Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Türkiyənin Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) AMEA ofisi yaradılıb

20-11-2023 [ 10:14 ] [ oxunub:213 ]
printerA+ | A-
103969

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində Türkiyənin Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) Milli Akademik Şəbəkə və İnformasiya Mərkəzinin (ULAKBİM) rəhbəri Mehmet Mirat Satoğlu ilə görüş keçirilib.

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli tədbiri giriş sözü ilə açaraq Azərbaycan və Türkiyə arasında bütün sahələrdə olduğu kimi, elm sahəsində də əməkdaşlığın yüksək templə inkişaf etdiyini xüsusi vurğulayıb. AMEA rəhbəri müasir dövrün qlobal çağırışlarına uyğun olaraq son bir il ərzində Akademiyada elmi elektron informasiya şəbəkəsinin yenilənməsi və onun ilkin nəticələri barədə ətraflı məlumat verib. AMEA-nın Rəyasət Heyətində və qurumun bütün elmi-tədqiqat müəssisələrində daxili imkanlar hesabına “Elektron Akademiya” şöbələrinin yaradıldığını diqqətə çatdıran akademik İsa Həbibbəyli bu sahədə qarşıda duran vəzifələrdən danışıb. Türkiyənin Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumu, TÜBA, TÜBİTAK kimi nüfuzlu akademik qurumları ilə AMEA-nın elmi əməkdaşlıq əlaqələrinin genişləndirilərək daim yüksələn xətlə inkişaf etdiyini qeyd edən Akademiya rəhbəri qardaş ölkənin elmi təşkilatları ilə mövcud əlaqələrin bu gün daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. Xüsusilə TÜBİTAK-la mövcud əməkdaşlığın perspektivlərini diqqətə çatdırıb, Şuranın tərkibində fəaliyyət göstərən Milli Akademik Şəbəkə və İnformasiya Mərkəzi (ULAKBİM) ilə yeni əlaqələrin yaradılmasının mühüm əhəmiyyət kəsb etdiyini bildirib. ULAKBİM-in rəhbəri Mehmet Mirat Satoğlunun AMEA-nın bir sıra elmi müəssisələrində Elektron resurslar üzrə şöbələrin fəaliyyət sahələri ilə tanışlığını yüksək dəyərləndirən akademik İsa Həbibbəyli qarşılıqlı elmi əlaqələrin bundan sonra da genişləndiriləcəyinə, qısa müddətdə gözlənilən nəticələrin alınacağına əminliyini bildirib. AMEA rəhbəri bu mənada TÜBİTAK-ın AMEA ofisinin yaradılmasının səmərəliliyini vurğulayaraq böyük əhəmiyyətini diqqətə çatdırıb.

Sonra AMEA Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin müdiri, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Fariz İmranov çıxış edərək bu ilin əvvəllərində AMEA-da yaradılmış Rəqəmsal Elektron Bazanın fəaliyyəti barədə ətraflı məlumat verib. Artıq bir neçə ay ərzində bir sıra elmi jurnalların elektron bazaya daxil edildiyini, elmi şəbəkə və elektron platformalarda Akademiya alimlərinin qeydiyyatlarının artdığını, elmi əsərlərin yerləşdirildiyini və nəticə etibarilə istinadların da sayının çoxaldığını diqqətə çatdıran Fariz İmranov elmi-tədqiqat müəssisələrində elektron elmin vəziyyəti, bu sahə üzrə ixtisaslaşan əməkdaşların fəaliyyəti barədə geniş söhbət açıb, beynəlxalq platformaların təcrübəsindən yararlanmaqla qarşıda duran vəzifələri diqqətə çatdırıb.

Daha sonra Türkiyənin Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) Milli Akademik Şəbəkə və İnformasiya Mərkəzinin (ULAKBİM) rəhbəri Mehmet Mirat Satoğlu çıxış edib. O, təmsil etdiyi qurumun fəaliyyət istiqamətlərindən danışaraq müxtəlif elm sahələri üzrə nəşr etdikləri tərcümə kitabları, elmi jurnalların işi və onların qarşısına qoyulmuş tələblər, eləcə də keçirilən tədbirlər, ölkədaxili və beynəlxalq layihələr barədə ətraflı məlumat verib. TÜBİTAK-ın AMEA ofisinin yaradılmasını mühüm hadisə kimi qiymətləndirən Mehmet Mirat Satoğlu təmsil etdiyi qurumla Azərbaycan Milli Elmlər Akademiyası arasında əlaqələrin daha da genişləndiriləcəyini diqqətə çatdırıb. Türk indeksi ilə xüsusi elmi bazanın yaradılmasını hədəfləyən TÜBİTAK-ın rəqəmsal elmi platformasına tezliklə AMEA-nın nəşrlərinin də inteqrasiya olunacağına əminliyini ifadə edib.

AMEA-nın vite-prezidentləri – akademik Rasim Əliquliyev, akademik İradə Hüseynova, akademik Gövhər Baxşəliyeva, həmçinin AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev, Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun direktoru v.i.e., tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev və başqaları çıxış edərək tədbirin əhəmiyyətini xüsusi vurğulayıb, Azərbaycanla Türkiyənin elmi qurumları arasında mövcud əlaqələrin yeni müstəviyə qədəm qoymasının perspektivlərindən danışaraq bu əməkdaşlıqdan hər iki ölkə alimlərinin faydalanacağına və dünya elminə daha sürətlə inteqrasiya olunacağına əminliyini bildirib, fikir və mülahizələrini səsləndiriblər.

Tədbirdə AMEA Rəyasət Heyətinin üzvləri, Rəyasət Heyəti aparatının şöbə müdirləri, elmi-tədqiqat müəssisələrinin direktorları və müavinləri, institutların Elektron informasiya sahəsi üzrə fəaliyyət göstərən şöbələrinin əməkdaşları, proqramçılar və gənc alimlər iştirak ediblər.

https://science.gov.az

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR