Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Professor Şirindil Alışanlı ilə vida mərasimi keçirilib

15-03-2024 [ 15:33 ] [ oxunub:458 ]
printerA+ | A-
104371

 

 Professor Şirindil Alışanlı ilə Vida mərasimi

 

Tanınmış ədəbiyyatşünas alim, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun XX əsr (Sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Şirindil Alışanlı dünən martın 14-də vəfat edib.

Şirindil Həsən oğlu Alışanlı 1952-ci il oktyabrın 28-də Laçın rayonunun Əhmədli kəndində anadan olmuşdur. 1970-1975-ci illərdə Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) təhsil almış, Filologiya fakültəsində ədəbi tənqid üzrə ixtisas kursunu bitirmişdir. 1977-1980-ci illərdə SSRİ Elmlər Akademiyasının M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda təhsilini davam etdirmiş, XX əsrin görkəmli estetiki Yuri Borevin rəhbərliyi ilə 1981-ci ildə namizədlik dissertasiyasını müafiə etmişdir.

1976-cı ildən etibarən AMEA-nın Nizami Gəncəvdi adına Ədəbiyyat İnstitutunda çalışırdı. Müxtəlif illərdə elmi işçi, institutun elmi katibi, Ədəbiyyat nəzəriyyəsi bölməsinin müdiri, Tarixi poetika şöbəsinin müdiri, son olaraq isə XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri idi.

1991-ci ildə “Sabah” nəşriyyatını təsis etmiş, 1993-1998-ci illərdə “Elm” qəzetinin baş redaktoru olmuş, 1997-ci ildən 2014-cü ilə qədər “Elm: redaksiya, nəşriyyat və poliqrafiya mərkəzi”nin direktoru olmuşdur.

10-dan artıq kitabın, 200-dən artıq elmi məqalənin müəllifi idi. Bir sıra mötəbər beynəlxalq elmi jurnalların və çoxcildlik nəşrlərin redaksiya heyətinin üzvü olmuşdur. Rəhbərliyi və redaktəsi ilə çoxsaylı elmi əsərlər və antologiyalar nəşr edilmişdir. 70-dən artıq kitabın redaktoru olmuşdur.

Onun rəhbərliyi ilə 10 nəfər fəlsəfə üzrə elmlər doktorluğu müdafiə etmişdir. Bir elmlər doktorluğu, 20 fəlsəfə doktorluğu dissertasiyasına opponentlik etmişdir.

Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü idi.

 

Tanınmış ədəbiyyatşünas alim, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun XX əsr (Sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Şirindil Alışanlı ilə vida mərasimi keçirilib.

Təzəpir məscidində baş tutan mərasimdə AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli, AMEA Rəyasət Heyətinin üzvləri, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, Ədəbiyyat İnstitutunun kollektivi, elmi ictimaiyyətin nümayəndələri, mərhum alimin ailəsi və yaxınları iştirak ediblər.

Mərasimdə akademiklər İsa Həbibbəyli, Arif Həşimov, Muxtar İmanov, AMEA-nın müxbir üzvü Şahbaz Muradov, Mətbuat Şurasının sədri Rəşad Məcid, professorlar Vilayət Quliyev, Qəzənfər Paşayev, filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlı və başqa çıxış edənlər professor Şirindil Alışanlının elmi-ictimai fəaliyyətindən və yüksək keyfiyyətlərə malik bir insan olmasından danışıb, alimin xatirəsinin daim qəlblərdə yaşayacağını bildiriblər.

Mərasimdən sonra professor Şirindil Alışanlı Yasamal qəbiristanlığında dəfn edilib. Alimin məzarı önünə əklillər düzülüb.

Mərhum professora Allahdan rəhmət, ailəsinə və yaxınlarına səbr diləyirik.

 

 

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR