən doğub, onun ideya-sənətkarlıq imkanlarının genişliyindən” irəli gəlib.
Azərbaycan ədəbiyyatında romantizm 1906-1920-ci illərin hadisəsi kimi meydana çıxıb. Dövrün bədii üslubunda ədəbiyyat fərqli ideyalarla, obrazlarla zənginləşdirilib.
XVIII – XIX əsrlərin milli realizm hərəkatı romantik ədəbiyyatı vaxt etibarilə arxa plana keçirib. XX əsrin əvvəlində isə klassik romantik şeirin ənənəsi kimi yenidən doğulub və özünü sonrakı ədəbiyyatda davam etdirib.
İsa Həbibbəyli qəbul edir ki, folklorumuzdakı ağılar, mərsiyə şeiri, “Leyli və Məcnun” motivləri, M.Füzulinin “Hədiqətüs-süəda”sı (Kərbəla müsibəti), klassik şeirimizdəki qürbət lirikası, A.Bakıxanovun “Kitabi-əsgəriyyə”, İ.Qutqaşınlının “Rəşid bəy və Səadət xanım” hekayələri Azərbaycan sentimentalizminin bədii qaynaqlarındandır. Alimə görə, “çoxəsrlik sentimental ədəbi ənənələr inkişaf edərək, XX əsrin əvvəllərinin ictimai-siyasi və mədəni hadisələrinin təsirilə sentimentalizm ədəbi cərəyanını yaradıb”. Sentimentalizm ədəbiyyatından romantizm daxilində üslubi istiqamət kimi bəhs edilib. Alim bu fərqli xüsusiyyətləri xatırlatmağı səciyyəvi hesab edib. “Hissi-sentimental əhvali-ruhiyyənin təsviri, təbiətin saflıq mənbəyi kimi təqdim edilməsi, məktub, gündəlik və xatirələrdən bədii vasitə kimi geniş istifadə olunması arqumentləri Azərbaycan sentimental ədəbiyyatını fərqləndirib”.
“Romantizmdə insanın xəyallar aləminin zənginlikləri, sentimentalizmdə isə onun hissi mənəvi dünyasının təzahürləri əsas faktor kimi çıxış edib”. Professor Hüseyn Həşimli sentimentalizmdən filologiya üzrə fəlsəfə doktorluğu dissertasiyası müdafə edib. Sentimentalizm ədəbi cərəyanının əsas nümunələri Abdulla bəy Divanbəyoğlunun “Can yanğısı” romanı, “Əbdül və Şəhzadə” povesti, İbrahim bəy Musabəyovun “Neft və milyonlar səltənətində” romanı olub. Ağababa Yusifzadə, Əli Səbri Qasımov, Nemət Bəsir, Ələkbər Qərib Naxçıvanlı, Bağır Cabbarzadə, Rza Zəki Lətifbəyov sentimental üslubda yazıb-yaradıblar.
Ağababa Yusifzadənin “Həyatın qəhri altında, yaxud xainin sonu”, Nemət Bəsirin “İki nakam”, Ələkbər Qəribin “Könlümün sultanı”, Bağır Cabbarzadənin “Bir yetimin naləsi, yaxud qardaşın qardaşa etdiyi xəyanət”, Rza Zakinin “Fədayi-eşq”, “Nakam qız” romanları – yanıqlı talelərin bədii ifadəsi olub.
Əli Səbrinin “Şəbi-hicran, yaxud müsibəti-Şadi”, “Ballıca və xallı” povestləri, Solğun çiçək” romanı, Xalid Xürrəm Səbribəyzadənin “Şəlalə” jurnalındakı şeirləri, “Eşq və həvəs” romanı, “Sarı yarpaqlar” xatirə-povesti və hekayələri, Ələkbər Məmədxanovun “Şərq və Qərbə çağırış”, “Səyyahın söylədikləri və Səyahətnamə” kimi nəsr əsərləri sentimentalizmin maraqlı nümunələri olub.
İsa Həbibbəyliyə görə də, C.Cabbarlı dramaturgiya yaradıcılığına sentimental əsərlərlə başlayıb, onu romantik yolla davam etdirib, sosialist realizmilə başa çatdırıb. O da hesab edir ki,“Vəfalı Səciyyə, yaxud göz yaşı içində gülüş”, “Solğun çiçəklər” sentimental pyeslərdir. Rza Zakinin məktublar əsasında yazdığı “İki müztərib, yaxud əzab və vicdan” əsərləri də sentimental dramlardır.
Sentimental sənətkarlar: Əəkbər Qərib Abbasov N.Karamzinin “Bədbəxt Liza”, Əbülfəz Şahtaxtinski İ.Hötenin “Gənc Verterin iztirabları” əsərini dilimizə tərcümə edib ki, bunlar da sentimental ədəbiyyatın nümunələridir. Sentimentalist şair və yazıçılar bədii fəaliyyətə “Füyuzat”dan başlasalar da, “Şəlalə” jurnalı, “İqbal” qəzeti ətrafında formalaşıblar. İ. Həbibbəyliyə görə, sentimental yazıçıların yaradıcılığı “Şəlalə”nin ədəbi xəttinə yaxın olub.
Alim tənqidi realizm və romantizm ənənələrini AXC dövrünün ədəbi qaynaqlarında da izləyib. O,1918-1920-ci illər ədəbi prosesinin ənənələrini 1920-1930-cu illərin ədəbi prosesində –maarifçi realist və tənqidi-realist yazıçılar, habelə, romantiklərin bədii mətnlərində də nəzərdən keçirib.
“Müsəlman mühərrir və ədiblər dərnəyi”, “Yaşıl qələm” ədəbi birlikləri də AXC dövründə yaranıb. “Yaşıl qələm”in amalı “türk qanlı, İslam imanlı, firəng qiyafəli” yeni insanlar yetişdirmək olub.
AXC-nin ideoloqları M.Ə.Rəsulzadə, Ə.Topçubaşov, M.B.Məmmədzadə, Ü.Hacıbəyli ədəbi prosesi idarə ediblər. “Yaşıl qələm” ilk iclasını parlamentin binasında keçirib. M.Ə.Rəsulzadə çıxış eləyib. Onlar milli istiqlal ədəbiyyatı uğrunda çarpışıblar. Ədəbi prosesin fəal iştirakçıları Hüseyn Cavid, Üzeyir Hacıbəyli, Məhəmməd Hadi, Abdulla Şaiq, Əlabbas Müznib, Əhməd Cavad, Əli Yusif Rai, Seyid Hüseyn, Ümgülsüm, Cəfər Cabbarlı, Davud, Əli Şövqi, Əmin Abid Gültəkin və başqaları olub. Alim müddəa verib ki, “milli istiqlalçılıq, milli-mənəvi dirçəliş mövzularının ədəbiyyatın baş mövzusuna çevrilməsi və yeni ədəbi nəslin formalaşması bu dövr ədəbiyyatının mühüm nailiyyətidir”.
Tənqidi realistlər və romantiklərin bir çoxu 1937-ci il repressiyasının qurbanları olub, lakin Azərbaycan ədəbiyyatında milli istiqlal düşüncəsi və tənqidi realizm baxışları uzun müddət yaşayıb, romantizm idealları sönməyib. 1950-ci illərdən sonra, sosialist realizmi dövründə belə milli ədəbiyyatımızda tənqidi-realist və romantik meyillər davam etdirilib,– akademikin gəldiyi qənaət belədir.
XX əsrin əvvəllərində Səttərxan hərəkatı, Məşrutə inqilabı Cənub ədəbiyyatında milli-demokratik ideyaları gücləndirib. Ədəbiyyat cənubda da tənqidi realist, maarifçi-realist və romantik məcrada inkişaf etdirilib. Mirzəli Möcüz, Bayraməli Abbaszadə, Cabbar Əsgərzadə Baxçaban, Məmmədəli Manafzadə Sabit tənqidi realistlər kimi fəaliyyət göstərib. Şeyx Mahmud Şəbüstəri Cənubi Azərbaycanın Sabiri kimi şöhrətlənib. Bayraməli Abbaszadə İrandakı istibdad rejimini cəsarətlə tənqid edib. Məşrutə hərəkatının fəal iştirakçısı olub. Şeirləri “milli azadlıq hərəkatının qaynar nöqtələrində yaranıb, Şərq müsəlman aləmi haqqında düşüncələrini ifadə edib”.
Cabbar Əsgərzadə İrəvanda “Lək-Lək” satirik jurnalını nəşr edib, “Molla Nəsrəddin”ə Leylək imzası ilə yazıb, İran, Mərənd, Təbriz və Tehranda yaşayıb. İran maarifçilik hərəkatının əsas yaradıcılılarından olub. İran məşrutə hərəkatına, ADF-ə rəğbət bəsləyib. Onun satira və maarifçi şeirləri olub, M.Ə.Sabirdən sonra gələn görkəmli satiriklərdən biri kimi tanınıb.
Ş.M.Xiyabani XX əsrin əvvəlləri Cənubi Azərbaycan ədəbiyyatında milli azadlıq hərəkatının lideri, Səttərxanın əsas silahdaşlarından olub. II İran məclisinə millət vəkili seçilib, siyasi fəaliyyətini davam etdirib. Azadistan dövlətinin yaradıcısı kimi Azərbaycan tarixinə düşüb. Mücahid ədibin siyasi publisistikası milli azadlıq hərəkatı ilə bağlı olub.
Hacı Rza Sərraf Cənubi Azərbaycan ədəbiyyatında maarifçi və romantik ədəbiyyatın tanınmış simalarından olub.
Səid Səlmasi isə Azərbaycan romantiki, “Məşrutə inqilabında iştirak etmiş mücahid şair, unudulmaz şəhidlərdən biri” kimi tanınıb.
Mürəkkəb ictimai-siyasi şərait və hakimiyyət dəyişikliyi Azərbaycan mühacirət ədəbiyyatını yetirib. Azərbaycan mühacirət ədəbiyyatının ilk örnəkləri yaradılıb, milli siyasi mühacirət əsasən Türkiyədə mərkəzləşib, “birinci dalğası da (H.Quliyev. Azərbaycan emiqrant ədəbiyyatı. Bakı, “Nurlan”, 2004, s.18) Türkiyədə yaranıb. (Ə.Hüseynzadə, Ə.Ağaoğlu, M.Hadi, A.İldırım və b.).
Siyasi mühacirət geniş coğrafiyada yaranıb. M.Ə.Rəsulzadə Almaniya, Polşa və Türkiyədə, Ümmül Banu, Əlimərdan bəy Topçubaşov, Ceyhun Hacıbəyli, Yusif Vəzir Çəmənzəminli Fransada, Məhəmməd Əsəd bəy Almaniya və İtaliyada mühacirət ədəbiyyatının bünövrəsini qoyublar. İ.Həbibbəyli də hesab edib ki, XX əsrin əvvəlləri Azərbaycan mühacirət ədəbiyyatının ilkin formalaşma mərhələsidir.
F.Köçərlinin “Azərbaycan ədəbiyyatının tarixi materialları” ilk sistemli ədəbiyyat tarixi olub. Abdulla Surun “Azərbaycan ədəbiyyatına bir nəzər” əsəri milli ədəbiyyatın ümumiləşməsini verib. Abdulla Sur Məhəmməd Füzuli haqqında ilk kitabın müəllifidir. Hüseyn Cavid “Müharibə və ədəbiyyat” məqaləsində hərb və sülh uğrunda mübarizənin aktual məsələlərini işıqlandırıb. “Molla Nəsrəddin” jurnalı mollanəsrəddinçilərin və C.Məmmədquluzadənin ədəbiyyat haqqında ədəbi-tənqidi düşüncələrini oxuculara çatdırıb.
“Füyuzat” Ə.Hüseynzadənin romantik ədəbiyyatın elmi-nəzəri əsaslarını göstərən məqalələrini əks etdirib, romantizm ədəbi cərəyanının formalaşmasına səy göstərib (“Həyat və meyli-füyuzat”, “Qırmızı qaranlıqlar içərisində yaşıl işıqlar”, “Pərdə eniyor, yaxud son tamaşa” və s.). Onlar romantizm prinsiplərindən söz açıb, romantik ədəbiyyatı müdafiə edib. Seyid Hüseyn də ədəbi tənqidi məqalələrini yazıb. Ədəbiyyatşünaslıq XX əsrin əvvəllərində ümumən formalaşma prosesi keçirib.
Akademik İsa Həbibbəyli əhatəli məqaləsində yekun tezisi verib: “XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatı XVIII–XIX əsrlərdə yaranıb inkişaf etmiş milli realist ədəbiyyatı ideya-bədii və elmi-nəzəri cəhətdən yekunlaşdırıb kamala çatdırıb, onu yeni ədəbiyyat hadisəsi səviyyəsinə qaldırıb. Buna görə də XX əsrin əvvəllərinin ədəbiyyatı XIX əsr ədəbiyyatı ilə birlikdə, həm də yeni dövr Azərbaycan ədəbiyyatı adlandırılır. Bundan başqa, XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatında milli və demokratik ideyalar bütün qütblərə aid yazıçı və şairlərin yaradıcılığında əsas yer tutduğu üçün bu ədəbiyyat milli-demokratik hərəkat dövrünün ədəbiyyatı kimi də səciyyələndirilir. Bütün bunlarla bərabər, dövrləşdirmə baxımından XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatının bu tarixi epoxanın aparıcı ədəbi hərəkatını müəyyənləşdirən tənqidi realizm və romantizm epoxası hesab edilməsi tamamilə məqsədəuyğundur. Qısa zaman müddətində Azərbaycanda müxtəlif ədəbi cərəyanlarla yanaşı, qarşılıqlı əlaqədə fəaliyyətdə olması dövrün ədəbiyyatının ideya-bədii cəhətdən zənginliyini təmin edib”.
XX əsrin əvvəlləri başqa ölkələrin də: məsələn, rus ədəbiyyatında tənqidi realizm, maarifçi realizm, simvolizm, akmeiz və futurizmin yaranmasını şərtləndirib. Türkiyədə XIX əsrin sonu, XX əsrin əvvəlləri naturalizm, simvolizm və romantizm dövrü olub. Bunlar Avropa ədəbiyyatı və fransız ədəbiyyatının təsiri ilə yaranıb. Alim tezis verib: “XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatı çoxəsrlik ədəbiyyat tariximizdə müxtəlif ədəbi cərəyanların yanaşı yaşaması ilə də səciyyələnir. Bu müxtəliflik və zənginlik XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatında mərhələ səviyyəsində yox, ədəbi epoxa miqyasında bəhs etməyə tam əsas verir”. Yekun tezis isə budur ki, “XX əsrin əvvəllərində bütün ədəbi cərəyanlar, hətta ictimai-siyasi axınlar milli-demokratik hərəkat dövrünün ədəbiyyatı və ictimai-siyasi fikrinin əsas qayəsini və məqsədlərini ifadə edib”.
Akademik İsa Həbibbəylinin Azərbaycan ədəbiyyatı tarixinin VI cildinə yazdığı ön söz– elmi-nəzəri və konseptual məqaləsi zəngin şərh və izahlar, tezis və müddəalat məcmusu olub əsrin əvvəllərindəki milli ədəbi prosesi aydın təsəvvür etməyə yön verir, əsrin əvvəllərindəki sosial-siyasi və mədəni şərait və intibahı dərk etməyə kömək edir, elmi-nəzəri fikirdə dolğun təsəvvür formalaşdırır, ədəbi-ictimai fikrimizin düzgün istiqamətini yönləndirir. Hesab edirik ki, bu şərhlər və izahlar, analitik təhlillər eyni zamanda maarifçi-pedaqoji fikrin auditoriyalara düzgün yol alması və cəmiyyətin təlim-tərbiyə işinə hərtərəfli kömək göstərəcəkdir. Elmi və pedaqoji ictimaiyyəti milli ədəbiyyat tarixçiliyimizlə yaxından tanış edən bu uğurlu akademik nəşr elmlə tədrisin birliyi, irslə varisliyin təminatı baxımından əhəmiyyətili olacaq, qiymətli mənbə kimi gələcək nəsillərin mənəvi təkamülündə mühüm rol oynayacaqdır.
Əlizadə Əsgərli
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun
müşaviri, filologiya elmləri doktoru