Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Ömrün yolu - şeirdən akademik çevrələrə - Elnarə Akimova

15-10-2024 [ 15:11 ] [ oxunub:205 ]
printerA+ | A-
104920

İsa Həbibbəylinin doğum gününə

Akademik İsa Həbibbəylinin alim tərcümeyi-halı bizim ədəbiyyatşünaslığın vahid tərcümeyi-halının bir hissəsini özündə ehtiva edir, onun ayrı-ayrı təmayül və mənzərəsini görükdürür, əsərləri elmi-nəzəri fikrin son əlli ildə keçdiyi təşəkkül və inkişaf yolu haqqında aydın təsəvvür oyadır.

İsa Həbibbəyli 70-ci illər ədəbi nəslinin yetirməsidir. Məmməd Cəfər Cəfərov məktəbinin ən yaxşı dəyərlərini mənimsəyib ədəbi prosesə yanaşmada prioritetə çevirən tədqiqatçı alimdir. Məmməd Cəfər sevgisi İsa Həbibbəylinin tərcümeyi-halından işıq kimi keçir. Amma yalnız Məmməd Cəfəri deyil, ömründən keçən bütün alimləri hörmətlə xatırlayır, yad edir, yubileylərinə, anım günlərinə ehtiramla yanaşır. Eyni sədaqət hissi ilə İsa Həbibbəyli dövlətçiliyə, milli ideologiyaya etibarlı insandır. Xüsusilə azərbaycançılıq ideologiyası onun əsərlərinin başlıca istiqamətidir. Son illərdə meydana qoyduğu ədəbiyyat tarixçiliyi konsepsiyasının da yeni dövr üçün əhəmiyyəti ilk növbədə, onun azərbaycançılıq ideologiyasının prinsipləri əsasında yazılmasıdır.

Məlumdur ki, 1990-cı illərdə, milli müstəqilliyimizin bərpası ilə hər cür ideoloji diktələrdən arınmış bir ədəbiyyatın problemlərinin öyrənilməsi prosesləri başlandı. Bu istiqamətdə vacib məsələlərdən biri ədəbiyyatda azərbaycançılıq, milli özünüdərk və vətənpərvərlik ideyalarının təşəkkülü və inkişafı mərhələlərinin öyrənilməsi idi. Akademik İsa Həbibbəyli XX əsrin əvvəllərindən etibarən milli ədəbi-ictimai fikirdə Azərbaycançılıq təliminin əsas yer tutduğunu bildirərək yazırdı: "Azərbaycançılıq - milli düşüncənin və Vətən anlayışının bir yerdə qavranılması təlimi kimi xalqın və ölkənin milli maraqlarının - maarifçilikdən milli azadlıq ideyalarına, istiqlal mübarizəsi düşüncəsinə, dövlət müstəqilliyi şüuruna qədərki bütün ideallarının ədəbiyyatın canında və qanında olmasını qaçılmaz həyati tələbat səviyyəsinə qaldıran ümummilli məfkurədir". Məhz məfkurəvi qayəyə söykənməsi, milli özünüdərk və vətənpərvərlik ideyalarının parlaq təcəssümünü verməyi əsas hədəfə çevirməsi XX əsrin əvvəllərinin ədəbiyyatını həlledici mərhələ kimi təsnif etməyə imkan verirdi.

İsa Həbibbəyli milli şüurun yetkinləşməsi, xalqın etnogenezisinin dərki üçün vacib olan bu amilin bir doktrina, konsepsiya kimi ədəbi-nəzəri fikirdə qoyuluşunun vacibliyini təsbit edən alimdir. Onun bütün yaradıcılığı bu ideologiyanın prinsipləri əsasında qərar tutub. Bunların lap uca mərtəbəsində isə təbii ki, Cəlil Məmmədquluzadəyə olan sevgi dayanır. Böyük yazıçının əsərlərində olan azərbaycançılıq xətti, milli şüur İsa Həbibbəylinin də alim kimi yaradıcılıq kredosunun əsasında dayanan başlıca amildir. Və bu iki ziyalını, onların mexaniki deyil, ruhsal-mənəvi birliyinin əsasında dayanan amilin ilkin adı da elə azərbaycançılıq duyğusudur. İsa Həbibbəyli Cəlil Məmmədquluzadə irsinin sistemə salınması, onun bütün nəsil şəcərəsinin müəyyənliyinin aşkara çıxması üçün ömür verən insandır. Cəlilşünaslığın elm kimi inkişafı İsa Həbibbəylinin adı ilə bağlıdır.

İsa Həbibbəylinin bioqrafiyası, bu bioqrafiyaya sığan kitablar ədəbiyyatımızı sistemli görüb duymağa material verir, klassik ədəbiyyatdan tutmuş çağdaş ədəbiyyatımızın ən son dövrlərinə qədər keçilən yol görünür bu yazılarda. Məsələ yalnız araşdırma ilə bitmir əlbəttə, onların yaddaşla mənəvi təmasda rolu inkar edilə bilməz. Yaddaş, sənət və ədəbiyyat! Onun sənətə, dövrə yanaşmasında bu amilin əhəmiyyətli rolu var: "Böyük ədəbiyyatı tarixi ənənələr, müasir Zaman və gələcək miqyasında qavramaq, dəyərləndirmək və xalqa çatdırmaq Ədəbiyyatşünaslıq elminin borcu və vəzifəsidir"; üstəlik İsa Həbibbəyli bura şəxsiyyət amilinin önəmini əlavə edir: "Yazıçı Zamanı düşündürən və qabaqlayan böyük ideallar səviyyəsinə çatdıqda ədəbi şəxsiyyətə çevrilir".

İsa Həbibbəylinin nəzəri düşüncələrinin hədəfində milli ədəbi-bədii fikrin tarixi inkişafına xas qanunauyğunluqlar dayanır. O, bu qanunauyğunluqların tədqiqinə üç prizmadan nəzər yetirir: şəxsiyyət və onun bədii inkişafda rolu, milli məfkurə və azərbaycançılıq amili. Maraqlıdır ki, bu prinsiplər alimin ədəbiyyat tarixinin öyrənilməsinin də qarşısında dayanan struktur amillərdir: sivilizasiya amili, ədəbi-tarixi proseslərin reallıqları, Azərbaycanda ədəbi cərəyanlar və Azərbaycançılıq məfkurəsi.

İsa Həbibbəyli cərəyanlar barədə milli ədəbiyyatşünaslıqdakı mövcud buxovları, ironiya və inamsızlığı aradan qaldıran, bu barədə geniş və qətiyyətli danışmağa yol açan alimdir. Təsəvvür edin, postmodernizm termininə hələ də qıcıqla yanaşıldığı dövrdə İsa Həbibbəyli ondan çağdaş ədəbiyyatın əsas ədəbi cərəyanı kimi bəhs etdi. Ədəbiyyat İnstititunda "izm"lərlə bağlı söhbəti kuluarlardan tribuna səviyyəsinə qaldıran İsa Həbibbəyli oldu. Yəni buyurun müzakirə edək, diletant praktikalardan uzaq elmi, akademik refleksiya sərgiləyək. Hər il keçirilən "İlin ədəbi yekunları" elmi-yaradıcılıq müşavirəsi, Ədəbiyyat İnstitutunda iki dəfə geniş formada təşkil olunmuş "Ədəbi cərəyanlar: poetikası və estetikası" mövzusunda elmi sessiya, İnstitutda fəaliyyət göstərən "Ədəbi cərəyanlar" sektoru dediklərimizə sübutdur. Eləcə də iki il əvvəl, AYB-nin XIII qurultayında etdiyi məruzədə də çıxışını cərəyanlar kontekstində qurması...

Bütün dünyanı tərpətmiş, yaradıcılıq firtınası yaratmış Qərb nəzəri-estetik fikir istiqamətlərinin, cərəyanlaşmanın bizdə də fundamental əsası, yaxud ötəri də olsa izi, ştrixi varmı? Bu əlbəttə ki, məsələnin bir tərəfidir. Digər məsələ, çağdaş zamana onun öz parametrləri, düşüncə paradiqması ilə yanaşıb dəyərləndirmək zərurətidir ki, buna nail olmadan nə yeni yaranan ədəbiyyatı tədqiq etmək mümkündür, nə də dünya mədəniyyəti içində necə görünməyimizi bəlirləmək. Əks halda yəqin ki, müstəqillik dövrünün ədəbiyyatını analizin predmetinə çevirmək mümkün olmazdı. İsa Həbibbəyli 1991-ci ildən başlayan müstəqillik dövrü çoxmetodlu Azərbaycan ədəbiyyatını tədqiq edərkən bu amilləri nəzərə alır, məsələni vahid ədəbi informasiya məkanından nə isə əxz etmək kimi deyil, həm də ora özünəməxsus milli çaların artırılması şəklində qoyur və bu parametrlər əsasında çağdaş ədəbiyyat, mətn, müəllif məsələlərini izah edir.

İsa Həbibbəyli ədəbiyyatşünaslıqla ədəbi prosesin yaxınlaşmasına, qaynayıb qarışmasına çalışan ədəbiyyatşünaslardandır. Bu da onun həm yeniliklərə açıq olmasından, həm də ədəbiyyatı vahid, sistemli mexanizm kimi bütöv görmək əzmindən doğur. Onun ideya müəllifliyi və rəhbərliyi ilə "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı" ikicildliyinin hazırlanması, Heydər Əliyevin 95 illiyi ilə bağlı ərsəyə gətirilən ikicildlik "Ədəbiyyatda Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala", 100 illiyi ilə bağlı meydana qoyulan "Azərbaycan ədəbiyyatında Vətən və dövlətçilik məfkurəsinin intibahı: Heydər Əliyevdən İlham Əliyevə" kitabları, müasiri olduğu şair və yazıçıların yeni əsərlərinə mütəmadi diqqəti onun elmi yaradıcılığının prioritet istiqamətlərindəndir. Buna əsas verən digər amil isə düz on il sərasər Ədəbiyyat İnstitutunda ilin ədəbi yekunlarına həsr olunmuş elmi-yaradıcılıq müşavirəsinin keçirilməsi, ardınca orada səslənən məruzələrin toplu qismində nəşr olunması faktıdır. Çapı çoxdan dayandırılmış "Azərbaycan ədəbiyyatşünaslığı", "Ədəbi əlaqələr", "Xəbərlər" jurnallarının yenidən dirçəlişi, nəşrinə start verilməsi, habelə nəzəri problemləri ehtiva edən "Poetika-izm" məcmuəsinin ardıcıl çapı xüsusilə elmi tədqiqatları ilə bağlı ünvan arayan doktorantların təmənnasız üz tuta biləcəyi toplulardır. Ard-arda keçirilən mötəbər konfranslar və orda səsləndirilən məruzə mətnlərinin yer aldığı kitablar, İnstitutda anım günləri daim yad olunan ustad ədəbiyyatşünaslar və onların seçmə əsərlərinin çap olunub təkrar ədəbi dövriyyəyə gətirilməsi də bu qayğı və diqqətin bariz nümunələridir. Habelə elmi kontekstdə ilk dəfə "Fizika və lirika", "Neft və ədəbiyyat" mövzularının qabarması və müxtəlif düşüncə yönünü daşıyan alimləri bir araya cəm edib ədəbiyyata daha geniş spektrlərdən nəzər yetirmək cəhdi... Dünyanın seçilmiş türklərindən olan Olyas Süleymenovu Ədəbiyyat İnstitutuna dəvət edib əməkdaşlara bayram əhvalı yaşatdığı gün, yaxud Nobelli yazar Voli Şoyinka ilə İnstitut zalında canlı görüş təşkil edib dünyanı Azərbaycanın bir küncünə sığdırmağı bacardığı o möhtəşəm anlar, eyni kontekstdə Çingiz Aytmatovla bağlı düzənlədiyi beynəlxalq səviyyəli konfrans, dünyanın bir çox ölkələrindən dəvət almış alimlərin məruzələrində sərgilənən Aytmayov sevgisinə şahid olmaq, Beynəlxalq ana dili ilə bağlı İsa müəllimin dəvət etdiyi respublika məktəblilərinin ifasında səslənən şeir parçalarını dinləmək, onların balaca qəlblərindəki işığa, vətən duyğusuna sarıldığımız o kövrək məqamlar hər deyəndə ələ düşən yaşantılar deyil. Bütün bunları İsa müəllimin necə sevə-sevə, ürəkdolusu etdiyinin fərqində olmuşam. Bu ilin iyun ayında Oğuz rayonunda keçirilən "Mən böyüyürəm, İnsanlar" kitabının təqdimatının təşəbbüskarı da İsa müəllim olmuşdur. Kiçik bir kitabça, o kitaba toplanmış 13 balaca uşağın düşüncə dünyasının məhsulu olan mətnlərin işığına sevinmək və onları diqqətsiz qoymamaq həssaslığı! Elə "Uşaq ədəbiyyatı" şöbəsini yaratmaq təşəbbüsünü irəli sürmək və onu gerçəkləşdirmək həssaslığı kimi.

İsa Həbibbəyli uşaq ədəbiyyatının inkişafında, onun yeni epoxanın dəyərləri işığında dərk olunmasında xüsusi rolu olan alimdir. Bizdə uşaq ədəbiyyatının vəziyyəti akademik səviyyədə ardıcıl təhlil və tədqiq obyektinə çevrilməmişdir. Ədəbi tənqid belə kiçiklər üçün yazılmış əsərləri bəzən sükutla qarşılamışdır. Müxtəlif illərdə ədəbiyyatla bağlı müxtəlif janrlarda məruzələr edərkən uşaq ədəbiyyatının problemlərinə qısaca toxunmuş, ötəri nəzər salmaqla kifayətlənmişdik. İsa Həbibbəylinin təşəbbüsü ilə 28 yanvar 2015-ci ildə "Uşaq ədəbiyyatı: Ədəbi-tarixi ənənələri və müasir problemləri"nə həsr olunan müşavirənin keçirilməsi problemlərə siqlətli nüfuz üçün mütərəqqi addım oldu. Uzun illərin susqunluğundan sonra böyük bir sahənin problemləri mötəbər tribunada aktuallanırdı. Bu, uşaq ədəbiyyatının təbliği və problemlərinin gündəmə gətirilməsi istiqamətində dinamikliyin yaranmasına rəvac verdi. Tək onu demək kifayətdir ki, artıq hər il keçirilən "Ədəbi proses" elmi yaradıcılıq müşavirəsində bu sahəyə dair silsilə məruzələr dinlənir. Bu məruzələr uşaq ədəbiyyatının inkişaf qanunauyğunluğu ilə bağlı müəyyən fikir hasil etməyə, ümumiləşdirmələr aparmağa imkan yaradır.

Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində aparıcı ölkələrdən birinə çevrilmiş müstəqil Azərbaycanda yeni nəslin yetişdirilməsi qarşıya qoyulan dövlət səviyyəli, əsas problemlərdən biridir. Hansı ki, bu amilin zəruriliyini Yeni Azərbaycan Partiyasının VII Qurultayında ölkə başçısı İlham Əliyevin özü də xüsusi olaraq vurğulamış, habelə bu yaxınlarda gerçəkləşən VII çağırış Milli Məclisin ilk iclasında əsas tələb olaraq irəli sürmüşdür. Milli ruha sahib, sağlam əqidəli, dürüst, dövlətinə və xalqına sədaqətli nəsil yetişdirməyin vacib məram olduğunu nəzərə çatdırmışdır. İsa müəllimin təşəbbüsü ilə yaradılan Uşaq ədəbiyyatı şöbəsi bu amilləri hədəfləmək, həmçinin işin elmi müstəvidə öyrənilməsi üçün inkişafına təkan vermək məqsədi daşıyır. İsa Həbibbəyli uşaq ədəbiyyatının keçdiyi yola da bu kontekstdən nəzər yetirir: məfkurəyə, milli ruha, milli ideala xidmət. Yəni Azərbaycan uşaq ədəbiyyatında azərbaycançılıq məfkurəsi. Bu ideologiyadan da üstün bir dəyərdir.

***

Azərbaycan Respublikasının Prezidenti, möhtərəm İlham Əliyevin sərəncamı ilə Akademiyanın prezidenti kimi təsdiq olunduğu zamandan etibarən İsa Həbibbəylinin başladığı işlər elmdə, ədəbiyyatda çıxdığı yolun davamı oldu. Akademik azərbaycançılıq, ideoloji istiqamətlərdə məqsəd və məramlarını daha geniş, daha diapazonlu müstəvilərə adlatdı. Prezident İlham Əliyevin çağırışlarına uyğun olaraq müxtəlif elmi-tədqiqat institutlarında Qərbi Azərbaycanın tarixi, folkloru, toponimikası, əlyazmalarının tədqiqi ilə bağlı yeni şöbələr yaratdı. "Qərbi Azərbaycan ensiklopediyası"nın sözlüyünün hazırlanaraq təsdiq edilməsi, müəlliflər heyətinin müəyyən olunması yaddaşa, yurd yerlərimizə diqqət olmaqla yanaşı, həm də məfkurəvi bazanın yaradılması işində müstəsna addım sayılmalıdır.

İsa Həbibbəylinin akademiyaya rəhbərliyindən sonra ilk dəfə olaraq Azərbaycan Milli Elmlər Akademiyası Türkiyə Cümhuriyyətinin Atatürk, Kültür, Dil və Tarix Yüksək Qurumunun "Türk Dilinə Xidmət" mükafatı ilə təltif edildi. Qeyd edək ki, "Türk Dilinə Xidmət" mükafatı Azərbaycan Milli Elmlər Akademiyasının müstəqillik illərində təltif olunduğu ilk beynəlxalq mükafatdır.

Ümumiyyətlə, son illəri Akademiyanın beynəlxalq elmi əməkdaşlıqlarını gücləndirməsinin ən mühüm mərhələsi kimi səciyyələndirmək olar. Məsələn, ötən ilin noyabrında AMEA-da "Nobel mükafatına aparan yolun dərsləri: mif, reallıqlar, uğurlar və çağırışlar" mövzusunda keçirilən beynəlxalq elmi konfrans bu baxımdan əhəmiyyətli hadisə sayılmalıdır. AMEA prezidenti, akademik İsa Həbibbəyli Akademiyada elmi prioritetlərin müəyyənləşdirilməsinə və Elmlər Akademiyasının beynəlxalq elmi əməkdaşlığının gücləndirilməsinə verə biləcəyi töhfələri nəzərə alaraq, dünya miqyasında tanınmış elm xadimi, türk dünyasının elm sahəsində ilk Nobel mükafatı laureatı, professor Aziz Sancarın AMEA-nın fəxri üzvü seçilməsi ilə bağlı təşəbbüs irəli sürdü və səsvermənin nəticələrinə əsasən, Nobel mükafatı laureatı Aziz Sancar AMEA-nın fəxri üzvü seçildi. Yaxud Banqladeşdən olan və hazırda Banqladeş Müvəqqəti Hökumətinə rəhbərlik edən Nobel Sülh mükafatı laureatı Məhəmməd Yunusla keçirilən görüş və onun Alan Jolislə birlikdə hazırladığı "Kasıbların bankiri" kitabının təqdimatı da akademik çevrəmizin yaddaqalan hadisəsinə çevrilməklə bərabər yeni elmi nəsli bəşəri elmi dəyərlərin tədqiqinə doğru istiqamətləndirməyə xidmət edir.

***

İsa Həbibbəylinin alim, rəhbər kimi özəlliklərindən yaza-yaza hiss edirəm ki, sanki nə isə tamamlanmır... Nədir o tamamlanmayan məqam?!. Yollar şeirdən başlamışdı axı... Poeziyaya, şeirə sevgisi gətirmişdi onu elmə. İsa müəllimin şeirlərinin yer aldığı X cilddə Arpaçayın şəkli altında belə qeydlər yer alır: "İsa Həbibbəylinin iki aurası var. Biri Qəndab xaladır ki, Allah onun ömrünü daha çox uzun etsin. O biri aurası da Arpaçaydır"...

Məncə, bura bir də onun şeir dünyasını əlavə etmək olar. Ona görə yox ki, ədəbiyyata ilk addımlarını şeirlə atıb. Həm də ona görə ki, İsa müəllim indi də bu qədər gərgin iş qrafikinin içində tapdığı ilk imkanda ruhunun təlabatı kimi özünün "İtaka adasına" qayıdır.

Kim bilir, bəlkə yollar deyil, elə ömür şeirdən başlamışdır...

SİZƏ MARAQLI OLA BİLƏR