Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Rəsmi xəbərlər

AMEA-nın onlayn Ümumi yığıncağı keçirilib

10-06-2020 [ 23:18 ] [ oxunub:145 ]
printerA+ | A-
100035

İyunun 10-da AMEA-nın 2019-cu ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına həsr olunmuş onlayn Ümumi yığıncağı keçirilib.

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev Ümumi yığıncağın gündəliyindəki məsələləri tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirdə Azərbaycan elminin inkişafında xüsusi xidmətləri olan və dünyasını dəyişmiş görkəmli alimlərin xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Sonra akademik Ramiz Mehdiyev giriş nitqi ilə çıxış edərək, 2019-cu ildə elm sahəsində bir sıra uğurların əldə edildiyini və dövlət başçısının hər il olduğu kimi, bu il də Azərbaycan elminin inkişafına xüsusi diqqət yetirdiyini, elm sahəsinin inkişafı ilə bağlı mühüm qərarlar qəbul etdiyini bildirib. O, ölkə Prezidentinin fərman və sərəncamlarını, tapşırıqlarını rəhbər tutaraq, AMEA-nın uğurla fəaliyyət göstərdiyini bildirib. Qeyd edib ki, elmi-texniki potensialın qorunub sax­lanılması və inki­şaf etdirilməsi, yüksəkixtisaslı kadrların hazırlanması, elmi tədqiqatların əlaqələndirilməsi, elmi araşdırmaların ölkənin sosial-iqtisadi və mədəni-mənəvi inkişafına yönəldilməsinin AMEA-da həyata keçirilən işlərin əsasını təşkil etmişdir.

Akademik Ramiz Mehdiyev hesabat ilində AMEA-nın ümumi yığıncağında Akademiyanın Rəyasət Heyətinin yeni tərkibinin təsdiq edildiyini, “AMEA-nın 2020-2025-ci illər üçün Milli İnkişaf Proqramı”nın qəbul edildiyini, elmimizin yeni prioritet istiqamətlərinin müəyyənləşdirildiyini, Akademiya Nizamnaməsinə bir sıra mühüm əlavə və dəyişikliklər edildiyini diqqətə çatdırıb. Bundan əlavə, AMEA Rəyasət Heyəti aparatının yeni strukturu müəyyənləşdirilib, Akademiyanın kadr təminatı, maliyyələşdirilməsi, innovasiya siyasəti sahəsində müşahidə olunan bir sıra neqativ hallar aradan qaldırıldıb. AMEA rəhbəri hazırda beynəlxalq elmi əməkdaşlıq, elm və təhsilin inteqrasiyası, yüksəkixtisaslı kadr hazırlığı, innovasiya siyasətinin yeni əsaslarla qurulması, büdcədənkənar vəsaitlərin əldə edilməsi, Akademiyanın maddi-texniki bazasının gücləndirilməsi istiqamətində kompleks işlərin davam etdirildiyini bildirib.

Akademik Ramiz Mehdiyev çıxışında, həmçinin koronavirus pandemiyasının bütün bəşəriyyət üçün ciddi bir təhdidə çevrildiyi bir dövrdə Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi ilə kompleks tədbirlərin həyata keçirildiyini, bu istiqamətdə düşünülmüş siyasət və çoxşaxəli qabaqlayıcı tədbirlərin öz müsbət nəticələrini verdiyini, insanların sağlamlığının qorunması və əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün bütün lazımi işlərin görüldüyünü qeyd edib. O, bildirib ki, Azərbaycan bu sahədə bir sıra beynəlxalq miqyaslı təşəbbüslərin də müəllifidir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Qoşulmama Hərəkatının Zirvə görüşlərinin keçirilməsi ilə bağlı ölkə başçısının təşəbbüslərini xüsusilə qeyd edən akademik Ramiz Mehdiyev bu tədbirlərdə aparılan müzakirələrin, qəbul olunmuş qərarların pandemiya böhranından çıxmaq üçün beynəlxalq birliyə mühüm töhfə olduğunu və koronavirusla mübarizənin Azərbaycan modelinin dünyanın bir sıra nüfuzlu beynəlxalq qurumları, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

AMEA rəhbəri pandemiya və onun doğurduğu reallıqların bütün dünyada fundamental və tətbiqi elmi tədqiqatların inkişaf etdirilməsi zərurətini bir daha təsdiqlədiyini qeyd edərək, respublikada fundamental və tətbiqi tədqiqatların əsas mərkəzi olan Azərbaycan Milli Elmlər Akademiyasının qarşısında bir sıra mühüm vəzifələrin dayandığını, rəhbərlik etdiyi qurumda pandemiya ilə mübarizə və postpandemiya dövründə qarşıda duran vəzifələrə dair artıq müvafiq təkliflərin hazırlandığını, konkret vəzifələrin müəyyənləşdirildiyini bildirib. Alim, ilk növbədə, biologiya və tibb elmlərinə diqqətin artırılmasını, xüsusilə də, molekulyar biotexnologiya, mikrobiologiya, immunologiya, virusologiya və infeksion xəstəliklər sahəsində tədqiqatların daha da genişləndirilməsinin  vacibliyini vurğulayıb. O, eləcə də ictimai və humanitar elmlərin qarşısında mühüm vəzifələrin dayandığını, sosiologiya, iqtisadiyyat və digər elmi istiqamətlərin yeni səviyyədə inteqrasiyasına, multidissiplinar tədqiqatların genişləndirilməsinə ciddi ehtiyac olduğunu, ölkədə qeyri-neft sektorunun inkişafı, iqtisadi sektorların şaxələndirilməsi, neft və qaz gəlirlərindən asılılığın azaldılması istiqamətində mühüm işlərin görüldüyünü qeyd edib. Bildirib ki, Akademiya biliklər cəmiyyəti quruculuğunda daha yaxından iştirak etməli olduğunu bir vəzifə kimi müəyyənləşdirib. O, əlavə edib ki, alimlər milli iqtisadi təhlükəsizliyin tələblərinə müvafiq yeni iqtisadi modellərin işlənilib hazırlanmasına dəstək verməli, bio, nano, informasiya texnologiyaları və s. kimi aktual elmi istiqamətləri tədqiq etməli, milli proqram məhsulları sənayesinin formalaşması istiqamətində zəruri araşdırmalar aparmalıdırlar.

Sonra Akademiyanın 2019-cu ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında AMEA-nın akademik-katibi, müxbir üzv Əminağa Sadıqov məruzə edib. O, bildirib ki, 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev elm sahəsi ilə bağlı 40-a yaxın fərman və sərəncam imzalayıb. Əminağa Sadıqov qeyd edib ki, AMEA-nın alimləri sənayenin, kənd təsərrüfatının, ümumilikdə ölkə iqtisadiyyatının, incəsənət və mədəniyyətin, səhiyyənin inkişafına, Azərbaycanın tarixinin və dilinin araşdırılmasına, qorunub saxlanılmasına xidmət edən, sosial məsələləri əhatə edən 20-ə yaxın dövlət proqramının icrasında iştirak edib, bir sıra elmi tədqiqat işlərini və digər layihələri həyata keçirib. 

Əminağa Sadıqov hesabat ilində AMEA-nın 23 oktyabr 2019-cu il ta­rix­li Ümu­mi yı­ğın­ca­ğın­da akademik Ramiz Mehdiyevin yekdilliklə AMEA-nın prezidenti seçildiyini və Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 oktyabr tarixli sərəncamı ilə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsinə təsdiq edildiyini qeyd edib. Ümu­mi yı­ğın­ca­qda, həmçinin AMEA Rə­ya­sət He­yə­ti­nin ye­ni tər­ki­bi müəyyənləşib, akademik İsa Həbibbəyli və akademik İbrahim Quliyev AMEA-nın birinci vitse-prezidenti vəzifələrinə seçiliblər. Ümu­mi yı­ğın­ca­ğın mü­va­fiq qə­rar­la­rı ilə AMEA Ni­zam­na­mə Ko­mis­si­ya­sı­nın səd­ri və tər­ki­bi təs­diq edil­ib, habelə Azər­bay­can Mil­li Elm­lər Aka­de­mi­ya­sı­nın Ni­zam­na­mə­sinə tək­lif olunan əla­və və də­yi­şik­lik­lər qə­bul olunub­ və təsdiq edilməsi üçün ölkə Prezidentinə təqdim olunub. Dövlət başçısının 10 aprel 2020-ci il tarixli 986 nömrəli fərmanı ilə AMEA-nın Nizamnaməsinə müvafiq dəyişikliklər təsdiq edilib.

Akademik-katib əlavə edib ki, AMEA-nın Ümu­mi yı­ğın­ca­ğın­ın 28 de­kabr 2019-cu il ta­rix­li qərarı ilə “AMEA-nın 2020-2025-ci il­lər üçün in­ki­şaf proq­ra­mı” təs­diq edil­ib. İn­ki­şaf proq­ra­mı növ­bə­ti beş il üçün el­mi təd­qi­qat­la­rın prio­ri­tet  istiqamətlərinin mü­əy­yən edil­mə­si, struk­tur is­la­hat­la­rı­nın apa­rıl­ma­sı və ida­rə­et­mə­nin tək­mil­ləş­di­ril­mə­si, el­mi inf­rast­ruk­tu­run mo­dern­ləş­di­ril­mə­si, elm, təh­sil və  iq­ti­sa­diy­ya­tın in­teq­ra­si­ya­sı­nın güc­lən­di­ril­mə­si, el­min ma­liy­yə­ləş­di­ril­mə­si­nin tək­mil­ləş­di­ril­mə­si, alim­lə­rin so­si­al tə­mi­na­tı­nın yax­şı­laş­dı­rıl­ma­sı və s. mə­sə­lə­lə­ri əha­tə edir.

O, eləcə də AMEA Rəyasət Heyəti aparatının yeni strukturu, idarəetmə və təşkilati sisteminin təkmilləşdirildiyini, elmi müəssisələrin fəaliyyətinin məqsədyönlü koordinasiyası üçün bir sıra mühüm tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.

Əminağa Sadıqov qeyd edib ki, hesabat ilində AMEA-nın elmi bölmələrinə daxil olan elmi müəssisələrdə 147 prob­le­m çərçivəsində 542 möv­zu üz­rə 1618 elmi tədqiqat işi aparılıb, onlardan 34 iş tətbiq olunub. 159 qrant üzrə işlər davam etdirilib, 36 patent alınıb.

Alim əlavə edib ki, hesabat ilində AMEA-nın el­mi müəs­si­sə­lə­r­ində 139 mühüm el­mi nə­­ticə əldə olunub. Akademiyanın alimləri tərəfindən 518 ki­tab, 9431 mə­qalə və te­zis, o cüm­lə­dən xa­ric­də 3107 mə­qalə və tezis çap etdiril­ib. İmpakt faktorlu jurnallarda dərc olunmuş 1051 məqaləyə 20500-dən çox istinad olunub.  Azərbaycanın elm və ali təhsil müəssisələrindən "Web of Science" bazasına bütün dövr ərzində (1975-2019) 17 mindən çox elmi əsər daxil olub. Bu elmi əsərlərin 12 mindən çoxu (71%-dən çoxu) AMEA-nın payına düşür. 2019-cu ildə "Web of Science" bazasına AMEA-nın 708 elmi əsəri daxil olub və bu əsərlərə 2000-ə yaxın istinad olunub. Onun sözlərinə görə, dünyanın nüfuzlu "Scopus" bazasında 2019-cu ildə dünya üzrə 5637 universitet və müəssisələr arasında AMEA 775-ci yerdədir. Bu bazada AMEA-nın elmi reytinqi həm Cənubi Qafqaz ölkələrinin, həm də Orta Asiya ölkələrinin akademiyaları sırasında sosial göstəricilər üzrə birinci yerdədir. Hazırda AMEA-nın 68 elmi jurnalının 5-i "Web of Science" bazasına daxildir.

Akademik-katib bildirib ki, ölkədə aparılan elmi tədqiqat işlərini əlaqələndirmək, müxtəlif elmi strukturları birgə tədqiqatlara cəlb etmək, elm və texnikanın nailiyyətlərinin təcrübədə istifadə edilməsinə kömək məqsədilə 2019-cu ildə Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının və AMEA Rəyasət Heyətinin birgə iclasında elmi istiqamətlər üzrə 38 yeni elmi şuranın yaradılması haqqında birgə qərar qəbul edilib. Hesabat ilində Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının elmi şuralarında respublika üzrə qeydiyyata alınmış dissertasiya mövzuları haqqında məlumatların əlçatanlığının təmin edilməsi məqsədilə 2010-2019-cu illər üzrə qeydiyyata alınmış fəlsəfə doktorluğu üzrə 8054, elmlər doktorluğu üzrə 1416 dissertasiya mövzusu haqqında məlumatlar illər üzrə sistemləşdirilib və şuraların web-saytlarında yerləşdirilib. Həmçinin AMEA Rəyasət Heyətinin müvafiq qərarı ilə elmi istiqamətlər üzrə elmi şuralar haqqında Əsasnamə və elmi istiqamətlər üzrə elmi şuraların tərkibi təsdiq edilib.

Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 yanvar tarixli qərarı ilə Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının tərkibi 15 nəfərdən 26 nəfərə qaldırılıb.

"Elmlə təhsilin inteqrasiyası məsələsi də hər zaman AMEA-nın fəaliyyətinin prioritet istiqamətlərindən biri kimi diqqət mərkəzində olmuşdur", -deyə bildirən Ə.Sadıqov qeyd edib ki, AMEA-nın elmi müəssiə, idarə və təşkilatlarında çalışan əməkdaşların ümumi sayı 10036 nəfərdir. Elmi işçilərin ümumi sayı 4700, o cümlədən 581 nəfəri elmlər doktoru, 1925 nəfəri fəlsəfə doktorudur. Bildirilib ki, AMEA-nın tərkbi 168 üzvdən (67 həqiqi üzv, 101 müxbir üzv) ibarətdir. AMEA-nın doktoranturasına fəlsəfə doktoru hazırlığı proqramı üzrə 100 nəfər, elmlər doktoru hazırlığı üzrə 31 nəfər (12 əyani, 19 qiyabi), AMEA-nın dissertanturasına fəlsəfə doktoru hazırlığı üzrə 68, elmlər doktoru hazırlığı üzrə 107 nəfər qəbul olub.

Azərbaycanda doktorantura təhsilinin Avropa ali təhsil məkanının tələblərinə uyğun yenidən qurulması və inkişaf etdirilməsi istiqamətində İnformasiya Texnologiyaları İnstitutunun dəstəyi ilə “Nizami” layihəsi çərçivəsində doktorantura təhsili üzrə milli idarəetmə portalı yaradıldığını nəzərə çatdıran akademik-katib doktorant və tədqiqatçıların mübadiləsini həyata keçirmək və birgə elmi araşdırmalar aparmaq məqsədilə AMEA ilə Fransanın Monpelye Universiteti arasında əməkdaşlıq haqqında çərçivə sazişinin imzalandığını, həmçinin doktorantura təhsili ilə bağlı nümunəvi fərdi müqavilənin hazırlandığını bildirib.

Bildirilib ki, Dövlət İmtahan Mərkəzinin müvafiq əmri ilə AMEA-nın magistraturasına 22 ixtisas üzrə 120 nəfər qəbul edilib. 2018/2019-cu tədris ilində 12 ixtisas və 37 ixtisaslaşma üzrə 63 tələbə AMEA-nın magistraturasını bitirib.

AMEA-nın elmi müəssisələrində ali təhsil müəssisələrinin 10-dan çox baza kafedrası fəaliyyət göstərir. Ali təhsil müəssisələrində yaradılmış SABAH qruplarında təhsil alan tələbələr hesabat ilində AMEA-nın elmi müəssisələrində elmi təcrübə keçib. 2019-cu ildə alimlərimiz Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi ilə birlikdə 30-dək dərslik və dərs vəsaiti nəşr etdirib, tədris proqramları hazıryıblar.

Alimin sözlərinə görə, 2019-cu ildə AMEA-nın beynəlxalq elmi əlaqələri daha da genişlənib. AMEA-nın 500-dən çox əməkdaşı xarici ezamiyyələrdə olub, müxtəlif ölkələrdən olan həmkarları ilə tədqim etdikləri ikitərəfli və çoxtərəfli müştərək layihələrin qalibi olublar. “Horizon - 2020” proqramı üzrə 2, Koreyanın Elm və Texnologiya Siyasəti İnstitutunun (STEPİ) dəstəyilə 1, Ukrayna Elm və Texnologiya Mərkəzinin dəstəyilə 8 layihənin icrası, həmçinin CERN və BNTİ ilə birlikdə ATLAS və ALICE layihələri çərçivəsində tədqiqatlar davam etdirilib.

Hesabat ilində AMEA ilə müxtəlif ölkələrin təşkilatları arasında alim və mütəxəssislərin mübadilə göstəriciləri üzrə Türkiyə və Rusiya ilk yerləri tutur. Bundan əlavə, MDB ölkələrindən Qazaxıstan və Özbəkistanla, qərb ölkələrindən İngiltərə və Avstriya ilə, şərq ölkələrindən Yaponiya və Koreya ilə alim və mütəxəssislərin mübadiləsi həyata keçirilib.

Əminağa Sadıqov 2019-cu ildə e-Azərbaycanın bir seqmenti olan e-elmin  və elmin informasiya təminatının formalaşdırılması və inkişafı istiqamətində işlərin davam etdirildiyini, bir sıra nəticələr əldə olunduğunu diqqətə çatdıraraq, müxtəlif təyinatlı informasiya sistemləri və veb-saytların istifadəyə verildiyini bildirib. Vurğulanıb ki, elektron elm mühitinə kiber-fiziki sistemlərin inteqrasiyası məsələləri tədqiq olunmuş və effektiv  həlləri təqdim olunmuş, vətəndaş elmi layihələrinin formalaşdırılması məsələləri tədqiq olunmuş və ümumiləşdirilmiş konseptual modeli işlənmişdir. Elektron elmin şəbəkə platforması olan "AzScienceNet" Elm Kompüter Şəbəkəsinin infrastrukturunun genişləndirilməsi, AMEA-nın elmi müəssisə və təşkilatlarının resurslarının AzScienceNet şəbəkəsinin Data Mərkəzində saxlanılması və hostinq xidmətlərinin dəstəklənməsi, onun resurslarından səmərəli istifadə olunması, həmçinin Avropanın onlayn elm və təhsil mühitinə inteqrasiyası ilə əlaqədar işlər davam etdirilib.

Bildirilib ki, AMEA rəhbərliyi tərəfindən gənclər siyasəti hər il olduğu kimi, 2019-cu ildə də uğurla davam etdirilmişdir. Azərbaycan Milli Elmlər Akademiyası Gənc Alim və Mütəxəssislər Şurasını təşkil edən 3000-dən artıq tələbə, magistr, doktorant və alim sayına, eləcə də bilik potensialına görə günümüzdə respublikanın ən böyük intellektual qüvvəsi hesab edilir. “Ma­gistr-2019”, “Gənc qadınlar elmdə”, “Gənc kimyaçılar elmdə” kimi bir sıra müsabiqələr, AMEA-da 35 yaşadək elmlər doktoru elmi dərəcəsi almış gənc alimlər üçün təsis edilib və digər mükafatlar gənc alimlərin intellektual fəaliyyətinin dəstəklənməsi və elmə həvəsləndirilməsi məqsədini daşıyıb.  

Çıxışının sonunda AMEA-nın akademik-katibi Əminağa Sadıqov AMEA-nın qarşısında duran problem və perspektivlərdən danışaraq, qeyri-neft sektorunun inkişafı, elmi nəticələrin kommersiyalaşdırılması və innovasiya fəaliyyətinin gücləndirilməsi ilə bağlı məqsədyönlü tədbirlər görülməsinin zəruriliyindən söz açıb. “AMEA-nın 2020-2025-ci illər üçün İnkişaf Proqramı”nın icrasından irəli gələn məsələləri və elmin qlobal çağırışlara uyğun inkişafını təmin etmək məqsədilə bir sıra vəzifələrin həyata keçirilməsinin məqsədəuyğunluğunu qeyd edib.

Sonra AMEA-nın birinci vitse-prezidentləri – akademik İsa Həbibbəyli və akademik İbrahim Quliyev, vitse-prezidentlər – akademik Tofiq Nağıyev, akademik Dilqəm Tağıyev, akademik İradə Hüseynova və akademik Rasim Əliquliyev çıxış edərək AMEA-nın 2019-cu ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı yüksək qiymətləndiriblər. Onlar rəhbərlik etdikləri elmi bölmələrə daxil olan elmi müəssisə və təşkilatların əldə etdikləri ən mühüm nailiyyətlərdən söz açıb, bölmələrin qarşısında duran problem və vəzifələri müəyyənləşdirib, Azərbaycan elminin inkişafı ilə bağlı təkliflərini səsləndiriblər.

Daha sonra AMEA-nın akademik-katibi AMEA-nın müxbir üzvü Əminağa Sadıqov Akademiya üzvlərinin hesabata verdikləri qiymətlər və AMEA-nın ümumi yığıncağının onun əsasında hazırlanmış qərar layihəsini səsləndirib.

Tədbirdə AMEA-nın prezidenti akademik Ramiz Mehdiyev Akademiya üzvlərinin elektron poçt vasitəsilə təqdim etdikləri rəy, təklif və səslərini də nəzərə alaraq, qərar layihəsini səsə qoyub. Səsvermənin nəticələrinə əsasən, AMEA-nın 2019-cu ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı təsdiq edilib.

İclasda digər bir sıra elmi-təşkilati məsələlərə də baxılıb. AMEA Rəyasət Heyətinin nəzdində Sərbəst Elektron Resurslar Mərkəzinin yaradılması, AMEA-nın Fəlsəfə İnstitutunun adının dəyişdirilərək Fəlsəfə və Sosiologiya İnstitutu adlandırılması, AMEA-nın Quba Regional Elmi Mərkəzinin yaradılması ilə əlaqədar məsələlər müzakirə olunub, müvafiq qərarlar qəbul edilib.

Sonda AMEA-nın prezidenti yekun nitqində Akademiyanın qarşısında yeni və daha mühüm vəzifələrin dayandığını, alimlərimizin bütün potensialını səfərbər edib ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli islahatlara həm elmi nailiyyətlər, həm də aktiv vətəndaş mövqeyi ilə dəstək verməli olduqlarını qeyd edib.

FOTO QALEREYA