Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Cənubi Azərbaycan ədəbiyyatı Ulu Öndərin həmişə diqqət yetirdiyi məsələlərdən olub - Gülnar Səma

10-05-2023 [ 15:48 ] [ oxunub:177 ]
printerA+ | A-
103350

Hakimiyyətə gəldiyi ilk illərdə Ulu Öndər Heydər Əliyevin Qazaxda Molla Pənah Vaqifin ev-muzeyinin yaradılması qərarını verməsi öz dövrü üçün böyük ədəbi hadisə olmaqla yanaşı, milli hadisə idi. 1978-ci ildə isə Şamaxıda Ədəbiyyat Muzeyi yaratmaq haqqında qərar qəbul edilməsi həmin bölgənin tarixi şöhrətini daha da artırdı. Bu, qədim Şamaxı torpağının hələ orta əsrlərdən söz-sənət yuvası olduğuna bələdçilik və ona qayğının təzahürü demək idi. Tarixə nəzər saldıqda görürük ki, müdrik rəhbər Heydər Əliyev ötən əsrin 60-70-ci illərində olduğu kimi, 80-ci illərdə də ədəbiyyatın keşiyində əzmlə dayanıb. 1980-ci il dekabrın 11-də Naxçıvan şəhərində Hüseyn Cavid kimi bir şəxsiyyətin ev-muzeyinin yaradılması qərarına imza atmaq həmin zaman kəsiyi üçün əvəzolunmaz böyüklük idi. Bunu Hüseyn Cavidin faciəvi həyat tarixçəsinə əsaslanaraq söyləmək daha inandırıcı olar. Bir imperiyanın məhv etdiyi bir dahini hələ o imperiyanın mövcud olduğu bir zamanda, məhvindən yarım əsr keçməmiş öz vətəninə təmtəraqlı surətdə təhvil vermək tarixi ədalətsizlik üzərində milli qələbə idi.

1969-cu ildə Azərbaycana rəhbər təyin edilən Heydər Əliyev 1970-ci ildə Rəsul Rzanın 60 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasına nail olub. Bu, o dövr üçün yazarlara böyük etimadın göstəricisi idi. Bu göstərici hər il daha da artır, daha geniş arenanı əhatə edirdi. Belə ki, 1973-cü ildə həm Nigar Rəfibəylinin 60, həm də Nəbi Xəzrinin 50 illik yubileyləri böyük təntənə ilə gerçəkləşdirilir. Həmin dövrdə klassiklərə olan diqqətdən danışarkən ilbəil keçirilən yubiley tədbirlərini xatırlamaq lazımdır. 1972-ci ildə Nəriman Nərimanovun 100 illik yubileyi qeyd edilməklə bərabər, heykəlinin ucaldılması ədəbiyyat tariximiz üçün önəmli hadisə idi. Həmçinin 1973-cü il sentyabrın 13-də İmadəddin Nəsiminin 600 illik yubileyinin Bakı ilə yanaşı, Moskvada da keçirilməsi bütün imperiyanı Azərbaycana diqqət ayırmağa sövq etmək demək idi. Nəticədə 1980-ci ildə Bakıda Nəsiminin abidəsi qoyuldu. Qarşıdan bəşəri şair Nizami Gəncəvinin yubileyi gəlirdi. Bu münasibətlə 1979-cu ildə “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” qərar qəbul edildi. Dövrün bütün ziddiyyətlərinə baxmayaraq, qərarda Nizami Gəncəvinin məhz Azərbaycan şairi olmasının qabarıq vurğulanması siyasətin ədəbiyyatda qələbəsi idi. Bu, o demək idi ki, böyük bir imperiya Nizami Gəncəvini Azərbaycan şairi olaraq öyrənir və təbliğ edirdi. Qərarın icrasından irəli gələrək 1981-ci ildə şairin 840, 1991-ci ildə isə 850 illiyi dövlət səviyyəsində keçirildi.

Ulu Öndər Heydər Əliyev 1980-ci il oktyabrın 27-31-də Bakıda “Ədəbiyyatların dostluğu-xalqların dostluğudur” ümumittifaq konfransını təşkil edərək dünya yazıçılarını bir araya yığmağı bacarmışdı. Bu hadisədən cəmi bir il sonra yazıçıların VII qurultayında Heydər Əliyev birbaşa Cənubi Azərbaycan ədəbiyyatı məsələlərinə toxunur. Bunun təfərrüatlarını Vilayət Quliyevin tərtib etdiyi “Ədəbiyyatın yüksək borcu və amalı” kitabında görmək olur. Sovet dövründə cərəyan edən bu hadisələr müstəqillik illərində anbaan reallaşdırılmaqda davam edirdi. Çünki Cənubi Azərbaycan ədəbiyyatı həmişə Ulu Öndərin diqqətində olan məsələlərdən olub. Bunun nəticəsi olaraq 1997-ci il oktyabrın 29-da “Məhəmmədhüseyn Şəhriyarın anadan olmasının 90 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalandı.

1990-cı illərdə ölkəmizin düçar edildiyi ədalətsiz müharibənin fəsadlarına baxmayaraq, Heydər Əliyev yenə də ədəbiyyat sahəsinə öz diqqət və qayğısını azaltmırdı. 1994-cü ildə satirik qələm ustası Cəlil Məmmədquluzadənin 125 illik yubileyinin keçirilməsi həmin çətinliklər dövründə böyük hadisə idi. Həmçinin Azərbaycanın azadlıq mücadiləsində fərqlənən şairlərin dövlət tərəfindən mükafatlandırılması milli müstəqilliyə xidmət edirdi. 1995-ci ildə ilk dəfə Ulu Öndər Heydər Əliyev tərəfindən Bəxtiyar Vahabzadəyə verilən “İstiqlal” ordeninə sonralar Məmməd Araz və Xəlil Rza Ulutürk də layiq görüldülər.

Ümummilli Lider Heydər Əliyev sovet hakimiyyəti illərində olduğu kimi, müstəqillik illərində də yazıçıların qurultayında iştirak edib. 1997-ci ilin oktyabrında Azərbaycan Yazıçılar Birliyinin X qurultayında iştirakı yazarlar üçün böyük etimad idi. Həmin qurultayın səmərəli nəticəsi olaraq Azərbaycan Yazıçılar Birliyinin mətbu orqanları olan “Azərbaycan”, “Ulduz”, “Qobustan”, “Literaturnıy Azerbaydjan” jurnalları və “Ədəbiyyat qəzeti” dövlət tərəfindən maliyyələşdirilərək nəşr edilməyə başlandı. Müdrik rəhbərin ədəbiyyat sahəsində xidmətlərindən söz düşəndə onun folklora və folklor nümunələrinə biganə olmadığını da söyləmək lazımdır. 1997-2000-ci illərdə “Dədə Qorqud” dastanının Bakı ilə yanaşı, Drezden və UNESCO-da yubileyinin təşkili fikirlərimizi əsaslandırır. 2000-ci ildə “Kitabı-Dədə Qorqud” eposunun 1300 illiyi münasibətilə həyata keçirilən kütləvi silsilə tədbirlər nəinki folklorşünaslığa, o cümlədən ədəbiyyatşünaslığa böyük təkan verdi.

SİZƏ MARAQLI OLA BİLƏR