Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Vətənin qərib səsi və sözü - Elnarə Qaragözova

02-10-2024 [ 10:55 ] [ oxunub:230 ]
printerA+ | A-
104870

Ramin Məmmədovun yeni çapdan çıxan "Rusiyada Azərbaycan mühacirət mətbuatı" monoqrafiyası haqqında

Yazıçı, publisist, AYB və AJB üzvü Ramin Məmmədovun yeni çapdan çıxan "Rusiyada Azərbaycan mühacirət mətbuatı" monoqrafiyası bəhs edilən araşdırma arealında özünəməxsus yer tutmağa haqqı olan tədqiqatdır. Müəllif monoqrafiyada, ilk növbədə, ümummilli lider Heydər Əliyevin "Harada yaşayırlarsa, yaşasınlar, azərbaycanlılar bir-biri ilə bağlı olmalı, bir-biri ilə əlaqə saxlamalıdırlar" fikrinə istinad edir. Monoqrafiyada ulu öndərin önəm verdiyi, eləcə də cənab Prezident İlham Əliyev tərəfindən daim diqqətdə saxlanılan dünya azərbaycanlılarının həmrəyliyi kimi strateji bir məsələdə mətbuatın rolu və bu məsələyə qatqıları önə çəkilir. "Rusiyada Azərbaycan mühacirət mətbuatı" monoqrafiyasının "Azərbaycan milli mətbuatının tarixinə bir nəzər" bölməsi mətbuat tariximizin ümumi xronikası kimi diqqətəlayiqdir. Qeyd etməliyik ki, bu xronika quru, rəsmi sadalama kimi deyil, faktoloji məqamlara əsaslanan canlı publisistik üslubla təqdim edilir. Ramin Məmmədov monoqrafiyanın bu bölümündə Azərbaycan Xalq Cümhuriyyəti dövründə mətbuata xüsusi diqqət yetirir, "Jurnalistlər və Ədiblər İttifaqı" adlı qeyri-hökumət yaradıcılıq birliyi kimi maraqlı məqamlara toxunulur. Müəllif milli mətbuat tarixi ilə bağlı faktiki materialın tədqiqi zamanı tarixi təlatümlərə də diqqət yetirərək bir məqamı xüsusi qeyd edir: "Amma həqiqət naminə, qeyd etməliyik ki, bu və digər maneələr heç də mətbuatın inkişafını dayandıra bilməmişdir". Kitabda SSRİ-nin süqutu, milli azadlıq hərəkatı və Qarabağın işğalına qarşı mübarizə fonunda yaranan aşkar və gizli mətbuata xüsusi diqqət yetirilir, müstəqilliyin əldə edilməsinin senzuraya son qoyması, mətbuat azadlığı fonunda yaranan "mətbuat bumu" xüsusi qeyd edilir.

Monoqrafiyanın "Azərbaycan mühacirət mətbuatı tarixinə bir baxış" bölməsində Ramin Məmmədov mühacirət və diaspor anlayışlarına diqqət yetirir, tədqiqatın diaspor termini altında deyil, məhz mühacirət termini altında təqdiminə aydınlıq gətirir. "Mühacirət" terminindən istifadə müəllifə araşdırmanın zaman arealını genişləndirməyə imkan verir. Məhz bu termin sayəsində Rusiyada Azərbaycan mətbuatı tarixini 1948-1950-ci illərdə Moskvada fəaliyyət göstərən "Yurddaş", 1988-ci ildə yaradılan "Ocaq" cəmiyyətləri ilə başlamaq kimi elmi əsas formalaşır.

Tarixin gedişatı sayəsində Rusiya Azərbaycan mühacirətinin, diasporamızın əsas təmərküzləşmə mərkəzlərindən birinə çevrilib. Rusiyada yaşayan, fəaliyyət göstərən həmvətənlərimizin mədəniyyətini, dilini, adət-ənənələrini, sosial və siyasi məsələlərini işıqlandırmaq məqsədinin reallaşmasında buradakı mühacirət mətbuatının rolu danılmazdır. Monoqrafiyanın "Rusiyada Azərbaycan mühacirət mətbuatının təşəkkülü" bölməsində müəllifin ilk diqqət yetirdiyi nəşr 1920-ci ildən nəşr olunan "Dərbənd" qəzetidir. Müəllif öz seçimini əsaslandıraraq yazır: "Bu qəzet sovet ideologiyası çərçivəsində aktual yazıları ilə həmişə fərqlənmiş, günümüzə kimi yaşamaq və həyatını davam etdirmək hüququnu qazanmışdır. Bu gün də ölkələrimiz arasında dostluq əlaqələrini möhkəmləndirmək, müəyyən mənada azərbaycançılıq məfkurəsini təbliğ etmək uğrunda mübarizəsini davam etdirmək niyyətinə xidmət edir". Bu seçimdən də göründüyü kimi, Ramin Məmmədov öz tədqiqatında Rusiyada mövcud olan sırf milli Azərbaycan mətbuatına deyil, ümumiyyətlə Azərbaycanla bağlı xüsusi xidmətləri olan, xalqımızın tarixinə, azadlıq uğrunda mübarizəsinə, Qarabağla bağlı həqiqətlərin çatdırılmasına dəstək olan mətbu orqanlara da özəl yer verir. Müəllif məşhur "Oqonyok" jurnalının 1996-cı ildə işıq üzü görmüş, Azərbaycana həsr edilmiş və təqdimatında ümummilli lider Heydər Əliyevin iştirak etdiyi xüsusi buraxılışına isə bölmədə özəl yer vermiş, nəşrin əhəmiyyətini xüsusi qeyd etmişdir. Bu bölmədə "Odlar yurdu", "Azərbaycanın səsi", "Çrezvıçaynoe proisşestviye" (özəl əlavəsi: "Sooteçestvenniki" ), "Panorama Azerbaydjana", "Yurddaş" (özəl əlavəsi: "Baku tayms"), "Bütövlük", "Ulu körpü", qəzetləri, "İrs-Naslediye", "Diaspora", "Dünya Azərbaycanlıları", "Ölkəm", "Kulinar" jurnalları haqqında qısa, lakin ensiklopedik məlumat verilir, hər birinin fəaliyyətindəki əsas vətənpərvər məqamlar, xidmətlər diqqətə çatdırılır.

Kitabın "Rusiyada Azərbaycan mühacirət qəzet və jurnalları" bölməsi bu günə qədər Rusiyada yaranıb fəaliyyət göstərən bütün mətbu orqanlarımıza dair geniş ensiklopedik məlumat təqdim edir. Qeyd etməliyik ki, bu məlumat ilk dəfə bu cür tam şəkildə, xüsusi klassifikasiya edilərək, ixtisar edilmədən elmi-kütləvi şəkildə təqdim edilir. Tədqiqatın bu bölümündə adıçəkilən çoxsaylı mətbu orqanların hər birinə xüsusi diqqət yetirilir, bu mətbu orqanlarda Rusiyada yaşayan həmvətənlərimizin mədəni irsi, ədəbiyyatı, musiqisi və incəsənəti ilə yanaşı, qarşılaşdıqları çətinliklər, inteqrasiya prosesi, diskriminasiya və sosial ədalət məsələləri, eləcə də iqtisadi vəziyyət, iş imkanları, biznes təşəbbüsləri, uşaqların və gənclərin təhsil imkanları, təhsil sistemləri haqqında yazıların hansı səviyyədə yer alması, yayılma arealı və təsir gücü haqqında maraqlı faktlar, mülahizələr yer alır. Ramin Məmmədov öz tədqiqatında diasporanın aktivliyi məsələsinə, Azərbaycan həqiqətlərinin təbliği və bu kontekstdə mövcud olan çətinliklərə dair aktual məqamlara da toxunur.

Mətbuat böyük güc və ideoloji silahdır. Bu gücdən, silahdan düzgün və yerində istifadə etmək dövlətin, xalqın müqəddəratında, gələcək taleyində mühüm nəticələrə gətirib çıxarır. Ölkədən kənarda yaranan və inkişaf edən milli mətbuat isə həmvətənlərin öz mədəniyyətlərini qoruması, yad mühitdə özlərini ifadə etmələri üçün mühüm platforma rolunda çıxış edir. Ramin Məmmədovun "Rusiyada Azərbaycan mühacirət mətbuatı" monoqrafiyası vətəndən kənardakı vətəndaşların "səsi"nin gücünü, vətənə dəstəyini, eləcə də Azərbaycanın öz qərib övladlarına qayğısını təqdim edərək mətbuatın bu kontekstini yeni, fərqli və konseptual bir araşdırma ilə gündəmə gətirir.

SİZƏ MARAQLI OLA BİLƏR