Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Bakı Türk dünyası kitablarının işığında

27-05-2024 [ 11:13 ] [ oxunub:133 ]
printerA+ | A-
104592

Üç gündür ki, Bakı yenidən böyük kitab bayramı ovqatındadır. Hüseyn Cavid prospektində – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) önündəki parkda III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirilir. 

Festival Beynəlxalq Türk Müəllifləri Birliyinin (BTMB) təşkilatçılığı, Mədəniy­yət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi (AYB), Milli Məclisin Mədəniyyət komitə­si, TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu, AMEA, Bakı Şəhər İcra Hakimiy­yəti, Beynəlxalq Türk Akademiyası, TİKA və digər qurumların dəstəyi ilə təşkil olu­nub. Kitab bayramına türksoylu ölkələr­dən çoxsaylı alimlər, qələm adamları, naşirlər də gəliblər. Festivalın hər günü bir ölkəyə – Qırğızıstan, Özbəkistan, Ma­carıstan, Qazaxıstan, Azərbaycan, Tür­kiyə, Türkmənistan və Şimali Kipr Türk Respublikasına həsr edilir.

Aşılış mərasimində AYB sədri, Xalq yazıçısı Anar Türk dünyasının sarsılmaz birliyinə, türk dövlətləri ara­sındakı əlaqələrin daha da möhkəm­lənməsinə töhfə verəcək festivalın önəmini açıqlayaraq dedi:

– Əsrlər boyu bilik, zəka saxlancı olan kitab insanların kamillik qaynağına, yaxın sirdaşına çevrilib. Cəmiyyətin mənəvi aləminin zənginləşməsində, oxucuların dünyagörüşündə, hərtərəfli inkişafında kitab əvəzsiz rol oynayıb. Bu festivalın da əsas məqsədi iştirakçılar arasında müta­liə mədəniyyəti və oxu vərdişini inkişaf et­dirmək, insanların kitaba marağını daha da artırmaqdır. Qardaş türk dövlətlərin­dən tədbirə qatılan qonaqlar bu festivala ən yaxşı nəşrləri gətirməklə ortaq mənəvi xəzinəyə öz töhfələrini veriblər. 

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli festivalın türk dövlətlərinin dostluğunun daha bir təzahürü oldu­ğunu vurğuladı:

– III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı digərlərindən bir sıra cəhətləri ilə fərqlənir. Builki festival ilk dəfədir ki, Azərbaycanın tam ərazi bütövlüyü şərai­tində qeyd edilir. Prezident İlham Əliyevin möhkəm iradəsi ilə 44 günlük Vətən mü­haribəsində əldə edilmiş Zəfərin işığında və ondan sonra aparılmış uğurlu əmə­liyyatlar sayəsində qazanılmış tam ərazi bütövlüyü həm Azərbaycan, həm də Türk dünyası üçün böyük əhəmiyyətə malik tarixi hadisədir. Ölkəmizin tam ərazi bü­tövlüyü şəraitində keçirilən bütün tədbir­lər, eləcə də bugünkü festival qarşımızda yeni dövrün açılmasına kitabın, mədəniy­yətin və elmin də xidmət edəcəyinə inamı artırır. 

Prezident İlham Əliyevin andiçmə mərasimindəki çıxışı zamanı Türk dün­yası ilə əməkdaşlığı dövlət siyasətində əsas prioritet kimi müəyyənləşdirdiyini və Türk Dövlətləri Təşkilatını vahid bir ailə kimi təsvir etdiyini xatırladan akademik bildirdi ki, hazırkı mərhələ Türk dünyası ilə inteqrasiyanın daha da genişlənmə­sini zəruri edir. Elə bu festival da mənəvi birgəliyə sanballı töhfədir.

Əvvəlki analoji festivallarda olduğu kimi, yenə də şair və yazıçılarımız ədəbi əsərlərini, alimlərimiz elmi nailiyyətlərini, naşirlərimiz çap məhsullarını Türk dün­yasına daha asan çatdırmaq imkanı əldə ediblər və eyni zamanda, qardaş ölkələ­rin elmi-mədəni, ədəbi mühitində gedən prosesləri yaxından izləyə bilirlər. Məra­simdəki digər çıxışlarda kitab bayramı ölkənin ziyalı mühitinin daha da inkişaf etdirilməsi baxımından əlamətdar hadisə kimi dəyərləndirildi. 

Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Milli Məclisin deputatı, aka­demik Nizami Cəfərov çıxışına Türk qövmlərinin ədəbi zənginliyindən da­nışmaqla başladı və sonra dedi:

– Vaxtilə ulu öndər Heydər Əliyevin Türk Dövlətləri Başçılarının II Zirvə Top­lantısında çıxışı zamanı səsləndirdiyi “Bi­zim mədəni birliyimizi siyasi birliyimiz ta­mamlamaqdadır”, – sözlərini xatırlayırıq. Ötən illər ərzində Türk dünyasının möh­kəm siyasi birliyi meydana gəlib, ədə­biyyat və kitab da xalqlarımızın birliyinin təməllərindəndir. Odur ki, ictimai-siyasi və ədəbi yaradıcılıq baxımından ciddi əsaslara dayanan festivalın işinə uğurlar diləyirəm.

Mərasimdə Beynəlxalq Türk Aka­demiyasının təmsilçisi Əbülfəz Süley­manlı, TÜRKSOY-un Azərbaycan üzrə nümayəndəsi Elçin Qafarlı, TİKA Bakı proqram koordinatoru Hayrettin Özçelik, Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və tanıtma müşaviri Muhittin Macit, Milli Məclisin Mədəniyyət komitə­sinin eksperti Əkbər Qoşalı da böyük söz bayramı olan bu gərəkli festivalın həm də gənc nəslin Türk dünyasının böyük şəx­siyyətlərini tanımasına kömək edəcəyini vurğuladılar. 

Sonra festival ədəbi-bədii kompozi­siyalarla davam etdirildi. Ardınca AMEA Ədəbiyyat İnstitutunun şöbə müdiri, pro­fessor Asif Rüstəmlinin moderatorluğu ilə AYB-nin 90 illiyinə həsr edilmiş panel başlandı. Maraqlı çıxışlar fəal müza­kirələrlə davam etdi. 

Qeyd edək ki, festivalda şeir saatla­rına, müzakirələrə, kitab təqdimatlarına start verilib. Mayın 31-dək davam edə­cək kitab bayramı günlərində ədəbi-bədii konfranslar, görkəmli yazarların yubiley­lərinə həsr olunan tədbirlər, konsert proq­ramları da təşkil olunacaq. 

SİZƏ MARAQLI OLA BİLƏR