Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Cəlil Məmmədquluzadə yaradıcılığında milli istiqlal ideyaları - Gülbəniz Babayeva

13-02-2024 [ 15:03 ] [ oxunub:384 ]
printerA+ | A-

   XX əsr Azərbaycan realist ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, publisist, naşir və ictimai xadim Cəlil Məmmədquluzadə zəngin və çoxcəhətli yaradıcılığı ilə çoxəsrlik ədəbiyyatımıza və milli mətbuatımıza böyük töhfələr verən istedadlı yazıçılarımızdandır. Azərbaycan ədəbiyyatının inkişafında müstəsna xidmətləri olan bu böyük düha sahibinin yaratdığı hekayə, povest və dram əsərlərinin, publisistik üslubda qələmə aldığı çoxsaylı məqalələrinin hər biri öz mövzu və problematikasına, aktuallığına, bədii siqlətinə, ecazkar, bənzərsiz dil və üslub orijinallığına görə xalqımızın mənəvi sərvətinə çevrilərək əbədiyyət qazanmışdır. Milli-mənəvi dəyərlərimizin tərcümanı kimi bir əsrdən artıqdır ki, söz xəzinəmizi zənginləşdirən bu unikal sənət əsərləri hələ neçə-neçə əsrlərin hüduduna yetəcəkdir. Yazıçının ecazkar qələminin gücü ilə yaradılan, hər birisi bir roman qədər sanballı, dəyərli, həyati olan maraqlı hekayələri nəinki Azərbaycan ədəbiyyatında, eyni zamanda dünya ədəbiyyatının bu janrda yazılmış zəngin xəzinəsində qərarlaşıb. Cəlil Məmmədquluzadənin dərin fəlsəfi düşüncələrini, real müşahidələrini bir güzgütək özündə ehtiva edən   “Poçt qutusu”, “Usta Zeynal”, “İranda hürriyyət”,  “Qurbanəli bəy”,  “Quzu”, “Dəllək”, “Rus qızı”, “Kişmiş oyunu”, “Zırrama”, “Molla Fəzləli”, “Xanın təsbehi”, “Konsulun arvadı”, “Pirverdinin xoruzu” və başqa hekayələri realist nəsrimizin ən dəyərli nümunələri kimi dünya arenasında müəllifinə şöhrət qazandırıb. Yazıçı bu ölməz sənət inciləri ilə XX əsr Azərbaycan hekayəçiliyinə yeni ab-hava, dərin fəlsəfi məzmun, lakoniklik,  orijinal və bənzərsiz üslub, novatorluq, qeyri-adi təhkiyə tərzi gətirib.

  Cəlil Məmmədquluzadə "Çay dəstgahı", “Danabaş kəndinin əhvalatları, "Kişmiş oyunu", "Kamança", “Danabaş kəndinin məktəbi, “Dəli yığıncağı”, “Ölülər”, “Anamın kitabı” kimi sanballı və monumental  əsərləri ilə realist Azərbaycan ədəbiyyatının, dramaturgiyamızın inkişafında, təkamülündə və formalaşmasında müstəsna rol oynadı və adını ədəbiyyat tariximizdə əbədiləşdirdi.

Cəlil Məmmədquluzadənin redaktorluğu ilə 1906-cı ilin 7 aprelində Tiflisdə nəşrə başlayan “Molla Nəsrəddin” jurnalı  bütün Şərq aləmində ilk satirik, rəngli-şəkilli jurnal kimi mətbut tariximizin böyük salnaməsini yaratdı. 25 il xalqının milli dirçəlişində müstəsna rol oynayan bu satirik mətbuat orqanı  Azərbaycan və eləcə də türk xalqlarının milli oyanış və tərəqqisinə misilsiz töhfələr verdi. Öz ətrafına Ö.F.Nemanzadə, M.Ə.Sabir, Ə.Haqverdiyev, M.S.Ordubadi, Ə.Qəmküsar, Ə.Nəzmi, Ə.Razi kimi şair və yazıçıları toplayan bu unikal  jurnal  “Molla Nəsrəddin” ədəbi məktəbinin yaranmasına və beynəlxalq aləmdə böyük nüfuz qazanmasına geniş imkanlar açdı.

“Molla Nəsrəddin”in mövzu və ideya qaynaqlarının zənginliyi onun geniş miqyasda yayılmasına və məşhurlaşmasına gətirib çıxardı. Orijinal üslublu bu satirik jurnal Azərbaycan mətbuatının sonrakı inkişafına və  təkamülünə də güclü təsir göstərdi. “Molla Nəsrəddin” jurnalının çoxsaylı mövzu və problematikasında böyük azərbaycançılıq ideyası, öz xalqını azad, demokratik və müstəqil görmək istəyi bütün fəaliyyəti boyu davam etmişdir. Bu taleyüklü problemin həlli istiqamətində ardıcıl və prinsipial mübarizə aparan “Molla Nəsrəddin” jurnalı sonadək əqidəsinə sadiq qalmış, bir çox məhrumiyyətlərlə, təqiblərlə üzləşmişdir. Jurnal fəaliyyətə başladığı dövrdə Azərbaycan məmləkəti rus imperiyası tərəfindən istila edilmiş, çar hökumətinin zülm və istibdadı altında hüquq və azadlıqları boğulmuş, asılı bir vəziyyətə salınmışdır. Dövrün bir çox ziyalıları kimi mollanəsrəddinçilər də Azərbaycanı qəsdən qəzalara, quberniya və mahallara bölən, “parçala və hökm sür” siyasətini yeridən imperiyanın riyakarlığını 25 il jurnalın səhifələrində yer alan satirik şeirlərdə, felyetonlarda, teleqraf xəbərlərində və s. janrlı əsərlərdə tənqid atəşinə tutmuşlar. Azərbaycan dilini, ədəbiyyatını, mədəniyyətini, tarixini sıxışdıraraq öz içərisində əritməyə çalışan rus şovinizminin çoxqatlı və çoxplanlı məkrli siyasətini ezop dili ilə ifşa etmişlər.

        Ümummilli Lider  Heydər Əliyev Cəlil Məmmədquluzadəni  özünün müasiri, bugünkü Azərbaycanın fəal qurucusu, cəsarətli, vətəndaşlıq hissini uca tutan bir yazıçı kimi xarakterizə edərək deyir:  “ Cəlil Məmmədquluzadənin yaradıcılığında Azərbaycanın bütün milli xüsusiyyətləri, eyni zamanda, ümumbəşəri dəyərləri əks etdirən fikirlər bizim milli ideologiyanın əsasıdır və həmin ideologiyanın yaranması üçün böyük bir vasitədir, böyük bir sərvətdir. O dövrdə həm milliliyə bağlı olmaq, həm də dünyəvi, ümumbəşəri dəyərləri qiymətləndirmək, onları öz yaradıcılığında əks etdirmək və xalqımızın ümumi səviyyəsini qaldırmaq cəhdləri böyük vətəndaşlıq cəsarəti idi, böyük xidmətdir və bunu biz daim qiymətləndirməliyik. Ona görə də Cəlil Məmmədquluzadənin yaradıcılığı, əsərləri bu gün bizim milli ideologiyanın formalaşmasına və yaranmasına, onun konsepsiyasının eyni şəkildə hazırlanmasına çox kömək edə bilər və çox kömək edəcəkdir”.

“Molla Nəsrəddin” jurnalı milli-mənəvi dəyərlərimizin məhvinə çalışan imperialist qüvvələrə qarşı vahid mövqedən çıxış etməyin zəruriliyini gündəmə gətirir, xalqımızın öz müqəddəratını təyin etmək hüququna malik olduğunu geniş oxucu auditoriyasına çatdırırdı. Jurnal azad, müstəqil və demokratik dövlət quruculuğuna nail olmağın yolunu milli birlikdə görür, xalq mənafeyini şəxsi mənafedən üstün tutmağın əhəmiyyətini açıqlayaraq yazırdı: “Nə qədər ki, qamusları vərəqlədim, nə qədər ki, camaət içində dolandım, “millət” sözünü nə eşitdim, nə də bir kitabda gördüm. O yerdə ki, lüğət kitabında gərək yazılaydı “millət”, orada “millət” əvəzinə yazılıb: “şəxs”. O yerdə ki, söz düşəndə gərək millət sözü danışıla, orada “əşxas” ləfzi istemal olunur. Və məhz bu səbəbdəndir ki, bizlərdə millət qorxuları şəxsi qorxular şəklində zühura gəlir, milli işlərimiz əvəzinə şəxsi dəsgahlar peyda olur”.

Felyetonda Şərq və Qərb dünyasında bu qlobal problemə fərqli yanaşmanı müqayisələr, paralellər aparmaqla aşkara çıxaran müəllif acı təəssüf hissilə yazır: “Qərb mətai ilə Şərq mətai mabeynində həmişə bir fərq var, həmçinin Qərb azadixahlığı ilə bizim azadixahlığımızda haman təfavüt əmələ gəldi ki, biz azadlıq binalarımızın bünövrəsini əşxas üstündə tikdik; millət üstündə tikmədik”. Göründüyü kimi, felyetonda milli bərabərlik ideyası irəli sürülür, azadlığın ayrı-ayrı şəxslərə deyil, bütöv xalqa, məmləkətə məxsusluğu fikri ön plana çəkilir. Belə olduğu təqdirdə azadlığın əbədiliyi, daimiliyi tendensiyası dəstəklənir.

O yerdə ki, “mən” hissi “biz” hissini üstələyir, orada heç bir azad, müstəqil və hüquqi dövlətdən söhbət gedə bilməz. Jurnalın çox böyük uzaqgörənliklə öz səhifələrində dərc etdirdiyi bu aktual problemlər təkcə Azərbaycan xalqının deyil, bütövlükdə Şərq aləminin taleyüklü məsələsi kimi çağdaş dövrümüzdə də müasirliyini qoruyub saxlamaqdadır .      

    Cəlil Məmmədquluzadənin anadan olmasının 125 illiyinə həsr olunmuş möhtəşəm tədbirdə çıxış edən cənab Heydər Əliyev belə bir mərasimi böyük yazıçının ölməz ədəbi irsinə Azərbaycan dövlətinin və xalqının verdiyi yüksək dəyərin təzahürü kimi səciyyələndirmişdir. Azərbaycan Dövlətinin Memarı C.Məmmədquluzadə yaradıcılığına və onun ədəbi fəaliyyətinin “şah əsəri” olan “Molla Nəsrəddin” jurnalına xüsusi önəm verərək, böyük realist ədibin Azərbaycanın müstəqilliyi uğrunda apardığı mübarizənin bu gün də davam etdirildiyini bəyan edərək demişdir: “Cəlil Məmmədquluzadə Azərbaycan tarixində görkəmli yer tutmuş dahi bir insan, yazıçı, publisist, filosof, mütəfəkkir, xalqımızın mədəniyyətini çox zənginləşdirmiş bir şəxsiyyətdir. O, ədəbiyyatımızın, mədəniyyətimizin klassikidir. Eyni zamanda, o bizim müasirimizdir, o, bu gün də bizimlədir, bizim sıralarımızdadır. Bizimlə bərabər Azərbaycanın müstəqilliyinə sevinir və bizimlə bərabər Azərbaycan Respublikasının daim müstəqil dövlət olması uğrunda öz yaradıcılığı ilə, qoyduğu mənəvi irslə çalışmaqdadır” .

C.Məmmədquluzadə yaradıcılığında Azərbaycanın ictimai-siyasi həyatı, sosial mühit, elm və təhsil məsələləri, qadın azadlığı, dini xurafatın, cahilliyin tənqidi kimi taleyüklü məsələlərlə yanaşı, həm də beynəlxalq aləmdə baş verən qlobal problemlərə də geniş yer verilmişdir.

       “Molla Nəsrəddin” jurnalı 25 illik fəaliyyəti dövründə Azərbaycan dilinin milli təəssübkeşi olmuş, öz səhifələrində dərc etdirdiyi, məqalə, felyeton, satirik şeir, teleqraf xəbərləri və digər janrlı yazılarda ana dilimizin rus, ərəb, fars və sair dillər vasitəsilə korlanmasına qarşı çıxmış, yad dillər içərisində itib-batmasından ciddi narahatlıq keçirmişdir. Realist sənətkar bu taleyüklü məsələyə ciddi önəm vermiş, az qala jurnalın hər sayında bu problemin aktuallığından söhbət açmış, Azərbaycan dili haqqında həm özünün, həm də mollanəsrəddinçi əqidə və məslək dostlarının yüzlərlə yazılarını dərc etdirmişdir. Ümummilli Lider C.Məmmədquluzadənin ana dilini milli müstəviyə çıxarmasını, xalqımızın müqəddəratının əsas atributlarından biri kimi  səciyyələdirməsini yazıçının vətəndaşlıq mövqeyi və azərbaycançılıq ideologiyasının təzahürü kimi mənalandırır: “C.Məmmədquluzadənin fəaliyyətində ən dəyərli cəhətlərdən biri də Azərbaycan xalqının dilinin inkişafı üçün göstərdiyi xidmətlərdir. Onun daim işlətdiyi “Vətən, Vətən, Vətən! Millət, Millət, Millət! Dil, Dil, Dil! Sözləri xalqımızın, millətimizin fikirlərini, arzularını ifadə edir. Ədibin ana dilinə- Azərbaycan dilinə böyük diqqəti, ana dilini bilməyə səsləməsi və ana dilinin, Azərbaycan dilinin hər yerdə hökm sürməsinin zəruriliyinə dair fikirləri, yazıları o vaxt üçün vacib idi, bu gün də çox aktualdır”.

         Cəlil Məmmədquluzadə irsinin və onun redaktorluğu ilə nəşr olunan “Molla Nəsrəddin” jurnalının fundamental araşdırıcısı akademik İsa Həbibbəyli Heydər Əliyevin böyük demokrat ədib haqqında söylədiyi dəyərli fikirlərin davamı olaraq yazır: “Cəlil Məmmədquluzadə təkcə mətbuatda yox, həm də ədəbiyyatda azərbaycançılıq məfkurəsinin ideoloqudur... Qüdrətli ədib bu mövzunu ən parlaq şəkildə 1920-ci ildə qələmə aldığı “Anamın kitabı” dramında əks etdirmişdir. “Anamın kitabı” – Azərbaycanın milli istiqlalı haqqında XX əsr boyu yazılmış əsərlərin mənəvi Anasıdır”.

         Cəlil Məmməquluzadənin  Cənubi Azərbaycan xalqının həyatından bəhs edən “Bikarlar məhəlləsi”, “Millət”, “Firqələr davası”, “Vətən xadimləri”, “İranda ləqəblər”, “Tüstü”, “Dövlətli xanımlar” və başqa məqalə və felyetonları öz həmvətənlərini  azadlıq uğrunda mübarizəyə səsləyən dəyərli publisistik nümunələrdir. Yazıçının yaradıcılığında təkcə Şimali Azərbaycanda deyil, həm də Cənubi Azərbaycanda gedən ictimai-siyasi proseslər mühüm yer tutur. Bu baxımdan Cəlil Məmmədquluzadənin keçən əsrin əvvəllərində cənublu  həmvətənlərimizin azadlıq uğrunda mübarizəsini əks etdirən “İranda hürriyyət” hekayəsi dövrün real gerçəkliklərini maraqlı və orijinal formada təqdim edən nəsr nümunəsidir. C.Məmmədquluzadə “İranda hürriyyət” (1906) hekayəsini İranda və Cənubi Azərbaycanda baş verən məşrutə inqilabından sonra Məmmədəli şahın xalqa verdiyi yalançı hürriyyət vədi fonunda qələmə almışdır. Yazıçı İranda xalq hərəkatının mütləqiyyətə qarşı ardıcıl və uzunmüddətli mübarizəsi nəticəsində 1906-cı ilin avqustunda elan edilmiş hürriyyətin əsl mahiyyətini ifşa etməklə yanaşı həm də azadlıq mücahidlərini, fədailəri fəal mübarizəyə səsləyir. Ədib ön planda hürriyyət məsələsini qabarıq nəzərə çarpdırmaqla bərabər, ötəri təsvirlərdə keçən il (1905) baş verən, hələ də davam etməkdə olan erməni-müsəlman məsələlərinə işarət etmiş, “şulux”luq, qatma-qarışıqlıq içərisində Şura Azərbaycanında da ictimai-siyasi vəziyyətin, insanların yaşam tərzinin, ölkədə sakitliyin olmaması faktlarının təsvirinə də diqqət yetirmişdir. Yazıçı xalqların mövcud durumu, onların siyasi hadisələrin tüğyan etməsindəki rolu və o taylı, bu taylı insanların siyasi çəkişmələrin, müharibələrin qurbanlarına çevrilməsini böyük sənətkarlıqla öz oxucusuna çatdırır. Şərq aləmində baş verənlərin iri dövlətlər – xalqı saxta hürriyyət oyunu ilə aldadan İran mütləqiyyətinin və erməni militaristlərinin şovinist siyasətini dəstəkləyən, milli qırğına rəvac verən rus imperiyasının əli ilə törədildiyini göstərir. Bütün bunlar təəssüfdoğurucu və kinayə ilə süslənmiş yazıçı tendensiyasının görünən və tarixə çevrilən məqamlarıdır. Mirzə Cəlil hekayənin əvvəlində bu siyasi mənzərələri yaratmaqla və konkret tarixi faktı göstərməklə oxucuda real gerçəkliklər haqqında dolğun təsəvvür yaradır. Bütün bunlarla yanaşı müəllif İranda baş verən məşrutə inqilabının güclü və zəif tərəflərinə dönə-dönə “Molla Nəsrəddin” jurnalında dərc edilən publisistik əsərlərdə, “Həmşəri” felyetonunda, Səttarxana həsr  edilmiş şeirlərdə, teleqraf xəbərlərində geniş yer vermiş, lakin xalqın, sadə zəhmət adamlarının hələ də şüurca yetkin olmadığını, savadsızlığın, avamlığın, dini xurafatın taleyüklü problemlərin həllində bir sipərə çevrildiyini də göstərmişdir.

         “İranda hürriyyət” hekayəsi Kərbəlayı Məmmədəlilərin, Pərinisələrin timsalında Cəlil Məmmədquluzadənin bütün bəşəriyyətə, zülm və istibdad məngənəsində sıxılan, əzilən zavallı insanlara, xalqlara azadlıq, hürriyyət və istiqlaliyyət harayıdır. Bu səsləniş dünənimizdən bu günümüzə, bu günümüzdən isə sabahımıza qəlbi Azərbaycan eşqi ilə çarpan dahi Mirzə Cəlilin vətən sevgisindən yoğrulmuş istiqlal nidasıdır. Böyük ədib göstərdi ki, hürriyyət heç vaxt verilməz, o, mübarizə və inqilab yolu ilə alına bilər. O yerdə ki mütləqiyyət üsul-idarəsi hökm sürür, orada əsl azadlıqdan söhbət gedə bilməz. Ona görə ki, demokratiya ilə mütləqiyyət, hürriyyət ilə istibdad, bir-birinə zidd olan bu iki qüvvə bir araya sığmaz.

Cəlil Məmmədquluzadə Azərbaycan xalqının milli kimliyini, varlığını, dünya xalqları arasında yüksək mövqe qazanmasını həm də onun savadlı, elmli vətəndaşlara sahib olmasında görürdü. Buna görə də “Molla Nəsrəddin” jurnalında elm, təhsil, maarif və mədəniyyətin təbliği, savadsızlığın, cahilliyin, nadanlığın tənqidinə aid çoxlu sayda felyetonlar  dərc edilmişdir. Jurnalın səhifələrində geriliyin, cəhalətin, nadanlığın, savadsızlığın ifşası C.Məmmədquluzadənin satirik publisistikasında geniş yer almışdır. Yazıçının “Niyə məni döyürsünüz”, “Niyə mən dərsdən qaçdım”, “Gimnaziyada təzə məscid”, “Təzə təlim kitabı”, “Müəllimlər”, “Baş”, “Əlifba”, “Şura”, “Mikroblar”, “Gözəl yerlər”, “Uşaqlarımız”, “Məktəblər”, “Maarif işləri” və başqa felyetonlarında elm, təhsil, maarif və mədəniyyət sahəsində yol verilən nöqsanlar, çatışmazlıqlar ciddi tənqid atəşinə tutulur və xalqa bu ətalət və durğunluqdan xilas olmağın yolları göstərilir.

Cəlil Məmmədquluzadə irsinin fundamental  tədqiqatçısı  akademik İsa  Həbibbəyli yazıçının müxtəlif arxivlərdə qorunub saxlanılan 176 felyetonunu, 35 məqaləsini, 14 şeirini, 9 məktubunu, 2 tərcüməsini, "Ər”, "Lənət" və "Oyunbazlar" dramlarını və bir hekayəsini aşkara çıxararaq çap etdirmiş və geniş oxucu auditoriyasının ixtiyarına vermişdir. Akademik İsa Həbibbəyli yazıçının nəsil şəcərəsinin axtarılıb tapılması istiqamətində də böyük işlər görür və yazıçının həyat yoluna işıq salaraq yazır: “ C.Məm­məd­qu­lu­za­də 1907-ci il iyu­nun 15-də Qa­ra­ba­ğın məş­hur xan­la­rın­dan olan Əh­məd bəy Ca­van­şi­rin (1828-1902) qı­zı Hə­mi­də xa­nım­la (1873-1955) ailə hə­ya­tı qur­muş, Mir­zə Cə­li­lin bu ni­kah­dan Mid­hət (1908-1932) və Ən­vər (1911-1979) ad­lı iki oğ­lu dünya­ya gəl­miş­dir. Mid­hət Məm­məd­qu­lu­za­də Azər­bay­can Po­li­tex­nik İns­ti­tu­tu­nun Hid­ro­tex­ni­ki qur­ğu­lar fakül­tə­si­ni bi­tir­miş, Dövlət Plan Ko­mi­tə­sin­də Min­gə­çe­vir su-elekt­rik stan­si­ya­sı­nın la­yi­hə­si­ni ha­zır­la­yan ko­mis­si­ya­nın el­mi ka­ti­bi və­zi­fə­sin­də ça­lış­mış­dır. Ən­vər Məm­məd­qu­lu­za­də Azər­bay­can Tibb Uni­ver­si­te­ti­nin mə­zu­nu ol­muş, Böyük Və­tən müha­ri­bə­si il­lə­rin­də so­vet or­du­su­nun tər­ki­bin­də İra­na get­miş, ta­le­yin hökmü ilə hə­ya­tı­nın qa­lan his­sə­si­ni hə­min ölkə­də ya­şa­mış­dır. Ə.Məm­məd­qu­lu­za­də Ba­kı­da ikən ev­lən­di­yi Tibb İns­ti­tu­tu­nun mə­zu­nu Mə­hin Da­di­pur­dan 1940-cı il­də Meh­ri Məm­məd­qu­lu­za­də (Səq­qət­çi­ya) dün­ya­ya gəl­miş­dir. Ə.Məm­məd­qu­lu­za­də İran­da Mə­hin Da­di­pur­dan ay­rıl­mış, pol­yak qı­zı Zo­ti­ya Bah­ri­novs­ka­ya ilə ailə qur­muş­dur. Bu ni­gah­dan Mid­hət Ca­van­şi­ri (2013-cü il­də Teh­ran­da və­fat et­miş­dir), Tey­mur Ca­van­şi­ri (1992-ci il­də Teh­ran­da dünya­sı­nı də­yiş­miş­dir), İre­na Ca­van­şi­ri və Niz­hət Ca­van­şi­ri dünya­ya gəl­miş­dir.

Hal-ha­zır­da Mir­zə Cə­li­lin nəslinin davam­çılarından Mar­tin Ca­van­şi­ri Pol­şa­da, Ra­min Ca­van­şi­ri İs­lan­di­ya­da (Mid­hət Ca­van­şi­ri­nin övla­dı), Mə­hin Səq­qət­çi­ya­ və Niz­hət Şə­cə­ri (Ənvər Məmmədquluzadənin övladları) Fran­sa­da, İre­na Süley­ma­ni (Ənvərin qızı) İran­da ya­şa­yır­lar. İ.Həbibbəylinin dəvəti ilə C.Məm­mədquluzadənin nəticəsi Martin Cavan­şiri və onun oğlu Pşemislav Cavanşiri 16-21 noyabr 2019-cu ildə Bakıda olmuş, ulu baba­larının ev muzeyini və məzarını ziyarət et­mişlər”.

Bununla yanaşı Cəlil Məmmədquluzadənin  əsərlərinin  böyük tirajla nəşr olunması,  dünya dillərinin bir çoxuna tərcümə olunub yayılmasında da akademik İsa Həbibəlinin müstəsna xidmətləri vardır.

Cəlil Məmmədquluzadənin zəngin və çoxşaxəli yaradıcılığı, yüksək vətənpərvərliyi, böyük sənətkarlığı həmişə dövlətimizin diqqət mərkəzində olmuşdur və bu ənənə çağdaş dövrdə də böyük qədirşünaslıqla Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu il anadan olmasının 155 illiyini hörmət və ehtiramla yad etdiyimiz böyük realist sənətkarın 100, 125 və 150 illik yubileyləri də dövlət səviyyəsində geniş qeyd olunmuşdur. Bütün bunlar Azərbaycanın milli istiqlalı, azadlığı uğrunda fədakarçasına mübarizə və mücadilələrdən keçən Cəlil Məmmədquluzadənin şəxsiyyətinə, ölməz ədəbi irsinə, bənzərsiz yaradıcılığına və sənətinə ümumxalq ehtiramının  dərin ifadəsidir.

        Cəlil Məmmədquluzadənin yaradıcılığında “Molla Nəsrəddin” jurnalının ideyalarına işıq saçan, milli təfəkkürün oyanışı və azərbayçançılığın formalaşmasının bel sütununu təşkil edən “Azərbaycan” məqaləsinin xüsusi yeri var. Bu dəyərli və tarixi əhəmiyyətli məqalə jurnalın əsl məramnaməsi olmaqla yanaşı, həm də Mirzə Cəlil irsinin əsas leytmotivini təşkil edir: “Ax unudulmuş vətən, ax yazıq vətən...

Bəzi vaxt otururam və papağımı qabağıma qoyub fikrə gedirəm, xəyalata cumuram, özümdən soruşuram ki:

– Mənim anam kimdir?

Öz-özümə də cavab verirəm ki:

– Mənim anam rəhmətlik Zəhrəbanu bacı idi.

– Dilim nə dilidi?

– Azərbaycan dilidir.

– Yəni vətənim haradı?

– Azərbaycan vilayətidir” .

Yazıçı bu məqaləsində ürək ağrısı ilə öz həmvətənlərini “unudulan” vətənimizi yaddan çıxarmamağa səsləyir. C.Məmmədquluzadə bu monumental məqalədə “vətən”, “dil” və “millət” sözlərini üç dəfə təkrarlayaraq xalqı milli dirçəlişə, oyanışa və mənəvi birliyə çağırırdı. Yazıçının xalqın azadlığını və qurtuluş yolunu bu üç məhfumun birliyində axtarması labüd idi.

Heydər Əliyev Mirzə Cəlil publisistikasının şah əsəri olan bu məqaləni ədibin demokratik dövlət quruculuğunu əks etdirən ən qiymətli əsər hesab edərək, həm də məqalə müəllifinin müstəqil Azərbaycanın demokratik ruhlu sənətkarlarından biri kimi bu gün də sıralarımızda olduğunu bəyan edir: “Onun yazılarında cümhuriyyət anlayışı bu gün bizim quracağımız demokratik, hüquqi dövlət prinsipləri ilə səsləşir”. Ulu Öndər Mirzə Cəlilin və onun silahdaşlarının uğrunda mübarizə apardıqları azad, müstəqil, suveren Azərbaycanın çağdaş mərhələdə öz istiqlalını əldə etməsində belə ziyalılarımızın rolunu, xüsusilə Cəlil Məmmədquluzadənin əvəzsiz xidmətlərini yüksək qiymətləndirir və bu gün dövlətçililiyimizin möhkəmlənməsində, dayanıqlı və qüdrətli bir dövlətə çevrilməsi prosesində Mirzə Cəlil demokratizminə söykənməyin vacibliyini tövsiyə edir.

 Cəlil Məmmədquluzadə “Təzə partilər”, “Azadeyi-vicdan”, “Xoşbəxtlik”, “Firqələr davası”, “Tüstü”, “Misyonerlik” və başqa məqalə və felyetonlarında özünün demokratik dövlət quruculuğu, azad seçki, hüquqi cəmiyyət, Azərbaycanda çoxpartiyalı sistemin əsas parametrləri, insan haqlarının, konstitusiya hüquqlarının qorunması kimi mühüm və önəmli problemləri diqqət mərkəzində saxlamışdır. C.Məmmədquluzadə Tiflisdə Müsəlman Milli Komitəsinin yığıncağında oxumaq üçün yazdığı “Cümhuriyyət” (1917) məqaləsində demokratik dövlət quruculuğunun əsas prinsiplərini belə şərh edir: “Cümhuriyyət” yəni latınca “Respublika” elə bir hökumətə deyirlər ki, orada məmləkətin idarəsi camaatın öz öhdəsində və ixtiyarındadır, necə ki, məsələn, Firəngistan, İsveçrə və qeyriləri”.

Akademik İsa Həbibbəyli yazır: “... “Cümhuriyyət” məqaləsi Mirzə Cəlilin cəmiyyətşünaslıq görüşlərinin yekunu və zirvəsidir. “Cümhuriyyət” məqaləsi Cəlil Məmmədquluzadə demokratizminin nizamnaməsidir. Böyük demokrat ədib bu əsərində “padşahlıq taxtından yıxılan Nikolayın... idarəsi dağılandan sonra” ölkədə yaranmış mürəkkəb vəziyyətdə çaşqın qalan, yol axtaran azərbaycanlılara- həmvətənlərinə respublika tipli müstəqil dövlət qurmaq uğrunda səy göstərməyi zəruri saymışdır”. C.Məmmədquluzadə məqalədə cümhuriyyət üsul-idarəsinin spesifik xüsusiyyətlərini, hüquqi cəhətlərini açıb göstərməklə yanaşı, məmləkətin idarə edilməsinin xalqın ixtiyarında və səlahiyyətində olması fikrini açıq-aşkar bəyan edir. Hətta özünə padşah adı qoyan bir şəxs millətin mənafeyinə zidd qərarlar qəbul edib, dövlətin daxili işlərinə qarışa bilməz fikrini irəli sürərək yazır: “Məmləkət müəyyən qanunlar gücü ilə idarə olunur. O qanunları yazan və təsdiq edən millətin məbusları, yəni vəkilləridir. Məmləkətin rəisinə “prezident” deyilir. Prezidenti ya millət özü seçir, ya parlaman, yəni millət vəkilləri seçir. Prezident məmləkəti idarə etməyə özünə köməkçi hesabında vəzirlər təyin edir”.

Yazıçı məqalədə vəzirlərin vəzifəsini müəyyənləşdirir, onların prezidentə tabe olmaları faktını açıqlayır, bəzi vəzirlərin isə məclisi-məbusana tabe olmasını diqqətə çəkir. Məqalədə daha çox marağa səbəb olan mühüm məsələ xalqın, dövlətin əsas idarəedici qüvvəsi olan prezidentin səlahiyyətləri ilə bağlıdır. Yazıçı prezidentin xalq, millət qarşısında böyük məsuliyyət daşıdığını xüsusi nəzərə çarpdırır. C.Məmmədquluzadə cümhuriyyət idarəsi seçkisinin dörd mühüm şərtini göstərərək bildirir ki, bu seçkiyə “dördüzvlü” və yaxud da “dördhissəli” seçki də deyilir.Çağdaş dövrümüzlə yaxından səsləşən bu seçki qayda-qanunlarının əsas prinsiplərinin birinci şərti “ümumilikdir, yəni məmləkətdə yaşayan nüfuzun cəmisi seçkidə iştirak etməlidir, bilatəfavüti-sinif, cins, din; yəni açığı budur ki, seçkiyə kişilər ilə övrətlər... xan da, rəiyyət də durmalıdır”. Göründüyü kimi, yazıçı sinfi mənsubiyyətindən, cinsindən, dini-ayrı seçkiliyindən asılı olmayaraq hamının eyni səlahiyyət və hüquqla seçkiyə qatılmasının vacibliyini gündəmə gətirir. Demokratik seçki zamanı seçicinin hansı təbəqəyə mənsubluğunu nəzərə almayan müəllif hər bir kəsin eyni səs hüququna malik olmasını qanunun aliliyinin qorunması faktı kimi dəstəkləyərək yazır: “Bu dörd şərtlərin ikincisi seçkinin müsavi olmağıdır; yəni səslərin bərabərliyi. Məsələn, mən əgər xan və bəyəm, mənim də səsim birdir, sən çoban və rəiyyətsən, sənin də səsin birdir. Demək, hər ikimizin səsi bərabərdir”.

Məqalədə seçkinin obyektiv, düzgün keçirilməsinin zəruriliyi göstərilir və eyni zamanda saxtakarlığın qarşısının alınması üçün hansı təxirəsalınmaz işlərin görülməsi, əsas məsələlərin təşkili və vəkillərin bu istiqamətdə görəcəyi işlər barəsində yazıçı müfəssəl məlumat verir: “Üçüncü şərt seçkinin düzbədüzlüyüdür. Bunun mənası budur ki, bir para seçkilərdə, məsələn kəndlilər qabaqca vəkilləri seçib göndərirlər şəhərə. Şəhərdə bu vəkillər qarışırlar qeyri şəhərlərin vəkillərinə. Dübarə vəkillər seçib göndərirlər qubernski şəhərə. Belə olanda aşkardır ki, əvvəlinci seçkidə səs verənlər bilməyəcəklər ki, aya axırıncı seçkinin vəkilləri kimin və hansı məbusun seçkilərinə səs verəcəklər. Bəs, bundan yaxşısı budur ki, hər bir kəs əvvəlinci seçkiyə duranda düzbədüz istədiyi məbusa rəy versin”.

Nəhayət, yazıçı seçkinin düzgün, ədalətli və qanunauyğun keçirilməsinin əsas atributlarından biri kimi onun məxfiliyini göz önünə gətirir: “Dördüncü şərt seçkinin gizli olmasıdır; yəni səs sahibi səsini elə gizlin verə ki, bir kəs xəbərdar olmaya ki, aya, bu kimə rəy verdi. Çünki aşkardır ki, çox adam var ki, utanmağa və ya qorxunu mülahizə edib, ürəyi istədiyi adamı qoyur kənara, istəmədiyinə rəy verir”.C.Məmmədquluzadə məqalədə azad, müstəqil və demokratik bir cəmiyyətdə dini etiqadlara hörmətlə yanaşmağın labüdlüyünü, insanların yaşadığı məkanın tam bərabərhüquqlu vətəndaşı olduğunu, istədiyi dinə heç bir yad təsir olmadan sitayiş etmək hüququnun zəruriliyini də diqqət mərkəzində saxlayır: “Cümhuriyyət” idarəsinin bir zinəti də var ki, o da tamam azadlıqdır. Bu azadlıq da neçə qismdir. Əvvələn, etiqad azadlığı; yəni bir fərd keyfi istədiyi dinə sitayiş etməyə, yainki bir dindən əl çəkib, qeyri bir dini qəbul etməyə azaddır. Yoxsa nəinki köhnə və çürük idarənin əsrində, məsələn, islamı tullayıb xaçpərəstliyi qəbul edənə ənam verilirdi, amma xaçpərəstin islam dini qəbul etməyə haqqı yox idi”.

C.Məmmədquluzadə məqalədə dini azadlığın labüdlüyünü göstərməklə yanaşı, digər azadlıqların da demokratik cümhuriyyətin formalaşmasında həlledici amil olduğunu xüsusi qeyd edərək yazır: “İkincisi yığıncaq azadlığı; yəni camaatın bir yerə cəm olmağına heç bir surətdə maneçilik ola bilməz. Üçüncüsü – birləşmək azadlığıdır. Dördüncü çap eləmək, beşinci – danışmaq, altıncı – siyasi partiyalar düzəltmək və yeddinci – dilbir olub, həmtədbir olmaqdır” .

“Budur cümhuriyyətin ən vacib əsasları!”- deyən müəllif məqalədə azad və demokratik bir cümhuriyyətdə mövcud olan müsbət keyfiyyətləri “böyük və gözəl nemət” adlandıraraq onu qorumağı, zalım padşahların və onların polislərinin xalqla kobud, qeyri-insani münasibətlərini unutmamağı tövsiyə edir.

  Yazıçı sonda azadlıqsevər, demokratik düşüncəli insanlara səslənərək deyir: “Əgər bizdə insanlıq hissi hələ ölməyibsə - və güman edirəm ki, ölməyib, - o vədə gərək uca səs ilə cümhuriyyət qəhrəmanlarını alqışlayıb deyək: Yaşasın cümhuriyyət!” .

      “Cümhuriyyət” məqaləsinin yazılmasından bir əsrdən artıq vaxt keçməsinə baxmayaraq, əsər çağdaş mərhələdə də çox böyük aktuallıq kəsb edir. Məqalədə irəli sürülən müddəalar bu gün Azərbaycan xalqının həyatında mühüm rol oynayır. 7 fevral 2024-cü ildə xalqımız azad, müstəqil, demokratik bir seçkidə fəal iştirak edərək vətənimizin ərazi bütövlüyünün təminatçısına çevrilən, Qarabağ problemini öz uzaqgörən, müdrik siyasəti və yenilməz ordumuzun qüdrəti ilə həll edən böyük bir Siyasi Liderə səs verdi. Azərbaycan xalqı cənab İlham Əliyevə böyük etimad göstərərək Azərbaycan Respublikasının Prezidenti seçməklə xalqımızın və Cəlil Məmmədquluzadənin timsalında  vətənimizin  istiqlalı uğrunda müarizələrdən keçən ziyalılarımızın arzularını gerçəkləşdirdi.   

SİZƏ MARAQLI OLA BİLƏR