Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Qarabağ Universitetinin kollektivinə təbrik

14-09-2024 [ 11:59 ] [ oxunub:186 ]
printerA+ | A-
104798

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Qarabağ Universitetinin yaradılması ölkəmizin müasir həyatında mühüm ictimai-siyasi əhəmiyyətə malik olan qiymətli tarixi hadisədir. Bu, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Dəmir yumruğu ilə Vətən müharibəsində – Qarabağ savaşında qazanılmış tarixi Zəfərdən sonra uğurla davam etdirilən Böyük Qayıdış hərəkatının möhtəşəm salnaməsinin parlaq səhifəsidir. Qarabağ Universiteti – işğaldan azad edilmiş torpaqlarımızda yeni həyatın canlanmasının ən böyük paroludur. Qarabağ Universiteti – Qarabağda yenidən məskunlaşmanın və böyük inkişafın lokomotividir.

Qarabağ Universiteti – Qarabağın əsas və ən böyük elmi-mədəni mərkəzidir. Heç şübhəsiz, Qarabağ Universiteti həm də Qarabağı ölkəmizin və dünyanın əsas elm və təhsil mərkəzlərindən birinə, Xankəndini isə gənclik şəhərinə çevirəcəkdir. Qarabağ Universiteti Heydər Əliyev - İlham Əliyevin müstəqil dövlətçilik ideallarının işığında Qarabağ həqiqətlərini dünyaya çatdıran, “külli-Qarabağı” göz bəbəyi kimi əbədi olaraq qoruyub saxlayan, Qarabağda yeni dastan yaradan Azərbaycanın vətənpərvər nəsillərinin də Ana beşiyi olacaqdır.

Qısa müddət ərzində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən yüksək səviyyədə həyata keçirilən genişmiqyaslı hazırlıq işləri Qarabağ Universitetinin ilk tədris ilindən başlayaraq böyük hədəflərə doğru inkişaf etdirilməsinə tam əsas verir. Azərbaycan Milli Elmlər Akademiyası Qarabağ Universitetinin daha da inkişaf etdirilməsi üçün üzərinə düşən hər cür dəstəyi göstərməyi şərəfli vəzifə hesab edir.

Qarabağ Universitetinin açılması ölkəmizin çoxəsrlik təhsil tarixinin ən böyük hadisəsidir.

Azad Qarabağda yeni həyat quran və böyük universitet yaradan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Milli Elmlər Akademiyasının kollektivi adından dərin minnətdarlığımızı bildirir və müstəqil dövlətimizin və xalqımızın böyük ideallarının həyata keçirilməsi yollarında ölkəmizin Liderinə daha böyük uğurlar arzulayırıq.

Bu il, 2024-cü tədris ilində fəaliyyətə başlayan Qarabağ Universitetinin rəhbərliyini, professor-müəllim heyətini və ilk tələbələrini ürəkdən təbrik edirəm. Uğurlar olsun!

İsa HƏBİBBƏYLİ

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik

SİZƏ MARAQLI OLA BİLƏR