Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Akademik İsa Həbibbəyli Rusiya Elmlər Akademiyasının 300 illiyi münasibətilə təbrik məktubu ünvanlayıb

08-02-2024 [ 10:33 ] [ oxunub:171 ]
printerA+ | A-
104250

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Rusiya Elmlər Akademiyasının (REA) prezidenti akademik Gennadi Krasnikova REA-nın 300 illiyi münasibətilə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Hörmətli Gennadi Yakovleviç!

Azərbaycan Milli Elmlər Akademiyası Rusiya Elmlər Akademiyasına öz dərin hörmət və ehtiramını çatdırır.

Azərbaycan Milli Elmlər Akademiyası və şəxsən öz adımdan Sizi və Rusiya Elmlər Akademiyasının (REA) bütün kollektivini olduqca əlamətdar bir hadisə – REA-nın 300-illiyi münasibətilə ürəkdən təbrik edirəm.

 Elm tarixində bu cür yaddaqalan yubiley tarixi uzun və şərəfli yola bir daha nəzər salmaq, Akademiyanın nailiyyətlərini, əsas inkişaf mərhələlərini və baş vermiş parlaq hadisələri təhlil etmək, akademik elmin yaranmasında böyük xidmətləri olan görkəmli alim və mütəxəssisləri yad etmək, həmçinin Akademiyanın gələcək inkişafına yönələn yeni perspektivli ideyaları müəyyən etmək üçün əla fürsətdir.

1724- cü ildən başlayaraq Rusiya Elmlər Akademiyası çətin iqtisadi və sosial- siyasi şəraitə baxmayaraq şərəfli yol  keçmiş, yüksək ixtisaslı elmi kadrların hazırlanması üzrə tanınmış elmi məktəblərin yarandığı dövlət elm müəssisəsi və elmin baş qərargahı statusunu qoruyub saxlaya  bilmişdir. REA-nın müxtəlif inkişaf mərhələlərində dövrün tələblərinə uyğun olaraq riyaziyat, mexanika, astronomiya, fizika, kimya və mineralogiya, XVIII əsrin ikinci yarısında isə botanika və embriologiya kimi elm sahələri inkişaf etmişdir.

XIX əsrdə Akademiyanın fəaliyyəti coğrafi tədqiqatlar, daha sonra tarix, filologiya, ədəbiyyatşünaslıq, XX əsrdə isə texniki və təbiət elmlərindən tutmuş humanitar və ictimai elmlərin bütün sahələrini əhatə etmişdir. Hazırda REA dünyanın aparıcı elmi mərkəzlərindən  biri hesab olunur, burada kosmos, nanotexnologiyalar, süni intellekt, rəqəmsal texnologiyalar, biotibbi, informatika və digər müasir elmi istiqamətlər inkişaf etdirilir.

Elmi prioritetlərin müəyyənləşdirilməsi və fundamental və tətbiqi elmi istiqamətlərin konsepsiyalarının hazırlanmasının əsasında Rusiya və dünya elminə əhəmiyyətli töhfələr verən REA-nın görkəmli alimləri tərəfindən irəli sürülmüş orijinal dərin ideyalar durur. Yüksək missiyasına sadiq qalan peşəkar kollektiv sələflərinin elmi irsi və zəngin təcrübəsinin dəyərini bilir, mədəni irs və tarixi dəyərlərin qorunmasına, elm və təhsilin inkişafına yönələn ənənələri daha da inkişaf etdirir. Sevindirici haldır ki, elmi-texniki tərəqqiyə yönələn tədbirlərin, innovativ layihələrin REA-da həyata keçirilməsi çoxsahəli səmərəli əməkdaşlığa təkan verib.

Daha bir məqamı qeyd etməyi vacib bilirəm. Bir zamanlar REA-nın ənənələri və təcrübəsi əsasında MDB və Şərqi Avropa ölkələrində yaradılan elmlər akademiyaları öz fəaliyyətini bu gün də uğurla davam etdirir. Buna görə mötəbər yubiley təkcə Rusiya üçün deyil, həmin ölkələr üçün də əhəmiyyətli və əlamətdar bir gündür.

Azərbaycan Milli Elmlər Akademiyası uzun illər davam edən səmərəli əməkdaşlığı, bu illər ərzində Azərbaycan və Rusiyanın elmi təşkilatları arasında yaranan tərəfdaşlıq münasibətlərini və qarşılıqlı anlayışı yüksək qiymətləndirir. Əminəm ki, ölkələrimizin elmlər akademiyaları arasında qurulan tarixi əməkdaşlıq ənənələri bundan sonra da uğurla inkişaf edəcək, elmi tərəqqi naminə yaradıcı fəallığın möhkəmləndirilməsinin təməlini təşkil edəcək.

Hörmətli Gennadi Yakovleviç!

İcazə verin Sizi və Sizin simanızda Rusiya Federasiyasının elmi ictimaiyyətini bu mühüm və parlaq hadisə – REA-nın 300-illiyi münasibətilə bir daha təbrik edim! Hörmətli həmkarlarımıza möhkəm can sağlığı, tükənməz enerji, yaradıcılıq uğurları və elmin inkişafına yönələn nailiyyətlər arzulayırıq.

Hörmətlə,

akademik İsa Həbibbəyli

SİZƏ MARAQLI OLA BİLƏR