Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Ə

Şuşadan boylanan xatirələr - Səltənət Əliyeva

15-04-2022 [ 15:44 ] [ oxunub:438 ]
printerA+ | A-

Ədəbiyyat İnstitutunun əməkdaşlarının Şuşaya səfər təəsüratları

30 illik həsrətdən sonra ilk dəfə görüşünə gəlmişəm, Şuşa. Bircə qanadlarım yox idi ki, uçam. 30 illik həsrət çəkdirib sonra yenidən qovuşduran Allaha şükürlər olsun!  Böyük zamandı. Zaman və məkan uzunluğu səni qəlbimdən çıxara bilmədi. Buna gücü çatmadı. Hicran nə qədər uzun olarsa, vüsal bir o qədər şirin olar, -  deyirlər. Bizimki ondan oldu, Şuşa. Sən yenə əzəmətlisən,  yenə qüdrətli və gözəlsən. Yenə bizi qoynuna aldın, əzizlədin, yenə üzümüzü güldürdün. Bir körpənin yalnız ana qucağında  rahatlıq tapdığı kimi mən də sənin qoynunda rahatlığa qovuşdum. Sən bizə Allahın hədiyyəsisən. Sən böyüksən, Şuşa. Yenə  istədiyimi səndən ala bildim. Duyğuarım, hisslərim bir-birinə qarışdı. İtirdiyim illərə, sənsiz keçən günlərə yandım. Sevinci də, kədəri də eyni anda yaşadım.  Mən səndən aldığım zövqü heç yerdən almadım, səninlə yaşadıqlarımı heç yerdə yaşamadım, yaşaya bilmədim, Şuşa. Bu gün həsrətini çəkdiyim və hər yerdə axtardığım ətrini, qoxunu yenidən duydum. Şuşa. Həmin qoxu, həmin gözəllik, həmin təmizlik, həmin hava idi. Ciyərlərimə çəkdim. Yenidən nəfəs aldım, həyata qayıtdım. Sən dəyişməmisən, Şuşa.  Dəyişən bizik.  Böyüyən, səni yenidən kəşf edən, dəyərini yenidən anlayan bizik.

   Mən yenə də sənə heyranam, Şuşa. 30 il əvvəl də belə idi, indi də belədir. Qəlbimdə heç nə dəyişmədi.

Bu gün keçmişə qayıdış günüdür.  Çünki bu gün illərlə üstü basdırılmış uşaqlıq xatirələrim Cıdır düzündə - uşaqlıq oylağımda yenidən oyandı. Kədərlə xatırladığım günlərə yenidən döndüm.  Mən o anları yenidən yaşadım Şuşa. Bir topum, bir də kəndirbazım yox idi ki, hər şey yenidən təkrar olsun. Bu gün sən mənim sehrli xalatım oldun.  Hər şeyi mənə xatırlatdın, Şuşa.

Bu gün xatirələrim bir-birinə dolaşdı.  Xatirələr o qədərdir ki, nəyi xatırlayacağımı da, haradan başlayacağımı da bilmədim. Bilmədim ki, burada kəndirbazla oynamağımızı yadıma salım, yoxsa voleybol oynamağımızımı?  Uşaq vaxtı xınagülü dediyimiz  bitkini tapmaq üçün dəridən qabıqdan çıxırdıq. Az qala daşları da qaldırıb altına baxırdıq. Tapanda əvvəl daşlara,  sonra da  əlimizə sürtərdik. Bunumu deyim? Çiçəklərdən çələng düzəltməyimizimi? Yoxsa bütün oyunlar qurtaranda otururb bir kəlmə kəsmədən səssizcə, saatlarca sənə tamaşa etməyimizimi deyim? Ya  çiçəklərdən dəstə bağlayıb Ağdama aparmaq üçün günlərlə necə əzizləyib saxlamağımdanmı danışım?  Hansını xatırlayım? Bəlkə, evdəkilərin  bizi zorla evə aparmalarınımı?  

Cıdır düzündə olanda evi unudurduq. Evdən arxamızca adam gəlməsə, evə qayıtmazdıq.  Hər dəfə də bizi danlayardılar. Bir də bura gəlməyiniz son olsun, -  deyirdilər. Amma səhər duran kimi çay-çörək yeməzdik, birbaşa Cıdır düzünə qaçardıq. Yenə eyni şeylər təkrar olardı. Bəzən də insafa gələr, qayıtmadığımızı görəndə ardımızca yemək və bir də axşamın soyuğundan qorunmaq üçün isti bir şey gətirirdilər geyinməyə. Hansı sehr idi bizi sənə bağlayan? Bizi nəylə ovsunlamışdın, Şuşa?

Biz heç yoruldum deməzdik. Qarış qarış hər tərəfi gəzərdik. Biz gücü səndən alırdıq, Şuşa. Sən bizim məhəbbətimiz idin. Sən bizim ən yaxın sirdaşımız idin, dostumuz idin. Bütün sirlərimiz səndə idi. Sən hər şeyimiz idin.

Ən ağır xatirəm isə Cıdır düzünə son gedişim olmuşdu. Şuşada dərin bir sükut var idi. Vəziyyət pisləşdiyi üçün açıq sahələrə, Cıdır düzünə uşaqların gedişi narahatlıq doğururdu. Bunlara baxmayaraq bir gün gözdən yayınnıb gəzə-gəzə Cıdır düzünə getmişdik uşaqlarla. Sonra fikirləşdik ki, yığdığımız çiçəkləri aparıb evə qoyaq, paltarlarımızı dəyişək və qayıdıb şəkil çəkdirək. Geri qayıdanda hara getdiyimizi bilib  bizi çox danladılar. Qayıtmağa icazə vermədilər. Çıdırdan yığdığımız o çiçəklər son çiçəklər oldu.  Və o yay mənim Şuşada son yayım oldu. O şəkli isə çəkdirə bilmədik. 30 il sonra yenə eyni yerdəyəm, yer həmin yer, daşlar həmin daşlardır. İndi daha qürurlu və daha sevincliyəm. O şəkli isə mən düz 30 il sonra bu gün çəkdirdim, Şuşa.

Bəlkə, dəyərini anlamamışdıq.  Nəyi itirdiyimizi və nəyi geri aldığımızı anladıq gəldik, Şuşa. Bu günü mənə bəxş edən Allahıma şükürlər olsun! Müqəddəs bir ayda aldğım ən gözəl hədiyyəm oldun, Şuşa.

Darıxdım, Şuşa. Çox darıxdım, lap çox. Əlim çatmadı, gələ bilmədim. Gecikdim, gec gəldim. Bağışla, Şuşa.

Hisslərimi paylaşmağı sevmirəm. Amma indi istədim hamı bilsin ki, MƏN SƏNƏ AŞİQƏM, ŞUŞA.

Uşaqlığımın keçdiyi evə isə gedə bilmədim. Çox istəsəm də.... Ürəyim getmək istəsə də,  ayaqlarım və ağlım buna imkan vermədi. Ağlım ürəyimə bu günü korlama, -  dedi,  fikrimdən döndüm. Bir də qorxdum ki, Ağdamdakı kimi uşaqlıq xatirələrim məhv olar, dağılar.  Məni keçmişə qaytara bilən heç nə görə bilmərəm.  Sevincim gözümdə qalar.  Bununla üzləşməyə cəsarətim çatmadı.

Sənə qovuşmağa vəsilə olan əsgərlərimizə isə təşəkkürlər. Qanı və canı bahasına torpaqlarımızı geri qaytaran Şəhidlərimizə Allah rəhmət eləsin.  Bir də bu səfərin təşkilatçıları, əməyi keçən hər kəs, Sizə sonsuz təşəkkürlər.