Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Xalqımızın böyük ədəbi abidəsi (“Kitabi Dədə Qorqud” eposu: Heydər Əliyevdən İlham Əliyevə”)- Əlizadə Əsgərli

17-04-2024 [ 15:15 ] [ oxunub:177 ]
printerA+ | A-

      AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin “Kitabi Dədə Qorqud” eposu: Heydər Əliyevdən İlham Əliyevə” adlı kitabı çap olunub (Bakı, “Elm”,2023, 124 s.).Nəşrin məsul redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent İsmixan Osmanlıdır.

      Kitabda xalqımızın böyük ədəbi abidəsi olan “Kitabi -Dədə Qorqud” eposunun sovet dövründəki qadağasından danışılıb. Müstəqillik dövründə görkəmli dövlət xadimi Heydər Əliyevin dastanı dünyaya  və Azərbaycan xalqına yenidən tanıtmaq təşəbbüslərindən bəhs edilib. Ulu öndərin dastanın tədqiqi və nəşrində yeni tarixi mərhələnin başlanması sahəsində xidmətlərindən söz aşılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dastan qəhrəmanları adlarının əbədiləşdirilməsi, kitabın türk aləmində, dünya miqyasinda  təbliği istiqamətində həyata keçirdiyi çoxcəhətli fəaliyyətindən bəhs olunub.

      Kitabın əvvəlində Ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin dastan haqqında tarixi fikirləri verilib,  epos milli sərvət, ana kitabı, yazılı abidə kimi qiymətləndirilib və “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli sərəncamı verilib.

     Akademik İsa Həbibbəyli “Kitabi -Dədə Qorqud” eposu haqqında söz” adlı giriş sözündə H.Əliyevin 100 illiyini, Vətən müharibəsindəki Böyük Zəfəri, Xankəndidə keçirilmiş möhtəşəm paradı xatırladıb, kitabı “Heydər Əliyev İli”nə qiymətli elmi hesabat kimi dəyərləndirib. Bildirib ki, “Kitabi -Dədə Qorqud”– eposla yazı faktının vəhdəti kimi qiymətlidir. “Kitabi -Dədə Qorqud” eposu müasir Azərbaycan dövlətinin sələfi Qalın Oğuz Elinin möhtəşəm epopeyasıdır”. Bu mənada dastan eyni zamanda ortaq tarixi köklərə malik olan türk dövlətləri inteqrasiyasının genişləndirilməsi, habelə, möhkəmləndirilməsi  məramında ideoloji-tarixi əhəmiyyətə malikdir. H.Əliyev bildirib: “Kitabi-Dədə Qorqud” bizim Ana kitabımızdır. Dədə Qorqud bizim ulu babamızdır, əcdadımızdır. Biz fəxr edirik ki, “Kitabi-Dədə Qorqud” kimi tarixi abidəmiz vardır... “Kitabi-Dədə Qorqud” bütün türk dünyasına məxsusdur. Onun Vətəni Azərbaycandır, sahibi Azərbaycan xalqıdır, müstəqil Azərbaycan dövlətidir”.Türkiyə Cümhuriyyətinin Prezidenti Süleyman Dəmirəl bildirib ki, “Kitabi-Dədə Qorqud” ortaq coğrafiyamizın, böyük millətimizin gerçək hekayəsi, türk dünyasının şəxsiyyət vəsiqəsidir”. Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev hesab edib ki, kitab “Qorqud dünyası, Qorqudun dünya qavrayışı Böyük İpək Yolunun ensiklopediyasıdır”, Qırğızıstan Respublikasının Prezidenti Əskər Akayev qiymətləndirib ki, “Kitabi-Dədə Qorqud” “ümumtürk mədəniyyəti çələngində ən parlaq incidir”, Özbəkistan Ali Məclisinin sədri Erkin Xəlilov dəyərləndirib ki, dastan “yüzilliklər ərzində güclü və tükənməz mənəviyyat, əxlaqi tərbiyə və nəsildən-nəslə qayğı ilə ötürülən özünəməxsus ənənələr mənbəyidir”. YUNESKO-nun Baş Direktoru Koisiro Matsuura isə göstərib ki, “boylarda təsvir olunmuş insan yaşantıları bütün dünyada bu qəbildən olan mədəni abidələrin dünya mədəniyyətinə verdiyi töhfələrin bir hissəsidir”.

      Akademik Ön sözündə kitabın yeri və əhəmiyyəti, onun aşkar edilməsi, türk dünyasında ilk nəşri, Türkiyə və Azərbaycanda tədqiqi və təbliği, bolşevizm dövründə qadağası, tədqiqatçılarının tutulması və təqibləri, Sovet dövlətinin rəhbəri İ. Stalinin vəfatından sonra kitabın bəraət alması, görkəmli dövlət xadimi Heydər Əliyev dövründə onun 1977, 1978, 1995, 1999, 2000-ci il nəşrləri, tədqiqi və təbliği işləri, Heydər Əliyev– İlham  Əliyev epoxasında qorqudşünaslıq sahəsində görülən tədbirlər, dastanın 1300 illiyi ilə bağlı H.Əliyevin 20 aprel 1997-ci il tarixli Fərmanı, onun rəhbərliyi ilə 9 aprel 2000-ci ildə Türk Dövlətləri Başçılarının Bakıda keçirilmiş VI Zirvə görüşü, İ.Əliyevin rəhbərliyi ilə Qədə Qorqud parkının salınması, “Kitabi-Dədə Qorqud” abidəsinin ucaldılması, dastanın elm aləminə təqdiminin 200 illiyi və digər  məsələlərdən söz açıb.

      Müəllif nəşrin“Kitabi-Dədə Qorqud”un Heydər Əliyevə qədərki əzablı yolunun xronikası” adlı bölməsində eposun 1923-1939, 1950-1951 və 1957-ci il mərhələlərini göstərib. Qeyd edib ki, dastanla ilk tanışlıq 1923-cü ildə Mirabbas Mirbağırlının “Əski türk ədəbiyyatı nümunələrindən Dədə Qorqud” adlı məqaləsi ilə başlanıb, sonra Əmin Abid, Həmid Araslı, Məmmədhüseyn Təhmasib, Bəkir Çobanzadə və başqaları məqalə yazıb, kitab halında ilk nəşri isə1939-cu ildə akademik Həmid Araslı tərəfindən yerinə yetirilib.

      1936-cı ildə Bəkir Çobanzadə Sankt-Peterburq Şərqşünaslıq İnstitutunun Əlyazmalar Fondundan dastanın üçüncü əlyazmasını üzə çıxarıb. Bu barədə SSRİ Elmlər Akademiyası Azərbaycan Filialının Dil və Ədəbiyyat İnstitutunda məlumat verib və “Бakинсkи рaбoчий” qəzetinin 4 avqust 1936-cı il tarixli nömrəsində “Qiymətli tapıntı” adlı yazısı da dərc edilib.

      İ. Həbibbəyli kitabın taleyində ikinci mərhələni  çətin və mürəkkəb dövr hesab edib. Çünki 1948-1951-ci illərdə onun nəşrinə və tədqiqinə dövlət səviyyəində qadağa qoyulub. 26 fevral – 6 mart 1926-cı il tarixlərdə akademik V. V. Radlov və İ. Qaspıralının şərəfinə Bakıda I Türkoloji Qurultay çağırılıb. Qurultay türk xalqlarının tarixi, dili, əlifbası, orfoqrafiyası, folkloru, etnoqrafiyası, ədəbiyyatı məsələlərinə həsr edilib.1937-ci ildə elə bu səbəbdən tanınmış türkoloqlara qanlı divan tutulub. “Kitabi-Dədə Qorqud”a barışmaz münasibət 1940-cı illərdən başlanıb. İlk hücum əlamətləri 1948-ci ildə,  Azərbaycan K(b)P MK-nın “Azərbaycan sovet ədəbiyyatının vəziyyəti və onu yaxşılaşdırmaq tədbirləri haqqında “ qərarı ilə olub. 1948-1960-cı illərdə  eposla bağlı cüzi məqalələr dərc edilib.

     V. V. Bartoldun 1950-ci ildə rus dilində çapa hazırladığı kitab Bakıda Həmid Araslı və Məmmədhüseyn Təhmasib tərəfindən nəşr olunub. Kitaba hücumlar da bu vaxtdan başlanıb. Dastandakı hadisələr barəsində İ.Stalinə məlumat verilib. Xəbər Kremlə A.Mikoyan tərəfindən ötürülüb. Beriya kitabı oxuyub, orada gürcülərə toxunan yerlər  olduğunu görüb. Bağırova məlumat çatdırılıb. İ. Həbibbəyli yazıb: “Kitabi-Dədə Qorqud” abidəsinin bəzi boylarında gürcülərlə azərbaycanlılar sarasında müəyyən münaqişələr öz əksini tapdığı halda, Xalq yazıçısı Anarın yazdığı kimi, eposda “erməni” və “hay” sözlərinə rast gəlmirik. Ona görə də “Dədə Qorqud” eposunda ermənilərdən söz açılmaması, yəni məntiqi mənada onların bu torpaqlara çox sonralar köçüb gəldiklərinin yada salınması Anastas Mikoyanın qəzəbinə səbəb olub”.

     Mircəfər Bağırov xüsusi göstəriş alıb, bu səbəbdən kitabın əleyhinə Azərbaycan yazıçılarının ümumi yığıncağı çağırılıb. Kitab pantürkist, mürtəce burjua millətçilik eposu adlandırılıb, Azərbaycan xalqı, folkloru ilə əlaqəsi olmayan  əsər kimi qiymətləndirilib. 1951-ci ilin may ayında M. İbrahimovun sədrliyi ilə yığıncaq çağırılıb və eposun xalqımıza məxsus olduğu inkar edilib. Ə. Dəmirçizadə, habelə, başqa ziyalılar tənqid olunub. Yalnız akademik Həmid Araslı öz mövqeyində qalıb, ona qarşı irəli sürülən tənqidlə razılaşmayıb. M. Bağırov yığıncaqdan razı qalsa da, akademiya rəhbərliyini, insititut alimlərini tənqid edib.

     1951-ci ildə “Прaвдa”da (7 iyul 1951), ”Литерaтурнaя гaзeтa”da (7 iyul 1951) qərəzli məqalələrin dərc edilməsi təşkil edilib (H. Həsənovun ”İdeoloji işin mühüm vəzifəsi”, habelə, C. Xəndanla M. Quluzadənin “Xalqa zidd bir kitab haqqında” yazıları).

     Türkmənistanda da onların “Qorqud Ata” eposuna hücumlar edilib. Türkmənistan K(b)P MK-nın katibi qismində O. Şixmuradov eposun türkmən xalqına yad olduğunu yazıb, haqqında məqaləsi ölkənin rusdilli mətbuatında, habelə,”Literaturnaya qazeta”da dərc olunub.1950-ci ildəki nəşrinə görə Məti Kosayev və nəşrin elmi redaktoru Orazməmməd Abdulov 25 il müddətinə həbs cəzası alıb. Tədqiqatçısı Aman Kəkilov və Rəhman Rəcəbov da  pantürkist adı ilə damğalanıblar.

        İ.Stalinin ölümündən sonra, 21 iyun 1956-cı ildə ”Literaturnaya qazeta”da P.Nikitiç, A.Tokombayev, K.Yudaxin ”Unudulmaz sərvət” adlı məqaləsini dərc etdiriblər. 1957-ci ildə Həmid Araslı, Əbdüləzəl Dəmirçizadə, Məmməd Arif və Məmmədhüseyn  Təhmasibin “Kitabi-Dədə Qorqud” barədə” məqaləsi dərc olunub. Bu məqalə “Kommunist” qəzetində də  dərc etdirilib.

     16 aprel 1957-ci ildə akademiyanın böyük akt zalında ali və orta məktəb müəllimləri, elmi işçilər, aspirantlar və tələbələrin iştirakı ilə müşavirə keçirilib. H.Araslı “Kitabi-Dədə Qorqud” Azərbaycan eposudur”, Ə. Dəmirçizadə “Kitabi-Dədə Qorqud” Azərbaycan dilinin abidəsi kimi”, M.Təhmasib “Kitabi-Dədə Qorqud” boyları Azərbaycan dastanlarının qədim nümunələridir” mövzusunda məruzə ediblər, bundan sonra dastanın nəşri və tədqiqi başlanılıb. Ulu öndər Heydər Əliyevin müstəqillik illərində qəbul etdiyi qərarlar, həyata keçirdiyi tədbirlər nəticəsində eposun tədqiqatçıları və naşirləri qarşısında geniş üfiqlər açılıb.

       İ. Həbibbəyli kitabın “Kitabi-Dədə Qorqud” eposu Heydər Əliyev epoxasında” adlı bölməsinə geniş yer verib. Dövlət rəhbərinin gördüyü tarixi işlərə xronoloji diqqət yetirib. Ulu öndər 1975-ci ildə eposun motivləri əsasında “Kitabi-Dədə Qorqud” filminin çəkilməşinə nail olub. O, “Dədə Qorqud” adlı ikiseriyalı filmin Azərbaycanda çəkilişinə Kremlin razılığını alıb və maliyyə məsələlərini həll edib. Film respublika və dünya kino ekranlarında göstərilib. ”Azərbycankinofilm” studiyası bu işi həyata keçirib. Filmin təşəbbüskarı və ssenari müəllifi Anar Rzayev, quruluşçu rejissoru Tofiq Tağızadə, quruluşçu operatoru Rasim İsmayılov, musiqi bəstəkarı Emin Sabitoğlu olub. Film Moskvada da göstərilib. “Kitabi-Dədə Qorqud” milli-mənəvi özünüdərk və vətənpərvərlik tərbiyəsinin əyani təcəssümünə çevrilib. Ata-analarımız övladlarına Qorqud, Beyrək, Selcan, Domrul, Qanturalı, Dilək, Bəkil adlarını verib...

      Kitabın 1957-ci il bəraətindən sonra ilk nəşri 1962-ci ildə həyata keçirilib. H. Əliyev eposun yenidən və illüstrasiyalı nəşrini irəli sürüb və təmin edib. Beləliklə, dastan 1977 və 1978-ci illərdə H. Araslının tərtibi və müqəddiməsi ilə Azərnəşr tərəfindən illüstrasiyalı çapdan buraxılıb. Bu nəşrlər ilk illüstrasiyalı kitablar olub. Xalq rəssamı Mikayıl Abdullayev, habelə, Azərbaycan təsviri sənət ustaları eposun süjetləri, Dədə Qorqud motivləri əsasında xeyli rəsm əsərləri yaradıb.

      1970-ci illərdə ölkəmizdə “Kitabi-Dədə Qorqud”un tanıdılması, təbliği və tədqiqi işlərinə diqqət artırılıb, dastanın elmi-tənqidi mətninin hazırlanması və müzakirəsinə zəmin yaradılıb.

      H. Əliyev 1988-ci ilin iyulunda Bakıda türkoloqların Birinci Sovet–Türkiyə kollekviumunu təşkil edib. Kollekviumun əsas müzakirə mövzusu “Kitabi-Dədə Qorqud”  dastanları olub. Tədbirdə Türkiyə və Sovetlər Birliyinin Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Moskva alimləri, qorqudşünasları iştirak edib. Türkiyə Respublikası Atatürk Külür, Dil və Tarix Yüksək Qurumu tərəfindən təmsil olunub. Qardaş ölkədən Orxan Şaik Gökyay, Tüncər Gülənsoy, Osman Fikri Sərtqaya, Bahəddin Ögəl, Saim Sakaoğlu, Əhməd Bican Ərcilasun, Fikrət Türkmən, Azərbaycandan Anar, Kamal Abdulla, Xalıq Koroğlu, Şamil Cəmşidov, Süleyman Əliyarov, Tofiq Hacıyev, Tofiq Məlikov və Kamil Vəli Nərimanoğlu, Qazaxıstandan Şakir İbrayev, Ərdəm Kasıbekov, Qırğızıstandan Süleyman Kayıpov, Türmənistandan Annaqurban Aşırov iştirak ediblər.

     Kollekviumu akademik Bəkir Nəbiyev açıb. ”Sovetskaya Türkologiya” jurnalının baş redaktor müavini Aydın Məmmədov tədbir iştirakçılarını salamlayıb. Bununla da  Azərbaycan və dünya qorqudşünaslığı yeni mərhələyə qədəm qoyub.

     1988-ci ildə eposun elmi-tənqidi nəşri hazırlanıb. Kitabın redaktoru Elməddin Əlibəyzadə (Bakı, “Yazıçı”, 1988), tərtib, transkripsiya, sadələşdirilmiş variant və müqəddimə Fərhad Zeynalov və Samət Əlizadənin olub. Nüsxə fərqləri və şərhlər də Samət Əlizadənindir.

     İ. Həbibbəyli hesab edib ki, eposun həyatında ən böyük hadisələr müstəqillik dövrünə aiddir. H.Əliyev 20 aprel 1997-ci ildə dastanın 1300 illik yubileyinin keçirilməsi barəsində Fərman imzalayıb. Tarixi sənədə əsasən geniş miqyaslı tədbirlər həyata keçirilib. İlk tədbir 22-24 dekabr 1998-ci ildə olub. Bakı şəhərində II Beynəlxalq “Dədə Qorqud” kollekviumu keçirilib. İclas I Beynəlxalq “Dədə Qorqud” kollekviumunun 10 illiyinə həsr edilib.Tanınmış türkoloqlardan Zeynəb Qorxmaz, Aysu Ata, Mətin Ərgün, Əli Düyməz, Həmzə Zülfüqar da iştirak edib. Məclis Anarın sədrliyi ilə keçirilib. Giriş sözünü akademik Bəkir Nəbiyev söyləyib.Yekunu da bu olub ki, kollekvium Azərbaycanı qorqudşünaslığın əsas elmi mərkəzlərindən biri kimi tanıdıb.

     H.Əliyevin təşəbbüsü ilə 1999-cu ildə dastanın 1300 illiyi YUNESKO səviyyəsində qeyd edilib. Baş qərargahda beynəlxalq simpozium keçirilib. Azərbaycandan Elçin Əfəndiyev, Anar Rzayev, Kamal Talıbzadə, Fərhad Xəlilov, İsa Həbibbəyli, Şamil Cəmşidov, Türkiyədən Əhməd Bican Ərcilasun, Fransa Şərq dilləri və Mədəniyyətləri İnstitutunun professoru Lui Bazen və Fransa Elmi-Tədqiqatlar Mərkəzinin direktoru, professor Altan Gökalp çıxış eləyib. Lui Bazen və Altan Gökalp Azərbaycan Oğuznaməsini türk dilindən fransız dilinə çevirərək 1998-ci ildə Parisdə nəşr etdirib.

      YUNESKO-nun baş direktoru Koisiro Matsuura da çıxış edib. 7-9 oktyabr 1999-cu ildə Almaniyanın Drezden şəhərində də yubiley mərasimi keçirilib. Saksoniya vilayətinin elm və incəsənət üzrə dövlət nazirliyi və Drezden Kral Kitabxanası “Kitabi-Dədə Qorqud”un yazılı nüsxəsinin faksimilisi Azərbaycan Prezidentinə hədiyyə edilib. Onun Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutuna verilməsi haqqında 3 aprel 2000-ci il tarixli sərəncam imzalanıb.Ulu öndər 24 oktyabr 2002-ci ildə Hüseyn Cavidin ev-muzeyinin açılışı günündə institutun ixtisaslaşdırılmış elmi kitabxanasına hədiyyə edib.

     Anarın rəhbərliyi ilə 2000-ci ildə 2 cildlik  “Kitabi-Dədə Qorqud” Ensiklopediyası” nəşr edilib. Bu nəşr Azərbaycan, Türkiyə, Avropa, Rusiya, Orta Asiya alimlərinin iştirakı ilə hazırlanıb. Nəşrin I cildinə Ulu öndər Heydər Əliyev “Milli varlığımızın mötəbər qaynağı” adlı Ön söz yazıb. İ. Həbibəyli bu məqaləni nadir fakt kimi “proqram xarakterli elmi-siyasi əsər” adlandırıb.

    Yubiley öncəsi və sonrası çoxli monoqrafiya, lüğət, biblioqrafik göstəricilər, məqalələr yazlıb. Yerli və beynəlxalq konfranslar, simpoziumlar keçirilib. Konfrans materialları çap olunub. İ. Həbibəyli təklif verib ki, nəşr kitablarından ibarət kitabxananın yaradılması da mümkündüür.

     Fərmandan irəli gələn çoxlu kitablar nəşr edilib: Anarın “Dədə Qorqud dünyası”,V. Bartoldun tərcüməsində Bakıda rus dilində “Kнига моего Deдa Koрkутa” adlı  əlavələrlə yeni nəşr, K. Abdullayevin “Sirr içində dastan, yaxud gizli Dədə Qorqud”, N. Cəfərovun “Kitabi-Dədə Qorqud”:tanrıçılıqdan islama”, S.Babayevin “Kitabi-Dədə Qorqud” toponimləri”, T.Hacıyevin (E. Həsənova ilə birlikdə) “Kitabi-Dədə Qorqud”un sintaksisi”, X.Koroğlunun “Oğuz qəhrəmanlıq dünyası”, K.V. Nərimanoğlunun “Kitabi-Dədə Qorqud”un poetikası”, B.Abdullanın “Kitabi-Dədə Qorqud”un poetikası”, İ.Məmmədovun “Kitabi-Dədə Qorqud”un leksikası”,“Kitabi-Dədə Qorqud” dastanının izahlı lüğəti”, “Kitabi-Dədə Qorqud”un biblioqrafiyası” müstəqillik dövrünün elmi uğurlarından olub. Eposun 1300 illik yubileyinin ən mötəbər  hadisəsi S.Əlizadənin hazırladığı rəngli illüstrasiyalı elmi-tənqidi mətn olub (1999). Alim 1999-cu ildə dövlət başçısının çağırışına cavab olaraq eposun sadələşdirilmiş variantını da təkmilləşdirərək çap etdirib.

      Dövlət başçısı H. Əliyev Dədə Qorqud adının əbədiləşdirilməsi üçün də təşəbbüslər göstərib. ”Kaspmorneft” qurğusunun adı ”Dədə Qorqud” adlandırılıb. Naxçıvanda Qorqud Atanın heykəli ucaldılıb. İ.Həbibbəyli “böyük dövlət xadiminin Azərbaycana rəhbərlik etdiyi illəri böyük fəxrlə “Kitabi-Dədə Qorqud” eposuna qayıdışın İntibah dövrü “adlandırıb. Nəticələrini də göstərib. 9 aprel 2000-ci ildə dövlət səviyyəsində Bakı şəhərində eposun 1300 illiyinə həsr edilmiş təntənəli yubiley mərasimi abidənin tarixi bioqrafiyasına qızıl hərflərlə yazılıb. Yubileyin Azərbaycanda keçirilməsi ölkəmizi beynəlxalq aləmdə həm də Dədə Qorqudun vətəni, dünya qorqudşünaslıq elminin əsas mərkəzi kimi tanıdıb. H. Əliyevin yubileyə rəhbərliyi Dədə Qorqudu və eposu diqqət mərkəzinə çəkib. Müxtəlif ölkələrdə (Bakı, Brüssel, Naxçıvan, Qazax) Dədə Qorquda heykəllər qoyulub, uşaqlara verilən adlar içərisində Qorqud Atanın və epos qəhrəmanlarının adları çoxluq təşkil edib. Tarixi Fərman eposa verilmiş bəraətin nəticəsi olub. İ.Həbibbəyli yazıb: “Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 9 aprel 2000-ci ildə “Kitabi-Dədə Qorqud” eposunun 1300 illik yubileyinin türk dünyası miqyasında geniş qeyd olunması Azərbaycanda dövlət müstəqilliyinin, azərbaycançılıq idealının  böyük təntənəsi kimi mühüm əhəmiyyətə malik olan tarixi hadisədir”.

      “Kitabi-Dədə Qorqud”un taleyində İlham Əliyev mərhələsi, yaxud Azərbaycan oğuznaməsinin əbədiyyəti” bölməsində akademik İsa Həbibbəyli məlumat verib ki, Prezident İlham Əliyev eposun adının əbədiləşdirilməsi və dünyada tanıdılmasında əlamətdar hadisələrin təşəbbüskarı olub, müvafiq işlərə şəxsən özü rəhbərlik edib. Üummilli liderin həyata keçirdiyi vəzifələri davam və inkişaf etdirib. Eposun beynəlxalq səviyyədə tanıdılmasında tədbirlər planı genişləndirilib, dövlət səviyyəsində aparılan ideoloji təbliğat  türk dövlətləri ilə inteqrasiyanı da gücləndirib.

      Prezident Heydər Əliyev 1 aprel 2000-ci ildə “Dədə Qorqud heykəli və Dədə Qorqud dünyası” Tarixi-Etnoqrafik Kompleksinin yaradlılması haqqında xüsusi Fərman imzalamışdı. Bakı şəhərinin Nərimanov rayonunda Uşaq Dəmir Yolu Bağı ərazisində Dədə Qorqud abidəsi və Qorqud Ata Dünyası ilə əlaqədar digər atributları özündə birləşdirən Dədə Qorqud parkının salınması nəzərdə tutulmuşdu.13 dekabr 2013-cü ildə həmin Tarixi-Etnoqrafik Kompleks ucaldılıb, Dədə Qorqud parkı xalqımızın istifadəsinə verilib.

      Dövlət rəhbəri İlham Əliyev Belçikanın paytaxtı Brüssel şəhərində Qorqud Atanın heykəlinin ucaldılmasını həyata keçirib.18 may 2004-cü ildə onun iştirakı ilə Ümumdünya Gömrük Təşkilatının Brüsseldəki baş iqamətgahının qarşısında “Dədə Qorqud” abidə kompleksinin açılış mərasimi olub. İ.Həbibbəyli yazıb: ”Dünyada Dədə Qorquda ucaldılan ilk abidə olan bu heykəl Avropada oğuz başbiləninin şərəfinə yaradılmış birinci yazılı heykəl-abidə olaraq da orijinal sənət əsəri kimi yüksək qiymətə malikdir... Əslində Avropanın paytaxtında Dədə Qorqud heykəlinin ucaldılması Prezident İ. Əliyevin dünyaya inteqrasiya proqramının bəyannaməsi kimi səslənir”.

 

      Dövlət rəhbəri 12 aprel 2007-ci ildə “Azərbaycan Respublikasındakı monumental heykəltaraşlıq abidələri, xatirə-memorial  və memarlıq kompleksləri” haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən Nərimanov rayonunda 6 hektar sahədə abadlıq işləri görülüb, Dədə Qorqud şəhərciyi salınıb.

      Ölkə başçısının qəbul etdiyi Proqram “Kitabi-Dədə Qorqud”la bağlı bənzərsiz monumental portret-heykəllərin ucaldılmasına zəmin yaradıb. Şəhərlərimizdə heykəllər qoyulub, parklar salınıb, kompleks layihələr həyata keçirilib, kompozisiyalı heykəltaraşlığın da inkişafına geniş meydan açılıb, –deyə kitab müəllifi bildirib.

        Cənab İ. Əliyev “Kitabi Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən 20 fevral 2015-ci ildə dastanın elm aləminə məlum olmasının 200 illiyi qeyd edilib.

       15 aprel 2015-ci ildə YUNESKO-nun mənzil-qərargahında Azərbaycan, Türkiyə, Qazaxıstan, Türkmənistan və beynəlxalq qurumun yanındakı daimi nümayəndəliklərin təşkilatçılığı, habelə, beynəlxalq Türk Akademiyasının dəstəyi ilə ”Kitabi-Dədə Qorqud” eposunun alman dilinə tərcüməsi və nəşrinin 200 illiyinə həsr olunmuş geniş miqyaslı yığıncaq keçirilib. 22 dekabr 2015-də Azərbaycan Dövlət Akademik Milli Teatrında elmi-bədii yubiley tədbiri olub. Tədbirdə Türkiyə, Almaniya, Rusiya, İran, Gürcüstan, İtaliya  və sair ölkələrin alimləri, qorqudşünasları və geniş ictimaiyyət iştirak edib.

      ”Kitabi -Dədə Qorqud” eposunun dünya dillərinə tərcüməsi, onun xarici ölkələrdə kitab halında nəşrləri ilə bağlı mühüm işlər görülüb. “Kitabi-Dədə Qorqud” dastanı  2018-ci ildə Kabarda-Malkar şairi Salit Qurtulanın tərcüməsində Nalçikdə Malkar dilinə, 2021-ci ildə Federiko De Renzi və akademik İsa Həbibbəylinin ön sözü ilə Romada İtalyan dilinə, Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə yazıçı Babaxan Məhəmməd Şərif tərəfindən özbək dilinə tərcümə edilib və çapdan buraxılıb.

      2022-ci ildə Pakistan Ədəbiyyat Akademiyasında professor Yusuf Kuşkun rəhbərliyi ilə Najam ud din Əhmədin tərcüməsində “Kitabi-Dədə Qorqud” urdu dilində çapdan çıxıb. Abidə 2018-ci ildə “Dədə Qorqud / Korkut Ata / Dede Korkut irsi: dastan mədəniyyəti, xalq nağılları və musiqisi” adı ilə YUNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin XIII sessiyasında qəbul edilmiş qərarla Azərbaycan, Qazaxıstan və Türkiyə ilə birgə çoxmillətli nominasiya kimi Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahsına daxil edilib.

       Prezident İ.Əliyev ölkəmizin ərazi bütövlüyü və müstəqilliyinin rəmzi kimi “Kitabi-Dədə Qorqud” dastanlarına xüsusi münasibət bildirərək deyib: “Əsərdəki Oğuz Eli kimi coğrafi məfhum bütün Azərbaycan ərazilərini əhatə edir... Azərbaycanın tarixi coğrafiyasını bütün genişliyi ilə əhatə edən monumental epos xalqımıza məxsus qədim adət-ənənələrin, ulu babalarımızın mənəvi aləminin və yüksək bədii zövqünün öyrənilməsində qiymətli mənbədir”.

     Akademik İsa Həbibbəyli əldə etdiyi mühüm tezis və elmi müddəalarını kitabın Nəticə hissəsində ümumiləşdirib. Müəllif nəşrin fotosalnamə hissəsində Qədə Qorqud təntənələrini əks etdirən şəkilləri də paylaşıb. O, kitabına “Heydər Əliyev İli” və  “Qorqud Ata” adlı şeirlərini və ədəbiyyat syahısını daxil edib.

     Yeri gəlmişkən, AMEA Ədəbiyyat İnstitutu “Kitabi-Dədə Qorqud” müstəqillik epoxasinda” adlı kitabı da çap etdirib. Topluda Ümummilli lider H.Əliyev və Prezident İ.Əliyevin bu sahədə imzaladığı Fərman və Sərəncamlar, nitqlər və çıxışların mətnləri verilib. Nəşrin təşəbbüskarı, rəhbəri və ön söz müəllifi akademik İsa Həbibbəyli, toplayıb tərtib edəni və nəşrə hazırlayanı f.ü.f.d.İsmixan Osmanlı, məsul redaktoru isə  f.ü.f.d.Töhfə Talıbovadır.

     Kitab Ümummilli lider H.Əliyevin “Milli varlığımızın mötəbər qaynağı”, habelə, İ.Həbibbəylinin “Kitabi-Dədə Qorqud” salnaməsi” adlı ön söz və dörd bölmədən  ibarətdir. I hissədə “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyi ilə əlaqədar  Prezident Heydər Əliyevin imzaladığı Fərman və Sərəncamlar, II hissərə “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyi ilə əlaqədar  Prezident Heydər Əliyevin nitqləri və çıxışları, III hissədə “Kitabi-Dədə Qorqud” dastanı haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Fərman və Sərəncamlar, IV hissədə isə “Kitabi-Dədə Qorqud” dastanı ilə əlaqədar  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri və çıxışlarının mətni verilib.

     Beləliklə, akademik İsa Həbibbəylinin “Kitabi-Dədə Qorqud” eposu: Heydər Əliyevdən İlham Əliyevə” adlı kitabı dastanı dünya miqyasinda tanıtmaq,  onu tədqiq və təbliğ etmək sahəsində həyata keçirilən çoxcəhətli fəaliyyətin mənəvi yaddaş nümunələrindən biri kimi əhəmiyyətlidir.

                                                                                         Əlizadə Əsgərli

                                                                       Filologiya elmləri doktoru

  

 

 

 

 

 

SİZƏ MARAQLI OLA BİLƏR