Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Yubiley yazıları

Pərvin. 85 yaşlı Ədəbiyyat İnstitutu

14-11-2018 [ 13:15 ] [ oxunub:260 ]
printerA+ | A-
94949

Bu il Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 85 yaşı tamam olur. İnstitutun tarixinə nəzər salanda bu zaman kəsiyinin millətimiz üçün də, dövlətimiz üçün də, elə bu elm ocağının özü üçün də hər cəhətdən əlamətdar, həm də qəliz olduğunu görürük. 

1933-cü ildə SSRİ Elmlər Akademiyasının Zaqafqaziya filialının Azərbaycan bölməsində Ədəbiyyat sektoru yaradılır və bununla da böyük və ciddi bir yolun təməli qoyulur.

Müasir zamanda Sovet dövründə yaradılmış müxtəlif qurumlara və təşkilatlara müəyyən skeptik yanaşma olduğu üçün məhz Ədəbiyyat İnstitutunun timsalında bu məqama aid fikrimi bölüşmək istərdim. Məsələ burasındadır ki, Sovet dövrünün "mərkəzləşdirmə qanunu" ilə yaradılmış bir çox qurum və təşkilatlar ölkəmiz müstəqil olduqdan sonra məhz azad Azərbaycan Respublikasının dövlətçilik, elm, sənət maraqlarına xidmət etməyi bacardılar. İdeyalar, konsepsiyalar, yanaşmalar kökündən dəyişdi. Və bu mənada çağdaş zamanda belə İnstitutların, Birliklərin olması, fəaliyyəti elmimizin, sənətimizin və bütöv şəkildə millətin xeyrinədir.

İnstitutun tarixi boyu buranın rəhbəri olmuş alimlərin adları artıq bir çox mətləbləri ifadə edir. Heydər Hüseynov, Məmməd Arif Dadaşzadə, Mirzə İbrahimov, Məmmədağa Şirəliyev, Kamal Talıbzadə, Əziz Mirəhmədov, Yaşar Qarayev, Bəkir Nəbiyev, İsa Həbibbəyli. Əslində, məqsədli şəkildə bu adlarını sadaladığım alimlərin elmi dərəcələrini, titullarını yazmıram, çünki elə sadəcə imzalar lazımi məlumatı ötürür, ümumi təsəvvür yaradır. Heç şübhəsiz ki, bu dəyərli insanların hər birinin  Ədəbiyyat ocağının inkişafında, çağdaş səviyyəyə yetişməsində xidmətləri vardır. Və bu mənada qazanan həm də bizlərik, biz gənclər.

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna ilk dəfə magistr təhsili alanda getmişəm. O zaman bir aylıq təcrübəyə göndərilmişdik və professor Məhərrəm Qasımlının şöbəsində hər gün maraqlı ədəbiyyat söhbətləri edirdik. Yadımdadı ki, o vaxt hələ təzə-təzə elm yoluna qədəm qoymaq istəyən bizlər üçün İnstitutdakı mühit, burdakı alimlərlə söhbət son dərəcə maraqlı, qeyri-adi idi. Əslində, bütün şöbələrdə,  istədiyimiz alimdən nə isə soruşmaq, məsləhətlər almaq imkanımız var idi. Və mən də artıq xeyli müddətdi qəzetdə çalışan adam kimi fürsətdən istifadə edib akademik Bəkir Nəbiyevdən və akademik Teymur Kərimlidən müsahibələr almışdım. O zaman Bəkir müəllimin - "Mənim ən böyük mükafatım bütün ömrümü ədəbiyyatımızın araşdırılmasına sərf etməyimdir. Siz təsəvvür edə bilirsinizmi ki, ədəbiyyata ömür sərf etməyin necə böyük məna və əhəmiyyəti, estetik, tərbiyəvi, məskurəvi ləzzətləri var?!" - deməsini heç unutmuram. Doğrudur, bu sözlərin alt qatını anlamaq üçün həqiqətən ədəbiyyat içərisində ömür sürmək, həyatı elmə həsr etmək lazımdır. Yəni ədəbiyyatın necə böyük mükafat olduğunu və bizlərə işləyərək dincəlmək, zövq alaraq çalışmaq, yazaraq yaşamaq fürsətinin verilməsini tam dərk etmək üçün zamana ehtiyac var. Amma bütün hallarda müəllimlərimiz yeni gələn nəsillərə bu dəyərləri öyrətməyə çalışırlar.

Bütün bu illər ərzində Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun pasportu hesab edilə biləcək nəşrləri xüsusi əhəmiyyət daşıyır. Misal üçün, "Azərbaycan ədəbiyyatı tarixi" 7 cildliyi , "Molla Nəsrəddin" jurnalı 8 cilddə, "Ziya" və "Füyuzat" qəzetlərinin cildləri xüsusi qeyd olunmalıdır. Bu sırada "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı" üçcildliyini ayrıca vurğulamaq istərdim. Məsələ burasındadır ki, müstəqillik ölkəmizin həyatında xüsusi əlamətdar hadisə oldu, amma eyni zamanda, ardınca gələn müharibə, bəlalar, Qarabağ olayları da sənətə təsirsiz ötüşmədi. Və bu mənada son 25 ildə ədəbiyyatın hansı tərəfə inkişaf etməsi, yazılan əsərlərin səviyyəsi, yeni gələn gənc qələm sahiblərinin peşəkarlıq məsələləri çox müzakirə olunurdu. "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı" monoqrafik nəşri bütün bu suallara cavab verdi əslində və müstəqil ölkənin azad, senzuradan uzaq ədəbiyyatı haqqında real təsəvvür yaratmış oldu. Deyim ki, bu üçcildliyi vərəqlədikcə müstəqillik dövrünün - son 25 ilin ədəbiyyat tariximizdə ayrıca bir mərhələ olduğuna şübhə qalmır.

Elə hər ilin sonunda ədəbiyyat üzrə yekunlara həsr olunmuş "Ədəbi proses" yaradıcılıq müşavirələri və çap olunan məcmuələr son dövr ədəbiyyatımız haqqında ətraflı məlumat verir. Həmçinin, Azərbaycan Yazıçılar Birliyi ilə birgə layihələrin həyata keçirilməsi son dərəcə mühümdür. Bunlardan "Azərbaycan uşaq ədəbiyyatı: problemlər və vəzifələr" müşavirəsini ayrıca qeyd etmək istərdim. Bu müşavirədə  çağdaş dövr uşaq ədəbiyyatının aktual məsələləri, problemləri müzakirə edildi və ədəbiyyatın bu yöndə inkişafı, yeni əsərlərin yazılması və uşaqlara çatdırılması üçün müxtəlif ideyalar irəli sürüldü.

Bütün bu sadaladığım faktlar Ədəbiyyat İnstitutunun sənətin inkişafı, elmin sənətlə vəhdətdə çalışması, bir-birinə mövzu, material verməsi üçün gördüyü işlərin bir hissəsidir. Bu kontekstdə davam etsək, keçirilən Beynəlxalq konfranslar ayrıca qeyd edilməlidir. "Yaşayan Yunis İmrə", "Çağımızdan görünən orta əsrlər", "Azərbaycan Türkiyə: 7 ulu ozan", "Sədi Şirazi dünyası", "Böyük rus yazıçısı Mixail Şoloxov və Azərbaycan", "Əlişir Nəvai və Azərbaycan ədəbiyyatı" və s. mövzularda konfranslarda  ciddi elmi nəticələr ortaya qoyulub. Burdakı müzakirələr, məruzələr ədəbiyyatımızın Beynəlxalq səviyyədə təbliği üçün də əhəmiyyətlidir.  Və mən bu məqamda son illərdə iki dəfə keçirilmiş "Fizika və Lirika" konfransını xüsusi qeyd etmək istərdim. Əslində, "fizika və lirika" "qarşıdurması" bu konfransda tamam ayrı məna, anlam kəsb edir. Bu konfranslarda elmin və bədii yaradıcılığın sərhədləri görünməz olub əslində. Yəni yaradıcı adam elmlə məşğul ola bilərmi, yaxud alimin bədii yaradıcılığı ciddi qəbul edilərmi polemikalarının ən gözəl cavabını bu konfransdan və dərc olunmuş materiallardan alırıq. Bədii yaradıcılıqla məşğul olan, şeirlər, hekayələr, dram əsərləri yazan alimlərin əsərləri küll halında bu insanların dünyası, düşüncə tərzi haqqında məlumat verir və bəlkə əslində, bunları araşdırmağın, təhlil etməyin özü də elə Ədəbiyyat İnstitutunun əməkdaşlarının üzərinə düşür. Bir sözlə, ədəbiyyat sonsuz, hüdudsuz, sərhədsiz olduğu üçün İnstitut əməkdaşlarının da missiyası bitmək, tükənmək bilmir.

Müstəqilliyin gətirdiyi xoşbəxtliklərdən biri də dünyaya çıxmaq fürsətidir. Ədəbiyyat İnstitutu Beynəlxalq əlaqələri genişləndirməklə həm ədəbiyyatımızın, həm də elmimizin ölkə hüdudlarından kənarda təbliğ olunması üçün çalışır. Gürcüstanın Şota Rustaveli adına Ədəbiyyat İnstitutu, Rusiyanın Maksim Qorki adına Dünya Əd əbiyyat İnstitutu, Beynəlxalq Türk Akademiyası, İran İslam Respublikasının Təbriz Universiteti, Polşa Ədəbi Tədqiqatlar İnstitutu ilə bağlanmış qarşılıqlı əməkdaşlıq müqavilələri, həmçinin, birgə həyata keçirilən layihələr deyilənləri təsdiqləyir.

Bütün bu sadaladığım faktlar, hadisələr Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli başda olmaqla, hər bir əməkdaşının zəhməti, işinə, çalışdığı ocağa sevgisi sayəsində həyata keçib. Amma mən statistik məlumatlardan başqa, şəxsi təcrübəmi də bölüşmək istərdim. İnstitutun nəzdində fəaliyyət göstərən Dissertasiya  Şurasında fəlsəfə doktoru dissertasiyamı müdafiə edəndə, daha doğrusu, müdafiəyə qədər də, sonra da müxtəlif məqamları şəxsən görüb dəyərləndirdim. Müdafiə öncəsi həyəcanımı görən şuranın elmi katibi filologiya üzrə elmlər doktoru İsmixan Osmanlı necə deyərlər, ürək-dirək verib, burda hər kəsə xeyirxahlıqla yanaşıldığını söyləmişdi. Müdafiə vaxtı akademik İsa Həbibbəyli başda olmaqla, hər kəsin həqiqətən xeyirxah, mehriban, amma həm də tələbkar münasibətini gördüm. Sonralar öyrəndim ki, məhz burda müdafiə olunan dissertasiyaların yüksək səviyyəsini hər kəs bilir. Və təsadüfi deyil ki, statistik məlumatlara görə, son illərdə məhz ədəbiyyatşünaslıq sahəsində müdafiə edənlərin, elmə yeni gələn gənclərin sayı xeyli artıb. Əlbəttə, bu qədər münbit şərait olunca belə göstəricilər də təbii görünür.

Məkanlar, yerlər, idarələr, təşkilatlar orda çalışan insanlara görə müqəddəsləşir. Bu mənada Ədəbiyyat İnstitutunu elm və ədəbiyyat fədailəri akademik İsa Həbibbəyli, Teymur Kərimli, Tehran Əlişanoğlu, Teymur Bünyadov kimi, gənclərin fədakar dostları olan professor Qəzənfər Paşayev, Asif Rüstəmli, Əsgər Rəsulov, Nizaməddin Şəmsizadə kimi insanların, adlarını çəkmədiyim neçə-neçə dəyərli alimin sayəsində üstündür.

Şübhəsiz ki, kiçik bir yubiley yazısında 85 illik yolun bütün şərəfli məqamlarını qeyd etmək mümkünsüzdür. Niyyətim sadəcə yetişməyimdə xüsusi yeri, yolu olan Ədəbiyyat, elm ocağına minnətdarlığımı dilə gətirmək və burda çalışan bütün dostlarımı, müəllimlərimi yubiley münasibətiylə təbrik etməkdir. 

525-ci qəzet, 27 oktyabr

SİZƏ MARAQLI OLA BİLƏR