Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Canlı ensiklopediya, yaxud diplomsuz alim - Vaqif Yusifli

06-04-2022 [ 15:43 ] [ oxunub:34 ]
printerA+ | A-
102219

Qulam Məmmədli-125

Qulam Məmmədli - XX əsr Azərbaycan mədəniyyətində ən unudulmaz adlardan biri, teatr və mətbuat tariximizin yorulmaz tədqiqatçısı, tanınmış mətnşünas, canlı ensiklopediya (1897-1994). Bir neçə il də yaşasaydı, 100 yaşını görəcəkdi. Ömrünün son günlərini, aylarını dünya işığına həsrət yaşadı. Amma tərtib etdiyi neçə ədəbi salnaməyə ("Molla Nəsrəddin", "Hüseyn Ərəblinski", "Azərbaycan teatrının salnaməsi" - iki hissəli, "Üzeyir Hacıbəyov", "Cavid ömrü boyu", "Nəriman Nərimanov", "Abbas Mirzə Şərifzadə"), illərlə redaktoru olduğu qəzet-jurnal səhifələrinə, elm aləminə tapıb gətirdiyi son dərəcə nadir əlyazmalara, çap üzü görməyən onlarca sənətkarın külliyyatına, ədəbiyyatımızın, mətbuatımızın və teatrımızın müxtəlif problemlərinə həsr edilmiş yüzlərlə məqaləyə Qulam müəllimin ömründən işıq düşmüşdü. Bu işıq Azərbaycanın Füzuli təbli şairəsi Heyran xanımı xalqına tanıtdırmış, Mirzə Cəlil, Hüseyn Cavid, Cəfər Cabbarlı, Nəriman Nərimanov, Hüseyn Ərəblinski, Abbas Mirzə Şərifzadə, Cahangir Zeynalov kimi qüdrətli sənətkarların ömür və sənət yollarını dolğunluğu ilə əks etdirmiş, yüzlərlə naməlum imzanın əsl müəllifinin kim olduğunu aydınlaşdırmış, Azərbaycan teatrının formalaşmasında böyük xilmətləri olan sənətkarların tərcümeyi-halını dəqiqliyi ilə əks etdirmiş, bir sözlə, tükənmək bilmədən şölələnmişdir.

O zaman oxucular maraqlanırdılar ki, görəsən, bu qədər işləri görən Qulam Məmmədli Akademiyanın müxbir üzvüdürmü, bəlkə elmlər doktorudur, yaxud elmlər namizədidir? Axı bu qədər araşdırıcılıq gərgin zehni əmək tələb edir. Yox, Qulam Məmmədli heç bir institut bitirməmişdi. Görkəmli ədəbiyyatşünas Əziz Mirəhmədov yazırdı: "Hamısı bir yana, fövqəladə hal deyilmi ki, cibində nəinki universitet, yaxud institut diplomu, hətta orta məktəb attestatı da olmayan Qulam Məmmədli Azərbaycanın qabaqcıl ziyalılarından biri kimi çoxdan tanınmaqdadır. Təəccüblüdür: bizim əsrimizdə diplomsuz ziyalı, özü də görkəmlisindən... cəmi dörd il molla məktəbində oxuyasan, amma ən böyük ziyalı olasan".

Qulam Məmmədli universitet bitirməsə də, əsl həyat universiteti keçmiş, şəxsi mütaliədən, adi həvəs və maraqdan, ədəbiyyatımızın, mətbuatımızın, teatr tariximizin nüfuzlu araşdırıcısına çevrilmiş, bir sözlə, az qala bütöv bir institutun öhdələyə biləcəyi işləri görmüşdü. O, Mirzə Cəlili, Ə.Haqverdiyevi, N.B.Vəzirovu, Ruhulla Axundovu, Salman Mümtazı, Üzeyr Hacıbəyovu, Cəfər Cabbarlını görmüş, onların bir çoxu ilə şəxsən dost olmuşdu.

Hansı mənəvi qüvvə idi, hansı qarşısıalınmaz ehtiras idi onu bu gərgin, son dərəcə məşəqqətli fil əməyinə sövq edən? Axı, Qulam müəllim öncə qeyd etdiyim kimi, heç bir mükafat, təltif gözləmirdi. Sovet dövlətindən aldığı nə olmuşdu? "Azərbaycanın Əməkdar mədəniyyət işçisi" fəxri adı, Azərbaycan Jurnalistlər İttifaqının "Qızıl qələm" mükafatı laureatı, bir də "Əmək veteranı" medalı. Bunları isə o dövrdə Qulam müəllimin gördüyü işlərin heç yüzdə birini də görməyən onlarca adama asanlıqla bəxş eləyirdilər. Bəlkə firavanlıq içində yaşayırdı? Yox, qələmiylə dolanırdı və darısqal bir otaqda ömür sürürdü, neçə yerə ərizə, şikayət yazmışdısa, qulaq asan olmamışdı. Bəs hansı qüvvə idi?

Buna Qulam müəllimin öz sözləriylə cavab verək: "Məni bütün bu işlərə təhrik edən qüvvənin adı zəhmətdir. Mən burada heç bir sirr-zad görmürəm, yəni mən öirümü sərf elədiyim bu işə ləzzət və zövq mənbəyi kimi baxmışam. Bilirəm ki, məndən çox, xalqa lazımdır. Elə olub ki, Moskvada, ya başqa bir şəhərdə kitabxanaya getmişəm, bir də ayılıb görmüşəm ki, kitabxanaçı əlini çiynimə vurur: "A yoldaş, hamı gedib, bircə siz qalmısınız".

Qulam müəllimin çox yaxın dostları olub, onlardan biri də mərhum professor Abbas Zamanov idi. Abbas müəllim məqalələrinin birində yazırdı: "Deyə bilərlər ki, faktları toplayıb bir-birinə calamaq çox da çətin iş deyildir. Yox, bu işin xüsusiyyətinə bələd olanlar bilirlər ki, salnamə elmi ədəbiyyatın ən çətin növüdür. Qulam bu salnamələri gərgin günlərin, yuxusuz gecələrin hesabına yaratmışdır. Bunun üçün o, Bakıda və Təbrizdə, Tbilisidə və Yerevanda, Moskvada və Leninqradda, Daşkənddə və Aşqabadda və bir çox başqa şəhərlərdə arxivlərin təkində uzun illər boyu axtarışlar aparmış, çalışıb-çapalamış, necə deyərlər, iynə ilə gor qazmalı olmuşdur".

Qulam müəllim deyirdi: "Mənim xoşbəxtliyim bundadır ki, bu işə - salnamə tərtibinə, mətbuat və teatr tarixiylə bağlı araşdırmalara gəncliyimdən başlamışam. Bir də baxıb görmüşəm ki, böyük qovluqlar yaranıb. İndi məni küçədə də yaxalayıb hər hansı bir ədəbi faktı, istənilən sənətkarın bir əsərinin tarixi, çapı, taleyi barədə soruşsalar, dərhal cavab verərəm. Mənim Məmmədəli Sidqi adlı bir dostum olub. Bütün ömrünü mətbuata həsr etmişdi. 1910-1911-ci illərdə "Molla Nəsrəddin" jurnalında Mirzə Cəlili redaktor kimi əvəz etmişdi. Cavid, Hacı İbrahim Qasımov, Hüseyn Minasazov kimi ədiblərlə yaxın olub. Amma Məmmədəli özüylə çox-çox açılmamış sirlər apardı, bu adam vaxtında xatirə yazsaydı, salnamələr yaratsaydı, nə qədər xeyirli iş görmüş olardı. Məmmədəli sinəsində dəryaları apardı".

Nə yaxşı ki, Qulam Məmmədli vaxtında bu işləri gördü. Elə bircə "Sizə kim lazımdır?" ədəbi-tarixi məlumat cədvəlini götürək, burada 4000 ədəbi mənbə vasitəsilə 2700 şəxsiyyətin adı çəkilirdi.

Xoşbəxtəm ki, tale məni bir neçə dəfə Azərbaycan mədəniyyətinin bu canlı ensiklopediyası ilə üz-üzə gətirib. O zaman Qulam müəllim keçdiyi həyat yolundan xeyli danışdı.

Onun dedikləri: "Nəslimiz Təbrizdəndir. Orada doğulmuşam. Məni Aşqabada 6 aylığında bələkdə gətiriblər. Atam və anam adi adamlar idilər. 7 yaşından Molla Hüseynin "məktəbində" oxumuşam. Bir cümə axşamı atam məni çağırıb dedi: "Ay bala, bu əziz axşamda gətir "Quran"ı, bir şey oxu". Mən də "Quran"ı götürüb avazla oxumağa başladım. "Yasin vəl-Quran-ül hakim-ləmin əl seyyid-əl-mürsəlin". Atam "ölmədim, bu günü də gördüm, yaxşı, bəsdi daha, səndən molla çıxmayacaq, mirzə olmayacaq, çörək qazanmaq lazımdır" - dedi. Mən də başladım çörək qazanmağa. Altı ay çəkməçi şagirdi oldum. Sonra usta Hüseynağanın dəmirçi dükanına gəldim. Mənim savadlanmaya, qəzetə gedən yolum da o dəmirçi dükanından başladı. Usta Hüseynağa və onun dəmirçi dostları pul yığıb Bakıdan göndərilən "Səda" qəzetini alıb oxuyurdular. Əlbəttə, ustalar savadsız idi, qəzeti onlar üçün mən oxuyurdum.

Bakıya 1923-cü ildə gəldim. Məni Bakıya "Kommunist" qəzetinin Aşqabad müxbiri Yaqub Nəsirli gətirdi. Yaqub dedi ki, əvvəlcə gedək Mirzə Cəlilin yanına. O zaman Mirzə Cəlil "Molla Nəsrəddin"dən başqa, həm də "Yeni yol" qəzetinin redaktoru idi. Yaqubla Mirzə Cəlil söhbət edirdilər. Birdən Mirzə Cəlil dedi:

- Bu cavan kimdir?

- Mürəttibdir.

- Bura niyə gəlib?

- Özünə iş axtarmağa.

- Tapıbmı?

- Xeyr.

Mirzə Cəlil götürdü trubkanı, "Barışnya, dayte mne takoy nomer...", kiminləsə danışdı: - Mirzə Qədir, burada bir cavan oğlan var, göndərirəm sənin yanına. Ona bir iş ver". Mirzə Cəlilin köməyi ilə "Kommunist" mətbəəsində naborçu işlədim. Bir müddət keçdi, gördülər ki, təmiz yığıram, mənə ən ciddi materialları da etibar etdilər".

1982-ci ildə Qulam Məmmədli ilə, onun o dar otağında apardığım müsahibədə Qulam Məmmədliyə sual verdim ki, siz Mirzə Cəlili ilk dəfə haçan görmüsünüz? Dedi ki, mən Mirzəni ilk dəfə 1916-cı ildə Aşqabadda görmüşəm. Deyəsən, Əliqulu Qəmküsarla gəlmişdilər. Biz azərbaycanlılar Mirzənin gəlişi münasibətilə "Ölülər" komediyasını hazırladıq. Amma bəhayi təriqətindən olanlar polismeysterə şikayət elədilər, tamaşa baş tutmadı. Mirzə Cəlil mənim dinə olan fanatik etiqadımı da sarsıtdı. Mənim atam namaz qılmırdı, çünki buna vaxtı yox idi. İşdən çox yorğun gəlirdi. Anam deyirdi, a kişi, heç olmasa bir rükət namaz qıl. Atam da: "Elə Allah gözünü mənim bir rükət namazıma dikib" - deyərdi. Amma atam namaz qılmasa da, qatı dindar idi və mən də bu cəhətdən atama oxşayırdım.

Qulam müəllimdən xahiş etdim ki, siz Hüseyn Cavid, Üzeyir Hacıbəyli, Əbdürrəhim bəy Haqverdiyev, Cəfər Cəbbarlı, Abbasmirzə Şərifzadə, Rza Təhmasib, Kazım Ziya kimi sənətkarlarla görüşmüsünüz, dostluq etmisiniz. Bu haqda söz açın. Dedi ki, Hüseyn Cavid adlı bir şair olduğunu "İqbal" qəzetində və "Məktəb" jurnalındakı şeirlərini oxuyurduq. Lakin bu şeirlərin əsl mənasını başa düşmürdük. Açıq deyək, dili, dərin məzmunu, fəlsəfəsi bizim kimi kəmsavad, məktəb və müəllim görməmiş gənclərin şüuruna çatacaq şeirlər deyildi. 1913-cü ildə "Ana" adlı nəzmlə yazılmış dram, "Keçmiş günlər" və "Bahzar şəbnəmləri" kitabları gəlib Aşqabada da çıxdı. Aldıq, oxuduq, "Ana" hamımıza xoş təsir bağışladı. Bundan sonra mən Cavidin əsərlərini tez-tez oxumağa başladım. Caviddə nə qədər şairənəlik vardı. Onu dərk etdikcə, böyük şair-dramaturq olduğunu hiss etdim. Aşqabadda "Heyda" və "İblis" tamaşaları oynanıldı. "İblis" altı-yeddi il Aşqabad səhnəsində qaldı. İyirminci-otuzuncu illərdə Hənəfi Zeynallının, Abdulla Şaiqin, Seyid Hüseynin, Əziz Şərifin, Əmin Abidin, Mustafa Quliyevin, Əli Nazimin, Xəlil İbrahimin Cavid əsərlərini bəzən obyektiv, əsasən subyektiv təhlilini verən məqalələr gəncləri böyük şairin yaradıcılığı ilə tanış edir, onu bizə tanıtdırır, sevdirirdi. Hər dəfə Bakı küçələrində sakit addımlarla gedən gördükdə, ona bir də baxmaq məqsədilə ayaq saxlayardıq. Sonuncu dəfə mən Cavidlə 1937-ci ilin aprel ayında, Üzeyir bəyin şah əsəri "Koroğlu"nun tamaşasında görüşdüm, onunla bu opera barədə kiçik bir müsahibə apardım. Cəfər Cabbarlı ilə də çox yaxın dost olmuşuq. Elə dost ki, qəlbimizdən keçəni hər hansımız başa düşənə qədər. Cəfərlə hər görüşəndə deyərdi: "Qulam, dünən filan tənqidçi yaman çəkdi mənə, vallah, nə istəyirdi məndən, başa düşmədim". "Qulam, gəlsənə, səninlə gedək bağımıza, Sonası bir pürrəngi çay hazırlasın bizə". Üzeyirlə də tez-tez görüşmüşük. Bax, bu evdə Üzeyir bəylə oturub çay içmişik, söhbətlər eləmişik. Rza Təhmasib, bax, onunla da dostluğum möhkəm olub. Amma bir dəfə Rza ilə bir məsələdə möhkəm "çəkişmişik". Rza sübut eləmək istəyirdi ki, "Ölülər" komediyası ilk dəfə 1915-ci ildə Naxçıvan teatrında səhnəyə qoyulub. Amma mən ona cavab olaraq bir məqalə yazdım, göstərdim ki, "Ölülər" yalnız və yalnız 1916-cı ildə - ilk dəfə Bakıda göstərilib. Naxçıvanda isə 1917-ci ilin iyununda tamaşaya qoyulub, ilk tamaşa Naxçıvanda olsaydı, o zamankı qəzetlər bu böyük hadisəni qeyd etməyə bilməzdilər. İyirminci illərdən üzü bəri bütün böyük sənətkarlarla bu və ya digər dərəcədə bağlılığım olub. Daha sonralar Rəsul Rza, Abbas Zamanov, Qılman İlkin ən yaxın dostlarım idi. Salman Mümtazla da səmimi münasibətim olub. Mən onu Aşqabaddan tanıyırdım... Sən demə, o, atamı yaxşı tanıyırmış. Onu görəndə həmişə ehtiramla baş əyirdim. O isə bəzən məni saxlayıb deyərdi: "Qulam, sən mənə baş endirmə, salam ver. Salam verməməyin üstündə səni cərimələyirəm. Get atana de ki, 5 bayatı, 2 qəzəl göndərsin... Atam hafizəli idi, mənə bayatı əzbərlətdirər, qəzəl söylədərdi, mən də bunları Salman Mümtaza çatdırardım".

Qulam Məmmədlinin zəhmətsevər bir insan olduğunu nəzərinizə çatdırdım, amma o, həm də öz işinin, sənətinin ustasıydı və elə buna görə onu irəli çəkir, məsul vəzifələrə təyin edirdilər. O zaman fəhlə müxbirlərə xüsusi rəğbət var idi... 1929-cu ildə Qulam Məmmədlini "Kommunist" qəzeti redaksiyasına ədəbi işçi götürdülər. Az sonra yaxşı işlədiyini görüb əməkçi məktublar şöbəsinin müdiri vəzifəsinə, sonra isə məsul katibliyə irəli çəkdilər. Bir gün MK katibi Ruhulla Axundov Qulam Məmmədlini çağırıb dedi: "Qulam, sən vicdanlı, təmiz adamsan. Biz səni "Kəndli" qəzetinə redaktor vermək istəyirik. Düzdür, qəzet Sultan Məcid Əfəndiyevin (Azərbaycan SSR MİK sədri - V.Y.) redaktorluğu ilə çıxır, amma onun adı formaldır, qəzeti sən idarə edəcəksən. O, iki il həmin qəzetdə redaktor müavini vəzifəsində çalışır. Etiraf edir ki, kənd təsərrüfatı məsələlərindən o qədər də başı çıxmır, amma qəzetdə işləyən əməkdaşlar ona kömək edirdilər. Qəzet ancaq təsərrüfat məsələlərini deyil, mədəniyyət məsələlərini də işıqlandırırdı. Qulam Məmmədlinin Maksim Qorki ilə məktublaşmaları da elə bu qəzetdən başlayır. Qorki öz məktubunda onları el ədəbiyyatı nümunələri toplamağa, folkloru təbliğ etməyə ruhlandırırdı. Qəzetin hər nömrəsində qəzetə göndərilən el ədəbiyyatı nümunələri çap olunur. İki ildən sonra Sultan Məcid Əfəndiyev Qulam Məmmədlini öz kabinetinə çağırdı: "Sabahdan qəzetin sonunda mənim yox, öz adını redaktor yazarsan, bu, MK-nın göstərişidir" - dedi.

1941-1946-cı illərdə Qulam Məmmədli Sovet Ordusu sıralarında Təbrizdə olur, müəyyən fasilələrlə "Vətən yolu" qəzetində əməkdaşlıq edir. Fədainin "Bəxtiyarnamə"sini, Heyran xanımın külliyyatını, Möcüzün əsərlərini ilk dəfə elm aləminə məhz o, təqdim edir. Təbrizdə Hacıməmməd Naxçıvani adlı bir ədəbiyyat vurğunu ilə rastlaşır, onun zəngin kitabxanasına baş çəkir. Onun nadir kitabxanasında Heyran xanımın yeganə əlyazmasını görəndə elə bil, dünyanı ona bağışlayırlar".

Söhbətimiz zamanı Qulam müəllim deyirdi ki, elə gecələr olur sübhəcən işləyirəm. Uşaqlıqdan zəhmət çəkməyi, gördüyüm işlərdən fərəh duymağı adət eləmişəm.

Qulam Məmmədli indi bizim hörmətlə yad etdiyimiz "köhnə kişilər"dən idi. Heyif, onların sayı azaldı, amma bizim nəsillərə nümunə oldular.

Bu yazını başa çatdıranda bir nigaran sual dolaşdı beynimdə: "Görəsən, Qulam Məmmədlinin vəfatından sonra onun arxivi araşdırılıbmı?".