Ədəbiyyat İnstitutunun Elmi şurasının 2022-ci ildə hibrid formatda ilk iclası keçirilib. İclasda şuranın üzvləri, İnstitutun ayrı-ayrı şöbələrinin müdirləri və gündəlikdəki məsələlərə aidiyyatı olanlar iştirak ediblər. Elmi şuranı AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli açıb.
Öncə 2 fevral Gənclər günü münasibətilə İnstitutunun gənc alimlərinin mükafatlandırılması olub. “İlin gənc alimi” – 2021 nominasiyası üzrə Ədəbiyyat İnstitutunun yaşı 35-ə qədər olan üç gənc alimi İnstitutun Fəxri Fərmanı ilə təltif olunub. Bunlar İnstitutunun Gənc Alimlər və Mütəxəsislər Şurasının sədri Şəfa Əliyeva, GAMŞ-ın üzvü Nurlanə Məmmədova və elmi işçi Aysel Qurbanovadır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında 5 yanvar 2022-ci il tarixli Sərəncamı və qarşıda duran vəzifələr haqqında İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli məlumat verib. Bildirib ki, bununla bağlı konfransların təşkili və monoqrafiyanın çapı nəzərdə tutulur.
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Nizami Gəncəvi İli” ilə əlaqədar həyata keçirilmiş tədbirlərin hesabatı və qarşıda duran vəzifələr barəsində danışan akademik İsa Həbibbəyli Nizamişünaslıq şöbəsi tərəfindən hazırlanmış və yeni çapdan çıxmış “Nizami Gəncəvi Həyatı və yaradıcılığı” kitabının əhəmiyyətindən söz açıb. Eyni zamanda İnstitutunun 15 nəfər əməkdaşının nazirliyin mükafatına layiq görülməsi münasibəti ilə Mədəniyyət naziri Anar Kərimova təşəkkürünü bildirib.
Elmi katib, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı “Nizami Gəncəvi İli”ndə mükafata layiq görülmüş əməkdaşların adlarını diqqətə çatdırıb.
Elmi şurada həmçinin Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 2022-ci il üçün elmi tədqiqat işlərinin əhatəli planının müzakirəsi və təsdiqi, Elmi Şuranın 2022-ci il üçün “İş planı”nın müzakirəsi və təsdiqi, İnstitutun 2022-ci il üçün “Tədbirlər planı”nın müzakirəsi və təsdiqi məsələsinə baxılıb.
“Ədəbi proses – 2020-2021” Yaradıcılıq müşavirəsinin keçirilmə vaxtı 2022-ci il mart ayının ilk həftəsinə müəyyən olunub.
Həmçinin çap və müsabiqə məsələləri müzakirə olunub, İnstitut əməkdaşları məsələlərlə bağlı fikirlərini səsləndiriblər.
İctimaiyyətlə əlaqələr şöbəsi