Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

“Ədəbi proses – 2022” elmi-yaradıcılıq müşavirəsi keçirildi

21-07-2023 [ 21:05 ] [ oxunub:218 ]
printerA+ | A-
103622

İyulun 21-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan klubu”nda AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə “Ədəbi proses – 2022” mövzusunda elmi-yaradıcılıq müşavirəsi keçirilib.

Tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Ədəbiyyat İnstitutunun alimləri, yazarlar və media nümayəndələri iştirak ediblər.

Yubiley tədbirindən öncə 10 il ərzində “Ədəbi proses” elmi-yaradıcılıq müşavirəsi çərçivəsində Ədəbiyyat İnstitutunda işıq üzü görmüş əsərlərdən ibarət sərgiyə baxış keçirilib.

Müşavirəni giriş sözü ilə açan AMEA-nın prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli bildirib ki, XX əsrin 70-ci illərinin sonlarında Ədəbiyyat İnstitutunda görkəmli ədəbiyyatşünas alim, AMEA-nın müxbir üzvü Yaşar Qarayevin təşəbbüsü ilə ilk dəfə “Ədəbi proses” müşavirələri keçirilib və materialları çap olunub.

Sonuncu dəfə “Ədəbi proses” elmi-yaradıcılıq müşavirəsinin 1984-cü ildə baş tutduğunu diqqətə çatdıran akademik İsa Həbibbəyli bundan yalnız 30 il sonra, müstəqillik dövrünün açdığı geniş imkanlar sayəsində sözügedən müşavirənin Ədəbiyyat İnstitutunda özünün rəhbərliyi ilə bərpa olunduğunu diqqətə çatdırıb. Qeyd edib ki, Sovet dövründə keçirilən müşavirələrdən fərqli olaraq, müstəqillik dövrünün elmi, mədəni, ictimai fikir sahəsində yaratdığı özünəməxsuslar ədəbi prosesin təntənəli şəkildə keçirilməsinə, ədəbi mühitin daha geniş şəkildə prosesə cəlb edilməsinə imkanlar yaradıb.

“Ədəbi proses” yaradıcılıq müşavirəsi hər il özündən əvvəlki ilin ədəbi prosesini janrlar üzrə təhlil edir və bu ərəfədə gedən dinamikanı, problemləri, çatışmazlıqları göstərməyə çalışır, alimlərimiz çıxış yolları haqqında öz təklif və tövsiyələrini irəli sürürlər. Ötən illərin “Ədəbi proses” müşavirələrində bəzi hallarda 30-dan çox məruzə dinlənilib. Sovet illərinin müşavirələrində poeziya, nəsr, dramaturgiya, tənqid və publisistika ətrafında müzakirələr aparılardı. Biz 2014-cü ildə bu prosesə yenidən başlayanda sözügedən 5 əsas təməli qeyd etməklə yanaşı, ədəbi əlaqələr və digər sahələrdən də məruzələr dinləmiş, müzakirələr aparmışıq. Biz ədəbi prosesləri müxtəlif janr və istiqamətlər üzrə ayrıca məruzələrlə dinləyib təhlil etmişik ki, bu da konkret janrın təkamülünü, inkişaf dinamikasını, mövcud imkanlarını, nöqsanlarını və gələcək perspektivlərini göstərməyə imkan yaradıb. Həmin məruzələr janrlar haqqında ümumi istiqamətlərdən başqa, ədəbiyyat tarixi və ədəbi prosesin xeyrinə olan, onu daha dərindən, konkret, daha fərqli şəkildə öyrənmək üçün böyük əhəmiyyətə malikdir”, - deyə akademik İsa Həbibbəyli vurğulayıb.

Ötən 10 il ərzində keçirilən yaradıcılıq müşavirələrinin materiallarının kitablar, toplular, eləcə də məqalələr şəklində ictimaiyyətə təqdim olunduğunu deyən AMEA rəhbəri bildirib ki, həmin məruzələr Azərbaycanda geniş həcmə malik olan, elmi-nəzəri şəkildə yazılmış mükəmməl tənqid icmallarıdır. Bu topluların hər birini mükəmməl monoqrafik tədqiqat əsəri, 10 illik ədəbi dövrün bütün nəbzini, inkişaf meyillərini, yaradıcılıq nailiyyətlərini, eyni zamanda uğurlarını göstərən ədəbiyyat toplusu kimi səciyyələndirən akademik İsa Həbibbəyli bu tədqiqatların ədəbiyyat və elm baxımından da son dərəcə böyük bir qiymətə malik olduğunu bildirib.

“Ədəbi proses” elmi-yaradıcılıq müşavirəsinin hər il Azərbaycan Yazıçılar Birliyi ilə birgə keçirildiyini diqqətə çatdıran AMEA prezidenti verdiyi dəstəyə görə AYB-nin sədri Anara minnətdarlığını bildirib, görkəmli Xalq yazıçısının tövsiyələri və istiqamətverici mülahizələri ilə “Ədəbi proses”i zənginləşdirdiyini söyləyib. Qeyd edib ki, müşavirədə təqdim olunan məruzələr ötən illərdə tam şəkildə Azərbaycan Yazıçılar Birliyinin “Ədəbiyyat qəzeti”ndə və “Ulduz” jurnalında dərc edilib, bu funksiyanı, eyni zamanda “525-ci qəzet” də zaman-zaman həyata keçirir.

Akademik İsa Həbibbəyli Azərbaycan Yazıçılar Birliyi ilə Ədəbiyyat İnstitutu arasında əlaqələrin hazırda çox yüksək səviyyədə olduğunu və bu münasibətlərin yazıçılıq mühitinə də müsbət təsir göstərdiyini deyib. Vurğulayıb ki, bu amil həqiqi ədəbiyyata xidmət etməyi tənzimləyən əsas faktordur və nəticə etibarı ilə “Ədəbi proses”lə Yazıçılar Birliyinin qarşılıqlı əlaqəsi həm ədəbiyyatın inkişafı üçün faydalıdır, həm də ədəbiyyatşünaslıq elminə mühüm töhfələr verir: “Məhəmməd Füzulinin dediyi kimi, “Elmsiz şeir əsassız divar kimidir”. Son zamanlarda sosial şəbəkələrin də “Ədəbi proses”ə qoşulduğunu müşahidə etmişəm. Builki müşavirədə sosial şəbəkə ədəbiyyatından da ayrıca məruzənin dinlənilməsi planlaşdırılıb. Beləliklə, “Ədəbi proses” format olaraq elmi konfransdan bir ədəbi hərəkata çevrilib. Bununla bərabər, ədəbi prosesçilər ifadəsi meydana gəlib, gənclər arasında elmlər doktorları və fəlsəfə doktorları yetişib. “Ədəbi proses” müzakirələri Azərbaycan elmində yeni bir cərəyanın da yaranmasında iştirak edib. Artıq ədəbiyyatımızda neologizm, realizm, postmodernizm kimi, akademizm də müşahidə olunur. Bunun da öz yaradıcıları, təmsilçiləri vardır. Bunların sırasında İsa Həbibbəylini, Rafael Hüseynovu, Teymur Kərimlini, Hamlet İsaxanlını, Kamal Abdullanı, Məmməd Əliyevi və başqalarını qeyd etmək olar”.

Akademik İsa Həbibbəyli çıxışının sonunda builki “Ədəbi proses”in işinə uğurlar arzulayıb.

Sonra çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar qonaqları salamlayaraq qeyd edib ki, ədəbiyyatda bədii yaradıcılıqla - şeir, nəsr, dramaturgiya və ədəbi yaradıcılığın təhlili, tənqidi, araşdırılması ədəbiyyatın iki qanadıdır və bu iki qanad olmasa, normal ədəbi proses gedə bilməz.

Ədəbiyyat İnstitutu ilə Yazıçılar Birliyi arasında sıx əlaqələrin olduğunu, akademik İsa Həbibbəylinin AMEA-ya rəhbərlik etməsindən sonra bu münasibətlərin daha da genişləndiyini deyən Anar “Ədəbi proses” müşavirəsinin yubiley tədbirinin AYB-də keçirilməsi münasibətilə Akademiya prezidentinə minnətdarlığını bildirib. Həmçinin “Ədəbi proses” çərçivəsində Ədəbiyyat İnstitutunda işıq üzü görmüş əsərlərin Yazıçılar Birliyinin kitabxanasına hədiyyə edilməsini yüksək qiymətləndirib.

Müşavirədə filologiya elmləri doktoru Elnarə Akimova “İlin ədəbi mənzərəsi”, AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu “Ədəbi tənqid”, filologiya üzrə fəlsəfə doktoru Azər Turan “Poeziya”, filologiya üzrə fəlsəfə doktoru Maral Yaqubova “Nəsr”, filologiya üzrə fəlsəfə doktoru Aynurə Mustafayeva “Dramaturgiya”, filologiya elmləri doktoru  Vaqif Yusifli “Ədəbi gənclik” və filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlı “Uşaq ədəbiyyatı” mövzusunda məruzələrlə çıxış ediblər.

Qeyd edək ki, tədbirdə təqdim edilən məruzələr toplu halında nəşr olunacaqdır.

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR