AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Türkiyədə işıq üzü görən “Azərbaycan uşaq ədəbiyyatından seçmələr” (“Azerbaycan Çocuk Edebiyatından Seçme Eserler”) kitabının təqdimatı keçirilib.
Təqdimatı giriş sözü ilə AMEA-nın prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli açaraq bildirib ki, Türkiyə-Azərbaycan ədəbi əlaqələrinin mərkəzində klassik və müasir ədəbiyyat yer tutsa da, uşaq ədəbiyyatı az yer tutur: “Bu antologiya Türkiyə ilə Azərbaycan ədəbi əlaqələrində əhəmiyyətli hadisədir. Bütün bunlara görə kitabı çapa hazırlayanlara minnətdarlığımı bildirirəm. Çapdan öncə bir neçə dəfə kitabın onlayn müzakirəsini keçirmişik və nəticədə çox mükəmməl bir kitab meydana gəlib. Bu, çox mühüm elmi nəticədir”.
“Uşaqlarımıza miraslarımızı ötürməyimiz lazımdır. Bizim ürəyimiz necə Azərbaycan üçün döyünürsə, gələcək nəsillərin də ürəyi Azərbaycan və Türkiyə üçün döyünməlidir. Ölkə başçılarımızın nümunəvi iş birlikləri bizi bu coğrafiyaya daha yaxınlaşdırdı. Gələcək əməkdaşlıqlarımız barəsində də təkliflərimizi irəli sürmüşük”, - deyə Türkiyənin İzmir vilayətinin Seferihisar bölgəsinin Təpəcik orta məktəbinin direktorunun köməkçisi, yazar Özgür Koray Yılmaz vurğulayıb.
Ədəbiyyat İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı və kitabdakı mətnlərin tərtibçisi, “Azərbaycan uşaq ədəbiyyatında məfkurə” adlı “Ön söz”ün müəllifi, Uşaq ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Elnarə Akimova da çıxışlarında nəşrin özəlliklərindən bəhs ediblər.
Şairlərdən filologiya elmləri doktoru, professor Rafiq Yusifoğlu, uşaq yazarları Sevinc Nuruqızı, Reyhan Yusifqızı və İbrahim Yusifoğlu çıxışlarında kitab haqqında fikirlərini səsləndirərək şeirlərini oxuyublar.
Sonda İzmir vilayətinin Seferihisar bölgəsində yerləşən Necat Hepkon Anadolu Liseyinin müəllimi, nəşrin üz qabığının rəssamı Tuba Yılmaz çıxış edib.