Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub

27-09-2024 [ 15:21 ] [ oxunub:210 ]
printerA+ | A-
104835

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Kərkük Kültür Dərnəyinin rəhbəri Dr. Şəmsəddin Kuzəçinin “Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” kitabının təqdimatı keçirilib.

Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, nəşrin müəllifi - kərküklü şair və tədqiqatçı, Kərkük Kültür Dərnəyinin rəhbəri Dr. Şəmsəddin Kuzəçi, Azərbaycan Ədəbiyyat Fondunun Baş direktoru, Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü Varis Yolçuyev, AMEA-nın Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli, eləcə də Türk Ağsaqqalları Birliyinin İdarə Heyətinin üzvləri, Akademiyanın müxtəlif institutlarının əməkdaşları və digərləri iştirak ediblər.

Əvvəlcə türkmən ədəbiyyatına dair AMEA-da nəşr olunmuş kitabların sərgisinə baxış keçirilib.

Daha sonra Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və Ordumuzun, xalqımızın vəhdəti ilə şanlı Zəfər tariximizin yazıldığı 44 günlük Vətən müharibəsindən danışıb. Vətən müharibəsində qazanılan Zəfərimizlə 30 illik işğal siyasətinə son qoyulduğunu, Azərbaycanın ərazi bütövlüyünün bərpa edildiyini diqqətə çatdırıb. AMEA rəhbəri, həmçinin 2023-cü ilin sentyabrında keçirilən birgünlük  lokal xarakterli antiterror tədbirləri nəticəsində suverenliyimizin tam təmin edildiyini söyləyib. Vurğulayıb ki, bu şanlı Qələbə nəinki müstəqillik dövrünün, hətta çoxəsrlik dövlətçilik tariximizin ən əlamətdar hadisəsi və zirvə məqamıdır.

Akademik İsa Həbibbəyli Qalib Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Zəfərin uzaqgörən Ulu Öndər Heydər Əliyevin göstərdiyi mübarizə yolunun yaradıcı şəkildə davam və inkişaf etdirilməsinin, uğurla başa çatdırılmasının misilsiz nümunəsi olduğunu bildirib. O, Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 19-da imzaladığı “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” Sərəncamını xatırladaraq, bu sənədi ölkəmizin ictimai-siyasi həyatında nadir tarixi hadisə kimi dəyərləndirib: “Həqiqətən, xoşbəxt insanlarıq ki, ölkəmizin bu tarixi günlərinin canlı şahidi və iştirakçısı oluruq. Bizə bu sevincli günləri, anlanrı yaşatdığı üçün ölkə başçısına dərin minnətdarlığımızı bildiririk”. 

AMEA prezidenti Anım Günü ilə bağlı Akademiyanın institutlarında da müxtəlif tədbirlərin təşkil edildiyini söyləyib. O, Vətən müharibəsində qazandığımız şanlı Qələbənin tariximizdə əbədi qalacağını, şəhidlərimizin daim hörmət və ehtiramla yad ediləcəyini vurğulayıb.

Daha sonra akademik İsa Həbibbəyli İraq-Türkman və Azərbaycan ədəbiyyatının əlaqələrindən danışaraq, ölkəmizdə İraq türkmanları haqqında geniş tədqiqatların aparıldığını diqqətə çatdırıb.

Ədəbiyyat institutunun əməkdaşı professor Qəzənfər Paşayevin fəaliyyətində İraq türkmanlarının ədəbi-mənəvi yaradıcılığının tədqiqi və təbliğinin xüsusi yer tutduğunu deyən alim onun “Altı il Dəclə-Fərat sahillərində” əsərini janrına görə publisist roman kimi dəyərləndirib.

O, İraq-türkman tarixi, dili, ədəbiyyatı, mədəniyyəti, etnoqrafiyası və folkloru ilə bağlı araşdırmaların əlaqələndirilməsi və sistemli koordinasiyası məqsədilə AMEA Rəyasət Heyətinin qərarı ilə İraq-Türkman Araşdırmaları üzrə Əlaqələndirmə Şurasının yaradıldığını diqqətə çatdırıb. Bildirib ki, Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli sözügedən şuranın sədri, professor Qəzənfər Paşayev isə müavini seçiliblər.

Akademik İsa Həbibbəyli, həmçinin ölkə rəhbərinin “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” 2024-cü il tarixli 25 yanvar Sərəncamına əsasən AMEA-da təşkil olunmuş “Dahi Azərbaycan şairi Məhəmməd Füzuli müştərək müsəlman mədəniyyətinin yetirməsi kimi” adlı beynəlxalq elmi konfransda İraqdan çox sayda nümayəndənin iştirak etdiyini xatırladıb. AMEA prezidenti bu il Kərkükdə və Bağdadda birgə konfransların təşkilinin nəzərdə tutulduğunu, həmçinin Məhəmməd Füzulinin məzarını ziyarət etməyin planlaşdırıldığını deyib. O, AMEA-nın bir sıra institutlarının Kərkük Kültür Dərnəyi ilə sıx əməkdaşlıq əlaqələrinin mövcud olduğunu, bir sıra önəmli layihələrin həyata keçirildiyini bildirib.

Elmi ictimaiyyətə təqdim olunan “Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” kitabının əhəmiyyəti haqqında danışan akademik İsa Həbibbəyli topluda İraq türkmanlarının Dədə Qorqudu sayılan Əta Tərzibaşının fəaliyyətinin bütün istiqamətlərinin əks olunduğunu söyləyib. Qeyd edib ki, bu nəşr indiyə qədər Əta Tərzibaşı haqqında yazılmış ən əhatəli kitab kimi də əhəmiyyətlidir. 

Sonra Ədəbiyyat İnstitutunun Azərbaycan şifahi xalq ədəbiyyatı və yazılı abidələr şöbəsinin baş elmi işçisi professor Qəzənfər Paşayev “Azərbaycanda Əta Tərzibaşı haqqında tədqiqatlar” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi Əta Tərzibaşının ömür yolu və zəngin bədii yaradıcılığı haqqında məlumat verib, ədibin Azərbaycan–İraq ədəbi-mədəni əlaqələrinin inkişafındakı rolundan danışıb. O, Əta Tərzibaşı ilə bağlı xatirələrini bölüşüb.

Tədbirdə Ədəbiyyat İnstitutunun elmi işçisi Orxan İsayev, Folklor İnstitutunun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Səkinə Qaybalıyeva, Ədəbiyyat İnstitutunun şöbə müdirləri - professorlar İmamverdi Həmidov və Asif Rüstəmli, institutun aparıcı elmi işçiləri - professor Nizami Tağısoy və filologiya üzrə fəlsəfə doktoru Qurban Bayramov çıxış edərək Əta Tərzibaşının yaradıcılığının birliyimizin təməl daşlarından olduğunu söyləyiblər. Çıxışlarda Əta Tərzibaşının 100 illiyinə töhfə olan “Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın geniş oxucu kütləsi üçün əhəmiyyətli mənbə olacağı vurğulanıb.

Daha sonra Azərbaycan Ədəbiyyat Fondunun Baş direktoru, Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü Varis Yolçuyev, Ədəbiyyat İnstitutunun şöbə müdiri professor Asif Rüsəmli, teleaparıcı Fəxriyyə (Lilpar) İsayeva Əta Tərzibaşının yaradıcılığındakı xidmətlərinə görə Kərkük Kültür Dərnəyi tərəfindən mükafatlandırılıblar.

Kərkük Kültür Dərnəyinin rəhbəri Dr. Şəmsəddin Kuzəçi təqdimatın təşkilinə və onun fəaliyyətinə verilən yüksək qiymətə görə akademik İsa Həbibbəyliyə minnətdarlığını bildirib.

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR