Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Rəsul Rzanın uşaq şeirlərində "...o dalğın çocuq" - Elnarə Akimova

05-06-2024 [ 10:21 ] [ oxunub:76 ]
printerA+ | A-

Göydən düşən üç alma!

Yadıma salma!

R.Rza

 

Rəsul Rzanın şeirləri dön-dönə oxuduğum, ovunduğum, güc aldığım poeziya örnəkləridir mənim üçün. İnsanı bunca sevən, bunca dərdlərinə şərik olan, bu qədər dərindən tanıyan az şair tanıyıram. "Mənə bir sərgi salonu verin! Orda bir insan şəkli asacağam - adi bir insan", - misrasındakı fikir yükü Rəsul Rzanın bütün yaradıcılıq amalının adıdır. "Rəsul Rza moderni, yaxud şəklin müəllifi - Zaman" məqaləmdə şairin yaradıcı qələminin özəlliklərinə müəyyən vurğular etdiyimdən, bu barədə geniş danışmaq istəmirəm. Həm də söhbətimin predmeti başqa ikən. Bəli, onun bütün poeziyasının adı İnsandır! Bu barədə çox yazıblar, yazacaqlar da. Şairin oğlu, xalq yazıçısı Anar demiş, "İstər məzmun zənginliyi, mövzuların üfüq genişliyi, istər forma, vəzn, ritm, intonasiya, obrazlar sistemi, deyim tərzi, söz təzəliyi, ifadə orijinallığı, qafiyələrin, təşbehlərin bənzərsizliyi baxımından Rəsul Rza yaradıcılığının unikallığını ədəbi vicdanı olan heç kəs inkar edə bilməz".

Rəsul Rza həm də uşaq ədəbiyyatının maraqlı isimlərindən biridir. Onun uşaq ədəbiyyatı nümunələrini bir neçə istiqamətdə araşdırmaya cəlb etmək olar: uşaqlar üçün yazdığı şeirlər, qəhrəmanı uşaq olan mətnlər və bir də şairin özünün uşaqlıq çağı, körpəlik, analı günləri ilə bağlı şeirləri.

Rəsul Rzanın uşaqlara həsr etdiyi "İlkin məktəbə gedir", "Balacaların təbiət ensiklopediyası", "Cücülər", "Təranənin oyuncaqları" kitablarında deyil, əksər şeirlərinda balaca mələyin qanadları çırpınır, balaca ürəyin hərarəti hiss olunur. Bu yaxınlarda, İctimai Radionun "Can, Azərbaycan" verilişində uşaq ədəbiyyatı barədə danışarkən jurnalist Pərvanə Nadirqızının "necə olub ki, sovet dövründə yaşayıb yaradan sənətkarlarımız uşaq ədəbiyyatına xüsusi diqqət ayırıblar" sualını cavablandırarkən elə bu məqamın üzərində ayrıca dayandıq. Doğrudan da, necə olub ki, bunca işin gücün işində bir çox şair və yazıçılarımız uşaqlarımız üçün də yazmağı təməl borc sayıblar özlərinə?! Cavab əlbəttə ki, birmənalıdır. Çünki gələcəyimiz üçün narahat olublar, uşaqların mənəvi baxımdan daha kamil böyümələri üçün can yanğısı olub içlərində. Çünki dillə bağlı, yaddaşın itkisi ilə bağlı narahatlıqları olub. Bir də sevgiləri olub onlara. Necə ki, Füzuli "Leyli və Məcnun"la bərabər "Meyvələrin söhbəti"ni də yazmağı vacib bilib. "İblis" kimi faciə yazan Hüseyn Cavidin qələmindən "Qız məktəbində" adlanan zərif şeir nümunəsi də çıxıb. Hələ Səməd Vurğun müharibənin ən ağır dönəmində "Balalarımız üçün gözəl əsərlər yaradaq" adlı manifest xarakterli məqalə ilə çıxış etməyi özünə borc bilib. Bu həm də milli təəssübkeşliyə bağlı məsələdir. Gələcək nəslin sağlam yetişməsinə çalışmaq istəyindən irəli gələn məsuliyyətdir.

Mənə elə gəlir ki, Rəsul Rzanın poetik fikrinə məxsus yeni məzmun çalarlarından, intonasiya və obrazlar sistemindən, ifadə tərzindən bizim bütünlükdə uşaq ədəbiyyatımız da faydalandı. Rəsul Rza uşaq poeziyasına da dərin poetik mündəricə gətirdi: həyatın hələ kəşf olunmamış tərəflərinə poetik məzmun verdi, hər hansı fikri kiçik yaşlı oxucunun qavrama, dərk etmə imkanlarına müvafiq obrazlarla, lirik-üslubi vahidlərlə ifadə etməyə özül yaratmaqla bərabər, həm də onun duyum və düşüncə tərzinin hüdudlarını, təsəvvür sınırlarını genişləndirməyə yelkən aça bildi.

 

Mən açılan səhərə

Bənzədirəm körpəliyi.

Qaranlıqdan başlayan yolu var.

Səhər kimi yavaş-yavaş açılar.

O da min rənglə boyalıdır.

O da bir həqiqət ikən -

xəyalidir.

 

Rəsul Rzanın uşaq şeirləri ilk növbədə, onların bədii quruluşuna, poetik strukturuna gətirilən yeniləşmə ilə səciyyələnir. Folklor ənənələrinin şairin şeirlərinin poetik strukturundakı iştirakı, folklorun estetik sistemindən duyum və düşüncə tərzi baxımından istifadə halları əsas yeniliklərdən biri kimi diqqəti cəlb edir. Rəsul Rzanın yazdığı dövrdə də, ondan əvvəl və sonra da aktual, zəruri mövzularda şeirlər hər zaman yazılıb: övlad sevgisi, vətən, yurd yerlərinin tərənnümü, təbiət təsviri, heyvanlara qayğı və s. Rəsul Rza bu mövzuların hər birini müasir bədii səviyyədə ifadəsinə nail oldu. Dərin hiss və səmimiyyət, təbii və anlaqlı dil, hər hansı mətləbin ifadəsində nail olduğu əyanilik və konkretlik kimi məziyyətlərlə.

 

Şanapipik, şanapipik!

Ala-bəzək, qara kirpik.

Üstü-başı zolaq-zolaq,

Balacaboy, nazik ayaq.

Daraq kimi pipiyi var.

Gah cüt olur, gah tək olur,

Onu gendən görmək olur.

 

Ədəbiyyatşünas Şirindil Alışanlı ötən əsrin 80-ci illərində yazdığı məqaləsində şairin "Təbiətin ensiklopediyası" seriyasından çap olunmuş şeirlərindəki mühüm cəhətləri önə çəkərək bildirirdi ki, "onlardakı bədii təsvir vasitələrinin əlvanlığı, obrazın, ifadənin işləndiyi məqamın konkret məqsədlə bağlılığı bədii obyektin müxtəlif poetik cizgilərlə ifadəsinə imkan yaradır":

 

Haçaquyruq qaranquş

Eyvanda yuva qurmuş.

Sinəsi bütün ağdır,

Yayda bizə qonaqdır.

Qışda çıxır səfərə

Uzaq, isti yerlərə.

Çör-çöpdən yuva qurur,

Üstündən suvaq vurur.

 

Bu gün uşaq ədəbiyyatında laylalar az yazılır, ümumiyyətlə, demək olar ki, uşaq poeziyasının bu janrı sıradan çıxmaq üzrədir. Axı bir janra uzun müddət müraciət etməyəndə, onun yeni nümunələri yaranmayanda o janr yaşarılıq gücünü itirir. Rəsul Rza layla yazmağı da unutmurdu. Onun "Beşik nəğməsi" şeiri bu mənada, maraqlı nümunədir. Şair folklorun obrazlar sistemindən yararlanaraq kiçik yaşlı oxucuya mənsub olduğu xalqın ruhunu aşılayır, düşüncəsini ötürməyə çalışır:

 

Sən ömrümün gülüsən,

Bağçamın sünbülüsən,

Gül dodağın güləndə,

Neyləyirsən gülü, sən?

Layla gülüm, a layla!

Şirin dilim, a layla.

 

Rəsul Rza uşaq ədəbiyyatına düşündürmək kimi hissi gətirirdi. Ona qədər uşaq ədəbiyyatında bunu edən olmuşdumu? Nəsrdə bunu ancaq Süleyman Sani Axundov eləmişdi. Amma poeziya məkanında sistemli şəkildə heç kimdə təsadüf edilmir. Həm də Rəsul Rzanın bu həssaslığı ilk qələm təcrübələrini yazdığı vaxtdan özünü büruzə verir. Sovet dövründə poeziyanın insana dönüşünün izlərini görmək üçün Rəsul Rzanın bu iki şeiri bəs edər: "Sarı dana və balaca qız" və "Çörək satan qızlar". 1960-cı illərin lap əvvəllərində, sərt direktivlərin, partiya, qayda-qanun rəsmiliyinin tüğyan elədiyi bir vaxtda uşaq faciəsinin ağrılarını, uşaq dərdlərini, problemlərini görüb şeirə gətirmək o zamanın reallığı içində az cəsarət tələb eləmirdi. "Sarı dana və balaca qız" şeirində illik plan qorxusu ilə insanların lazımsız varlığa dönməsi, kəndin xəstələnən sarı danasına başı qarışıb evdəki qızını unudan sağıcı Gülxara və bu laqeydliyin körpənin ölümü ilə nəticələnməsi təsvir edilirdi: "Quyruğunu qoyub belinə /qaçır, tullanır /sarı dana indi, /Ancaq soruşan yoxdur, /yaşıl otlar içindəki/o balaca qəbir kimindir!". Yaxud təhsil almaq əvəzinə küçədə çörək satan qızlarla şairin qarşılaşması və bu görüşün onda yaratdığı dərin kədər və zamana ironiya poetik fikrin təcəssümünə çevrilirdi:

 

Qulağımda bu səsdir,

gözlərimdə

qıvrımsaç qızın gözlərindəki

şeytan gülüş və kədər.

Bir də neçə məktəbdə,

neçə-neçə sinifdə boş yerlər.

Bəzi adamlar buna

"tərbiyə işimizdə

çatışmazlıq, nöqsan".

Bəziləri "keçmişin qalıqları" deyirlər.

Düşünürəm: qalıqlar!

Bu acı xırdalıqlar,

nə qədər qalacaqdır.

Qalıqların yuvası dağıldığı

haçaqdır!

 

1961-ci ildə yazdığı "Uşaq təxəyyülünü zənginləşdirən lövhələr" məqaləsində Rəsul Rzanın uşaq mətnlərinə diqqət ayıran ədəbiyyatşünas alim İmamverdi Əbilov doğru qeyd edirdi ki, "uşaqları sərbəst düşünməyə sövq edən şair, onlara müstəqil mühakimə yürütmək vərdişi aşılayır". Amma buna əsas verən amil şairin nəsihət yolu ilə getməməsi, yaxud təsvir və göstərmək üsuluna üstünlük verməsi deyildi. Əsas səbəb Rəsul Rzanın ruha toxunuş bacarığı idi. Onun üçün mətnlərindəki personajın duyğusu, hissləri önəmli idi. İnsan, quş, heyvan, əşya - fərqi yoxdur, əsas məsələ, uşaqları onların hər birinin ruhu olduğuna, ağrıya biləcəklərinə inandırmaq idi. Şairin çox sevdiyim "Ana qaz" şeirinə diqqət edək:

 

Qazın yeddi balası vardı,

Qonaq gəldi,

ev yiyəsi birini kəsdi,

Dedi: - Altısı qalır, bəsdi!

 

Gecə bala qaz,

boynunda qan-qırmızı lenta,

girdi ana qazın yuxusuna.

 

Dəli bir külək əsdi,

bir bala düşdü su quyusuna.

Beşi qaldı.

 

Səhər iksini

Qonşu satın aldı.

Qonşunun arvadı dedi:

- İti bıçaq götür, a kişi,

yazığı incitmə, çığırtma.

Ocağı gur qaladı.

Günortaya hazır oldu çığırtma.

 

Ev sahibi bala qazın

birini də kəsdi.

Dedi: - İkisi qalır, bəsdir.

İkidən birini tülkü apardı,

Qaldı biri

Onu da it boğdu diri-diri...

 

Günlər keçdi.

Hava dəyişdi.

Qaz yenə yumurtladı.

Bir, iki, beş.

 

Ev sahibi gözlədi

Ana qaz kürt düşsün, deyə.

Qaz bir gün sındırdı yumurtaları,

İçdi ağını da, sarısını da,

Yandırdı-yaxdı

ev sahibini də, qarısını da.

 

Dedilər: - Mərdimazar, yaramaz!

Nankor qaz, nanəcib qaz!

Yaxşı ki, adam dili bilmirdi qaz,

Yoxsa ki, soruşardı:

Niyə nankor,

Yaramaz?

 

Balaları yox olandan bəri,

gecələr tez-tez

qaz yuxudan ayılırdı,

baxırdı o yan-bu yana

Bəlkə balasından biri qalıb,

Kim bilir, bəlkə

adam dili bilsəydi,

ömrü boyu

ağı deyərdi:

"Cücələr, ay cücələr,

Cücələr, ay cücələr!.."

 

 Heyvanlar, quşlar aləmi, təbiət hadisələri - Rəsul Rzanın yaratdığı bədii lövhələrdəki cazibədarlıq ilk növbədə, mövzu oxşarlığına meyil etmədiyinə görə idi, dərin müşahidə qabiliyyətinə, həssaslığa, duymaq bacarığına görə idi. Əlbəttə Rəsul Rza hansısa şeirləri ilə uşaqlara yüksək estetik zövq aşılamağın qayğısına qalırdı, amma hansısa şeirləri vasitəsilə onları həyat adlı məktəbə hazırlayırdı. Məsələn, vətənlə bağlı şeirlərin ən gözəl örnəkləri bizim poeziyada Rəsul Rzaya məxsusdur. Vətən sevgisi, çinar ağacı timsalında kökə, torpağa bağlılıq kimi keyfiyyətlər Rəsul Rza poeziyasında ən ön sıralarda qərar tutur. Ritorik, şablon deyim və mülahizələrdən uzaq olan bu şeirlərdə predmetə aydın münasibət, sözə aşılanan emosional tutum hakimdir. "Vətən adlı bir torpağın/borcu hər an boynumdadır./Qeyrətini çəkmişəm də,/çəkirəm də./Torpağını əkmişəm də,/əkirəm də", - deyərək uşaqlarda milli zövq və mənlik tərbiyə etməyə çalışan şairin deyim və ifadə tərzindəki təbiilik, rəvanlıq, söz oynatmaq, dilin incəliklərinə enmək meyli əsas üslub göstəricisinə çevrilirdi. Azərbaycanın əksər rayonlarının tərənnümü, yaralı Təbriz nisgili, bütöv vətən amalı Rəsul Rza yaradcılığının ayrılmaz hissəsidir. Fəqət Rəsul Rzanın uşaqlar üçün yazdığı şeirlərin müstəsnalığı onlardakı düşüncə dərinliyidir. Şairin övladlarına - oğlu Anara, qızları Təranə və Fidana, nəvələrinə həsr etdiyi onlarla şeiri var. Bu şeirlərin hər birində şairi mübariz, həyat dolu görürük, müəllif bütün çətinlikləri adlamaqda onlara mənəvi güc təlqin edir.

 

Ümidsiz olma, bala!

Hər cəfaya, inciyə,

hər çətinliyə dəyər,

ömrü bir insan kimi

doğru yaşasan əgər.

 

Onun əksər şeirləri uşaqlara tövsiyyə xarakterlidir. Rəsul Rza üçün müqəddəs sayılan duyğular vardı ki, şairin uşaq ədəbiyyatı nümunələrində də bu duyğular həzin bir qələmlə poetikləşirdi. Məsələn, "Anamın kitabı" şeiri uşaqlara ötürülən yaddaşa sadiqlik, kökə bağlılıq kimi hissin yaşadılması baxımından diqqəti cəlb edir. Müəllif hər gün evlərindəki bir kitabı açıb ona diqqət yetirən anasına kitabın necəliyi haqqında sual verəndə belə cavab alır:

 

- Mənə yadigardır bu kitab

anamdan.

Ona da anasından qalıb yadigar.

Bir gün,

əbədi ayrılanda biz,

ağlama!

Mənə yas saxlama!

Ancaq, bir zaman

onu gözdən salsan

o gündən yaz mənim

ölüm günümü

O gün mənə yas tut!

Və unut.

Yaşa, dilində,

qulaqlarında sükut...

 

Rəsul Rzanın yaradıcılığı digər baxımdan da uğurlu nümunələrlə zəngindir. Şair "Uşaq oyunları" adı altında uşaq şeirinin janrları çərçivəsində şeirlər yazmışdır. Amma bu, öyrəşdiyimiz uşaq oyunlarından fərqlidir. Rəsul Rza zərif, poetik dillə lirik janrın poetik ünsürlərindən orijinal şəkildə istifadə edir. Bu şeirlər şairin qəlbinin harayı kimi səslənir, bu və ya digər məsələlərlə bağlı problemləri mövcud epoxanın irəli sürdüyü ictimai-siyasi, mənəvi-əxlaqi və vətəndaşlıq mövqeyindən ifadə edir, onlar müəllif narahatlığının, gərginlik və təlaşının göstəricisi kimi mənalanırlar. "Kimin əli" şeirində yalana etiraz, "Balbalacan"da keçmişin, analı günlərin xiffəti, "Qa...qa..." şairində uşaqlıqda keçən bayramların nisgili, geri dönməyən ömür yolunun kədəri, "Lay-laylar" şeirində ucuz tərif laylasından qorunma istəyi və s., və i... Həyati müşahidələr gerçəkliyin poetik səciyyəli hadisə və detalları üzərinə yönəldiyi üçün məzmun obrazlı tutum qazanır.

 

Balbalacan, batır keçi!

Qoz ağacı, qotur keçi...

Yadıma salma, salma!

Balbalacan...

Göydən düşən üç alma!

Yadıma salma!

Bilirsənmi orda

Nələrim qalıb, nələrim?

Nə ünüm yetir,

Nə çatır əllərim.

 

Bir də "Anamın laylası" şeiri var Rəsul Rzanın. Şair dilimizə bəslənən yad münasibətə, laylaların belə yad, anlaşılmaz dillə oxunmasına etiraz kimi qələmə alıb bu şeiri. Bütün yaradıcılığı dil amilinin, dilin təmizliyi və səlisliyinin qayğısı üzərində qərar tutan Rəsul Rza poeziyasını ifadə etmək üçün bu şeir gözəl örnəkdir. Şeirin daxili komponentləri arasındakı təbii-assosiativ uyarlıq, bədii-məntiqi keçidlər onun daxili sistemini hasilə gətirən əsas məziyyət sayılmalıdır:

 

Mənə qorxulu bir şey xəbər verirdi

Onun qəm dolu gözləri.

Elə bil soruşurdu:

Oğul!

Hanı mənim laylam, hanı?

Səsim gəldikcə qışqırdım:

Ana! Ana!

Yox, yox!

Unutmamışam sənin laylanı.

Hələ də çırıpınır qəlbim,

neçə vaxtdır mən yuxudan ayılanı.

Düşünürəm bu nə həyəcan,

bu nə qorxudur?

Bu ki, yuxudur.

Öz-özümə deyirəm:

anamın laylası olmasa,

təəssüf etməzdim, yatıb

bir də yuxudan ayılası olmasam.

 

Və nəhayət, Rəsul Rzanın üçüncü qism şeirləri. Mübariz, əzmli şair ruhunun kövrək, həzinliklə əvəzləndiyi mühüm məqam. Ömrün cavanlıq, ahıllıq, müdriklik çağından körpəliyə, uşaqlıq çağına, analı günlərə boylanışda titrəyən ürəyin nisgili, "o dalğın çocuq"...

 

Bir zaman,

su altında kim çox qalar deyə

yoxlayırdım qəlbimi;

ağır-ağır əllini,

yeyin-yeyin yüzü sayınca.

İndi,

Nazik büllur vaz kimi

qorxa-qorxa gəzdirirəm onu.

Sakit ola bilmirəm

o, sakit olmayınca.

Səsim çatmır, ünüm yetmir deyəm:

Ana! Ana!

Bir cırtdan nağılı danışsana!

 

Uşaqlıq Rəsul Rza üçün sanki başqa bir dünyanın adıdır. Bu dünyada ömür nəğmə kimi oxunur, anası ilə bağlı təsəvvürləri əziz xatirə kimi qorunur. Uşaqlıq yaddaşının onun içinə yansıtdığı həyat nəşəsi, bəxtiyarlıq duyğusu şairə yaşadığı dövrü belə unutmağa, uzaqlaşmağa vadar edir:

 

İstəyirəm qaça-qaça

Qayıdam uşaqlıq günlərinə.

Bir-bir atam yollara

şöhrəti, adı, imtiyazı -

nəyim var;

kitab, dövlət, yazı.

Dənizə həsrət,

bürküdən təng adam

paltarlarını soyunub

dalğaların qoynuna atılan kimi,

atılam çılın-çılpaq,

uzaq günlərin axınına.

 

Amma bütün hallarda şeir, söz, sənət xilasdır axı... Rəsul Rza da özünü bu ali istedadın verdiyi feyzlə ovudurdu. "Qanadlar" şeirində şair ən böyük qorxusunun uşaqlıqdan ayrılmaq olduğunu bildirsə də ("Ayrılarkən körpəlik sahilindən/ həyatımın yelkəni, /Acı həsrət qarışıqlı /sirli qorxu bürüdü məni"), yazdıqlarının onu əbədiyyətə daşıyacağının fərqində idi:

 

Qanadsız qanadlandığım

günlərdə

Nə gördümsə

söylədim qələmə,

O da yazdı kəlmə-kəlmə.

Açın səhifələri!

Onlar ömrümün varaqlarıdır.

 

"Uşaq ədəbiyyatında Rəsul Rza imzası..." Əlbəttə, bu, geniş tədqiqata rəvac verən mövzudur. Yəqin ki, şöbəmizin gələcək tədqiqat işlərində bu mövzunu xüsusi araşdırma predmetinə çevirəcəyik. Çünki amalı uşaqları sevmək, onları yad təsirlərdən, yad nəfəslərdən və ölümdən (!) qorumaq olan bir şairin yaradıcılığı onsuz da ölməzlik adlı ucalıqla mükafatlandırılıb.

 

Mən istəyirəm:

buludlar ağlasın

uşaqlar ağlamasın;

analı ya anasız.

Mən istəyirəm:

güllər açılsın,

güllələr açılmasın,

amanlı ya amansız.

SİZƏ MARAQLI OLA BİLƏR