Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Azərbaycan-qazax ədəbi əlaqələri yeni inkişaf mərhələsində

13-04-2023 [ 08:38 ] [ oxunub:290 ]
printerA+ | A-
103268

Uzun tarixi bir dövrü əhatə edən Azərbaycan-qazax ədəbi əlaqələri hər iki xalqın dövlət müstəqilliyinin bərpasından sonrakı dövrdə yeni inkişaf mərhələsinə qədəm qoydu. Bu əlaqələrin yüksələn xətlə inkişaf etdirilməsi üçün möhkəm bünövrə yaradıldı.

AZƏRTAC Azərbaycan-Qazaxıstan ədəbi əlaqələrinin müasir mərhələsinə nəzər salır.

Ədəbi əlaqələrin yeni inkişaf mərhələsi, hər şeydən əvvəl, Azərbaycan və Qazaxıstanın dövlət başçılarının qarşılıqlı rəsmi səfərləri çərçivəsində həllini tapıb. Hər iki ölkə arasında bir sıra sahələrdə olduğu kimi, ədəbiyyat və ədəbiyyatşünaslıq sferasında da əməkdaşlıq əlaqələri qurulub ki, bunu da yeniləşmiş, müstəqillik dövrünün çağırışlarına cavab verən bir əməkdaşlıq nümunəsi hesab etmək olar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə görkəmli qazax mütəfəkkiri Oljas Süleymenovun 2006-cı ildə “Şöhrət” ordeni, 2011-ci ildə “Dostluq” ordeni, 2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu ilə təltif edilməsini əlamətdar hadisələr olmaqla yanaşı, həm də qazax ədəbiyyatına verilən dəyərin nümunəsi kimi səciyyələndirmək olar. Oljas Süleymenov 2016-cı ildə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun fəxri doktoru seçilib. Bu münasibətlə AMEA-da keçirilmiş tədbirdə böyük qazax yazıçısı Oljas Süleymenov da şəxsən iştirak edib, institutun kollektivi ilə görüşüb.

Beynəlxalq tədbirlərdə istər Azərbaycan, istərsə də qazax şair və yazıçılarının, ədəbiyyatşünas alimlərinin yüksək səviyyədə iştirakı, məruzələrlə çıxış etmələri ənənə halını alıb. 2016-cı ilin may ayında Astanada keçirilmiş “Böyük çöl” Birinci Beynəlxalq Humanitar Elmlər Forumunda akademik İsa Həbibbəyli, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu, filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov və başqaları məruzələrlə çıxış ediblər. Forumda akademik İsa Həbibbəylinin moderatorluğu ilə panel iclası da keçirilib.

Astana şəhərində fəaliyyət göstərən Beynəlxalq Türk Akademiyasının təşəbbüsü ilə türkdilli ölkələrin Elmlər akademiyaları əsasında, o cümlədən Azərbaycan Milli Elmlər Akademiyasının da iştirakı ilə Türk Dünyası Elmlər Akademiyaları Assosiasiyası təsis olunub. Təsis yığıncağında ölkəmizi təmsil edən akademik İsa Həbibbəyli Azərbaycan tərəfdən həmin Assosiasiyanın təsis edilməsi ilə əlaqədar layihəni imzalayıb.

Prezident İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli Sərəncamı bir sıra dünya klassikləri ilə yanaşı, Abay Kunanbayev, Muxtar Auezov, Cambul Cabayev, Oljas Süleymenov və başqa qazax şair və yazıçılarının da əsərlərinin doğma dilimizə tərcüməsi və latın qrafikası ilə nəşrinə rəvac verib, müstəqil Azərbaycanda formalaşmış yeni nəsil oxucuların bu ədəbiyyatla tanış olmasına imkan yaranıb.

Qazaxıstanın Lev Qumilyov adına Avrasiya Milli Universitetində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adına Mədəniyyət Mərkəzi açılıb. Bakı Dövlət Universitetinin nəzdində isə Abay adına Qazax Dili, Tarixi və Mədəniyyəti Mərkəzi fəaliyyətə başlayıb.

Ədəbiyyat İnstitutunda “Azərbaycan-Qazaxıstan ədəbi əlaqələri” mövzusunda seminarda Qazaxıstandan gəlmiş alimlər iştirak ediblər. Qazaxıstanın Muxtar Auezov adına Ədəbiyyat və İncəsənət İnstitutunun əməkdaşları Gülmira Salumbek və Aynur Axmetova Azərbaycan dilində qazax ədəbiyyatı ilə bağlı məruzə ediblər.

İlk dəfə Ədəbiyyat İnstitutunda 2008-ci ildə Türk xalqları ədəbiyyatı şöbəsi yaradılıb. İstər türk xalqları ədəbiyyatı tarixinin öyrənilməsi, istərsə də ədəbi əlaqələrin inkişafı baxımından şöbə xeyli iş görüb. Şöbənin doktorantlarından Turan Teymurov, Nərmin Azadgil, Könül Əliyeva qazax ədəbiyyatı ilə bağlı dissertasiya yazıblar.

Həm Azərbaycanda, həm də Qazaxıstanda qarşılıqlı olaraq ədəbi proses izlənilir, görkəmli şair və yazıçıların həyat və yaradıcılığı üzrə elmi araşdırmalar aparılır, dissertasiyalar yazılır. Sovet dövründə bütün sahələrdə olduğu kimi, ədəbiyyatşünaslıq elmi sahəsində də müəyyən çərçivələr var idi. Bu gün hər iki xalqın ədəbiyyatının tədqiqat sahələrinin müəyyən edilməsi, genişləndirilməsi üçün heç bir məhdudiyyət yoxdur. Müstəqillik illərində akademiklər İsa Həbibbəyli və Nizami Cəfərovun tədqiqat əsərləri nəşr edilib, filologiya elmləri doktoru Aida Feyzullayevanın “Oljas Süleymenov” adlı monoqrafik tədqiqatı işıq üzü görüb, eləcə də Azərbaycanda qazax ədəbiyyatının tanınmış tədqiqatçısı filologiya elmləri doktoru Nizami Tağısoy silsilə məqalələrlə çıxış edib. Astanada yerləşən Beynəlxalq Türk Akademiyasının demək olar ki, bütün tədbirlərində digər türkdilli ölkələrin ədəbiyyatşünas alimləri ilə yanaşı, azərbaycanlı tədqiqatçılar da fəal surətdə iştirak edirlər.

Bu günlərdə Prezident İlham Əliyevin Astanaya rəsmi səfəri çərçivəsində Azərbaycan-Qazaxıstan sənədləri imzalandı. İmzalanan sənədlər içərisində “Azərbaycan Milli Elmlər Akademiyası və Qazaxıstan Respublikasının Milli Elmlər Akademiyası arasında elm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” xüsusi əhəmiyyət daşıyır. Bu sənəd iki ölkə arasında elmi əməkdaşlığın daha da gücləndirilməsinə, birgə elmi əməkdaşlıq imkanlarının reallaşmasına hədəflənib.

© AzərTac

SİZƏ MARAQLI OLA BİLƏR