Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Orta əsr tədqiqatçıları Nizami Gəncəvinin milli kimliyi və vətəni haqqında - Təhminə Bədəlova

28-03-2023 [ 15:14 ] [ oxunub:100 ]
printerA+ | A-
103212

Mənim gizli mənalarımı aşikar aparırlar,

Buxaraya da aparsalar, onlar Gəncənindir.

Nizami Gəncəvi, "İskəndərnamə"

Yaxın və Orta Şərq, eləcə də Şərqi Avropa ədəbiyyatını uzun əsrlər özünün mövzu və ideyalarının təsiri altında saxlayan XII əsr dahi Azərbaycan şairi Nizami Gəncəvi şəxsiyyəti və yaradıcılığı Azərbaycanın milli-mənəvi və mədəni sərvəti kimi xalqımız üçün müqəddəs və toxunulmazdır. Məsələyə dövlət səviyyəsində həssas münasibət də məhz bununla bağlıdır.

Nizami Gəncəvinin milli kimliyini və vətənini şübhə altına alanlara, daha doğrusu, əslində, həqiqəti bilib məsələ ətrafında qərəzli və süni şəkildə "tor quranlara" ən tutarlı və əsaslı cavab isə zaman etibarilə Nizamiyə yaxın olan ədəbiyyat xadimlərinin, təzkirəçi və söz sənətkarlarının bu barədəki fikir, mülahizə və işarələridir.

Bu baxımdan Nizaminin müasiri hesab olunacaq XIII əsr təzkirəçisi Məhəmməd Ovfinin "Lübabül-əlbab" əsərindəki fikirlərə diqqət edək. Nizami poemalarını yüksək qiymətləndirən, onları bütün gözəlliklərin xəzinəsi adlandıran XIII əsr müəllifi Məhəmməd Ovfi tərtib etdiyi və dahi şair haqqında məlumat verən ilk mənbə kimi dəyərli olan "Lübabül-əlbab" təzkirəsində "Leyli və Məcnun" poemasının üslubunu üzünü göstərməklə aqillərin ağıllarını başdan alan (dar) qıyıq gözlü Türküstan gözəllərinə bənzədir. Professor Xəlil Yusifli yazır ki, "onun (Məhəmməd Ovfinin - T.B.) bu qeydi poemanın özündən gəlir. Nizami özü Leylini təsvir edərkən "onu adamları özünə məftun etməkdə bir əcəm türkü", bugünkü sözlərlə desək, bir azərbaycanlı kimi təqdim edir".

Mahe ərəbi be rox nəmudən,

Torke əcəmi be del robudən.

(Üzünü göstərməkdə ərəb ayı idi,

Könül ovlamaqda əcəm türkü idi)

Akademik Teymur Kərimli bu münasibətlə yazır: "Təbii ki, Nizaminin monumental qadın obrazları qalereyasında "ərəb paltarı geymiş türk" deyə təqdim etdiyi Leylinin də Şirinin ardınca öz yeri vardır.

Mövzusu tarixdə ərəb əfsanəsi kimi məşhurlaşmış sevgi hekayətindən götürülmüş, farsca yazılmış bir əsərdə ədəbiyyat bilicisini türk ruhunu, türk obrazlarını, Türküstan gözəllərini görməyə vadar edən nə idi? Nizaminin türk olduğunu etiraf edən və bu məsələyə çox ehtiyatla və həssaslıqla yanaşmağı tövsiyə edən, Nizamini fars ədəbiyyatında bir mərhələ adlandıran akademik Aqafangel Krımski də "Nizami və müasirləri" əsərində Ovfinin bu fikrinə etiraz etmir və yuxarıda qoyulan suala belə cavab verir:

Səciyyəvidir ki, Nizaminin müasiri olmuş ədəbiyyat tarixçisi Ovfi poemanın bədiiliyini qiymətləndirməyi bacarsa da, onun "Türküstana aid olduğunu" etiraf etmişdir, yəni həm poemanın qəhrəmanlarında, həm də onların həyat tərzində, görünür, məşhur klassik ərəbbədəvi aşiq cütlüyünü və ədəbi baxımdan tərifi göylərə qaldırılmış, natiqlik istedadı (fəsəha) ilə məşhur klassik ərəb məişətini deyil, Nizaminin uşaqlıq çağlarından doğma Gəncəsinin yaxınlığında yaxşı müşahidə etdiyi köçəri türklərin məişət və düşüncəsinin əksini görmüşdür.

Əmir Teymur sülaləsinin nümayəndəsi İskəndər bin Ömər Şeyx Mirzənin (1409-1414) saray şairi olmuş, Nizaminin "Məxzənül-əsrar" məsnəvisinə eyniadlı məsnəvi yazmış çağatayözbək şairi Heydər Xarəzmi əsərinin "Öyülən kimsənin adına fal açma, onu mədh etmə və söyləyənin gücsüzlüyü" bəhsində ustadı Nizami Gəncəvi ilə xəyali görüşünü təsvir edir. Şair onu "inziva taxtına çəkilmiş arif kişi" adlandırır və qələmi yonub şaha dua edərək əsərinə başlayan an onun gəlib nəsihət etdiyini yazır. Burada Heydər Xarəzminin Nizaminin dili ilə söylədikləri ibrətamizdir və hazırda mübahisə obyekti olan bəzi məsələlərə işıq salmaq üçün olduqca qiymətlidir. Heydər Xarəzmi təsvir edir ki, onun səsini eşidincə ayaqlarına düşdüm və o, bir damlası ilə dimağımı sərxoş etdi. Nizami onun qolundan tutub qaldırır və deyir:

Türk zuhuri-dur acun-da bu kün

Başla uluğ yır bile türkane ün.

...türk südurını tüzük birle tüz

Yahşı ayalgu bile kög-le kopuz.

(Bu gün türkün dünyada meydana çıxdığı gündür, Türkə yaraşan səslə böyük nəğməyə başla. ... türk nəğməsini üsulu ilə tərənnüm et, gözəl ahənglə qopuz çal (qopuzu köklə)).

XIV əsrin sonları və XV əsrin əvvəllərində yaşamış bir söz sənətkarının, yəni ədəbi örpəyə bürünmüş siyasi "oyunlardan" tamamilə uzaq olan Heydər Xarəzminin bu misraları Nizami Gəncəvinin milli mənsubiyyəti haqqında uydurma və qərəzli polemikalar yaradanlara ən tutarlı və əsaslı cavabdır.

Nizami ədəbi məktəbinin ən məşhur davamçılarından, türk dilində ilk "Xəmsə" yaratmış, "Mühakimətül-lüğəteyn" əsəri ilə türk dilinin ədəbi-bədii imkanlarını sübut etmiş Əlişir Nəvai ustadının ilk məsnəvisinə nəzirə kimi qələmə aldığı "Heyrətül-əbrar"da Nizami Gəncəvidən bəhs edərək onu "Gözəl və aydın danışmaq qabiliyyəti olanların (söz sənətkarlarının) dəstəsinin başının tacı, Həqiqət xəzinəsinin tacının gövhəri, Fəzilət mədəninin gövhərinin əmanət saxlayanı, Bəlağət dənizi içərisində qiymətli gövhər və s." adlandırır.

"Gəncə vətən, könli anın gəncxiz" - deyən Nəvai Nizaminin könlünün Gəncədə xəzinələr yaratdığını, özünün xəzinədar, dilinin isə xəzinəsaçan olduğunu söyləyir.

Ümumiyyətlə, XV əsrədək olan mənbələrin hamısında Nizami Gəncəvinin birmənalı olaraq Gəncədə doğulub böyüməsi, əsil-nəcabətinin də məhz Gəncədən olması haqqında bilgi verilir: adıçəkilən mənbələrdən başqa, Zəkəriyya Qəzvini "Asarül-bilad və əxbarül-ibad", Əbdürrəhman Cami "Baharıstan", Dövlətşah Səmərqəndi "Təşkirətüş-şüəra" əsərlərində məlum həqiqəti heç bir şübhə doğurmayan gerçəklik kimi, ən əsası isə heç bir qərəz olmadan, siyasi məqsəd güdmədən, Nizami Gəncəvi irsinə ümumbəşəri dəyər kimi yanaşaraq qələmə almışlar.

Əgər o Aydırsa, biz də Günəşik,

Və əgər o Keyxosrovdursa, biz Əfrasiyabıq ("Xosrov və Şirin").

Mənim türkümü bu həbəşdə almırlar,

Təəssüf ki, xalq xoş (şirin) dovğaya meyil etmir ("Yeddi gözəl").

Türklərin dövləti ucalanda

Məmləkətdə ədalət bərqərar oldu ("Sirlər xəzinəsi").

SİZƏ MARAQLI OLA BİLƏR